Məhkəmə qərarları › İş №2-1(102)-805/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-805/2024

29.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-805/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyə qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun daşın maz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(105)-255/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 77 nömrəli qərarına əsasən Novxanı bələdiyyəsinin ərazisində yararsız sahə kimi uçota alınmış 8,49 ha torpaq sahəsi bələdiyyənin perspektiv inkişafı üçün ayrılmışdır. Novxanı bələdiyyəsinin yerquruluşu planına müvafiq dəyişikliyin edilməsi üçün sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilmişdir.

2. Azərba ycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi xx.xx.2007-ci il tarixli, 956 nömrəli rəyə əsasən, fərdi mənzil tikintisi üçün iddiaçıya 0,06 ha torpaq sahəsinin ayrılmasına etiraz etməmişdir.

3. Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 nömrəli iclas qərarından çıxarışa əsasən, bələdiyyənin baş inkişaf planında nəzərdə tutulmuş Duz gölünün üst tərəfində yerləşən ərazidən fərdi ev tikmək üçün 0,06 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmış və həmin torpaq sahəsinə dair Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarış tərtib edilmişdir. 4. xx.xx.2007-ci il tarixli, 88 nömrəli qəbzə əsasən, iddiaçı torpaq sahəsinin alqısatqısına görə Novxanı bələdiyyəsinin hesabına 600 manat ödəmişdir.

5. İddiaçı ilə Abşero n rayon Novxanı bələdiyyəsi arasında xx.xx.2015-ci il tarixli torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur.

6. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsi barədə cavabdehə müraciət etmişdir.

7. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Novxanı bələdiyyəsi tərəfindən iddiaçıya 0,06 ha torpaq sahəsinin xx.xx.2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının xx.xx.2015-ci il tarixdə verildiyi, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə olunmadığı aşkar edilmişdir. Torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Bundan başqa, elektron kad astr baza məlumatlarına əsasən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edildiyi müəyyən olunmuşdur. Bundan başqa, müraciət üzrə əlavə edilmiş Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir.

8. Cavabdehinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçıya Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 nömrəli qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədlər (torpaq sahəsinin çıxarışı) təqdim edilmədiyindən hansı kateqoriya (yaşayış məntəqələrinin torpaqları, kənd təsərrüfatı təyinatlı torp aqlar və s) torpaqlara aid olduğunu müəyyən etmək mümkün olmamışdır. Lakin elektron məlumat bazasına əsasən məhkəmə tərəfindən təqdim olunmuş iş materialında Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,06 ha torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı təyinatlı (təmiz örüş) torpaqlara aiddir. Qeyd edilən yerquruluşu planından çıxarışda göstərilən 0,06 ha torpaq sahəsinə bitişik qonşuluğunda (ətrafında) yerləşən və üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri elektron məlumat bazasında yaşayış məntəqələrinin (kənd təsərrüfatı təyinatlı, təmiz örüş) torpaqlarına aiddir (sxemdə göstərilmişdir). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı id dia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1i ünvanında yerləşən, Novxanı bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixdə ona ayrılmış 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Novxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 nömrəli qərarı ilə Duz gölünün üst tərəfində yerləşən ərazidən fərdi yaşayış evi tikmək üçün 0,06 hektar torpaq sahəsi satılmışdır. O, torpaq sahəsinə reyestrdən çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Sözügedən torpaq sahəsinin ona satılmasına dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixli, 956 nömrəli rəy verilmişdir. Qeyd edilən bələdiyyə qərarı əsasında onunla Novxanı bələdiyyəsi arasında xx.xx.2015-ci il tarixli torpağın alqı-satqısına dair akt bağlanmışdır. Həmin torpağa dair yerquruluşu planından çıxarış verilmişdir. Hüququn yaranma anı məhz xx.xx.2007-ci il tarixə təsadüf edir. Torpağın alqı-satqı aktının xx.xx.2015-ci il tarixdə bağlanması onu torpaq üzərində mövcud olan hüquqlarından məhrum edə bilməz. Ona torpaq sahəsi verildiyi tarixdən torpaq sahəsi üzərində istifadə və sahiblik hüququ yaranmışdır. Torpaq sahəsini kiməsə satmaq bələdiyyənin müstəsna səlahiyyətidir. Mövcud qanunvericilikdə torpağı n alqı-satqı müqaviləsinin sonradan bağlanması torpaq sahəsi üzərində hüquqlara xitam verilməsi anlamına gəlmir. Ona görə də, məhkəmə məhz hüququn yaranma anına hüquqi qiymət verərək cavabdehin üzərinə torpaq sahəsinə reyestrdən çıxarış verilməsi vəzifəsi qoymalıdır. İddiaçı elektron kadastr baza məlumatlarında torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsi ilə bağlı cavabda göstərilənləri də tam əsassız hesab edir. Belə ki, xx.xx.2007-ci il tarixli, 13 nömrəli qərarda baş inkişaf planında torpaq sahəsinin fərdi yaşayış evi tikmək üçün ayrıldığı göstərilmişdir. Hazırkı iddia üzrə cavabdeh onunla qonşuluqda yerləşən bütün qonşulara reyestrdən çıxarış vermişdir. Əgər torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidirsə, onda cava bdeh hansı əsasla qonşulara reyestrdən çıxarış verə bilərdi? Qonşuluqda yerləşən bütün torpaq sahələrində fərdi yaşayış evləri tikilmişdir. Yerquruluşu planından çıxarış müvafiq qaydada təsdiqlənmişdir. Digər tərəfdən, bu məsələdə onun üzərinə düşən heç bir öhdəlik yoxdur.

11. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında imtina məktubundakı dəlillərə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Abşeron rayon Novxanı bələdiyyəsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

13. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İsmayıl Quliyev) 07 dekabr 2022-ci il tarixli, 2-1(118)-252/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1i ünvanında yerləşən, Novxanı bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixdə ona ayrılmış 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Novxanı bələdiyyəsi tərəfindən iddiaçıya 0,06 ha torpaq sahəsinin xx.xx.2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının xx.xx.2015-ci il tarixdə verildiyi, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Bundan başqa, elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə k ənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu müəyyən edilmişdir. Bundan başqa, müraciət üzrə əlavə edilmiş Abşeron rayon Novxanı bələdiyyəsinin yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir.

15. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın qeyd etdiyi əsaslarla razılaşmış və hesab etmişdir ki, imtina əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırmasından göründüyü kimi, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla örüş torpağıdır. Bu isə, torpaq sahəsi ayrılan zaman qanunvericiliyin tələblərinin pozulduğunu göstərir və məhkəmə hesab edir ki, bu hal iddianın rədd olunması üçün əsasdır. Örüş torpaqlarının şəxslərin mülkiyyətinə verilməsi qanunve ricilikdə nəzərdə tutulmamışdır.

16. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

17. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında üçüncü şəxs Abşeron rayon Novxanı bələdiyyəsinin nümayəndəsi izahat verərək bildirmişdir ki, mübahisəli ərazidəki torpaq sahəsi örüş torpağı idi. Hal-hazırda həmin torpaq sahələrinin təyinatı dəyişdirilmiş, yaşayış məntəqəsi torpaqları olmuşdur.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Zaur Məmmədov /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Gülnar Cabbarova) 28 sentyabr 2023-cü il tarixli, 2-1(105)-255/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmuş, Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən ünvan 1ində yerləşən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bununla bağlı ona müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəyə dair işin müəyyən edilmiş hallarından göründüyü kimi, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 77 nömrəli qərarına əsasən Novxanı bələdiyyəsinin ərazisində yararsız sahə kimi uçota alınmış 8,49 ha torpaq sahəsi bələdiyyənin perspektiv inkişafı ü çün ayrılmış, Novxanı bələdiyyəsinin yerquruluşu planına müvafiq dəyişiklik edilməsi üçün sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilmişdir. Novxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə bələdiyyənin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız həmin torpaq sahəsindən 0,06 hektar torpaq sahəsinin alqı-satqı qaydasında iddiaçıya satılması qərara alınmış və həmin qərarın qəbulu üzrə icraat çərçivəsində torpaq sahəsinin alqı-satqı qaydasında iddiaçıya satılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən müvafiq rəy verilmişdir. Bundan sonra, həmin torpaq sahəsinin satılması müqabilində Novxanı bələdiyyəsinin hesabına xx.xx.2007-ci il tarixli, 88 nömrəli qəbzlə iddiaçı tərəfindən 600 manat məbləğində pul ödənilmişdir. N əzərə almaq lazımdır ki, torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı müvafiq rəy, daha sonra isə iddiaçıya məxsus 0,06 ha torpaq sahəsinə dair tərtib olunmuş plan və ölçü sənədi, bir tərəfdən belə sənədlərin verilməsi səlahiyyətinə malik olan, digər tərəfdən isə torpaqların təyinatına uyğun olaraq ayrılması və istifadəsi üzərində nəzarəti və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Qeyd olunmalıdır ki, həmin sənədin qanunauyğunluğunun və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aiddir.

20. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən verilmiş rəsmi sənədin qanunauyğunluğuna və məzmununa apriori inancı (sənədin qanunsuz olduğunu kobud eht iyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

21. Həmçinin, qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın (bələdiyyələr publik idarəçiliyi həyata keçirən inzibati orqanlardır) deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən hazırkı iş üzrə cavabdehin də (xüsusilə də onun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi olduğu nəzərə alındıqda) davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, bir tərəfdən, inzibati orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya torpaq sahəsin in ayrılması (satılması) barədə Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 nömrəli qərarının hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni həmin qərar öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır.

22. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Novxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələd iyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mahiyyətinə görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Novxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 nömrəli qərarı iddiaçının həmin torpaq sahəsi üzərində hüquq unun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.

23. Digər tərəfdən, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, mübahisəyə dair işin apellyasiya baxışı zamanı müəyyən olunmuş hallarından görünür ki, Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 13 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşdiyi ünvan 1ində yerləşən qonşu torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində yaşayış məntəqələrinin torpaqları kimi qeydiyyata alınaraq onlara bu barədə müvafiq çıxarışlar, o cümlədən, torpaq sahəsinə d air plan və ölçü sənədləri verilmişdir. Həmçinin, nəzərə almaq lazımdır ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.

24. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərə findən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.

25. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

26. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və iddiaya qarşı etirazının dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. İddiaçı tərəfində n kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorun an hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqla rın əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutu lmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imt ina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmas ına səbəb olan hallar aradan qaldırılmadıqda. 30. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilən tarixdə qüvvədə olan redaksiyada) 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar v ə digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə 9.1. Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə satıla bilər. Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquq larına dair alqı-satqı aktı tərtib edilir. 31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.8. qarşılıqlı etimad – inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və h üquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilm əsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qayda da əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

36. Şikayətdə fundamental vacib hüquqi məsələlə rin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə cavabdehin imtinasının və iddiaya qarşı etirazının dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə müvafiq çıxarışın və texniki sənədin (qeyd olunmalıdır ki, torpaq sahəsinə münasibətdə texniki pasport deyil, plan-ölçü sənədi tərtib edilir) verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. A pellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarının qəbulunun qanunvericiliyin müəyyən tələblərinin pozulması ilə müşayiət olunması, həmin qərarın qəbulunun onun səlahiyyəti ilə ehtiva olunduğu hallarda həmin qərarın qanunsuzluğuna səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, sərəncamında olan torpaq sahəsinin ayrılması ilə bağlı bələdiyyənin səlahiyyəti ümumi xarakterli səlahiyyətdir və hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahələrinə belə şamil olunur. Belə ki, həmin torpaq sahələrinin ayrılması da bələdiyyənin torpaqayırma səlahiyyəti ilə ehtiva olunur və burada söhbət bələdiyyənin səlahiyyətsizliyindən deyil, müvafiq səlahiyyətin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunubolunmamasından gedir. Qanunsuz inzibati aktlar isə yalnız qanunla müəyyən olunmuş qaydada və şərtlər daxilində buna subyektiv hüququ olan şəxslər tərəfindən mübahisələndirilə bilər və ya buna səlahiyyəti olan orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müvafiq prinsipləri və normaları nəzərə alınmaqla ləğv edilə bilər.

41. Həmçinin qeyd edilməlidir ki, torpaq sahəsinin ayrılması zamanı onun təyinatı, kateqoriyası və uqodiyası ilə bağlı qanunvericiliyin tələblərinin nəzərə alınması və həmin tələblərə əməl olunması müvafiq torpaq sahəsinin ayrı lması üzrə icraatı həyata keçirən inzibati orqanın xidməti vəzifəsi sayılır və həmin inzibati orqanın risklərinə aid olunmalıdır. Bundan başqa, həmin dövrdə torpaq sahələrinin ayrılmasının qanunauyğunluğuna nəzarət edən müvafiq dövlət qurumu, yəni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi xx.xx.2007-ci il tarixli, 956 nömrəli rəyə əsasən, fərdi mənzil tikintisi üçün iddiaçıya 0,06 ha torpaq sahəsinin ayrılmasına etiraz etməmişdir.

42. Beləliklə, hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanları n, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam v ə etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

44. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(105)-255/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar