Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-836/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral qərarın ləğvindən imtina, xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrinin vergilərin hesablanması üçün əsas götürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2-1(105)-1011/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı əsas fəaliyyət növü “mehmanxanalar və oxşar yerlər tərəfindən xidmətlərin göstərilməsi” olmaqla xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi uçota alınmışdır.
2. Cavabdehin “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” xx.xx.2021-ci il tarixli, **********8652 nömrəli qərarına əsasən iddiaçıya məxsus təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xronometraj metodu ilə müşahidə aparılmış, müşahidənin nəticəsinə dair xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 003540 nömrəli yekun akt tərtib olunmuş və həmin akt iddiaçı tərəfindən imzalanmışdır.
3. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********664300 nömrəli qərarına əsasən, iddiaçıya 2021-ci ilin 3-cü rübü üzrə 3255,57 manat əlavə sadələşdirilmiş vergi məbləği hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********664300 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin mövqeyi hər şeydən əvvəl xx.xx. 2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövrdə aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsaslanır. Həmin metod mövsümün ən qızğın vaxtında, həftə sonu – Qurban bayramı günlərində (pandemiyadan sonra fəaliyyətini bərpa etməyinə baxmayaraq iyul ayının ilk 16 günü üzrə də vergi hesablanıb), yəni dövriyyənin yüksək olduğu dövrdə tətbiq edilmişdir. Buna görə də nəticə şişirdilmişdir. Ən əsası isə cavabdehin də istinad etdiyi Vergi Məcəlləsinin 37.5-ci maddəsinə görə vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu il ə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Yəni bu, imperativ norma deyil. Başqa sözlə, söhbət diskresion səlahiyyətdən gedir. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Xronometraj metodu ilə müşahidənin nəticəsi işin digər hallarına, hətta sağlam məntiq baxımdan da uyğun deyil. Vergi Məcəlləsinin 50-1.2-ci maddəsinə əsasən, yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Başqa sözlə, iddiaçı mövsüm dövründə bu cür müşahidənin keçirilməsini tələb edə bilməzdi. Məhz buna görə də sırf həmin müşahidənin nəticəsinə istinad edilməsi ən azı hüquqdan (səlahiyyətdən) sui-istifadədir. Həmçinin iddiaçı 2021-ci ilin avqust ayından etibarən istirahət mərkəzini "xxxx" MMC-yə icarəyə vermişdir. Həmin MMC də fəaliyyəti üzrə bütün vergilərini ödəmişdir. Yəni avqust ayında iddiaçı müvafiq fəaliyyəti göstərməyib. Yalnız icarəyə verən olub. Axı istirahət mərkəzinin məhdud otaq sayları üzrə həm o, həm də sözügedən MMC mehmanxana fəaliyyətini həyata keçirə bilməzdi. Bu, sadə arifmetika və sağlam məntiqdən irəli gəlir. Əks halda, vergi orqanı gərək bütün icarəyə verənləri də icarəçilərinin fəaliyyəti üzrə vergiyə cəlb etsin. Yeri gəlmişkən, qərarda müvafiq icarə müqaviləsindən bəhs edilərkən qeyd edilir: “mövcud faktiki dövriyyəsinin azaldılması, faktiki gəlirlərinin bölüşdürülməsi yolu ilə mövcud vergi öhdəliklərindən yayınma riskini yaradır”. Bu cür yanaşma yolverilməzdir. İnzibati orqan hansısa hipotetik fərziyyə əsasında riski vurğulayaraq, sahibkarı məsuliyyətə cəlb edə bilməz. Dediyini konkret dəlillər və rəqəmlərlə sübut etməlidir. Nabranda sentyabr ayı artıq turizm mövsümü deyil. Bunu hamı bilir. Cavabdeh də bilməlidir və bilir. Buna baxmayaraq, hətta sentyabr ayı üzrə də vergi hesablanmışdır.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2021-ci ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinin 802-ci sətrindəki B1 sütunlarının cəmi 21440 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 93619,17 manat) müşahidələrin nəticələrindən 72179,17 manat az olması, həmin bəyannamənin 803-cü sətrindəki B1 sütunlarının cəmi 0 manat məbləğin, rəsmiləşdirilmiş son xronometraj (dövriyyə 90599,20 manat) müşahidələrin nəticələrindən 90599,20 manat az olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli məktub göndərilərək müvafiq bəyannam ə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi bildirilmiş, iddiaçı tərəfindən müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən ona 2021-ci ilin 3-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi üzrə 3255,57 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********664300 nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Uçot-baza məlumatlarının araşdırılması zamanı iddiaçının istifadəsində olan Xaçmaz rayonu, Seyidlikəndyeri ünvanında yerləşən, **********-77001 kodlu təsərrüfat subyektində cavabdehin “Xronometraj metodu ilə müşahidə aparılması haqqında” xx.xx.2021-ci il tarixli, ** ********8652 nömrəli qərarına əsasən xx.xx.2021-ci il tarixdən 15 iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılmış və təsərrüfat subyektində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 15 iş günü ərzində aparılmış xronometraj metodu ilə müşahidənin nəticəsinə əsasən ümumi satış dövriyyəsinin 45299,60 manat, orta günlük satış dövriyyəsinin isə 3019,97 manat olduğu müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 003540 nömrəli yekun akt tərtib olunmuş, iddiaçı tərəfindən qeyd olunan akt imzalanmış, Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xr onometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrinin vergilərin hesablanması üçün əsas götürülə biləcəyi həmin aktın 2-ci səhifəsində qeyd edilmiş və iddiaçıya izah edilmişdir. Araşdırma zamanı 15 iş günü ərzində müəyyən edilmiş 45299,60 manat ümumi satış dövriyyəsinin qeyd olunan obyektdə quraşdırılan “Merkuri112FK” markalı, 00101010 zavod nömrəli nəzarət-kassa aparatına mədaxil edilmiş pul vəsaitindən (nağd və nağdsız əməliyyatlar üzrə) ibarət olduğu müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi məlumatlarına əsasən həmin ilin iyul ayı ərzində 45299,60 manat, avqust ayı ərzində 21440 manat, sentyabr ayı ərzində “0” manat məbləğində malların (işlərin, xidmətlərin) təqdim edildiyi, təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə əldə edilmiş hasilatın 66739,6 manat olduğu bəyan edilmişdir. Kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən 2021-ci ilin 3-cü rübü üçün təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsi üzrə təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri həmin ilin iyul ayı üzrə 45299,60 manat, avqust ayı üzrə 93619,17 manat, sentyabr ayı üzrə 90599,20 manat, təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə əldə edilmiş hasilat 229517,97 manat qeyd edilmişdir. İddiaçı tərəfindən əvvəlki dövrlərdə vergi orqanı tərəfindən aparılmış xronometraj metodu ilə müşahidə ilə bağlı “Xronometraj metodu ilə yeni müşahidə aparılması haqqında” ərizə ilə xx.xx.2018-ci il tarixdə müraciət edildiyi müəyyən edilmişdir. Araşdırma zamanı araşdırılan dövr üzrə iddiaçının fəaliyyətinin dayandırılması barədə ərizə ilə vergi orqanına müraciət etmədiyi, onun 1 aktiv təsərrüfat subyektinin olduğu, ixrac əməliyyatlarının aparılmadığı müəyyən edilmişdir. İddiaçı tərəfindən 2021-ci ilin iyul ayı ərzində təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri 45299,60 manat bəyan edilmişdir. Belə ki, həmin ayın ilk 16 təqvim günü ərzində (yəni xronometraj metodu ilə müşahidənin başlandığı tarixədək olan günlərdə) də mövsümi turizm fəaliyyətinin həyata keçirilməsi üçün əlverişli dövr olmasına, əlaqəli məlumatlara əsasən iddiaçının istifadəsində olan qeyd olunan təsərrüfat subyektində aktiv fəaliyyətin müşahidə edilməsinə baxmayaraq, təqdim edilmiş bəyannam ə məlumatında dövriyyə olmamasının bəyan edilməsi halı məqsədli surətdə vergidənyayınma sxemi olmaqla vergi üstünlüyünün əldə edilməsini şərtləndirir. Uçot-baza məlumatlarına əsasən iddiaçının istifadəsində olan Xaçmaz rayonu, Seyidlikəndyeri ünvanında yerləşən **********-77001 kodlu təsərrüfat subyektinin sahəsinin 7023,3 kv.m olduğu, həmin sahədən 300 kv.m hissənin (“Yaşıl Bağ” restoranını) xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən X2 (VÖEN: **********) və 600 kv.m hissənin xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən "xxxx" MMC-yə (VÖEN: **********) müvəqqəti istifadəyə verildiyi müəyyən edilmişdir. Eyni zamanda, inzibati araşdırma ilə iddiaçının istifadəsində olan Xaçmaz rayonu, Seyidlikəndyeri ünvanında yerləşən təsərrüfat subyektini daha sonra X1 rəhbəri olduğu "xxxx" MMC-yə (VÖEN: **********) icarəyə verildiyi müəyyən edilmişdir ki, bu hal da iddiaçının malların (iş və xidmətlərin) təqdim edilməsindən mövcud faktiki dövriyyəsinin azaldılması, faktiki gəlirlərinin bölüşdürülməsi yolu ilə mövcud vergi öhdəliklərindən yayınması riskini yaradır. Bundan başqa, iddiaçı tərəfindən qeyd olunan obyektin mütəmadi olaraq qarşılıqlı surətdə asılı şəxslərə (oğluna və oğlunun rəhbəri olduğu müəssisəyə) icarəyə verildiyi müəyyən edilmişdir. İddiaçının müraciətlərində istirahət mərkəzinin xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-yə icarəyə verildiyinin bildirilməsinə baxmayaraq, qeyd olunan şəxslər arasında icarə müqaviləsinin xx.xx.2021-ci il tarixdə imzalandığı müəyyən edilmişdir. İddiaçı müraciətlərində 2021-ci ilin sentyabr ayı ərzində istirahət mərkəzində fəaliyyətin olmadığını bildirməsinə baxmayaraq, uçot-baza məlumatlarına əsasən qeyd olunan obyekti iddiaçıdan müvəqqəti istifadəyə götürmüş "xxxx" MMC və X3 tərəfindən həmin ay ərzində müxtəlif çeşiddə ərzaq mallarının alınması ilə bağlı elektron qaimə-fakturaların əldə edildiyi, "xxxx" MMC tərəfindən istirahətin təşkili ilə bağlı elektron qaimə-fakturaların təqdim edildiyi müəyyən edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Vəfa Əzizova) 21 iyun 2024-cü il tarixli, e-2-1(118)-1368/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********1816400 nömrəli qərar ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarla hesablanmış əlavə verginin qanuni olub -olmamasını müəyyən etmək üçün ilk növbədə onun hesablanmasına əsas olmuş xronometraj metodu ilə müşahidənin nəticələrinin qanuni olub-olmaması araşdırılmalıdır. Bununla bağlı işin hallarından müəyyən olunur ki, 15 gün müddətində iddiaçıda aparılmış xronometraj metodu ilə müşahidə zamanı yekunda iddiaçının orta günlük satış dövriyyəsinin 3019,97 manat olması müəyyən edilmişdir. İddiaçının orta günlük satış dövriyyəsi 3019,97 manat kimi nəzərə alınmaqla ona əlavə vergilərin hesablanması qanunsuz olmuşdur. Belə ki, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hansı günlərdə satış dövriyyəsinin olub-olmaması konkret müəyyən edilməmişdir. İddiaçının digər günlərdə satış dövriyyəsinin nə qədər olacağı və ya ay ərzində ümumiyyətlə olubolmayacağı vergi orqanına m əlum olmamışdır. 2021-ci il üçün Qurban bayramı iyul ayının 20-21 tarixlərinə təsadüf etmişdir ki, bu hal turistlərin artması üçün zəmin yaratmışdır. Bundan başqa, cavabdeh vergi orqanı obyektin xx.xx.2021-ci il tarixdən iddiaçı tərəfindən icarəyə verilməsini nəzərə almadan əsassız olaraq əlavə vergi borcu hesablamışdır. İddiaçı tərəfindən həmin dövr ərzində olan satışın nəzarət-kassa aparatına vurulmaması ilə bağlı hər hansı qanun pozuntusu müəyyən edilməmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya əlavə vergilərin hesablanması zamanı Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan yalnız ehtimala əsaslanan, xronometraj metodu ilə müşahidənin nəticələrindən istifadə edilməsi qanunsuzdur. Xronometraj metodu ilə müşahidə vergi ödəyicisinin istehsal həcmi nin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədinə yönəldiyindən elə bir ağlabatan dövr ərzində keçirilməlidir ki, satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etmək mümkün olsun. Nəzərə almaq lazımdır ki, xronometraj metodu ilə müşahidə sözügedən real mənzərəni müəyyən etməyə imkan verməyəcəksə, o halda, belə müşahidənin aparılmasından gözlənilən nəticələr əldə edilməmiş olur. Hər bir halda, qanunda nəzərdə tutulan bu imkan inzibati orqan tərəfindən o qaydada istifadə olunmanı tələb edir ki, onun nəticəsində vergi ödəyicisinin istehsal həcminin və ya satış dövriyyəsinin tamamən eyni olmasa da, real vəziyyətinə ən yaxın olan vəziyyəti aşkara çıxarmaq mümkün olsun. Beləliklə, xronometraj metodu ilə müşahidə tədbirinin keçirildiyi müddətə bu tədbirin mə qsədi nəzərə alınmaqla qiymət verilməlidir. Müvafiq olaraq inzibati orqan da həmin tədbirin müddətini müəyyən edərkən vergi ödəyicisinin məşğul olduğu fəaliyyət növünü və onun digər fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Qanunun mənası vergi orqanından məhz bu qaydada davranmanı tələb edir. Qeyd edilənlərin hazırkı işin hallarına tətbiqi ilə bağlı müəyyən olunur ki, iddiaçı barəsində əlavə vergi xronometraj metodu ilə müşahidənin nəticələrinə əsaslanmaqla tətbiq edilmişdir. Belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar isə yuxarıda qeyd edilən məqsədə uyğun gələn, yəni satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış edilməklə qəb ul olunmuş mübahisələndirilən qərar qanunsuz və əsassız olmuşdur. Həmçinin cavabdehin əməkdaşları tərəfindən mübahisələndirilən qərarı qəbul olunmasına əsas olmuş yoxlamanın nəticəsinə dair yekun akt xx.xx.2021-ci il tarixdə tərtib olunduğu halda, həmin akt üzrə qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, İsmayıl Quliyev və Toğrul Axundov) 22 oktyabr 2024-cü il tarixli, 2-1(105)-1011/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı – qərarın nəti cə hissəsində “xx.xx.2023-cü il tarixli, **********1816400 nömrəli qərar” sözləri “xx.xx.2022-ci il tarixli, **********664300 nömrəli qərar” sözləri ilə əvəz edilməklə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh vergi orqanının iddiaçı barəsində məhz xronometraj müşahidələrinin nəticəsində əldə edilmiş məlumatlara istinad etməklə, əlavə vergi məbləğinin hesablanması barədə hərəkətləri vergi qanunvericiliyinin tələblərinə uyğun olmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Hazırkı iş üzrə iddiaçının iddia tələbi məhz xx.xx.2022-ci il tarixli, **********664300 nömrəli müvafiq qərarı n ləğv edilməsi ilə bağlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilsə də, qərarın nəticə hissəsində texniki yanlışlığa yol verilərək, xx.xx.2023-cü il tarixli, **********1816400 nömrəli qərarın ləğv edilməsi qeyd edilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi və hüquqi marağı məhz xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi ilə bağlı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edildiyindən, qərarın nəticə hissəsində yol verilmiş həmin texniki yanlışlıq düzəldilməklə, qərar dəyişdirilmədən saxlanılmalıdır.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, o nların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 15.1.13. Xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra bu Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək vergi ö dəyicisinin hüququdur. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 16.3. Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. Maddə 23.1.1 və 23.1.3. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq vergi orqanlarının hüquqlarıdır. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronom etraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 50-1.1. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: 50-1.1.1. vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, s atış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda; 50-1.1.2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda; 50-1.1.3. bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə. 50-1.2. Bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında tələbi vergi ödəyicisi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Bu maddədə göstərilən müddətlərin axımına bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tut ulan müddət daxil edilmir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktını n qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımın dan qanunsuz və əsassız sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
22. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********664300 nömrəli qərarın ləğv edilməsinə nail olmaqdan ibarətdir.
23. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh tərəfindən iddiaçı barəsində həyata keçirilmiş kameral vergi yoxlaması zamanı 2021-ci ilin 3-cü rübü üçün xx.xx.2022-ci il t arixdə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsində göstərilmiş müvafiq məbləğlərin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə xronometraj metodu ilə aparılmış sonuncu müşahidənin nəticəsində müəyyən edilmiş məbləğlərdən az olduğu aşkar edilmiş və nəticədə iddiaçıya 2021-ci ilin 3-cü rübü üzrə 3255,57 manat əlavə vergi məbləğinin hesablanmasına dair mübahisələndirilən xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir.
24. İddianı təmin edən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı barəsində mübahisələndirilən qərar xronometraj metodu ilə müşahidənin nəticəsinə əsaslanmaqla qəbul edilmişdir. Ağlabatan dövr ərzində keçirilmədiyindən (Qurban bayramı zamanı) belə bir müşahidə nəticəsində əldə edilən məlumatlar satışla və ya istehsalla bağlı real mən zərəni müəyyən etməyə imkan verən məlumatlar kimi qəbul edilə bilməz. Odur ki, sözügedən qaydada aparılmış xronometraj metodu ilə müşahidənin nəticələrindən çıxış etməklə qəbul olunmuş mübahisələndirilən qərar qanunsuz və əsassız olmuşdur. Bundan başqa, cavabdeh təsərrüfat subyektinin xx.xx.2021-ci il tarixdən iddiaçı tərəfindən icarəyə verilməsini nəzərə almamışdır. Həmçinin cavabdehin əməkdaşları tərəfindən mübahisələndirilən qərarın qəbul olunmasına əsas olmuş yoxlamanın nəticəsinə dair yekun akt xx.xx.2021-ci il tarixdə tərtib olunduğu halda, həmin akt üzrə qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin həmin hüquqi mövqeyi ilə razılaşmışdır.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nət icə ilə razılaşmayaraq qeyd edir ki, Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, vergi orqanının həmin Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 1) vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 2) həmin Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 3) vergi yoxlaması materiallarına; 4) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara.
26. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 2021-ci ilin 3-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş və bundan sonra vergi orqanı tərəfindən ke çirilən kameral vergi yoxlaması zamanı iddiaçının təqdim etdiyi həmin bəyannamə məlumatlarında uyğunsuzluq aşkar edilmişdir. Bu zaman vergi orqanı müvafiq müqayisəni iddiaçıya münasibətdə xronometraj metodu ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə aparılmış sonuncu müşahidənin nəticəsinə istinadən aparmışdır.
27. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən, həmin Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin n əticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Başqa sözlə, qanunvericiliyə əsasən, xronometraj metodu ilə aparılmış müşahidənin nəticələri əsasında kameral vergi yoxlaması aparmaq vergi orqanının hüququdur.
28. Bu baxımdan, cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.2022-ci il tarixli kameral qərar qəbul edilərkən, iddiaçıya münasibətdə xronometraj metodu ilə aparılmış sonuncu müşahidənin nəticələrinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli yekun akta istinad edilməsi qanunauyğun sayılmalıdır. Belə ki, konkret halda cavabdehin diskresion səlahiyyətə malik olması onun xronometraj metodu ilə aparılmış sonuncu müşahidənin nəticələrinə istinad etməsi imkanını aradan qaldırmır. Belə hallarda “İnzibati icraat haqqında” Qanunun 61.3-cü maddəsinin tələbləri baxımından cavabdeh məhz niyə bu cür hərəkət etdiyini əsaslandırmaq öhdəliyi daşıyır.
29. Vergi Məcəlləsində, operativ vergi nəzarəti növündən biri olan xronometraj metodu ilə müşahidənin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) həmin Məcəllədə müəyyən edilmiş hallarda aparıldığı təsbit edilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 15.1.13-cü maddəsinə görə, vergi ödəyicisinin xronometraj metodu ilə aparılan sonuncu müşahidədən sonra həmin Məcəllənin 50-1.2-ci maddəsində göstərilən müddətlərə riayət olunmaqla istehsal həcminin və ya satış dövriyyəsinin dəyişməsi ilə əlaqədar xronometraj metodu ilə yeni müşahidənin aparılmasını vergi orqanlarından tələb etmək hüququ vardır. Həmin Məcəllənin 50-1.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, vergi ödəyicisi xronometraj metodu ilə yeni müşahidə keçirilməsi haqqında tələbi istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra təqdim edə bilər. Göstərilən müddətlərin axımına həmin Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan (vergi ilində vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı) müddət daxil edilmir.
30. İş üzrə materiallardan görünür ki, iddiaçı ona münasibətdə xronometraj metodu ilə aparılmış sonuncu müşahidənin nəticələrinə dair tərtib edilmiş xx.xx.2021-ci il tarixli yekun aktı imzalamaqla, həmin dövr üzrə müəyyən edilmiş ümumi və orta günlük satış dövriyyəsi ilə razılaşmışdır. Eyni zamanda, həmin aktda, müəyyən edilmiş nəticələrin Vergi Məcəlləsinin 37.5-ci maddəsinə əsasən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) vergilərin hesablanması üçün əsas götürülə biləcəyi qeyd edilmiş və iddiaçıya izah edilmişdir. Lakin iddiaçı bu hüquqdan istifadə etməyərək, qanunvericiliklə nəzərdə tutulmuş müddətdə xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə, eləcə də fəaliyyətinin dayandırılması barədə vergi orqanına müvaf iq qaydada müraciət etməmişdir. Həmçinin iş üzrə materiallardan müəyyən edilir ki, iddiaçı ona məxsus təsərrüfat subyektinin xx.xx.2021-ci il tarixdən icarəyə verildiyini qeyd etsə də, müvafiq icarə müqaviləsi xx.xx.2021-ci il tarixdə imzalanmışdır.
31. Qeyd edilənlər baxımından, iddiaçıya münasibətdə xronometraj metodu ilə aparılmış sonuncu müşahidənin satışla və ya istehsalla bağlı real mənzərəni müəyyən etməyə imkan verməməsi, bunun üzərindən həmin müşahidənin nəticəsindən çıxış edilməklə qəbul olunmuş mübahisələndirilən qərarın qanunsuz olması barədə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi əsaslı sayıla bilməz.
32. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd olunmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 oktyabr 2024-cü il tarixli, 2-1(105)-1011/2024 nömrəli qərarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia rədd edilir. Qərar qətidir.