Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1057/2026 29.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ilk iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduqda, şikayət verilməsi nəzərdə tutulmayan qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evinə çəkilmiş xərcin tutulması və tutulmanın cavabdehə məxsus torpaq sahəsinə yönəldilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il # #### tarixli *(***)- ****/**** nömrəli qərardadından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, kassasiya şikayətinin geri qaytarılması barədə qərardadla şəxsin onun işinə kassasiya instansiyası məhkəməsində baxılması məsələsi həll edildiyindən, qanunverici bu hüququn əhəmiyyətini nəzərə alaraq belə qərardadlardan şikayət verilməsi qaydasını müəyyən etmişdir. Qanunun məqsədi kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktlarına kassasiya qaydasında baxılması imkanını səmərəli təmin etməkdən ibarətdir. Lakin prosessual qanunvericilikdə məhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması və ya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402-ci maddəsinin məqsədlərinə cavab vermir və son illərdə kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılan qanunvericilik islahatlarına ziddir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ##.##.2017-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 ha olan torpaq sahəsində yerləşən yaşayış sahəsinə çəkilmiş xərc - 40.000 manat məbləğində pulun cavabdeh Cavabdeh tutulub ona ödənilməsinə, tutmanın cavabdeh Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 ha olan torpaq sahəsinə yönəldilməsi barədə qətnamə qəbul oplunmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2025-ci il ## ### tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar təmin edilməmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamsiənin ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddianın təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsinin qətnamsiəndən apellyasiya şikayəti verməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## ###### tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - mübahisələndirilən hissədə ləğv edilməsi, ilk iddianın qismən təmin edilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xeyrinə 2.205 manat pulun tutulması, ilk iddianın qalan hissədə rədd olunması qət edilmişdir. Qətnamədən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il # #### tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, mülki işi mahiyyəti üzrə baxılması üçün Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qətnamədən verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini, ilk iddianın qismən - İddiaçı xeyrinə ondan 2.205 manat tutulması hissəsində mübahisələndirmişdir. Cavabdeh tərəfindən qətnamənin mübahisələndirildiyi hissədə iddianın qiyməti 2.205 manat təşkil edir ki, bu da, qanunvericiliklə nəzərdə tutulmuş beş min manatdan az olduğundan, iddiaçının həmin qətnamədən kassasiya şikayəti vermək hüququ yoxdur. MPM-ə əsasən hazırda apellyasiya instansiya məhkəməsinin 2026-cı il ## ###### tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti verməsi nəzərdə tutulmadığından, kassasiya şikayətinin geri qaytarılması barədə apellyasiya instansiya məhkəməsinin 2026-cı il # #### tarixli qərardadından da kasasiya şikayəti verilə bilməz. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (402.1). Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər (402.2.2). Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti verilmiş qərardadın MPM-in 402.2-ci maddəsində kassasiya şikayəti verilməsi istisna olunan qərardadlara aid olub-olmamasını araşdırmalı idi. MPM-in 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il # #### tarixli *(***)- ****/**** nömrəli qərardadından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(1-8)-1057/2026
Ali Məhkəmə Qərardad — İş №2(1-8)-1057/2026
29.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver