Məhkəmə qərarları › İş №2(1-8)-1394/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1394/2026

24.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1394/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “əmlakın özgəsinin qanunsuz istifadəsindən geri alınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), torpaq mübahisəsi, torpaqdan çıxarılma, ekspert və mütəxəssis rəylərinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Işin halları:

1. Xaçmaz rayonu, XXX kəndi ərazisində yerləşən 0,77 ha torpaq sahəsinin birgə mülkiyyət hüququ üzrə 2/4 hissədə Iddiaçı, 1/4 hissədə X4 və 1/4 hissədə X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Xaçmaz rayonu, XXX kəndi ərazisində yerləşən 2,8524 ha torpaq sahəsi birgə mülkiyyət hüququ üzrə cavabdeh1, X1, X2, X3 və nümayəndə1 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya, habelə ailə üzvləri X4 və X5 məxsus ********** qeydiyyat nömrəli ## ### 2021-ci il tarixli mülkiyyət hüququna dair çıxarışda göstərilmiş sahənin cavabdehlər cavabdeh2 nun və cavabdeh1 qanunsuz sahibliyindən alınaraq iddiaçının istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, XXX-XXX kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının və ailə üzvləri X4 və X5 adına rəsmi olaraq ## ### 2021-ci il tarixdə 0,77 ha torpaq sahəsi verilmişdir. Rəsmi olaraq kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvlərinin adına olsa da, cavabdehlər cavabdeh2 və cavabdeh1 torpaq sahəsinin yarısından çox hissəsini zəbt edərək özləri üçün hər il taxıl əkib becərirlər.

5. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş mühəndis-texniki ekspertizası üzrə Azərbaycan Respublikası IN yanında ƏMDX DƏDKR PHŞ-nin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2025-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## ### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, XXX kəndi ərazisində yerləşən Iddiaçı qızının, X4 və X5 mülkiyyətində (qanuni istifadəsində) olan 0,77 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir və halhazırda istifadəsində 0,32 ha, TEKUIS-da isə 0,29 ha torpaq sahəsi təşkil edir (sxem əlavə olunur). Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## ### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, XXX kəndi ərazisində yerləşən Iddiaçı qızının, X4 və X5 mülkiyyətində (qanuni istifadəsində) olan 0,77 ha torpaq sahəsi elektron baza (DWG) xəritələrində və torpaqların elektron kadastr uçot informasiya (TEKUIS) sistemində olan məlumatlarında faktiki istifadə vəziyyəti ilə kəskin uyğunsuzluq təşkil edir. Elektron kadastr uçotu sistemində iddiaçının istifadəsində 0,29 ha torpaq sahəsi kimi göstərilib. Lakin, cavabdeh cavabdeh1 verilmiş JN-6, JN-6A və JN-6B mülkiyyət sənədində 2,85 ha torpaq sahəsi olmağına baxmayaraq, faktiki naturada istifadəsində 3,49 ha torpaq sahəsi təşkil edir. Cavabdehin artıq istifadəsində olan 0,64 ha torpaq sahəsi şərq tərəfdə yerləşməklə, iddiaçının istifadəsində olan torpaq sahəsinə bitişikdir. Hansı hissədə və nə qədər olması sxemdə əks olunur.

6. Xaçmaz Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddia tələbi qismən təmin olunaraq, ## ### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, XXX kəndi ərazisində yerləşən Iddiaçı paylı mülkiyyətində (qanuni istifadəsində) olan 0,77 ha torpaq sahəsinin 0,48 ha hissəsinin cavabdeh cavabdeh1 artıq istifadəsində olan 0,64 ha torpaq sahəsindən (şərq tərəfdə yerləşən və iddiaçının istifadəsində olan torpaq sahəsinə bitişik olan) alınaraq iddiaçı Iddiaçı istifadəsinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi tərəflərin izahatlarını, ekspert rəyini və iş materiallarını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi cavabdeh2 na qarşı olan hissədə əsassız olduğundan rədd edilməlidir. Bu fakt ekspert rəyi ilə təsdiq olunur ki, cavabdeh2 iddiaçı Iddiaçı qızının mülkiyyətində olan torpaq sahəsini istifadə etmir. Iddiaçı ekspert rəyi ilə tanış olduqdan sonra cavabdeh cavabdeh2 qarşı iddianın olmadığını bildirmişdir.

8. Iddia tələbi üzrə digər cavabdeh cavabdeh1 gəldikdə isə, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.

9. Belə ki, məhkəmə ekspert rəyinə əsasən qeyd etmişdir ki, iddiaçının paylı mülkiyyətində olan 0,77 ha torpaq sahəsinin, onunla qonşuluqda yerləşən cavabdeh cavabdeh1 paylı mülkiyyətində olan 2,8524 ha torpaq sahəsinin sərhədləri müəyyən edildikdən sonra məlum olmuşdur ki, cavabdehin sənədlərinə əsasən 2,85 ha torpaq sahəsi olmalı olduğunu halda, istifadəsində 3,49 ha torpaq sahəsinin olmasını müəyyən edilmişdir və cavabdehin istifadəsində olan artıq 0,64 ha torpaq sahəsi şərq tərəfdən iddiaçının istifadə etdiyi 0,29 ha torpaq sahəsi ilə bitişikdir. Sənədlərə əsasən iddiaçının 0,77 ha torpaq sahəsi olsa da, onun faktiki 0,29 ha torpaqdan istifadəsi müəyyən edilmişdir. Bu isə o deməkdir ki, iddiaçının 0,48 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehin artıq istifadə etdiyi 0,64 ha torpaq sahəsinin 0,48 ha hissəsi iddiaçıya aid edilməsi məhkəmə tərəfindən müəyyən edilsə də, yerdə qalan 0,16 ha torpaq sahəsi hazırkı iddia tələbinin predmeti olmadığından məhkəmə tərəfindən hüquqi qiymətləndirilmir.

10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən sübut kimi yalnız ekspert rəyinə əsaslanmışdır. Məhkəmədə çıxış edərkən tərəfindən ekspert rəyinin əsaslı olmadığı və obyektiv həqiqəti əks etdirmədiyi vurğulanmışdır. Məhkəmə hesab etmişdir ki, ekspert rəyi mötəbərdir. Məhkəmə təkrar ekspertiza təyin etməməklə onun hüquqlarını pozmuş, ədalətli məhkəmə araşdırmasını həyata keçirməmişdir. Ekspert rəy verərkən ƏMDK yanında DƏDKR PHŞ-nin mütəxəssisinin rəyinə əsaslanmış, özü yerində torpaq sahəsinə baxış keçirməmişdir. Həmçinin, ekspert rəyinin əsaslı olmadığının sübutlarından biri də odur ki, ekspert qeyd etmişdir ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Bu rəyin əsaslılığına şübhələr mövcuddur və mütəxəssis rəyi və ekspert obyektiv həqiqəti əks etdirmir. Həmçinin, ekspert rəyində göstərmişdir ki, çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,77 ha torpaq sahəsi elektron baza (DWG) xəritələrində və torpaqların elektron kadastr uçot informasiya (TEKUIS) sistemində olan məlumatlarında faktiki istifadə vəziyyəti ilə kəskin uyğunsuzluq təşkil edir. Elektron kadastr uçotu sistemində iddiaçının istifadəsində 0,29 ha torpaq sahəsi göstərilmişdir. Belə olan təqdirdə, ilk əvvəl iddiaçı ƏMDX tərəfindən TEKUIS xəritəsində düzəliş edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə cavabdeh orqana qarşı iddia qaldırılmalı, inzibati məhkəmə qaydasında xəritələrə düzəliş etdikdən sonra əmlakın zəbtdən azad olunması aidiyyəti şəxsdən mülki məhkəmə qaydasında tələb oluna bilərdi. Nə ekspert, nə də ki, mütəxəssis rəyində qeyd etmir ki, torpaq sahəsi onun tərəfindən zəbt olunmuşdur. Rəydə göstərilmişdir ki, 0,64 ha torpaq sahəsi onun istifadəsində artıqdır. O iddiaçının torpaq sahəsini zəbt etməmişdir. Həmçinin ölçmə işləri onun iştirakı olmadan aparılmış, onun iştirakı təmin edilmədiyindən onun qanuni istifadədə olan yeri mütəxəssis tərəfindən artıq ölçülmüşdür. Bu hal onun hüquqlarını pozmuşdur. Ona görə də onun iştirakı mütləq təmin edilməli, ölçmə işləri onun iştirakı ilə aparılmalıdır. Bundan başqa iddiadan və qətnamədən görünmüşdür ki, X4 və X5 ona qarşı tələbi yoxdur. Həmin şəxslər ona qarşı iddia verməmişlər. Yenidən məhkəmə tərəfindən əlavə və ya təkrar ekspertiza təyin edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə iş üzrə əlavə məhkəmə tikintiekspertizası təyin edilmiş, Azərbaycan Respublikası IN yanında ƏMDX DƏDKR PHŞtexniki 13. nin * saylı Xaçmaz Ərazi Idarəsinin ## ###### 2026-cı il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## ### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışa əsasən Xaçmaz rayonu, XXX kəndi ərazisində yerləşən Iddiaçı qızının, X4 və X5 mülkiyyətində (qanuni istifadəsində) olan 0,77 ha torpaq sahəsi elektron baza (DWG) xəritələrində və torpaqların elektron kadastr uçot informasiya (TEKUIS) sistemində olan məlumatlarında faktiki istifadə vəziyyəti ilə kəskin uyğunsuzluq olduğundan (sürüşmə ilə) cavabdeh tərəfindən nə qədər kvadrat metr müdaxilə (zəbt) olmasını müəyyən etmək mümkün olmamışdır və TEKUIS-da qeydə alınmış 0,29 ha torpaq sahəsinin hər hansı bir hissəsi cavabdeh cavabdeh1 tərəfindən istifadə olunmur. Lakin cavabdeh cavabdeh1 verilmiş JN-6, JN-6A və JN-6B mülkiyyət sənədində 2,85 ha torpaq sahəsi olmağına baxmayaraq, faktiki naturada istifadəsində 3,49 ha torpaq sahəsi təşkil edir. Cavabdehin artıq istifadəsində olan 0,64 ha torpaq sahəsi şərq tərəfdə yerləşməklə, iddiaçının istifadəsində olan torpaq sahəsinə bitişikdir. Sxem əlavə olunur. Cavabdeh cavabdeh1 tərəfindən artıq istifadə olunan 0,64 ha torpaq sahəsi elektron baza (DWG) xəritələrində xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı pay torpaqlar kimi göstərilmişdir, lakin torpaqların elektron kadastr uçot informasiya (TEKUIS) sistemində olan məlumatlarına kənd təsərrüfatı təyinatlı, dövlət mülkiyyəti kimi göstərilmişdir.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim L.Rəhimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və A.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “## ### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, XXX kəndi ərazisində yerləşən Iddiaçı paylı mülkiyyətində (qanuni istifadəsində) olan 0,77 ha torpaq sahəsinin 0,48 ha hissəsi cavabdeh cavabdeh1 artıq istifadəsində olan 0,64 ha torpaq sahəsindən (şərq tərəfdə yerləşən və iddiaçının istifadəsində olan torpaq sahəsinə bitişik olan) alınaraq iddiaçı Iddiaçı istifadəsinə qaytarılması” hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddianın təmin edilməmişdir.

15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iddia tələbi torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçının istifadəsinə qaytarılması ilə bağlıdır.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə əsasən iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın) əmlakın ona məxsus olmasını sübuta yetirə bilməmişdir.

17. Cavabdeh apellyasiya şikayətinin dəlillərində ekspert rəyi ilə razılaşmadığını, mübahisəli torpaq sahəsinin TEKUIS-da olan məlumata əsasən iddiaçıya məxsus olmaması ilə əsaslandırmışdır.

18. Apellyasiya kollegiyası apellyasiya şikayətin dəlillərini nəzərə alaraq iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizasını təyin etmiş və Azərbaycan Respublikası IN yanında ƏMDX DƏDKR PHŞ-nin * saylı Xaçmaz Ərazi Idarəsinin ## ###### 2026-cı il tarixli mütəxəssis rəyi verilmişdir.

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Xaçmaz rayonu, XXX kəndi ərazisində yerləşən Iddiaçı qızına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 0,77 ha torpaq sahəsi göstərilsə də, TEKUIS-da olan məlumatlarda iddiaçının adına yalnız 0,29 ha torpaq sahəsi qeydə alınmış, həmin 0,29 ha torpaq sahənin isə hər hansı bir hissəsinin cavabdeh cavabdeh1 tərəfindən istifadə olunması müəyyən olunmamışdır.

20. Digər tərəfdən, cavabdehin artıq istifadəsində olan 0,64 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması, iddiaçıya aid olmadığı müəyyən olunmuşdur.

21. Apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə isə birinci instansiyası məhkəməsi tərəfindən işin mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırılmadan, iddia qismən təmin edilmişdir. Işə baxan Xaçmaz Rayon Məhkəməsinin Mülki qanunvericiliyin maddələrini nəzərə almadan, qətnaməni qəbul edərkən, işin müəyyən edilmiş halları əsasında tərəflər arasındakı həqiqi hüquqi vəziyyəti müəyyən etməmişdir.

22. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmayaraq, iddianın qismən təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 157-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

24. Iddiaçı Iddiaçı qızı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı, Mülki Məcəllənin 560-cı, Mülki Prosessual Məcəllənin 14, 88, 175, 206, 217-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında mübahisənin əsasını iş materialları və izahatlar əsasında müəyyənləşdirsə də, həmin xüsusatın reallığı əks etdiribetdirməməsini

26. aydınlaşdırmaqdan ötrü məsələnin zahiri tərəfini deyil, reallığı aydınlaşdırmalı olduğu halda, ədalətli məhkəmə araşdırılması hüququnu təmin edən məhkəmə tərəfindən bu hal aydınlaşdırılmamış və nəticədə işin faktiki halları ilə məhkəmənin müəyyən etdiyi hal arasında ziddiyyətin yaranmasını qaçılmaz etmişdir. Bununla da, ədalətli məhkəmə araşdırılması təmin edilməyərək, məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqları qanunla tanınır. Belə ki, mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsindən istifadə edilməsi mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri-mülkiyyətçinin iradəsidir. Məhkəmə qətnamə qəbul edərkən istinad etdiyi normalara düzgün istinad etmədən ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə əsassız olaraq birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və nəticədə təyin edilmiş əlavə ekspertiza ilə ilkin ekspertizanın nəticələri eynilik təşkil etmişdir. Iş materiallarında olan ## ### 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışdan və torpaq sahəsinin plan və ölçüsündə ona məxsus olan 0,77 ha torpaq sahəsinin hazırkı vəziyyətdə koordinatlarının göstərilməsinə baxmayaraq, məhkəmə 0,77 ha torpaq sahəsindən 0,29 ha hissəsinin yerində olmasını qəbul edir və qalan 0,48 ha torpaq sahəsinin sürüşməsi və onun tərəfindən harada olmasını sübut etməmə qənaətinə gələrək iddianın rədd edilməsi qərarına gəlmişdir. Məhkəmə ədalətli araşdırma aparmaq niyyətində olsaydı, o zaman iş üzrə təkrar və ya əlavə ekspertiza keçirməli idi. Çünki, ona məxsus olan torpaq sahəsi dövlət reyestri tərəfindən verilmiş sənəd üzrə 0,77 ha təşkil edir. Əgər 0,77 ha torpaq sahəsindən 0,29 ha hissəsi faktiki olaraq yerində olduğu təqdirdə qalan 0,48 ha hissəsinin harada olmasını müəyyən etmək mümkün deyilsə DƏDRX-in * saylı Ərazi Idarəsi üçüncü şəxs kimi işə cəlb edilməli və çatışmayan 0,48 ha hissəsinin harada olmasını və torpaq sahəsinin plan və ölçüsündə qeyd edilən koordinatların nəyin əsasında qeyd edilməsini araşdırmalı idi. Məhkəmə iş materiallarında olan Xaçmaz rayon Aqrar Islahat Komissiyasının ## ######## 2001-ci il tarixli ** saylı qərarı əsasında verilmiş JN:0011, KOD ******** nömrəli Dövlət Aktına və iş üzrə keçirilmiş ekspertiza rəyinə əlavə edilmiş sxemə diqqət yetirməli olsaydı, onda cavabdeh tərəfindən qanunsuz olaraq istifadə edilən 0,64 ha torpaq sahəsinin 0,48 ha hissəsinin ona aid olmasının şahidi olardı. Əlavə ekspertiza keçirilməsi barədə vəsatətlə apellyasiya instansiyası məhkəməsinə müraciət etsə də, məhkəmə vəsatətini təmin etməmiş və nəticədə iş obyektiv araşdırılmamışdır. Iş üzrə əlavə ekspertiza təyin edilməli və ekspertizanın keçirilməsi mütəxəssisə yox, ekspertə tapşırılmalıdır.

27. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

30. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

Tətbiq edilən hüquq:

31. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

33. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

37. Belə ki, hazırkı mübahisə torpaq sahəsinin zəbti ilə bağlıdır. Tərəflərin hər birinin mülkiyyətində Xaçmaz rayonunun XXX kəndi ərazisində torpaq sahələri vardır. Onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bununla bağlı onlara Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir.

38. Daha sonra, iş materiallarından görünür ki, iddiaçının və ailə üzvlərinin mülkiyyətlərində olan torpaq sahəsinə dair ## ### 2021-ci il tarixdə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilərək, orada torpaq sahəsinin koordinatları qeyd olunmuşdur (cild 1, i.v. 9).

39. Həmçinin, cavabdehlərdən cavabdeh1 və ailə üzvlərinin torpaq sahəsinə dair ## ###### 2024-cü il tarixdə (cild 1, i.v. 25, 186) “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib olunaraq, həmin torpaq sahəsinin koordinatları göstərilmişdir.

40. Iş materiallarından müəyyən olunur ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri iş üzrə məhkəmə tikinti-texniki ekspertizaların təyin etmiş, Azərbaycan Respublikası IN yanında ƏMDX DƏDKR PHŞ-nin * saylı Xaçmaz Ərazi Idarəsinin yuxarıda qeyd olunan rəyləri alınmışdır. (bax bəndlər 5, 13)

41. Apellyasiya məhkəməsi alınan sonuncu rəydə iddiaçıya verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda 0,77 ha torpaq sahəsi göstərilsə də, TEKUIS-da olan məlumatlarda iddiaçının adına yalnız 0,29 ha torpaq sahəsi qeydə alınmasını, həmin 0,29 ha torpaq sahəsinin hər hansı bir hissəsinin cavabdeh tərəfindən istifadə olunmasının müəyyən edilməməsini, cavabdehin artıq istifadəsində olan 0,64 ha torpaq sahəsinin isə dövlət mülkiyyətində olmasını əsas götürərək, iddiaçının tələbinin əsassız olması nəticəsinə gəlmişdir.

42. Lakin, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, mütəxəssis işdə olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərinə əsasən tərəflərin mülkiyyətlərində olan torpaq sahələrinin sərhədlərinin koordinatlarını faktiki istifadədə olan torpaqlara münasibətdə yoxlamağı cəhd etmədən, yalnız elektron baza “DWG” xəritələrində və torpaqların elektron kadastr uçot informasiya (TEKUIS) sistemində olan məlumatlarında faktiki istifadə vəziyyəti ilə kəskin uyğunsuzluq olmasına, iddiaçının TEKUIS-də qeydə olunmuş torpaq sahəsinin 0,29 ha olmasına istinad etmişdir.

43. Yəni, mütəxəssis rəyində, torpaq sahələrinin faktiki vəziyyətində uyğunsuzluqların olması qeyd edilməklə, iddiaçının kadastr məlumatlarına əsasən mülkiyyətində olan torpağına müəyyən hissədə müdaxilənin mümkünlüyü faktiki etiraf olunur. Iddiaçının tələbi də, məhz mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad edilməsi, yəni torpaq sahəsinin faktiki vəziyyətini ona verilmiş hüquq müəyyənedici sənəddəki koordinatlara uyğunlaşdırmasından ibarətdir.

44. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində dövlət torpaq kadastrının anlayışı aşağıdakı kimi verilmişdir: dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur.

45. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. ... Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

46. Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir. ... Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

47. Göründüyü kimi, dövlət kadastrındakı məlumatlar torpaq sahəsinin kəmiyyət, yəni ölçüsü, yerləşməsi kimi məlumatları da əhatə edir. Bu məlumatlar isə hazırkı halda, tərəflərin adlarına tərtib olunan “Torpaq sahəsinin plan və ölçüsü” sənəddəki koordinatlarla müəyyən olunur.

48. Həmin koordinatlar apellyasiya instansiyası məhkəməsinin əsas kimi qəbul etdiyi ekspert rəyini verən ƏMDX DƏDKR PHŞ-nin * saylı Xaçmaz Ərazi Idarəsi tərəfindən müəyyən edildiyindən, mövcud ziddiyyət anlaşılan deyil.

49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” ## #### 2016-cı il tarixli Fərmanı qəbul olunmuşdur. Həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları təsdiq olunmuşdur.

50. Fərmanın 2.3-cü bəndində Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi.

51. Fərmanın 2.5-ci bəndində Iqtisadiyyat Nazirliyinə həmçinin tapşırılmışdır ki, ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin.

52. Beləliklə, Fərmanla torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi, torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar müəyyən edildiyi halda, onların qanunvericiliklə müəyyən olunan qaydada aradan qaldırılması müvafiq icra hakimiyyəti orqanına həvalə olunmuşdur. Lakin, Fərmanda, ya da ki, hər hansı digər normativ hüquqi aktda elektron kadastr uçotu informasiya sistemində olan məlumatların mülkiyyətçilərin hüquqi sənədlərində göstərilən məlumatlardan üstün olması göstərilməmişdir.

53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin reyestrin məzmununa həmçinin torpaq sahəsinin ölçüsü və yerləşməsi aiddir.

54. Iddiaçıya verilmiş müvafiq hüquq müəyyənedici sənəddə onun mülkiyyətində olan torpaq sahəsinin 0,77 ha təşkil etməsi müəyyən olunduğu halda, ekspert rəyində torpaqların faktiki vəziyyətinə istinad olunmaqla, iddiaçının mülkiyyətində cəmi 0,29 ha olmasının göstərilməsi və apellyasiya instansiyası məhkəməsi bu rəyə istinad edərək qətnamə qəbul etməsi faktiki olaraq daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına ziddir və iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətəndirilə bilər.

55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin həlli üçün iddiaçının və cavabdehin faktiki istifadələrində olan torpaq sahələrinin ölçüləri və koordinatları müəyyən olunmalı, həmin məlumatların tərəflərin hər birin verilən texniki sənədlərdəki məlumatlara uyğun olub-olmaması araşdırılmaqla, iddiaçının torpaq sahəsinin tam və ya hər hansı hissədə cavabdeh tərəfindən zəbt olunub-olunmaması məsələsinə hüquqi qiymət verilməlidir.

56. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

57. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə ## ###### 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

58. Işin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir.

59. Odur ki, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

60. Işə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən yuxarıda qeyd olunan məsələləri araşdırmalı, iş üzrə təkrar məhkəmə ekspertizasının keçirilməsi məsələsini tərəflərlə müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.

61. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar