Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-378/2026 03.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): kassasiya şikayətinin qeyri-mümkünlüyü (kassasiya şikayətinin forma və məzmununa dair tələblər pozulduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “evdən çıxarılma və cehiz-əmlakın çıxarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-645/2025 nömrəli 8 yanvar 2026-cı il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 mart 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun, xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X5 hazırda Cavabdeh mülkiyyətində olan 2007-ci ildə ailə qurmaq məqsədi ilə gəlin köçərək yaşadığı ünvan 1 ünvanda yerləşən 2 mərtəbəli fərdi yaşayış evində yaşamaq hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, xx.xx. 2008-ci il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və cehiz əmlaklarının onun xüsusi mülkiyyətində olan ünvan 2-da yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-106/2024 nömrəli qətnaməsi ilə (hakim Ənnağı Məmmədli) İddiaçı X2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” barədə iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək, İddiaçı və uşaqları xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 X1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ona məxsus cehiz əmlakları ilə birlikdə çıxarılması, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir.
4. İddiaçı apellyasiya şikayəti verərək, birinci insta nsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 oktyabr 2025-ci il tarixli, 2(106)-645/2025 nömrəli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Mirlətif Sadıqov və Aytən Novruzova) apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(057)-106/2024 saylı qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilmiş, İddiaçı X2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” barədə ilkin iddia tələbi təmin edilməmiş, X1 İddiaçı qarşı “evdən çıxarılma və cehiz-əmlakın çıxarılması” barədə qarşılıqlı iddia tələbi təmin edilərək, İddiaçı uşaqları xx.xx.2008-c i il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 X1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ona məxsus cehiz əmlakları (qorka mebel, divan-kreslo, stol, 6 ədəd stul, televizor, televizor altlığı, uşaqlar üçün alınmış pianino, çılçıraq (qonaq otağı), taxt, 4 qapılı şifoner, 2 ədəd tumba, tikiş maşını, 2 ədəd çarpayı, çılçıraq(yataq otağı), mətbəx mebeli, soyuducu, mətbəx masası (stulları daxil edilməklə), paltaryuyan, mikrodalğalı soba, soba, paltar siyirməsi, termo, parta(uşaqlar üçün), 2 ədəd kreslo, 2-ci dəhlizdəki stol və 6 stul, ayaqqabı altlığı) ilə birlikdə çıxarılması qət edilmişdir.
6. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən elektron kabinetdə yerləşdirməklə 01 dekabr 2025-ci il tarixdə kassasiya şikayəti (buraxılmış müddət in bərpası haqqında ərizə ilə birlikdə) vermişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 645/2025 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpası barədə ərizə və ona əlavə edilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmış və həmin qərardad xx.xx.2025-ci il tarixdə İddiaçı və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir.
8. İddiaçı xx.xx.2025-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yenidən kassasiya şikayəti vermişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)-645/2025 nömrəli qərardadı ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. 10. 17.12.2025-ci il tarixdə İddiaçı yenidən apellyasiya instansiyası məhkəməsinin qətnam əsindən kassasiya şikayəti vermişdir.
11. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(106)- 645/2025 nömrəli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. 12. 29.12.2025-ci il tarixdə İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən yenidən kassasiya şikayəti (buraxılmış müddətin bərpası haqqında ərizə ilə birlikdə) vermişdir.
13. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 645/2025 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət buraxılmışdır ki, bunun da səbəbi şikayətinin Şirvan Apellyasiya Məhkəməsinin müvafiq qərardadları ilə 2 dəfə geri qaytarılması olmuşdur. Belə ki, o, hazırda şikayət ərizəsində olan yanlışlıqları aradan qaldıraraq yenidən k assasiya şikayəti verir. Prosessual müddətin buraxılmasına səbəb yuxarıda qeyd etdiyi üzrlü hal olmuşdur. Hesab edir ki, prosessual müddətin buraxılmasının səbəbi üzrlüdür və buna görə də məhkəmə tərəfindən MPM-nin 133.1-ci maddəsinə müvafiq olaraq bərpa edilməlidir. Üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, göstərilən obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olur.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-645/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Aytən Novruzova) apellyasiya məhkəməsinin qətnaməsindən verilmiş buraxılmış prosessual müddətin bərpası barədə ərizə və ona əlavə edilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
15. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya şikayəti MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. Belə ki, kassasiya şikayətinin “şikayət verən şəxsin tələbi” hissəsində şikayət olunan məhkəmə aktının tarixi göstərilməmiş, “Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-645/2025 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılamsı üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması” xahiş edilmişdir.
16. MPM-in 407.1.3-cü maddəsinə əsasən kassasiya şikayətində şikayət olunan məhkəmə ak tını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti göstərilməlidir.
17. Vurğulanmalıdır ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinin dəfələrlə qaytarılmasına səbəb kassasiya şikayətinin Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş 3 saylı Əlavəyə uyğun tərtib edilməmiş olması olmuşdur və hər dəfə məhkəmənin müvafiq qərardadı ilə tərəfə kassasiya şikayətinin MPM-ə 3 saylı əlavəyə uyğun tərtib edilməli olması izah edilmişdir. Lakin göründüyü kimi tərəf hər dəfə qanunvericilikdə nəzərdə tutulmuş formada tərtib edilməli olan kassasiya şikayəti ilə məhkəməyə müraciət etməmiş, eyni nöqsanlar dəfələrlə təkrar edilmişdir.
18. Məhkəmə verilmiş buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə münasibətdə qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Qanunvericiliyin yuxarıda qeyd edilmiş tələblərindən də göründüyü kimi müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda ərizəyə qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilmiş şikayət əlavə olunmalıdır. İlkin iddiaçı tərəfindən qətnamədən şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin bərpası barədə ərizə verilsə də, qanunvericiliyin tələblərinə uyğun kassasiya şikayəti əlavə edilməmişdir.
19. Nəzərə alınmalıdır ki, müddətin bərpası məsələsinə yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə verilmiş kassasiya şikayəti mövcud olduğu halda baxıla bilər. Belə ki, müddətin bərpası müstəqil şəkildə baxılan tələblərdən deyil, yalnız kassasiya şikayəti ilə əlaqəli prosessual institutdur. Hazırkı halda hüquqi əsası olmayan kassasiya şikayətinə bağlı şəkildə verilmiş müddətin bərpası barədə ərizənin də mahiyyəti üzrə araşdırılması mümkünsüzdür. Yəni əsas şikayət prosessual tələblərə cavab vermədiyi üçün, həmin şikayətə bağlı müddət bərpası barədə ərizəyə də baxılıb qiymət verilməsi üçün hüquqi zəmin yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qərardadın ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti buraxılmış müddətin bərpasına dair ərizədə qey d olunanlarla analoji məzmunda əsaslandırılmışdır. b)
22. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edi lməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
27. Maddə 407.1. Kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Kassasiya şikayətində şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti göstərilməlidir.
28. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya i nstansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
33. Baxılan şikayətlə bağlı hüquqi məsələlərə dair məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikay ət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apelyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
34. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və qanunla müəyyən olunmuş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur.
35. Bu növ məhdudiyyətlərdən biri MPM-in 407.1-ci maddəsində kassasiya şikayətinin forma və məzmunu üçün nəzərdə tutulmuş tələblərə əməl olunmamasıdır.
36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, ilk iddiaçı tərəfindən elektron kabinet vasitəsi ilə göndərilmiş kassasiya şikayəti MülkiProssesual Məcəlləyə 3 saylı Əlavə ilə müəyyən edilmiş formada tərtib edilmədiyindən kassasiya şikayətinin məzmununa dair Azərbaycan Respublikası MPM-in 407.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 408.1.1-ci maddəsində kassasiya şikayətinin bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab verməməsi onun qaytarılması üçün müstəqil əsas kimi nəzərdə tutulmuşdur.
37. İşdən görünür ki, iddiaçı tərəfindən bundan əvvəl də eyni nöqsana yol verilməklə tərtib edilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı isə növbəti dəfə kassasiya şikayəti tərtib edərkən də forma və məzmunla bağlı prosessual qanunvericiliyin tələbini nəzərə almamış, həmin nöqsanları aradan aradan qaldırmamışdır.
38. Apellyasiya məhkəməsinin mübahisələndirilən qərardadı prosessual qanunvericiliyin tələblərinə uyğun olduğundan ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-645/2025 nömrəli xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-645/2025 nömrəli iş üzrə 8 yanvar 2026-cı il tarixli qərardadı dəy işdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.