Məhkəmə qərarları › İş №2(102)-3553/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3553/2025

16.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3553/2025 16.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: istifadə hüququnun tanınması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1328/2025 nömrəli, 07 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 dekabr 2025-ci il Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və cavabdeh doğma qardaşdırlar. İddiaçının istifadə hüququ olduğunu iddia etdiyi ünvan 1 ünvanında yerləşən 241,1 kv.m fərdi yaşayış evi anasına məxsus olmuş, anası tərəfindən cavabdehə bağışlanmış və Cavabdeh adına xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.

2. Gədəbəy RİH başçısının Gədəbəy şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1495 saylı arayışa əsasən İddiaçı aşağıdakı ailə tərkibi var və Gədəbəy şəhəri, X19 küçəsində yaşayırlar. Ailə tərkibi - özü: xx.xx.1970-ci il təvəllüdlü İddiaçı, arvadı: xx.xx.1985-ci il təvəllüdlü X7, oğlu: xx.xx.2018-ci il təvəllüdlü X9 və qızı: xx.xx.2023-cü il təvəllüdlü X8.

3. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(042)-364 /2022 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı və X2 cavabdehlər X3, Cavabdeh, üçüncü şəxslər ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə və Gədəbəy Rayon Notariat Ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, mülki hüquqlarının bərpa edilməsi tələbləri haqqında iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə üzvləri ilə birlikdə Cavabdeh mülkiyyətinə keçmiş (ata yurdu) Gədəbəy rayonu, X17, X19 küçəsi, 19 saylı fərdi yaşayış evinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmı şdır ki, o, xx.xx.1970-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Mübahisəli fərdi yaşayış evi Gədəbəy rayonu, X17, X19 küçəsi, ev 19 ünvanında yerləşməklə iki mərtəbəli, ümumi sahəsi 241,1 kv.metrdən, 8 otaqdan və 0,2897 ha ölçüdə həyətyanı torpaq sahəsindən ibarətdir. Bu ev onların ata mülküdür və 1960-cı ildə inşa edilmişdir. Cavabdeh onun qardaşıdır. Atası vəfat edəndən sonra ev anasının adına sənədləşdirilmiş, anası isə həmin evi qardaşı Cavabdeh bağışlamışdır. Hazırda, mübahisəli fərdi yaşayış evi 2021-ci ildən etibarən qardaşı Cavabdeh xüsusi mülkiyyətindədir və qardaşı həmin evi tərk etmələrini tələb edir. O, ailə üzvləri olan həyat yoldaşı və iki azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşayır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onun və ail ə üzvlərinin yaşamağa yeri yoxdur. Nə onun, nə də həyat yoldaşının icarələrində və yaxud mülkiyyətlərində ev, mənzil, torpaq sahəsi və digər daşınmaz əmlak yoxdur. O, bu evdə anadan olmuş, bu evdə boya-başa çatmış və bu günə kimi ailə üzvləri ilə birlikdə bu evdə yaşamışdır. 1998-ci ildən bu günə kimi müxtəlif vaxtlarda o, öz vəsaiti hesabına yaşadıqları evin abadlaşdırılmasına, bütün həyət boyu mişar daşından hasar çəkilməsinə, darvaza qoyulmasına, mişar daşından əlavə tikintilər tikilməsinə xeyli vəsait xərçləmişdir. 2020-ci ildə yenə də öz vəsaiti hesabına eni 6,5 metr, uzunluğu 22 metr olan çardaq (naves), çardağın içərisində qara çay daşından 3 (üç) otaq, mətbəx, hamam-tualet tikdirmişdir. 3.000 manat məbləğində pulu yalnız həmin çardağa plastik pəncərələr qoyulmasına xərcləmişdir. Ya şadıqları evin tavanını və şiferini söküb yenisi ilə əvəz etmiş, mətbəx və hamam-tualet tikdirmişdir. O, 2014-cü ildə mübahisəli evdən qeydiyyatdan çıxıb Bakı şəhərində yaşayan qardaşı X1 mənzilinə qeydiyyata düşmüşdür. Lakin bu qeydiyyat formal bir xarakter daşıyır və onun üçün heç bir mənzil hüquq münasibəti yaratmır. O, faktiki olaraq anadan olduğu gündən bu günə kimi hazırda yaşadığı Gədəbəy rayonu, X17 X19 küçəsi ev 19 ünvanında yaşayır. Fikrincə faktiki yaşadığı evdə qeydiyyatda olmadığına görə anası onun razılığını almadan evi kiçik qardaşı Cavabdeh hədiyyə etmişdir. Hesab edir ki, onun hüquqları kobud surətdə pozulmuşdur. Çünki atasının vərəsəsi olduğuna görə onun də həmin evdə payı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinin tələbinə görə, qanunda nə zərdə tutulmuş əsaslarla müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Hesab edir ki, mərhum atasından miras qalmış fərdi yaşayış evinə vərəsə kimi onun da istifadə hüququ vardır və onun həmin evə istifadə hüququ məhkəmə qaydasında tanınmalıdır.

6. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, mübahisəli ev onun mülkiyyətindədir və ona məxsus həyətyanı sahədə tərəfindən əvvəllər qaraj kimi tikilmiş, sonradan yaşayış sahəsinə çevirdikləri evdə müvəqqəti yaşamaq üçün yerləşmiş iddiaçı yalan sözlərlə məhkəməni aldatmağa çalışır. Belə ki, iddiaçı onun mülkiyyətində olan yaşayış evini tərk edərək Bakı şəhərinə köçmüş və ailə üzvləri ilə uzun illər Bakı şəhərində yaşamışdır. İddiaçını n Gədəbəy rayonunda 0,40 ha torpaq sahəsi var idi. Bundan sonra iddiaçı Gədəbəy rayonunda işləmək üçün gəlmiş və özünə məxsus torpaq sahəsində ev tikdirəcəyini deyərək müvəqqəti olaraq onun mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən tikilmiş sahəyə yerləşmişdir. Lakin sonradan özünə məxsus torpaq sahəsini sataraq, başqa yerdən ev alacağını desə də bunu etməmişdir. İddiaçı onun barəsində qanunsuz olaraq şikayətlər etməklə onun mülkiyyətindən istifadəsinə maneə yaratmaq istəyir. İddiaçının ailəsi Gədəbəy rayon Polis Şöbəsində münaqişəli ailə kimi tanınır. Bunu qonşular da təsdiq edə bilər.

7. Gədəbəy Rayon Məhkəməsinin (hakim Z.Rəsulov) 2(042)-371/2025 nömrəli, 22 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, ünvan 4 ünvanında yerləşən, Cavabdeh adına daşınm az əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmış fərdi yaşayış evinə İddiaçı və ailə üzvləri X4, X6, X5 istifadə hüquqlarının tanınması qət olunmuşdur.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə qardaşı Cavabdeh məxsus sözügedən fərdi yaşayış evində yaşayır və həmin fərdi yaşayış evində yaxşılaşdırma işləri aparmışdır. İddiaçı həmin mübahisəli fərdi yaşayış evində anadan olmuş və hazırkı tarixədək yaşamışdır. Hazırda da həmin fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. İddiaçının və ailə üzvlərinin yaşamaq üçün başqa yaşayış sahəsi yoxdur. Odur ki, sözügedən fərdi yaşayış evindən iddiaçının istifadə hüquqları yaranmışdır. Belə olan halda, mülki qanunvericiliyin tələbinə əsasən id diaçının ailə üzvlərinin də həmin fərdi yaşayış evindən istifadə hüquqları yaranmışdır.

9. Məhkəmə gəldiyi nəticəni, 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 123, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 228.5, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 80, 81, 217.1, 218.3-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnam ə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının və onun ailə üzvlərinin sözügedən mübahisəli yaşayış evinə heç bir aidiyyəti yoxdur. Məhkəmə işi düzgün, hərtərəfli və tam araşdırmadan, mübahisəli yaşayış sahəsinə baxış keçirmədən iddiaçının sözlərinə istinad edərək qanunsuz qətnamə çıxarmışdır. Belə ki, Gədəbəy rayonu, X17, X19 küçəsində yerləşən həyətyanı sahədə iki, biri digərindən aralı məsafədə yerləşən yaşayış sahəsi mövcuddur. Cavabdehin və anasının razılığı ilə iddiaçı öz ailə üzvləri ilə birlikdə həyətdə yerləşən və cavabdeh tərəfindən tikilmiş digər ünvansız yaşayış evində yaşayır. Məhkəmə araşdırmamışdır ki, hal-hazırda yaşadığı yer kimi göstərdiyi ev hansı evdir və iddiaçı cavabdehin mülkiyyətində olan ümumi sahəsi 241,1 kv.me trdən, 8 otaqdan ibarət yaşayış sahəsini 2004-cü ildə tərk etmişdir. Baxış keçirildiyi tədqirdə, iddiaçının həmin ünvansız yaşayış evində yaşadığı məhkəməyə məlum olardı. Belə ki, həmin sözügedən yaşayış evində hal-hazırda iddiaçı öz ailə üzvləri ilə birlikdə yaşayır. Həmin ünvansız yaşayış evində İddiaçı və onun ailə üzvləri 2009-cu ildən sonra yaşamağa başlamışdılar, buna görə də məhkəmə tərəfindən 2009-ci il tarixədək qüvvədə olmuş Mənzil Məcəllənin 123-cü maddəsini tətbiq edilməsi işin hallarına ziddir və tətbiq oluna bilməz. Bundan başqa iddiaçı mübahisəli evdən iyirmi il əvvəl qeydiyyatdan çıxaraq Bakı şəhərinə köçmüşdür. Onun faktiki qeydiyyat yeri Bakı şəhəridir. İddiaçı Bakı şəhərində yaşamış və Bakı şəhərində rəsmi iş yeri olmuşdur. Beləliklə, göründüyu kimi, iddiaçı əvvəllər a tasının mülkiyyətində olan evində qalaraq ailə üzvü kimi hesab edilsə də, hal-hazırda həm mülki, həm də ailə qanunverciliyə əsasən ailə üzvü sayılmır və cavabdehə məxsus mülkiyyətdə heç bir rəsmi razılıq olmadan yaşayır və cavabdehin mülkiyyətindən istifadəsinə və sahibliyinə maneə yaradır. Bundan başqa, iddiaçı cavabdehin barəsində qanunsuz və əsassız olaraq mütəmadi şikayətlər edir və iddialar qaldırır. Həmçinin, cavabdehi və qonşuları narahat edərək, hər birinə mənəvi zərər gətirir. İddiaçının ailəsi Gədəbəy rayon polis şöbəsində münaqişəli və problemli ailə kimi tanınır. Beləliklə, belə bir “problemli” iddiaçıya və onun ailəsinə cavabdehin mülkiyyətindən heç bir əsas olmadan istifadə hüququ verilməsi qanunsuzdur.

12. İddiaçı apellyasiya şikayətinə etirazını iddia tələbinin dəlillərinə uyğun əsaslandırmışdır.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Günay Cavadova (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və İslam Həsənov) 2(104)1328/2025 nömrəli, 07 avqust 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilərək iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli qətnaməsi mübahisəli “yaşayış evinə X4 istifadə hüququnun tanınması” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi və qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, cavabdeh müzakirə olunan məsələ ilə bağlı məhkəmələrə ziddiyyətli izahatlar vermişdir. Cavabdeh işə Rayon Məhkəməsində baxılarkən verdiyi izahatda, habelə apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı 20 il əvvəl mübahisəli ünvandan qeydiyyatdan çıxmış, Bakı şəhərinə köçmüş, Bakı şəhərində qeydiyyata düşmüş və Bakı şəhərində işləmişdir. 2009-cu ildən sonra isə mübahisəli fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində inşa edilmiş ünvansız evə köçmüşdür. Həmin vaxtdan bu günədək iddiaçı ailə üzvləri ilə bu evdə yaşayır. İşin apellyasiya baxışı zamanı isə məhkəmə iclasında verdiyi izahatda cavabdeh göstərmişdir ki, iddiaçı universitetə qəbul olunanadək mübahisəli fərdi yaşayış evində yaşamışdır. Universiteti bitirdikdən sonra Bakı şəhərində qalaraq orada işləmiş, 2004-cü ildən isə Gədəbəy rayonuna qayıdaraq orada müəllim işləməyə başlamışdır. 2006-cı ildən o, mübahisəli evin həyətində inşa edilmiş ikinci evə köçmüşdür. İddiaçı birinci ailə sindən ayrıldıqdan sonra 2018-ci ildə yenidən ailə qurmuş, bu nikahdan körpə övladı olduğu üçün onu evdən çıxarmamışlar.

15. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X11 Peşə Liseyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 127 nömrəli arayışda göstərilir ki, İddiaçı (iş üzrə iddiaçı) xx.xx.1999-cu il tarixdən hal-hazıradək X15 baş usta və ixtisas fənn müəllimi işləyir.

16. Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Gədəbəy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 1495 nömrəli arayışında göstərilir ki, İddiaçı ailə üzvləri - arvadı Mahirə, övladları Raul və Nigar ilə birlikdə Gədəbəy şəhəri, X19 küçəsində yaşayır. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 2(041)-500/2013 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2013-cü il tarix li qətnaməsindən, habelə həmin qətnamədən verilən apellyasiya şikayətinə əsasən Gəncə Apelyasiya Məhkəməsinin qəbul etdiyi 2(104)1668/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qərardaddan görünür ki, Solmaz Rüstəmova övladı İddiaçı (hazırki iş üzrə iddiaçı) keçmiş arvadı Vüsalə Rüstəmovaya qarşı mülkiyyətində olan Gədəbəy rayonu, X17, X19 küçəsində yerləşən 19 nömrəli evə cavabdehin yaşayış (istifadə) hüququnun itirilməsi barədə Gədəbəy Rayon Məhkəməsində iddia qaldırmışdır. Vüsalə Rüstəmova da öz növbəsində məhkəməyə qarşılıqlı iddia təqdim edərək, qeydiyyatda olduğu 19 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində onun cehiz əşyalarının yerləşdirildiyi iki yaşayış otağına köçürülməsini xahiş etmişdir. Solmaz Rüstəmova ilk iddia ərizəsində göstərmişdir ki, övladı Rövşən 1995-ci ildən Vüsa lə ilə evlənmiş, nikahlarını isə 1996-cı ildə rəsmilləşdirmişlər. Ailə qurduqları vaxtdan Vüsalə və Rövşən arasında daimi münaqişələr olmuş, 1999-cu ildə Vüsalə özünə aid bütün əşyalarını götürərək, Gəncə şəhərinə getmişdir. 2001-ci ildə Vüsalə Rövşənlə barışmış və yenidən 19 nömrəli evə köçmüşdür. Vüsalə xx.xx.2005-ci il tarixdə mülkiyyətçinin razılığı və məlumatı olmadan 19 nömrəli evə qeydiyyata düşmüşdür. Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi ilə ilk iddia təmin edilərək, Vüsalə Rüstəmovanın yaşayış (istifadə) hüququna xitam verilmiş, qarşılıqlı iddia rədd edilmişdir. Qətnamədən narazı qalan Vüsalə Rüstəmova apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə əsasən işə Gəncə Apelyasiya Məhkəməsində baxılarkən, tərəflər arasında barışıq sazişi imzalanmış, Vüsalə Rüstəmovanın 19 nömrə li fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi üçün mülkiyyətçi Solmaz Rüstəmova tərəfindən 5.000 manat məbləğində kompensasiya ödənilmiş, bunun müqabilində Vüsalə Rüstəmova qarşılıqlı tələblərindən imtina etmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı anasına məxsus 19 nömrəli fərdi yaşayış evini ali təhsil almaq məqsədilə müvəqqəti olaraq tərk etmiş, 1999-cu ildə təhsilini başa vurduqdan sonra həmin evə qayıtmış, 1995-ci ildə ilk dəfə ailə qurduğu Vüsalə Rüstəmova, 2018-ci ildə ikinci dəfə ailə qurduğu Mahirə Rüstəmova da sözügedən evə gəlin gətirilmiş, onların cehiz əşyaları məhz bu evdə yerləşdirilmişdir.

18. İddiaçının mübahisəli evdən istifadə etmək hüququnun itirildiyini bildirən cavabdeh, iddiaçının daimi yaşamaq üçün Bakı şəhərinə getməsini, başqa yaşayış sahəsi ilə təmin olunduğunu təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Cavabdehin bu dəlili sübuta əsaslanmır. Bu vəziyyətdə hesab olunmalıdır ki, iddiaçının mübahisəli yaşayış sahəsinə olan istifadə hüququ itirilməmiş, cavabdeh fərdi yaşayış evini iddiaçının istifadə hüququ ilə yüklü olmuş vəziyyətdə mülkiyyətinə qəbul etmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdi ki, iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququ olduğuna və həmin ev onun yaşayış yeri olduğuna görə, mübahisəli ünvanda doğulan iddiaçının azyaşlı övladları Raul və Nigarın da həmin yaşayış sahəsinə istifadə hüquqları mövcuddur. İddiaçının və onun azyaşlı övladları Raul və Nigarın mübahisəli yaşayış sahəsinə istifadə hüququnun tanınması barədə iddia tələbi əsaslıdır. Rayon Məhkəməsi iddianı müzakirə olunan hissədə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.

20. Bununla yanaşı MPM-nin 4.1, 5.1, 5.2 və 49.1-ci maddələrinə istinad edən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiyası məhkəməsi iddiaçının arvadı Mahirə Rüstəmovaya aid hissədə də iddianı təmin etməklə səhvə yol vermişdir. Belə ki, qanunvericilik hər bir prosessual fəaliyyət qabiliyyəti olan şəxsə hüquq və mənafelərini müdafiəsi, habelə pozulmuş hüquqlarının bərpası məqsədilə öz adından məhkəməyə müraciət etmək hüququnu tanımışdır. Hazırki işin başlanmasına əsas olan iddia ərizəsindən görünür ki, iddiaçı, özü və azyaşlı övladları ilə yanaşı həmçinin arvadı Mahirə Rüstəmovanın da fərdi yaşayış evinə ist ifadə hüququnun tanınması barədə tələb irəli sürmüş, daha sonra işin məhkəmə baxışı zamanı həmin tələbi müdafiə etmişdir. İşdə olan sənədlərdən o da məlum olur ki, iddiaçının arvadı Mahirə Rüstəmova xx.xx.1985-ci il təvəllüdlü olmaqla, tam prosessual fəaliyyət qabiliyyətli şəxsdir. Bu baxımdan iddiaçının Mahirə Rüstəmovanın adından məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. O, Mahirə Rüstəmovanın qanuni nümayəndəsi deyil və onun adından bu kimi iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Lakin Rayon Məhkəməsi işin bu halına əhəmiyyət verməmiş, iddia tələbinə mahiyyəti üzrə baxmış, nəticədə prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı Mahirə Rüstəmovaya aid hissədə təmin etməkl ə maddi və prosessual hüquq normalarını pozmuş, nəticədə həmin hissədə iş üzrə səhv nəticəyə gəlmişdir.

21. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5, Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 53, 60, 123.1, Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1, 14.2, 49.1, 77.1, 217.2-ci maddələrinə və “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin apelyasiya şikayətinin təmin edilmədiyi hissədə ləğv edilərək, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 6.1.4 və 6.1.7ci maddələri üzrə - iddiaçının əsassız və qanuna zidd tələbləri nəticəsində mülkiyyət toxunulmazlığı prinsipi pozulur, həmçinin ona məxsus mülkiyyətindən tam şəkildə istifadə və sahiblik etməyimə mane olur. İddiaçı kimi digər 3 qardaşı və 2 bacısı vaxtilə ata evindən köçərək özlərinə ev tikdirmişlər. Məhkəmənin bu qətnaməsi ilə rəvac verir ki, digər bacı-qardaşları da eyni məzmunlu iddia qal dırsın. Bu cavabdehin mənzil şəraitinin pozulması ilə nəticələnəcəkdir.

24. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri üzrə - iddiaçının və onun ailə üzvlərinin mübahisəli evə heç bir aidiyyəti yoxdur. Məhkəmə işi düzgün, hərtərəfli və tam araşdırmadan, mübahisəli yaşayış sahəsinə baxış keçirmədən iddiaçının sözlərinə istinad edərək qanunsuz qətnamə çıxarmışdır. Belə ki, Gədəbəy rayonu, X17, X19 küçəsində yerləşən həyətyanı sahədə iki biri digərindən aralı məsafədə yerləşən yaşayış sahəsi mövcuddur. Onun və anasının razılığı ilə iddiaçı öz ailə üzvləri ilə birlikdə həyətdə yerləşən və cavabdeh tərəfindən tikilmiş digər ünvansız yaşayış evində yaşayır. Məhkəmə araşdırmamışdır ki, hal-hazırda yaşadığı yer kimi göstərdiyi ev hansı evdir və iddiaçının mübahisəli evi 2004-cü ildə tərk etmişdi r. Baxış keçirildiyi təqdirdə, iddiaçının Gədəbəy rayonu, X17, X19 küçəsində yerləşən ünvansız yaşayış evində yaşadığını məhkəməyə məlum olardı. Belə ki, həmin sözügedən yaşayış evində hal-hazırda iddiaçı öz ailə üzvləri ilə birlikdə 2009-cu ildən sonra yaşamağa başlamışlar, buna görə də məhkəmə tərəfindən 2009-ci il tarixədək qüvvədə olmuş Mənzil Məcəllənin 123-cü maddəsini tətbiq edilməsi işin hallarına ziddir və tətbiq oluna bilməz. Bundan başqa Gədəbəy rayonu, X17, X19 küçəsində yerləşən ev-19 ünvanından iyirmi il əvvələ qeydiyyatdan çıxaraq Bakı şəhərinə köçmüşdür. Onun faktiki qeydiyyat yeri Bakı şəhəridir. İddiaçı Bakı şəhərində yaşamış və Bakı şəhərində rəsmi iş yeri olmuşdur. İddiaçı əvvəllər atasının mülkiyyətində olan evdə qalaraq ailə üzvü kimi hesab edilsə də, hal-hazırda həm mülki, həmdə ailə qanunvericiliyə əsasən ailə üzvü sayılmır və qanuni cavabdehə məxsus evdə heç bir rəsmi razılıq olmadan yaşayır və mülkiyyətdən istifadəyə və sahibliyə maneə yaradır. İddiaçı qanunsuz və əsassız olaraq mütəmadi şikayətlər edir və iddiaları qaldırır. Həmçinin, cavabdehi və qonşuları narahat edərək, hər birinə mənəvi zərər gətirir. İddiaçının ailəsi Gədəbəy rayon polis şöbəsində münaqişəli və “problemli” ailə kimi tanınır. Bunu qonşularda təsdiq edə bilər. Həmçinin, mübahisəli evdə də dəfələrlə mübahisə yaradaraq DİN-nin 102 xidmətinə zəng edir. Belə ki iddiaçı həm onun, həm də qonşuların hüquqlarını və qanuni mənafelərini pozur. Beləliklə, belə bir “problemli” iddiaçıya və onun ailəsinə cavabdehin mülkiyyətindən heç bir əsas olmadan istifadə hüququ verilməsi qanunsuzdur. B undan başqa bu kimi hallar etiraz ərizəsində əks etdirilmiş, bunu sübut edən məhkəmə qərarları işə əlavə olunmuş, lakin məhkəmə tərəfindən araşdırılmamışdır.

25. Mənzil Məcəllənin 9-cu maddəsi üzrə - cavabdehin hüquqlarının pozuntulardan müdafiə eləmək üçün iddiaçının “fərdi yaşayış evinə istifadə hüququnun tanınması” tələbi barədə əsassız iddia rədd edilməli və bu barədə yeni qərar çıxarılmalıdır.

26. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi üzrə - Məhkəmə sübut və izahatlarıma əhəmiyyət verməmiş, yalnız iddiaçının mülahizələrini əsas tutmuşdur.

27. Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsi üzrə - Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(042)-371/2025 nömrəli qətnaməsi bütün iş üzrə halları və tərəflərin qarşılıqlı münasibətlərini müəyyən etməyərək, 1982-ci il tarixl i Mənzil Məcəllənin normalarına uyğun olaraq səhv əsaslandırılmış və aktual, qüvvədə olan, yuxarıda göstərilən maddi normaları nəzərə almamış, Gəncə Apellyasiya Məhkəməsi də həmin məsələni nəzərə almamış, rayon məhkəməsinin mövqeyindən çıxış edərək eyni məzmunlu qətnamə çıxarmışdır. Bundan başqa iddiaçı 1998-ci ildən bu günə kimi müxtəlif vaxtlarda öz vəsaiti hesabına yaşadıqları evin abadlaşdırılmasına, bütün həyət boyu mişar daşından hasar çəkilməsinə, darvaza qoyulmasına, mişar daşından əlavə tikintilər tikilməsinə xeyli vəsait xərcləməsini, 2020-ci ildə yenə də öz vəsaiti hesabına eni 6,5 metr, uzunluğu 22 metr olan çardaq (naves), çardağın içərisində qaraçay daşından 3 (üç) otaq, mətbəx, hamam-tualet tikdirməsini, 3.000 manat məbləğində pulu yalnız həmin çardağa plastik pəncərələr qoy ulmasına xərcləməsini, yaşadıqları evin tavanını və şiferini söküb yenisi ilə əvəz etməsini, mətbəx və hamam-tualet tikdirməsini göstərilərək hər-hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

29. Etirazda işin faktiki halları və iddia ərizəsinin dəlilləri təkrar sadalanmaqla əlavə olaraq qeyd edilmişdir ki, kassasiya şikayətində göstərilənlər real həqiqətə uyğun olmayan şablon sözlərdir. Kassator apellyasiya şikayətində yazmış olduğu sözləri eynilə kassasiya şikayətinə köçürmüşdür. Kassasiya şikayətinin dəlilləri ilə bağlı cavabdeh məhkəmə heç bi r sübut təqdim etməmişdir. Kassator eyni sözləri və əsası olmayan faktları bir neçə səhifədə təkrarlasa da, konkret olaraq birinci və apellyasiya instansiyası məhkəməsinin qətnamələrində hansı maddi hüquq və prosessual normaların pozulmasını və yaxud düzgün tətbiq edilməməsini göstərə bilməmişdir.

30. Etirazda Azərbaycan Respublikası Konstitusiyasının 33, 43, 71, Mülki Məcəllənin 27.1 və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (xx.xx.2009-cu il tarixədək qüvvədə olan)

32. Maddə

53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 6

0. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

33. Maddə 123.1. Mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 34. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı: 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 35. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarı: “...qanunverici (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş) Mənzil Məcəlləsinin 60- cı maddəsindəki qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər aras ında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mənzil Məcəllənin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəl lənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya ins tansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

41. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə qətnaməni yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda kassasiya şikayətinin dəlilləri olan məsələlərə hüquqi qiymət verilmiş, mübahisə maddi hüquq normalarının tələblərinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarındakı hüquqi mövqeyə uyğun həll edilmiş, qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan hər hansı pozuntuya yol verilməmişdir.

44. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılma lıdır.

45. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1328/2025 nömrəli, 07 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar