Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-387/2026 17.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1601/2025 nömrəli, 18 noyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 17 mart 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 319nkBRD/23 nömrəli kredit müqaviləsinə əsasən, Bank borcalana illik illik 25 faiz dərəcəsi ilə 60 ay müddətinə, 10009 manat məbləğində krеdit vеrmişdir. 2. "xxxx" KB ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli bildiriş ilə, borcalana bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək təklif edilmişdir (borc məbləği – 9923,80 manat əsas, 443,47 manat faiz, 0,51 manat cərimə borcu göstərilmişdir; bildiriş xx.xx.2024-cü il tarixdə borcalan tərəfindən qəbzə imza edilməklə qəbul e dilmişdir). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9923,8 manat əsas, 461,39 manat faiz, 21,57 manat cərimə, cəmi 10406,76 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzində 121,23 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqavilələrinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə ona xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf e dərək imkanı olmadığı üçün borcunu ödəyə bilmədiyini qeyd etməklə iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir.
6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/8790 nömrəli ekspert rəyinə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 319nkBRD/23 nömrəli müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixə banka olan borcu əsas borc üzrə 10009 manat, faiz borcu üzrə 593,86 manat məbləğində müəyyən edilmişdir.
7. Ağdam Rayon Məhkəməsinin 2 aprel 2025-ci il tarixli 2(013)-21/2025 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia tələbi təmin edilərək, Cavabdeh 9923,8 manat əsas, 461,39 manat faiz, 21,57 manat cərimə, cəmi 10406,76 manat borc və ödənilmi ş dövlət rüsumu əvəzində 121,23 manat tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatına görə Cavabdeh 100 manat tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək, tələb olunan məbləğdə əsas və faiz borcunun cavabdehdən tutulması qənaətinə gəlmişdir.
9. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 462.1, 462.3, 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılimasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı bank onu əvvəlcədən xəbərdar etmədiyi üçün və müqavilə üzrə şərtlərin yerinə yetirilməsi ilə bağlı tərəf olaraq öz aralarında danışıqlar yolu ilə mübahisənin həllinə üstünlük vermək haqqını tanımamış və birinci instansiya məhkəməsi də tərəflər arasında müqavilə hüququnun üstünlüyü prinsipinə əhəmiyyət verməyərək işin məhkəməyə qədər həlli üçün iddiaçının etməli olduğu hərəkətlərin real olaraq nədə ifadə olmasına dair mötəbər sübutlar üzərindən qiymətləndirmə aparmamışdır. İddianın əsas borc hissəsini qəbul etməyi kəlməsi yanlış şərh edilmişdir. «İddianı qəbul edirəm» ifadəsinin hüquqi mahiyyətini tam anlamamış, nəzərdə tutduğu iddia tələbi ilə bağlı razılıq deyil, iddiaçı ilə aralarında həqiqətən müqavilənin mövcüdluğunun təsdiqinə yönəlik söz kimi tərəfindən bəyan olunmuşdur. Məhkəmənin bu məsələni onun iddianı etiraf etməsi kimi qəbul etməsi işin ona qarşı olan mahiyyətinə ziddir. İzahatında yer verdiyi xüsusatlar da onu deməyə əsas verir ki, iddianın etirafından söhbət gedə bilməz, sadəcə iddiaçı ilə aralarında həqiqətən müqavilənin mövcüdluğunun təsdiqinə vurğu etməyindən bəhs oluna bilər. İddiaçının pul tələbi iddiasında irəli sürdüyü tələbdə ki fazilərlə razılaşmır, o səbəblə ki, pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla ifadə olunan heç bir hərəkət və hərəkətsizliyə yol verməmişdir. Təəssüf ki, iddiaçı bank onunla lazımi qaydada danışıqlar üçün təşəbbüs nümayiş etdirməyibdir. Hansı ki, müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Müqavilənin mühüm şərtləri haqqında yalnız tərəflərin iradə ifadəsi əhəmiyyət kəsb edir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli o lan bütün şərtlər mühüm sayılır. İddiaçı ilə müqavilənin mühüm şərtləri barədə razılığa gəldikdə həm də onu razılaşmış oldu ki, birinci halda mübahisələr öz aramızda həllini tapmalıdır və bunun üçün mübahisə yarandığını düşünən tərəf ciddi təşəbbüskarlıq nümayiş etdirməlidir. Lakin göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçı tərəfindən sadalanan faktlar ilə birgəlikdə yerinə yetirilməsi ilə bağlı müqavilə öhdəliklərinin icrasından imtina etməsini də verilən maddi hüquq normaları işığında ədalətli və obyektiv şəkildə qiymətləndirə bilməmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 noyabr 2025-ci il tarixli, 2(104)-1601/2025 nömrəli qətnaməsi ilə (hakimlər – İslam Həsənov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Rüfət Məcidov) apellyasiya şikayəti qismən təmi n edilmiş, Ağdam Rayon Məhkəməsinin 2 aprel 2025-ci il tarixli 2(013)-21/2025 nömrəli qətnaməsi «Cavabdeh 461,39 manat faiz, 21,57 manat cərimə - cəmi 10406,76 manat borc və ödənilmiş dövlət rüsumu əvəzində 121,23 manat tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi» hissədə dəyişdirilərək, kredit müqaviləsi üzrə faiz borcu 443,37 manat, cərimə borcu 0,51 manat, cəmi borc 10367,68 manat müəyyən edilməsi, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 121,1 manat pulun Cavabdeh tutularaq "xxxx" KB ASC-yə ödənilməsiqət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi alınsa da, lakin həmin rəy məsələn in həlli baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı bankın cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Borcalan ona bu barədə bildiriş ünvanlanmadığı barədə arqument irəli sürsə də, lakin iş materialları ilə bildirişin xx.xx.2024-cü il tarixdə borcalan tərəfindən qəbzə imza edilməklə qəbul edildiyi məlum olmuşdur. Buna baxmayaraq, ekspert xx.xx.2024-cü il (iddia ərizəsi məhkəməyə verilən tarixə) borc məbləğini hesablamışdır.
14. Məhkəmənin qənaətinə görə, iddiaçı cavabdehdən kredit müqaviləsinin qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2024-cü il tarixədək faiz və cərimə borcu hesablamaq hüququna malikdir. Belə ki, kreditor "xxxx" KB ASC-nin borcalan Cavabdeh ünvanladığı xx.xx.2024- cü i l tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubuna əsasən, həmin tarixə kredit müqaviləsi üzrə 9923,80 manat əsas, 443,47 manat faiz və 0,51 manat cərimə borcu hesablanmışdır. Ona görə də kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə faiz və cərimə borcu son xəbərdarlıq məktubunda göstərilən məbləğdə müəyyən edilməlidir.
15. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 449, 739.1 və 742.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (vəkil Nümayəndə Binyət oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barə də qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsində qeyd edilən “Borcalan ona bu barədə bildiriş ünvanlanmadığı barədə arqument irəlisürsə də, lakin iş materialları ilə bildirişin xx.xx.2024-cü il tarixdə borcalan tərəfindən qəbzə imza edilməklə qəbul edildiyi məlum olmuşdur” mövqeyi də həqiqəti əks etdirmir. Cavabdeh həmin imzanın ona aidliyini də inkar edərək, bunun iddiaçı bank tərəfindən formal olaraq icra edildiyini irəli sürmüşdür. Təssüf ki, apellyasiya instansiya məhkəməsi bu məqama da obeyktiv şəkildə aydınlıq gətirə bilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul m əbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
22. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Mülki Prosessual Məcəllə
23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayət inin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eynidir, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmi şdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
33. Kassasiya şikayətinin dəlilləri əsasən işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmaması barədədir. Bu məsələ ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
34. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassas iya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1601/2025 nömrəli, 18 noyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.