Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-460/2026 07.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X3 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): torpaq sahəsinin boşaldılması (özbaşına tutulmuş torpaqların qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X3 cavabdeh Cavabdeh qarşı “zəbt edimiş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # ##### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İş materiallarında olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi 2813018942 olan ## ###### 2013-cü il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,08 ha torpaq sahəsi X3 mülkiyyətindədir.
2. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi 2821005791 olan ##.##.2021-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,08 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı X3 qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2013-cü il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və ##.##.2013cü il tarixli, 248 inventar nömrəli texniki pasporta əsasən xüsusi mülkiyyətində olan 0,08 hektar həyətyanı, eni 1,4 metr, uzunu 39,6 metr olan torpaq sahəsinin cavabdeh Cavabdeh qeyri-qanuni sahibliyindən məcburi qaydada alınaraq ona qaytarılması və qeyri-qanuni inşa edilmiş hasarın cavabdeh tərəfindən sökülərək, hasarın əvvəlki yerindən cavabdeh tərəfindən inşa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonun Alekseyevka kəndində ##.##.2013-cü il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən fərdi yaşayış evi və evin yerləşdiyi 0,08 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həyətyanı torpaq sahəsi sol tərəfdən Cavabdeh evi və həyətyanı torpaq sahəsi ilə qonşudur. O, arvadı ilə birlikdə əsasən Bakı şəhərində yaşayır. Arvadının xəstəliyi ilə əlaqədar bu il uzun müddət Alekseyevka kəndindəki evinə gəlməmişdir. Bu yaxınlarda evə gələrkən qonşusu Cavabdeh həyətyanı torpaq sahələrinin arasındakı hasarı sökərək 1,40 metr məsafədə ona məxsus torpaq sahəsini zəbt etməklə hasarı onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa etmişdir. Belə ki, o, eni 1,4 metr, uzunu 39,6 metr olmaqla, onun torpaq sahəsini qanunsuz zəbt etmişdir. Cavabdehin zəbt etdiyi göstərilən ölçülərdə torpaq sahəsi ona məxsusdur. O, dəfələrlə Cavabdeh şifahi şəkildə müraciət etsə də, bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Göstərilən səbəblərdən xüsusi mülkiyyətinin qorunması üçün iddia ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır.
5. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının (Məhkəmə Ekspertiza Mərkəzi) ##.##.2024-cü il tarixli, **/**** saylı rəyində və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilmişdir ki, X3 məxsus torpaq sahəsi cavabdeh Cavabdeh tərəfindən hansısa formada istifadə olunmur. Cavabdeh tərəfindən iddiaçı X3 məxsus torpaq sahəsində hər hansı bir tikili inşa edilməmişdir (sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir.
6. Məhkəmə iclasında mütəxəssis rəyini vermiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin texniki vəzifəsində çalışan X1 ifadəsində göstərmişdir ki, mütəxəsis rəyi onun tərəfindən tərtib olunmuşdur, rəydə qeyd edilənləri təsdiq edir.
7. Quba Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən X3 məxsus 0,08 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən hansısa formada istifadə olunmadığı müəyyən olunmuş, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir.
9. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Mülki Məcəllənin 152.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmaqla qeyd edilmişdir ki, işə baxan Quba Rayon Məhkəməsi mütəxəssis rəyinə əsaslanmışdır. Qətnamədə mütəxəssis Nəbi Nəbizadənin izahatına istinad olunmuşdur, lakin onun izahatı təhrif olunmuşdur. Belə ki, Nəbi Nəbizadə onun tələbi ilə məhkəməyə dəvət olunmuş və üçüncü dəfə məhkəmə təxirə salındıqdan sonra məhkəməyə gəlmişdir. Məhkəmədə ona verdiyi “Nəbi müəllim, siz yerində baxış keçirərkən, cavabdehin nümayəndəsi Məmmədhüseyn müəllimdən soruşanda ki, siz hasarı öz ərazinizdə inşa etmisiniz, yoxsa Düriyyə xanımın, o, nə cavab verdi?” sualına cavabında Nəbi Nəbizadə bildirmişdir ki, cavabdehin nümayəndəsi hasarı Düriyyə xanımın ərazisində inşa etdiyini demişdir, lakin bu barədə qətnamədə göstərilməmişdir. Bundan başqa, ## ###### 2025-ci il tarixdə məhkəmə iclası başlamamış, hakim tərəflərin, mütəxəssis Nəbi Nəbizadənin, məhkəmə iclas katibi Veysəl Fətəliyevin iştirakları ilə mübahisə yerinə baxış keçirilmişdir. Yerli baxış zamanı hakim özü müəyən etmişdir ki, hasar əvvəlki yerindən yox, Düriyyə Nuriyevanın ərazisindən inşa olunmuşdur. Həmçinin cavabdehin ərazisi tərəfdən hakim hasarın dibindən torpaq qatını götürülməsini bildirmiş və bu zaman hasarın əvvəki özülün cavabdehin ərazisində olduğu, hasar sökülüb yenidən inşa olunarkən, əvvəlki yerindən yox, Düriyyə Nuriyevanın ərazisindən inşa olunması müəyyən olunmuşdur. Bu faktları yerində hakim özü tərəflərə göstərmişdir, lakin qətnamədə bu barədə ümumiyyətlə heç nə göstərilməmişdir. Həmçinin yerli baxış barədə protokol da tərtib olunmamışdır. Göstərilənlərə əsaslanaraq, yerli baxışdan qayıdaraq məhkəmə iclasında bildirmişdir ki, mütəxəssis rəyi düzgün verilməmişdir, bu səbəbdən təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermişdir. Lakin artıq üçüncü məhkəmə baxışı olduğundan və məhkəmənin elektron sistemi bundan sonra məhkəmə iclasının təyinini qəbul etmədiyindən onun vəsatəti təmin olunmamışdır və qətnamə qəbul olunmuşdur. Belə məlum olur ki, iş üzrə düzgün olmayan rəy vermiş mütəxəssis planlı şəkildə üç dəfə məhkəmə baxışlarına üzrsüz səbəbdən gəlməmişdir ki, onun rəyinin əsassız olduğu müəyyən olunanda məhkəmə artıq məhkəmənin elektron sistemi bundan sonra məhkəmə iclasının təyinini qəbul etmədiyindən təkrar ekspertiza təyin edə bilməsin ki, onun rəyinin düzgün olmaması müəyyən olunmasın. Məhkəmənin isə açıq-aydın bu faktları, həmçinin yerli baxış zamanı hakimin özünün yerində müəyyən olunmuş faktlarla cavabdehin hasarı iddiaçının ərazisində inşa etməsinin canlı şahidi olmasını nəzərə almadan cavabdehin xeyrinə qərar verməsi anlaşılmazdır.
12. İddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Quba rayonu Alekseyevka kəndində yerləşən X3 mülkiyyətində olan torpaq sahəsinin 11,6 kv metr hissəsinin küçəyə paralel istiqamətdə sağ qonşu tərəfdən sərhədi daxilində hasar çəkilərək tutulmuşdur.
13. Apellyasiya şikayətinin dəlilləri və iddiaçı tərəfin vəsatətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsinin məktubu ilə mübahisəli torpaq sahəsi ilə bağlı mütəxəssis rəyinin tərtib olunub təqdim edilməsi üçün 95 manat xidmət haqqının ödənilməsinin zəruri olması tərəflərə yazılı qaydada bildirilsə də, həmin ödəniş iddiaçı tərəfindən təmin edilməmiş, nəticədə adı çəkilən ekspertizanın keçirilməsi mümkün olmamışdır.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Məmmədov, Səyyad Qafari və Almaz Süleymanova) apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatına dair ekspert rəyini MPM-in 103-cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirmiş və hesab etmişdir ki, iddiaçı tərəf məhkəməyə həmin rəyin əsassızlığına dair mötəbər sübut təqdim edə bilməmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, tədqiq olunmuş sübutlarla və işin araşdırılmış halları ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması və ya orada cavabdeh tərəfindən hər hansı tikilinin inşa edilməsi müəyyən olunmur.
18. Birinci instansiya məhkəməsinin göstərilən ekspert rəyini mövcud mübahisə üzrə mötəbər sübut kimi qiymətləndirməklə yuxarıda göstərilən nəticəyə gəlməsi əsaslı olmuşdur.
19. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə həmçinin qeyd etmişdir ki, işdə yerində müayinə aparılması haqqında protokol mövcuddur və həmin protokoldan görünür ki, hakimin, məhkəmə iclas katibinin, iddiaçının vəkili və nümayəndəsinin, cavabdehin etibarnamə üzrə nümayəndəsi nümayəndə2, DƏDXR-in * saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi X1 iştirakı ilə yerində baxış keçirilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, */***/-***/**** nömrəli qətnaməsinin ləğv edərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmundan əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
23. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
24. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...)
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
39. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
40. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: İddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.