Məhkəmə qərarları › İş №2(1-8)-5/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-5/2026

15.04.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-5/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.2023-cü il tarixdə Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişi ilə, onlar digər mübahisəli hüquq münasibətləri ilə yanaşı birgə nikahdan olan uşağının yetkinlik yaşına çatanadək atanın yanında qalmasını razılaşdırmışlar.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Ərizə belə əsaslandırılmışdır ki, Maraqlı şəxs barışıq sazişinin tələblərini kobud şəkildə pozmuş, uşağı görüş adı ilə apararaq geri gətirməmişdir. Onun bu davranışları gələcəkdə barışıq sazişinin icra edilməsində ciddi problemlər yaradacaqdır.

4. Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ərizə təmin edilmişdir (hakim: S.Hacıyeva).

5. Məhkəmə mövqeyini “Mediasiya haqqında” Qanunun 34.1, 34.3 və 34.4-cü maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, maraqlı şəxs Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Maraqlı şəxs apellyasiya şikayətində qətnamənin qismən ləğv edilməsi və sazişin 1.2 və 2-ci bəndləri üzrə təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Şikayət belə əsaslandırılmışdır ki, mövcud qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən uşağın hansı valideynin yanında saxlanılması məsələsi məhkəmədə həll olunur və birmənalı olaraq azyaşlı uşaqlar ananın himayəsinə verilirlər. Bundan başqa, mediator “Mediasiya haqqında” Qanunun tələblərinə əsasən, uşağın maraqlarına toxunan münasibətlərdən irəli gələn mübahisələr üzrə işlərə baxarkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın rəyini almalı olduğu halda almamış, səlahiyyətini aşmaqla mübahisəli sazişi təsdiq etmişdir. “Mediasiya haqqında” Qanunun tələbinə əsasən, mövcud mübahisə mediasiyada iştirak etməyən üçüncü şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Mübahisəli sazişin 2-ci bəndində göstərilən avtomobillərin heç biri ərizəçiyə məxsus olmadığı halda mediator həmin avtomobillərin Ərizəçi mülkiyyətində qalması ilə bağlı bəndi əlavə etmiş və məhkəmə həmin bəndi təsdiq etmişdir ki, bu da qanunvericiliyin pozulması deməkdir.

8. Ərizəçi etirazını belə əsaslandırmışdır ki, apellyasiya şikayəti qətnamənin icra prosedurunu yubatmaq məqsədi daşıyır. Apellyasiya şikayətində maraqlı şəxs barışıq sazişinin bəzi bəndlərini mübahisələndirmişdir. Halbuki, tərəflər arasında barışıq sazişinin (əqdin) mübahisələndirilməsi ilə bağlı məhkəmə mübahisələri yekunlaşmışdır. Hazırkı mərhələdə barışıq sazişinin xüsusi icraat qaydasında təsdiqi prosedurunda sazişin bəndlərinin mübahisələndirilməsi tamamilə əsassızdır.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi barışıq sazişinin 2-ci bəndinin təsdiq edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata bu tələbə məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilmişdir (hakimlər: Məhəmməd Rüstəmli – sədrlik edən və məruzəçi, Akif Isgəndərov, Səadət Səlimova).

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə maraqlı şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin olunmamış, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi Ərizəçi ilə Maraqlı şəxs arasında ##.##.2023-cü il tarixdə * saylı mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin 1.2-ci bəndinin təsdiq edilməsi ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyası maraqlı şəxs Maraqlı şəxs mediator tərəfindən qanunun tələblərinə əsasən, uşağın maraqlarına toxunan münasibətlərdən irəli gələn mübahisələr üzrə işlərə baxarkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın rəyini almalı olduğu halda almadığı barədə dəlili ilə bağlı qeyd etmişdir ki, sözügedən saziş bağlanarkən uşağın valideynlərindən hansının yanında saxlanılması ilə bağlı tərəflər arasında mübahisə olmamış və onlar uşağın atanın himayəsində qalması barədə razılığa gəlmişlər.

12. Maraqlı şəxs sözügedən barışıq sazişinin həmin bəndinin etibarlılığını mübahisələndirmiş, lakin onun iddiası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli, e-*(***)-****/***** nömrəli qətnaməsi ilə təmin edilməmiş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır.

13. Bundan əlavə, həmin iş üzrə alınmış Xətai rayon Icra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının ##.##.2024-cü il tarixli rəyinə əsasən uşağın yüksək maraqları, gələcək mənafeləri və daha yaxşı tərbiyə almasının vacibliyi nəzərə alınaraq ##.##.2020-ci il tarixli X1 atası Ərizəçi himayəsində saxlanılması məqsədəmüvafiq hesab edilmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

14. Maraqlı şəxs vəkili vəkil1 ilə birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və barışıq sazişinin 1.2-ci hissədə təsdiq edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, barışıq sazişinin 3 və 4-cü bəndlərində qeyd olunanlar Konstitusiyanın 57-ci maddəsi ilə təsbit olunan müraciət etmək hüququnu məhdudlaşdırmışdır ki, işin bu halına məhkəmələr tərəfindən qiymət verilməmişdir.

16. Bundan başqa, “Mediasiya haqqında” Qanuna əsasən, uşağın hansı valideynin yanında saxlanılması məsələsi mediasiya vasitəsilə həll edilə bilməzdi. Mövcud qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən bu məsələ məhkəmədə həll olunur və azyaşlı uşaqlar ananın himayəsinə verilir. Lakin işə baxan məhkəmələr bunu nəzərə almamışlar.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

18. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Insan Hüquqlarının və X3 X4:

19. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:

20. Maddə 1.0.7. Barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır.

21. Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər.

22. Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır.

23. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.

24. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

25. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

26. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

27. Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

29. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

30. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

37. Belə ki, ərizəçi, uşağın öz yanında qalması barədə mediasiya prosesində maraqlı şəxslə bağladığı barışıq razılaşmasının sonuncu tərəfindən yerinə yetirilmədiyini bildirərək sazişin məcburi icrasının təmin olunması üçün məhkəmə tərəfindən təsdiqlənməsini xahiş etmişdir.

38. Qanuna əsasən, barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifələrindən biridir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (§ 20, 24-26).

39. Göründüyü kimi, mediasiya prosesində bağlanmış sazişin tərəfi onu könüllü olaraq yerinə yetirmədikdə bu razılaşmanın dövlət orqanı tərəfindən məcburi icrasının həyata keçirilməsi üçün məhkəmə təsdiqi vacibdir. Bu qayda mediasiyada əldə olunmuş razılaşmanın qanuniliyinə və icra edilə bilən olmasına məhkəmə nəzarətinin təzahürüdür. Həmin nəzarətin meyarları isə qanunvericilikdə aydın şəkildə göstərilmişdir.

40. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü və 34.5-ci maddələrinə əsasən, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsində göstərilir ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, habelə barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

42. Qeyd olunan normaların məqsədi mediasiyadan məlumatsız, yaxud fiziki və ya psixi səbəblərdən zəif vəziyyətdə olan şəxslərin mənafelərinin müdafiəsi, habelə qanunvericiliyə uyğun olmayan sazişin (və ya şərtin) məhkəmə tərəfindən qəbul edilməməsi və məcburi icraya göndərilməməsidir.

43. Yeri gəlmişkən, Mülki Prosessual Məcəlləsinin 40-7-ci fəslində nəzərdə tutulan, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat, sazişin tərəfləri arasında mübahisəli halların araşdırılması, ixtilaflara maddi hüquq normaları əsasında qiymət verilməsini özündə ehtiva edən bir icraat növü deyil. Məlum olduğu kimi, həmin icraat, adıçəkilən Məcəllədə əks olunan Xüsusi icraat növlərindən biridir. Bu icraat qaydasında hüquq haqqında mübahisəli məsələlər araşdırıla və həll edilə bilməz. Ona görə də xüsusi icraatda mübahisə tərəfləri - iddiaçı və cavabdeh olmur, belə işlər ərizəçilər tərəfindən qaldırılır, ona ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır (MPM, m.305.1.17,306.2,306.4).

44. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” **/**** №-li, ## ###### 2024-cü il tarixli Qərardadında göstərildiyi kimi, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə xüsusi icraatda yalnız prosessual əsaslar yoxlanılmaqla, sazişin məcburi icraya göndərilib-göndərilməməsi məsələsi həll olunur. Başqa sözlə, bu icraatdakı təsdiqləmə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (bənd 38-39).

45. Qərarda xüsusi olaraq vurğulanmışdır ki, “...hakimin barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir. ...barışıq sazişinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasının araşdırılması maddi hüquqi əsaslar üzrə yoxlama olmayıb, təsdiqetmə üçün prosessual tələblərin yerinə yetirilməsidir”(bənd 44,48).

46. Nəzərə alınmalıdır ki, məhkəmədən kənar bağlanmış razılaşmanın qanunvericiliyə uyğun olmasına, eləcə də fəaliyyət qabiliyyətsiz, yaxud məhdud fəaliyyət qabiliyyətli şəxslərin, o cümlədən uşaqların hüquqları ilə bağlı məhkəmənin apardığı yoxlama formal xarakter daşımamalı, həmin normaların qorumaq istədiyi mənafelər və təməl prinsiplər göz önündə tutulmalıdır.

47. Məhkəmənin bu vəzifəsi və nəzarət funksiyası Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsindən irəli gəlir. Maddənin VI hissəsində göstərilir ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

48. “Uşaq hüquqları haqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları... təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.

49. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

50. Odur ki, uşaqların hüquq və mənafelərinə toxunan bütün işlər həll edilərkən onların müdafiəsinin konstitusion və qanuni təminatları diqqətdə saxlanılmalı, o cümlədən uşağın valideynlərdən birinin yanında qalması barədə mediasiya sazişi məhkəmə tərəfindən təsdiqlənərkən məcburi icranın uşağın üstün mənafeləri ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olub-olmadığı yoxlanılmaqla qanuni və əsaslı nəticəyə gəlinməlidir.

51. Baxılan işdən görünür ki, Ərizəçi və Maraqlı şəxs övladları – ##.##.2020-ci il təvəllüdlü Xan Bədirovun atasının yanında qalması barədə sazişi ##.##.2023-cü ildə bağlamışlar. Bununla belə, azyaşlı uşaq uzun zamandır ki, faktiki olaraq anasının yanında qalmaqdadır. Bu fakt, eləcə də ana qayğısına ehtiyacı olan uşağın aradan keçən üç ilə yaxın müddət ərzində həmin valideyinlə qurduğu mənəvi-psixoloji bağların daha da möhkəmlənməsi, artıq altı yaşı olan uşağın anasına və yaşadığı mühitə öyrəşməsi kimi yeni faktiki vəziyyətin meydana gəlməsini istisna etmir.

52. Diqqətdən qaçırmaq olmaz ki, mediasiya prosesində əşyalarla (pul,avtomobil və s.) bağlı razılaşmalarından fərqli olaraq, uşağın himayəsinə dair razılaşmalar birdəfəlik və dəyişməz mahiyyətdə olmur. Belə sazişlər insan həyatı və uşağın taleyi ilə bağlı olduğu üçün razılaşmadan sonra (o cümlədən təsdiqetmə anında) dəyişən faktiki vəziyyət, formalaşan yeni şərtlər və münasibətlər, psixoloji amillər, xüsusi ilə də uşağın sağlam böyüməsinə və inkişafına təsir göstərən reallıqlar nəzərə alınmaqla, təsdiqetmənin azyaşlının mənafelərinə uyğunluğu istiqamətində dəyərləndirmə aparılmalıdır.

53. Əgər bu meyarlar əsasında aparılan qiymətləndirmə nəticəsində uşağın mənafelərinin pozulması halı və ya belə bir təhlükə aşkar edilərsə, məhkəmə, sazişin təsdiq edilməsi və məcburi icraya göndərilməsindən imtina etməklə, ərizəçiyə uşağın himayəsinə dair ümumi qaydada iddia icraatında iddia qaldırmaq hüququnu izah edə bilər.

54. Kollegiya, bir daha vurğulamaqda fayda görür ki, sözügedən xüsusi icraatda prosessual tələblər çərçivəsində aparılan yoxlama nəticəsində sazişin (uşağın mənafelərinə dair qanunvericiliyə uyğun sayılmadığına görə) təsdiq edilməməsi, həmin razılaşmanın özünə maddi hüquqi əsaslarla verilən hüquqi qiymət olmayıb, yalnız məcburi icranı təmin etməmək yönündə prosessual nəticəni ehtiva edir. Ona görə də, mübahisə icraatı sayılmayan və mübahisəli hallar üzrə sübutetmə fəaliyyəti aparılmayan belə icraatda çıxarılmış məhkəmə qərarı istər sazişin özü, istərsə də uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı iddia icraatında açılan mübahisədə preyudisial ola bilməz. Qeyd olunan mübahisəli hallar iddia icraatının ümumi qaydalarına uyğun şəkildə araşdırılmaqla həll edilməlidir.

55. Baxılan işdə isə aşağı məhkəmələr tərəfindən ərizənin həllinə formal yanaşılmış, mövcud vəziyyətdə uşaqla bağlı sazişin təsdiq olunmasının onun üstün mənafelərinə toxunub-toxunmaması istiqamətində lazımi araşdırma və dəyərləndirmə aparılmamış, MPMin 355-26-cı maddəsində nəzərdə tutulan əsasların yoxlanılmasının nəticələri əsaslandırılmamışdır.

56. Halbuki, məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

57. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X3 X4 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 18-19).

58. Kassasiya kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının tələblərinə əməl olunmadan çıxarıldığı üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

59. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar