Məhkəmə qərarları › İş №2(1-8)-694/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-694/2026

23.04.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-694/2026 23.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiqindən imtina üçün əsaslar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Maraqlı şəxs və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış ## #### 2025-ci il tarixli barışıq sazişinin 5-ci bəndinə əsasən Maraqlı şəxs ## ###### 2020-ci il təvəllüdlü X1 atası Ərizəçi tərəfindən hər ayın bütün həftələrinin şənbə günləri saat 12:00-da götürülüb, həmin günü saat 20:00-da qaytarılması şərti ilə ünsiyyətə mane olmayacağı barədə öhdəlik götürmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

2. Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt * saylı Mediasiya təşkilatında ## #### 2025-ci il tarixində imzalanmış MŞS/MT***/********* nömrəli barışıq sazişinin 5-ci bəndinin (uşaqla ünsiyyət hissəsində) təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə birgə nikahdan 1 övladı - ## ###### 2020-ci il təvəllüdlü X1 var. Sumqayıt * saylı Mediasiya təşkilatında ## #### 2025-ci il tarixində tərəflər MŞŞ/MT***/****-***** nömrəli barışıq sazişi imzalamışlar. Barışıq sazişi mediasiya təşkilatı tərəfindən təsdiq olunmuşdur. Maraqlı şəxs ## #### 2025-ci il tarixli barışıq sazişində ## ###### 2020-ci il təvəllüdlü X1 atası Ərizəçi tərəfindən hər ayın bütün həftələrinin şənbə günləri saat 12:00-da götürülüb, həmin günü saat 20:00-da qaytarılması şərti ilə ünsiyyətə mane olmayacağı barədə öhdəlik götürmüşdür. Lakin, maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməmişdir.

4. Məhkəmə iclasında maraqlı şəxs Maraqlı şəxs nümayəndəsi, vəkil Vəkil ərizəyə etiraz edərək bildirmişdir ki, barışıq sazişində təsdiq olunması tələb olunan bəndlə razı deyildir. Maraqlı şəxs 2-3 saat müddətində övladı ilə görüşə razı olduğunu bildirsə də, barışıq sazişində artıq müddət müəyyən edilmişdir. Buna görə də, barışıq sazişinin həmin bəndi ilə razı deyildir. Hüquq haqqında mübahisə olduğu üçün işə iddia icraatı qaydasında baxılmalıdır. Bu səbəbdən hazırkı iş baxılmamış saxlanılmalıdır.

5. Sumqayıt Şəhər Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim V.Şirəliyeva) ərizə təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlanan zaman ”Mediasiya haqqında” Qanunun 26-cı maddəsinin tələbləri pozulmuşdur.

7. Belə ki, həmin Qanunun 26.3-cü maddəsinə deyilir ki, uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır.

8. Məhkəmə qeyd etmişdir ki, uşaqla ünsiyyət hüququnun təmin edilməsi onun maraqlanına toxunan mübahisədir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir.

9. Iş materiallarından da görünür ki, tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlanan zaman mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini almamışdır. Tərəflər arasında mediasiya qaydasında barışıq sazişi mediasiya prosesini tənzimləyən normanın tələblərini pozmaqla bağlandığından təsdiq edilə bilməz.

10. Məhkəmə atanın uşaqla ünsiyyət hüququnun olmasını inkar etməmişdir. Lakin, hazırkı halda yetkinlik yaşına çatmayan uşaqların ataları ilə görüş hüququnun onların yaşı, bağçaya, yaxud məktəbə gedib-getməməsi, səhhəti, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amillər nəzərə alınmaqla müəyyən edilməsi daha məqsədəmüvafiqdir.

11. Beləliklə, uşaqların mənafeyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 5-ci bəndi təsdiq edilməməlidir.

12. Birinci instansiya məhkəməsi mövqeyini “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26, 34-cü, Mülki Prosessual Məcəllənin 355-23, 355-25, 355-26-cı maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

13. Ərizəçi Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə işin faktiki halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Barışıq sazişi tələblərin iradə ifadəsidir. Həmin sazişi tərəflər könüllü razılaşma əsasında imzaladıqları üçün onun imzalanması ilə bağlı qəyyumluq və himayəçilik orqanının da rəyinin alınması ilə bağlı müddəa qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa qarşı tərəf həmin sazişin 5-ci bəndini məhkəmə qaydasında mübahisələndirməmişdir. Həmin bənd bu gün də qüvvədədir. Lakin, məhkəmənin həmin bəndi təsdiqləməkdən imtina etməsi, müqavilə azadlığının pozulmasıdır. Məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, barışıq sazişi bağlanarkən “Mediasiya haqqında” Qanunun 26.3-cü maddəsinin tələbləri pozulmuşdur. Çünki müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmadığı iddia edilmişdir. Lakin iş materiallarında bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Əksinə, mediator tərəfindən tərəflərin razılığı əsasında imzalanmış və təsdiqlənmiş saziş mövcuddur. Eyni zamanda, məhkəmə tərəflərin real mövqeyini və sazişin mahiyyətini nəzərə almamış, uşağın atasının onunla ünsiyyət hüququnun təmin edilməsinin uşağın psixoloji və fiziki inkişafına müsbət təsir göstərəcəyini qiymətləndirməmişdir. Uşağın ailə ilə, xüsusilə valideynlərdən biri ilə ünsiyyət hüququ beynəlxalq hüquq normalarında və Azərbaycan Respublikasının qanunvericiliyində qorunan əsas hüquqlardan biridir. Beləliklə, işin halları düzgün araşdırılmamış, mövcud barışıq sazişinin könüllü və qanuni xarakteri, tərəflərin razılığı əsasında bağlanması və uşağın maraqlarına xidmət etməsi nəzərə alınmamışdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Qafarinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Süleymanova və F.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, ərizəçi Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt * saylı Mediasiya təşkilatında ## #### 2025-ci il tarixində imzalanmış MŞS/MT***/********* nömrəli barışıq sazişinin 5-ci bəndinin (uşaqla ünsiyyət) təsdiq edilməsi qət edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi mediasiyada bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiqlənməsinin xüsusiyyətləri ilə bağlı qeyd etmişdir ki, mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişi əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır (“Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi). Başqa sözlə, bu əqdin əmələ gəlməsi, sazişin məhkəmə tərəfindən təsdiq edilməsindən asılı deyildir. Barışıq sazişi ilə tərəflərin hüquq və öhdəlikləri barışıq sazişinin qüvvəyə minməsi ilə əmələ gəlmişdir.

17. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanunun 34.4-cü maddəsi, MPM-in 355-23.1-ci maddəsi). Belə ki, “Mediasiya haqqında” Qanunun 34.5-ci maddəsinə görə barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsində barışıq sazişinin qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamasından bəhs edilir. Həmin Qanunun 3.3-cü maddəsində deyilir ki, bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər.

18. Həmçinin, MPM-in 355-26.1-ci maddəsinə görə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin təsdiq edilməsindən imtina edilir.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bu normalarda göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyir, əks halda təsdiqdən imtina edir.

20. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## ###### 2024cü il tarixli, **/**** saylı qərarının 47-ci bəndi).

21. Apellyasiya kollegiyası qeyd etmişdir ki, birinci instansiyası məhkəməsinin “Mediasiya haqqında” Qanunun 26-cı maddəsinə istinad edərək, tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlanan zaman mediatorun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini almamasını əsas gətirərək, ərizəni təmin etməməsi barədə gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, işin araşdırılmış hallarına əsasən mediasiya prosesində tərəflər arasında uşaqla ünsiyyətin müəyyən olunması ilə bağlı heç bir mübahisə olmamış və qarşı tərəf könüllü olaraq barışıq sazişini imzalamışdır. Heç kəs onu mövcud sazişi bağlamağa məcbur etməmişdir.

22. Bu baxımdan apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

23. Maraqlı şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Mediasiya haqqında” Qanunun 3.3, 26.3, 33.3, 34.1, 34.4, 34.5-cü, Mülki Prosessual Məcəllənin 14.1, 88, 355-26.1, 355-26.2-ci maddələrinin tələbləri pozulmuşdur.

25. Belə ki, uşaqla ünsiyyət hüququnun təmin edilməsi onun maraqlarına toxunanan mübahisədir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Iş materiallarından görünmüşdür ki, tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlanan zaman mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini almamışdır. Tərəflər arasında mediasiya qaydasında barışıq sazişi mediasiya prosesini tənzimləyən normanın tələblərini pozmaqla bağlandığından təsdiq edilə bilməz. Ümumilikdə atanın uşaqla ünsiyyət hüququnun olmasını inkar olunmur. Lakin, hazırkı halda yetkinlik yaşına çatmayan uşaqların ataları ilə görüş hüququnun onların yaşı, bağçaya, yaxud məktəbə gedib-getməməsi, səhhəti, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amillər nəzərə alınmaqla müəyyən edilməsi daha məqsədəmüvafiqdir.

26. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

27. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

29. Maraqlı şəxs apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

30. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 26.3-cü maddəsinə əsasən uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator qəyyumluq və himayəçilik orqanının rəyini alır. [32] 26.4-cü maddəsinə əsasən əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə qəyyumluq və himayəçilik orqanına məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizənin rədd olunması barədə yeni qərar qəbul edilməlidir.

33. Belə ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi xahiş olunan 5ci bəndi ərizəçinin yetkinlik yaşına çatmayan övladı ilə ünsiyyəti ilə bağlıdır.

34. Işin mübahisə edilməyən halı ondan ibarətdir ki, barışıq sazişi bağlanılarkən mediator tərəfindən qəyyumluq və himayəçilik orqanının rəyi alınmamışdır.

35. Apellyasiya instansiyası məhkəməsi bu halı müəyyən etsə də, bunu mediasiyada bağlanmış barışıq sazişinin imtinası üçün əsas kimi qəbul etməmişdir (bax bənd 16-22).

36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, Mülki Prosessual Məcəllənin 355-26.1.1-ci maddəsinin dispozisiyasında barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsas olan şərtlərdən biri – barışıq sazişinin və ya onun bir hissəsinin qanuna zidd olması – həmçinin “Mediasiya haqqında” Qanunun tələblərinə zidd olmasını ehtiva edir.

37. Belə ki, bu Qanunun 26.3-cü maddəsi uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorun qəyyumluq və himayəçilik orqanının rəyini almasını tələb edir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, bu şərtin özü də mediasiyada barışıq sazişi bağlanılarkən məcburi prosessual qaydadır ki, ona riayət edilməməsi barışıq sazişinin təsdiqlənməsi ilə bağlı məhkəmə yoxlanılması aparılarkən bundan imtina üçün əsasdır.

39. Kassasiya kollegiyası izah edir ki, Dövlət uşağın hüquqlarının valideynləri tərəfindən müdafiə edilməsinə öncəlik versə də, hər bir halda, uşağın fiziki, mənəvi və əmlak müdafiəsini qəyyumluq və himayəçilik orqanları vasitəsi ilə nəzarət edilir. Belə ki, Azərbaycan Respublikası ## ### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında” Əsasnaməyə görə komissiyanın əsas məqsədi uşaqlara tərbiyəvi təsir göstərməkdən, onların hüquqlarını və qanuni mənafelərini qorumaqdan, davranışına nəzarət etməkdən, qanunazidd əməllərin qarşısını almaqdan, göstərilən məsələlərdə dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, idarələrin və təşkilatların fəaliyyətini əlaqələndirməkdən ibarətdir.

40. Ailə Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

41. Göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları nəzdində fəaliyyət göstərən qəyyumluq və himayəçilik komissiyalarının əsas funksiyasının biri uşaqların hüquq və qanuni mənafelərinin qorunması olmaqla, uşaqların maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələrə həm məhkəmələrdə, həm də mediasiyada həll edilərkən bu orqanların rəyi alınmalıdır.

42. Mediasiya prosesində tərəflər arasında uşaqla ünsiyyətin müəyyən olunması ilə bağlı mübahisənin olmaması, tərəflərin könüllü barışıq sazişini imzaladıqları üçün qəyyumluq və himayəçilik orqanının rəyinə zərurət olmaması ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi mediasiya institutunun mahiyyətinə ziddir.

43. Belə ki, mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir (“Mediasiya haqqında” Qanunun 1.0.1-ci maddəsi). Yəni, mediasiya – özü-özlüyündə tərəflər arasında mübahisənin olmasını və bu mubahisənin məhkəmədən kənar, mediator vasitəsi ilə bağlanan razılaşma ilə həllini nəzərdə tutur.

44. Belə olan halda, tərəflərin könüllü razılaşma imzalayarkən müvafiq icra hakimiyyəti orqanının rəyinə zərurətin olmaması Qanunun 26.3-cü maddəsinin icrasını mümkünsüz edir. Bu səbəbdən ki, mediasiya prosesinin nəticəsi olaraq ya tərəflər arasında barışıq sazişi imzalanır, ya da ki, “Mediasiya haqqında” Qanunun 31.1.2-31.1.9-cu maddələrindən birinə əsasən barışıq sazişi bağlanmadan mediasiya prosesinə xitam verilir ki, bu halda da müvafiq qəyyumluq və himayəçilik orqanının rəyinin alınması zəruri olmur.

45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mediasiyada barışıq sazişi bağlanılarkən mediator qəyyumluq və himayəçilik orqanının rəyini almadığından, Mülki Prosessual Məcəllənin 355-26.1.1-ci maddəsinə əsasən bu barışıq sazişinin ərizəçinin yetkinlik yaşına çatmayan uşağı ilə ünsiyyətinin vaxtı və qaydasını müəyyən edən 5-ci bəndinin təsdiq edilməsindən imtina edilməlidir.

46. Odur ki, Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin məhkəmədə müəyyən edilmiş hallar və sübutlar əsasında ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilsin. X2 maraqlı şəxs Maraqlı şəxs qarşı “mediasiyada bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar