Məhkəmə qərarları › İş №2(1-8)-853/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-853/2026

19.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(1-8)-853/2026 19.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 11 dekabr tarixli 2(103)5429/ 2025 nömrəli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. İş materiallarından müəyyən edilir ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni müəyyən olunmuş məbləğdən az ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən dövlət rüsumu iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. Qanunun qeyd olunan normasında bəhs olunan “iddianın qiyməti” anlayışı MPM-in 112-ci maddəsində izah edilmişdir. MPM-nin 112.1.2-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda—iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. MPM-nin 112.4- cü maddəsinə əsasən iddianın qiyməti iddiaçı tərəfindən göstərilir. İddiaçı "xxxx" MMC-nin "X3" MTK-nın qarşısında götürdüyü öhdəliyin icrası ilə əlaqədar həmin MMC-yə ayrılmış Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə (təsisçi və qanuni təmsilçi X1) "xxxx" MMC tərəfindən tikilməkdə olan binaların birindən İddiaçı sahəsi 95 kv.m olan 3 otaqlı mənzilin verilməsi, bu mümkün olmadıqda 82700 manat pul vəsaitinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan pul tələbindən imtina etsə də, əmlak tələbi qalmışdır. Göründüyü kimi, iddia ərizəsində tələb edilən əmlakın dəyəri iddiaçı tərəfindən 82700 manat göstərilmiş və iddiaçı tərəfindən qeyd edilən normaların tələbinə uyğun olaraq 338 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənl ərə əsasən kassasiya şikayətinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumunun məbləği, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü və 8.6-cı maddələrinin tələblərinə əsasən 169 manat təşkil etdiyi halda, cəmi 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş k assasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.3 və 408.3cü maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki 2025-ci il 11 dekabr tarixli 2(103)-5429/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar