Məhkəmə qərarları › İş №2(1-8)-915/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-915/2026

21.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-915/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 46855 ABŞ dolları (79653,50 manat) məbləğində pul vəsaitinin və ödənilmiş 329 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

2. Tərtər Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim - K.Rzayev).

3. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Tərtər Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – M.Mustafayev (məruzəçi), F.Mehtiyev və R.Muradov).

5. Qətnamədən narazı qalan iddiaçı İddiaçı kassasiya şikayəti ilə birlikdə kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin surətini almamış, ## ###### 2025ci il tarixdə ərizə ilə müraciət etmiş və həmin tarixdə məhkəmə qətnaməsini əldə etmişdir. Ona görə də hesab edir ki, adıçəkilən qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddət üzrlü səbəbdən buraxılmışdır.

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadı ilə ərizə təmin edilməyərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin iddiaçı İddiaçı münasibətdə bərpa edilməsindən imtina edilmiş və kassasiya şikayəti geri qaytarılmışdır. (hakimlər - M.Mustafayev (məruzəçi), G.Cavadova və Ə.Qəhrəmanov).

8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı nümayəndəsi vəkil vəkil2 “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir. Məhkəmə qətnaməsinin iddiaçının nümayəndəsi vəkil vəkil2 elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilməsi nəzərə alınarsa, qətnamədən kassasiya şikayəti vermə müddətinin sonu ##.##.2025-ci ildir. Lakin, X1 tərəfindən kassasiya şikayəti ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Bununla da, kassasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilmişdir.

9. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10, 69, 71, 74, 130, 133, 402, 405, 408, 409-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

8. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qərardadının tamamilə ləğv edilməsi, həmin məhkəmənin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətin buraxılmasını üzrlü hesab edərək bərpa olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sübutlara tam, hərtərəfli və düzgün hüquqi qiymət verilməmiş, qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti versə də, prosessual müddət bərpa edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-nin 14.1, 77.1-ci maddəsinin tələbləri pozulmuşdur. Dəfələrlə məhkəmə iclasında bildirmişdir ki, məhkəmənin adıçəkilən qətnaməsinin surətini almamışdır. Bu fakt iş materiallarında olan poçt zərfi ilə də təsdiq edilir. Həmin poçt zərfi təsdiq edir ki, adıçəkilən qətnamənin surəti Bakı şəhərinə ona göndərilsə də, çatmamış və geri qaytarılmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

11. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

12. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

13. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

14. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.

15. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

16. Maddə 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.

17. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

18. Maddə 133. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

19. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında;

20. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.

21. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

22. Maddə 409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktları tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından müddətin bərpa olunması ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il # ### tarixli qərarında (bu qərarın 44-cü paraqrafı) ifadə olunmuş hüquqi mövqeyə görə qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

31. Baxılan iş üzrə iddiaçı tərəfindən kassasiya şikayəti verilməsinə mane olan bu cür hallar müəyyən edilməmişdir.

32. Əksinə, iş materialları ilə müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı nümayəndəsi vəkil vəkil2 “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmişdir.

33. Qeyd olunmalıdır ki, MPM-in 74.1-ci maddəsinə görə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

34. Həmçinin iş materiallarında olan İddiaçı vəkil vəkil2 verdiyi etibarnamədən görünür ki, etibarnamə Azərbaycan Respublikasının MPM-in 74.1 və 74.2-ci maddələrində nəzərdə tutulan bütün hüquqları, o cümlədən məhkəmə aktlarından şikayət vermək hüququnu etibar etmişdir.

35. Göründüyü kimi apellyasiya məhkəməsinin yuxarıda qeyd edilən prosessual hüquq normalarına istinadən kassasiya şikayətini geri qaytarması qanunvericiliyə uyğun olmuşdur. Kassasiya şikayətində göstərilənlər həmin qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyasının qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar