Məhkəmə qərarları › İş №2(1-8)-970/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-970/2026

19.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-970/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pulun bölüşdürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev Ispəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pulun bölüşdürülməsi" tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 4 noyabr 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Hazırkı iş üzrə tərəflərin nikahı məhkəmə qaydasında pozulmuşdur.

2. Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəməyə qədər razılığa gələrək həm **FZ*** dövlət qeydiyyat nişanlı FORD TRANZIT markalı avtomobilin, həm də ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə əldə edilmiş əmlaklar olduğunu qəbul edərək, həmin əmlaklar üzərində hər birinin ½ hissədə paylarının olduğuna dair barışıq sazişi bağlayaraq təsdiq etmişlər. Eyni barışıq sazişində hər iki tərəf əmlakların bölünməsinə dair də razılığa gəlmişlər. Lakin buna baxmayaraq cavabdeh iddiaçının irəli sürdüyü kompensasiya təklifini qəbul etməmişdir. Bu səbəbdən də iddiaçı əmlakların açıq hərracda satılaraq satışdan əldə edilən pulun aralarında paylarına uyğun, yəni bərabər şəkildə bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdi.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adına rəsmiləşdirilmiş **FZ*** dövlət qeydiyyat nişanlı FORD TRANZIT markalı avtomobilin və ½ hissədə Əsgərova (Kərimova) Mərdanə Oruc qızının və ½ hissədə Cavabdeh payı müəyyən edilmiş, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin adına rəsmləşdirilmiş **FZ*** dövlət qeydiyyat nişanlı FORD TRANZIT markalı avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında bərabər bölünməsi, ½ hissədə Əsgərova (Kərimova) Mərdanə Oruc qızının və ½ hissədə Cavabdeh payı müəyyən edilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi, mümkün olmadığı halda açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər ##.##.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından ##.##.2013-cü il təvəllüdlü X4, ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2007-ci il təvəllüdlü X1 anadan olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahlarından doğulmuş uşaqların ananın himayəsində saxlanılması qət edilmişdir. Tərəflər birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payları barışıq sazişi vasitəsi ilə bölməyi razılaşmışlar. Bununla bağlı Bakı * saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Baki * saylı MediasiyaTəşkilatında ##.##.2023-cü il tarixdə bağlanmış MŞB/*/*****-**** nömrəli barışıq sazişinə əsasən birgə nikah dövründə əldə edilmiş ünvan 3 ünvanda yerləşən 0,02 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 194,60 kv.m olan fərdi yaşayış evinə 1/2 hissədə cavabdeh Cavabdeh və 1/2 hissədə iddiaçı Əsgərova (Kərimova) Mərdanə Oruc qızının payları müəyyən edilmişdir. Bundan əlavə həmin barışıq sazişinə əsasən, birgə nikah dövründə əldə edilmiş **-FZ-*** dövlət qeydiyyat nişanlı «FORD TRANZIT» markalı avtomobilə 1/2 hissədə cavabdeh Cavabdeh və 1/2 hissədə iddiaçı Əsgərova (Kərimova) Mərdanə Oruc qızının payları müəyyən edilmişdir. Iddiaçı ## ###### 2023-cü il tarixdə cavabdehə yazılı formada fərdi yaşayış evinə və avtomobilə görə kompensasiya verməyi təklif etmişdir. Lakin təklifi aldığı müddətdən iki ay keçməsinə baxmayaraq heç bir cavab bildirməmişdir. Barışıq sazişi ilə əmlaklarda tərəflərin payları müəyyən edilsə də, onun satılmasında və bölünməsində heç cür razılaşa bilmirlər. Buna görə də, iddiaçı qeyd etmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evin və **-FZ-*** dövlət qeydiyyat nişanlı «FORD TRANZIT» markalı avtomobilin açıq hərrac vasitəsi ilə satılmalı və onların pulu bərbərbər paylar əsasında bölünməlidir.

6. Iş üzrə ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-*/****-**/**** nömrəli ekspert rəyində aşağıdakılar müəyyən edilmişdir: -1. Qərardadla qoyulmuş sual üzrə ünvan 1 ünvanında yerləşən tədqiqat obyektinə uyğun analoji yerli internet saytlarında məlumat olmadığı üçün qiymətləndirmə aparılması mümkün olmamışdır. -2. Ekspertiza tədqiqatına təqdim edilmiş 1999-cu il buraxılışlı, qırmızı rəngli, parça oturacaqlı, 473753 k/m yürüşlü, mühərrik tutumu 2496 kub/sm, “Ford Tranzit” markalı, **FZ*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti təxminən 8500 manat müəyyən olunur. -3. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçilərinin paylarına uyğun olaraq təcrid mənzillər şəklində bölünməsinin Inşaat Norma və Qaydalarının bəndlərinin və Məhkəmə Tikinti-Texniki Ekspertizasının Həlli Metoodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (iddia təmin edilmiş, **FZ*** dövlət qeydiyyat nişanlı FORD TRANZIT markalı avtomobilin açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında paylarına uyğun ½ hissədə bölüşdürülməsi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında paylarına uyğun ½ hissədə bölüşdürülməsi qət edilmişdir (hakim A.Paşayeva).

8. Məhkəmə qeyd etmişdir ki, mübahisəli avtomobil və mübahisəli fərdi yaşayış evi tərəflərin hər birinin ½ hissədə olmaqla paylı mülkiyyətindədir. Iddiaçı həmin əmlaklarda olan payına uyğun kompensasiya pulunun ödənilməsini təklif etsə də, cavabdeh kompensasiya ödənilməsi ilə bağlı razılığa gəlməsinə dair hər hansı hərəkət törətməmişdir. Bu səbəbdən də iddiaçı əmlakların açıq hərracda satılaraq satışdan əldə edilən pulun aralarında paylarına uyğun, yəni bərabər şəkildə bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

9. Müəyyən edilmişdir ki, tərəflər məhkəməyə qədər razılığa gələrək həm **FZ*** dövlət qeydiyyat nişanlı FORD TRANZIT markalı avtomobilin, həm də ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evin birgə nikah dövründə əldə edilmiş əmlaklar olduğundan üzərində hər birinin ½ hissədə paylarının olduğunu barışıq sazişi bağlayaraq təsdiq etmişlər. Eyni barışıq sazişində hər iki tərəf əmlakların bölünməsinə dair də razılığa gəlmişlər. Lakin buna baxmayaraq, cavabdeh iddiaçının irəli sürdüyü kompensasiya təklifini qəbul etməmişdir.

10. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli avtomobilin və mübahisəli fərdi yaşayış evinin açıq hərracda satılması və satışdan əldə edilən pulun aralarında paylarına uyğun, yəni bərabər şəkildə bölünməsi tələbi əsaslı olduğundan təmin edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinə və Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının # ###### 2024-cü il tarixli **/**** nömrəli qərardadına istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəlcə əmlakın naturada ayrılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli, məhkəmə əmlakın naturada bölünməsinin mümkün olmadığı barədə qətnamə qət etdikdən sonra, iddiaçı öz payını satın almaq barədə bildiriş göndərib, 45 gün müddəti gözlədikdən sonra sözügedən əmlakın hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin paylara uyğun bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı İddiaçı bu qaydaya əməl etməmiş, bununla da qanun normasının tələbini pozmuşdur. Həmçinin iş üzrə əlavə məhkəmə-tikinti-texniki ekspertizasının təyin edilməsi barədə cavabdehin vəsatəti əsassız olaraq təmin edilməmişdir.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlillərindən biri evin naturada bölünməsinin texniki cəhətdən mümkünlüyü barədə olduğundan və eləcə də birinci instansiya məhkəməsində işə baxılarkən evin hərracda ilkin satış qiyməti müəyyən olunmadığından apellyasiya baxışı zamanı təkrar məhkəmə tikinti-texniki və məhkəməqiymətləndirmə ekspertizaları təyin edilmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli *-**-**/*-**/****/**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçəsi, 20-ci keçid ünvanında yerləşən ***B saylı evin tikililərinin tərəflərin ½ paylarına uyğun iki ayrı-ayrı təcrid mənzil şəklində bölünməsi “AzDTN 2.7-3 X3 Layihələndirmə Normalarının 4.7, 4.11 və 5.1 bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

16. Məhkəmə-qiymətləndirmə ekspertizası üzrə “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, ** nömrəli rəyində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Mərkəzi küçəsi, 20-ci keçid ünvanında yerləşən ***B saylı evin hazırkı dövrə bazar qiyməti - 90000 manat və likvid dəyəri 80000 manat müəyyən edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi avtomobilin və fərdi yaşayış evinin açıq hərracda satılması hissəsində dəyişdirilmiş, **FZ*** dövlət qeydiyyat nişanlı, FORD TRANZIT markalı avtomobilin və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yalnız paylı mülkiyyətin iştirakçıları üçün keçirilən qapalı hərracda satılması, avtomobil və fərdi yaşayış evinin həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylarına uyğun 1/2 hissədə bölüşdürülməsi, **FZ*** dövlət qeydiyyat nişanlı, FORD TRANZIT markalı avtomobilin hərracdan ilkin satış qiymətinin 8 500 (səkkiz min beş yüz) manat, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 90 000 (doxsan min) manat müəyyən edilməsi qət edilmişdir (hakimlər: Akif Iskəndərov sədrlik edən və məruzəçi, Səadət Səlimova və Azad Imanov).

18. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, iddiaçının tələbi aşağıdakılardan ibarətdir: - cavabdehin adına rəsmiləşdirilmiş **FZ*** dövlət qeydiyyat nişanlı FORD TRANZIT markalı avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında bərabər bölünməsi, - ½ hissədə Əsgərova (Kərimova) Mərdanə Oruc qızının və ½ hissədə Cavabdeh payı müəyyən edilmiş ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi, - naturada bölünmə mümkün olmadığı halda açıq hərracda satılması və satışdan əldə edilən pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-*/****-**/**** nömrəli ekspert rəyinə əsasən 1999-cu il buraxılışlı, qırmızı rəngli, parça oturacaqlı, 473753 k/m yürüşlü, mühərrik tutumu 2496 kub/sm, “Ford Tranzit” markalı, **FZ*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiymətinin təxminən 8500 manat olduğu, fərdi yaşayış evinin isə texniki cəhətdən bölünməsinin mümkün olmadığı müəyyən olunmuşdur.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə mübahisə Mülki Məcəllənin 221ci maddəsinin tələbinə uyğun həll olunmalıdır. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunmuşdur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

21. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının # ###### 2024-cü il tarixli **/**** nömrəli qərardadında ifadə edilmiş hüquqi mövqelərə görə birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (əşyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. Iddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əşyanın ilkin satış qiyməti və hərracdan satılması proseduru ilə bağlı məsələlər isə bu qərardadın 59-61-ci bəndlərində göstərilən qaydada həll olunmalıdır.

24. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 221-ci maddəsinə və Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının # ###### 2024-cü il tarixli **/**** nömrəli qərardadına istinad etsə də, mülkiyyətçinin hüquqlarını nəzərə almadan hərracın açıq keçirilməsi ilə bağlı səhv nəticəyə gəlmişdir. Sadalanan normalarının birgə təhlilindən görünür ki, əmlakın bölünməsi iki mərhələdən ibarətdir: naturada bölgü və hərracdan satılması. Iş üzrə ekspert rəyləri ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Beləliklə, qanunvericiliklə təyin edilmiş ardıcılığı uyğun olaraq ilk öncə əmlakın naturada bölgüsünü tələb etmiş, lakin bu mümkün olmadığından növbəti etapa keçmişdir.Növbəti etap isə əmlakın əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olmasıdır.

25. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlmişdir ki, payçının mülkiyyət hüquqlarının qorunması məqsədilə avtomobil və fərdi yaşayış evi qapalı hərracda satılmalı, əşya həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalıdır. Avtomobilin hərracdan ilkin satış qiyməti ekspert rəyinə uyğun olaraq 8 500 manat, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti ekspert rəyinə uyğun olaraq 90 000 manat müəyyən edilməlidir.

26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər ekspert rəyləri iləmüəyyən edilən ilkin satış qiymətini mübahisələndirməmişlər.

27. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 221-ci maddəsinə və Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının # ###### 2024-cü il tarixli **/**** nömrəli qərardadına istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin yol verdiyi eyni maddi hüquq pozuntusuna yol vermişdir. Belə ki, işdən görünür ki, iddia ərizəsi ##.##.2024-cü ildə rayon məhkəməsinə daxil olmuşdur. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının vahid məhkəmə təcrübəsi haqqında paylı mülkiyyətə dair qərardadı # ###### 2024-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi, məhkəmələr nəzərə almamışlar ki, iddia ərizəsi qərardaddan əvvəl məhkəməyə daxil olmuşdur. Ona görə həmin qərardadda əks etdirilən hüquqi mövqe nəzərə alınmamalı idi, əvvəlki məhkəmə təcrübəsində olduğu kimi naturada bölgü ilə bağlı məhkəmə araşdırması və hərracla bağlı məhkəmə araşdırması ayrı-ayrılıqda aparılmalı idi.

30. Apellyasiya məhkəməsi MPM-in 88, 97-ci maddələrinin tələblərinə riayət etməyərək, naturada bölgü ilə bağlı hissədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyini əsas götürmüş, lakin mübahisə predmeti olan əmlakın bazar dəyərini özəl şirkətin rəyi ilə kifayətlənmişdir. Bu rəy ekspert rəyi hesab oluna bilməz, həmçinin rəy hesab oluna bilməz. Əslində qiymətləndirmə haqqında qanunvericiliyə əsasən mütəxəssis tərəfindən hazırlanmış qiymətləndirmə hesabatıdır. Məhkəmə əmlakın bazar dəyərini müəyyən etmək üçün Məhkəmə Ekspertiza Mərkəzini əsassız olaraq ekspertiza tədqiqatına cəlb etməmişdir. Nəticədə ekspertizaya dair prosessual normalar pozulmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirlildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

43. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, cavabdehin apellyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi apelyasiya şikayətinin dəlillərinə və cavabdehin dəlillərinə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

45. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

47. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar