Məhkəmə qərarları › İş №2(1-8)-985/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-985/2026

19.05.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-985/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. Məşğulluq haqqında Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi haqqında İddiaçı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı arasında ##.##.2023-cü il tarixli ****/ÖM/***** nömrəli müqavilə bağlanmış və əmlak İddiaçı tərəfindən istismara, kəmiyyət və keyfiyyət baxımından yararlı vəziyyətdə, istifadə ediləcəyi inzibati ərazi ünvan 1 ünvanında qəbul edilməklə həmin tarixdə təhvil-təslim aktı tərtib edilmişdir.

2. Iddiaçının ##.##.2024-cü il tarixdə Sabunçu Rayon Polis Idarəsinin 12-ci Polis şöbəsinin rəhbərliyinə ünvanladığı müraciətində DOST xidmətindən heç yerdə işləmədiyi ilə əlaqədar etdiyi müraciət əsasında verdikləri un məmulatları istehsalı üçün lazım olan əşyaları evində yer olmadığı üçün Anaşkin küçəsi 81 ünvanda yaşayan Cavabdeh evinə qoyduğunu, lakin həmin şəxsdən qızı Firuzənin aldığı cehiz əşyalarının pulunu ödəmədiyi üçün onun əşyalarını geri qaytarmadığını qeyd etmiş, aparılan araşdırma zamanı müraciətdə göstərilən xüsusatlar mülki hüquqi xarakterli mübahisə olduğu müəyyən edilmiş, buna görə də vətəndaşa mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

3. İddiaçı ##.##.2024-cü il tarixdə saat 19:22-də DIN-in 102 xidmətinə zəng edərək, tanışı Zümrüdə un aparatını verməsi və onu geri ala bilməməsi barədə məlumat vermişdir. Aparılan araşdırma zamanı İddiaçı ilə əlaqə saxlanılması mümkün olmamış, onun qeydiyyatda olduğu ünvana çağırış vərəqələri göndərilsə də, təhqiqat dövrü ərzində müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən tam, obyektiv və hərtərəfli araşdırma aparılması və baş vermiş hadisəyə hüquqi qiymət verilməsi mümkün olmamış, müraciətdə cinayət tərkibinin əlamətləri aşkar olunmadığından Sabunçu RPI-in 12-ci PŞ tərəfindən ##.##.2024-cü il tarixli qərarla material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə iddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli, ****/ÖM/***** nömrəli müqavilə və ##.##.2023-cü il tarixli aktla özünəməşğulluq fəaliyyəti ilə məşğul olmaq üçün BFE ESD-8A.1 kameralı 4 səviyyəli konveksiya bişirmə sobası: 1 kameralı va 4 mərtəbəli, avadanlıq ölçüsü LxWxH(mm)835x575 mm, 220V/50 Hz, tava miqdarı 4, tava ölçüsü: 40smx60sm – 1 ədəd; EB-EB-1701X. Mikser: həcmi 7 litr, mühərrik surəti 1500-2000 rpm, 220V/50 Hz, 1,5 KW – 1 ədəd; BFE WG-6D mayalanma kabinəsi: 6 mərtəbəli, ölçüsü LxGxH (mm) 590x690x910 mm, 220V/50 Hz, güc 1,9 kw, konteyner ölçüsü: 40smx60smx5sm, əlavə - bir avadanlıq üçün 6 ədəd qab – 1 ədəd; BFEW- 17B, kündə qabları ölçü 66smx40smx14sm, poliuretan material – 5 ədəd; ASLANMAKiNA OTD. 18065.125. Vitrin soyuducu (soyuq displey): şüşə (ön tək qat şüşədir) 2 sıra şüşə + 1 sıra paslanmayan polad, Aisi 430, Güc – 220V/50 Hz, ön və 2 yanı sinklənmiş təbəqə, enerji sərfiyyatı 1,5K Wh/24h, soyuducu qaz R134A, həcmi 550L, temperatur diapazonu +4/+10C, kompressor gücü (Hp)- 3/8 (Marka –Embraqo, Kompressor Model – FFI 12 HBK) Diksel Emko3712 – 1 ədəd; SaintFire ZZDT-8, Elektron tərəzi: 40kq-a qədər, LCD displey, dəmir korpus – 1 ədəd; ASLANMAKINA VCT.10060.90. iş masası, aşağı rəfsiz, üst masa və ayaq materialı – paslanmayan polad, avadanlıq paneli materialı – xam MDF-12 mm, üst-material 0,8 mm, 1000 x 600 x 900/60 – 1 ədəddən ibarət olan un məmulatları istehsalı avadanlığının, habelə dövlət rüsumu kimi ödədiyi 100 manatın alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, adı çəkilən avadanlıqlar yararlı vəziyyətdə iddiaçıya təhvil verilsə də, evində yer olmadığı üçün həmin avadanlıqlar X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialının əməkdaşı X1 iştirakı ilə qonşu olan cavabdeh Cavabdeh razılığı ilə müvəqqəti onun həyətinə yerləşdirilmişdir. Lakin bir müddət sonra iddiaçı avadanlıqları tələb etmiş, cavabdeh isə müxtəlif bəhanələr gətirməklə avadanlıqları qaytarmaqdan boyun qaçırmışdır.

6. Məhkəmə iclasında iddiaçı İddiaçı izahatında qeyd etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 əməkdaşı Cəfərov Sənan tərəfindən 4 dəfə Cavabdeh məxsus həyətə baxış keçirilmişdir. Bununla bağlı X3 əməkdaşı Cəfərov Sənan tərəfindən müşahidə səfəri üzrə qeydlər tərtib edilmiş, həmin qeydlərdə iddiaçının ərizəsində adı qeyd olunan avadanlıqların Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən həyətində yerləşdirildiyi təsdiqini tapmışdır. Bundan başqa, həmin avadanlıqlar Cavabdeh həyətinə yerləşdirilən zaman iddiaçının iş yoldaşı Şahid da orda olmuşdur.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh izahatında qeyd etmişdir ki, iddiaçı ilə öhdəlik münasibətinə girməmişdir.

8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov) iddia tələbi rədd edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında iddia ərizəsində qeyd olunan əşyaların müvəqqəti yerləşdirilməsinə, o əşyaların sonradan iddiaçıya təhvil verilməsinə dair hər hansı bir razılaşma mövcud olmamışdır. Beləliklə, iddiaçı və cavabdeh arasında öhdəlik münasibətləri yaranmamışdır. Bundan başqa, iddiaçı əşyaların cavabdehin həyətinə qoyulduğunu və bu halın whatsapp yazışmaları və şəkillərlə sübut olunduğunu bildirmiş və bu haqda yazışmaları və əşyaların görüntülərini özündə əks etdirən fotoşəkilləri məhkəməyə təqdim etmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, yazışmalardan tərəflərin kimliyi məhkəməyə məlum olmur, cavabdeh iddianı və bu halları etiraf etmir. Bundan başqa, fotoşəkillərdə əşya və avadanlıqlar görünür, lakin həmin şəkillərlə əşyaların cavabdehin ünvanında olması görünmür.

11. Məhkəmə qeyd etmişdir ki, əşyalar (əmlak) cavabdehin ünvanında olsa belə həmin əmlak cavabdeh tərəfindən təhvil alınmamış və bu haqda hər hansı bir sənəd mövcud deyil. Məşğulluq orqanından verilən əmlaka görə iddiaçı məsuliyyət daşıyır. Iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslandırılması üçün məhkəməyə kifayət qədər və işin hallarını tam sübut edən dəlillər təqdim olunmadığından, iddia tələbi sübutların yetərsiz olması əsası ilə rədd edilməlidir.

12. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 119.1, 76.1, 77.1 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində məhkəməsində icraat

13. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə qeyri-obyektiv baxmış, təqdim etdiyi sübutlara düzgün qiymət verməmiş və nəticədə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı ilə iddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli, ****/ÖM/***** nömrəli müqavilə və ##.##.2023-cü il tarixli aktla özünəməşğulluq fəaliyyəti ilə məşğul olmaq üçün iddia ərizəsində göstərdiyi un məmulatları istehsalı avadanlığı istifadə üçün iddiaçıya verilmişdir. Həmin avadanlığı qoymağa evində yer olmadığından müvafiq yer hazırlayana qədər müvvəqəti olaraq razılıq ilə cavabdehin evinə qoymuşdur. Iddiaçı həmin avadanlığı geri xahiş edəndə qaytaracağına söz vermişdir. Hətta avadanlığı verən təşkilatın əməkdaşı bir neçə dəfə iddiaçı ilə birlikdə cavabdehin evindəki əmlaka baxış keçirmiş və müvafiq akt tərtib etmişdir. Bundan başqa, cavabdeh iddiaçıya yazdığı mesajlar və çəkib göndərdiyi şəkillərlə un məmulatları istehsalı avadanlığının onun evində olduğunu təsdiq etmişdir. Lakin bu sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. X3 Mərkəzi Mühasibatlıq və Təyinat Filialı tərəfindən özünəməşğulluq fəaliyyəti ilə məşğul olmağı üçün verilmiş un məmulatları istehsalı avadanlığından istifadə hüququ həmin qanun normasına görə əmlak hüququdur. Məhkəmə qəbul etdiyi qətnamə ilə iddiaçının həmin avadanlıqla bağlı əmlak hüququnu pozmuşdur. O, əşyanın təsadüfən itməsi üçün, əgər itmənin əşyadan istifadə edilmədən də mümkün olduğunu sübuta yetirməsə, tapşıran qarşısında məsuliyyət daşıyır. Istifadə etməyi üçün iddiaçıya verilmiş un məmulatları istehsalı avadanlığını qaytarmasını xahiş etdikdə cavabdeh qaytarmaqdan əsassız olaraq imtina etmişdir. Cavabdehin istifadə üçün iddiaçıya verilmiş əmlakı qanunsuz özündə saxlaması əmlak hüququnu pozmaqla yanaşı əsassız varlanmadır. Məhkəmə iddiaçının ona təqdim etdiyi cavabdehə saxlamağa verdiyi avadanlığa dair cavabdehlə olan whatsapp yazışmalarını, həmin avadanlığın onun evində olmasına dair şəkilləri nəzərə almamışdır. Hansı ki, mesajlarda cavabdehin telefon nömrəsi açıq göstərilib və şəkillərdən də müəyyən etmək olar ki, avadanlıq cavabdehin evindədir. Bundan başqa məhkəmə həmin avadanlığın cavabdehdə olmasını təsdiq edən X3 avadanlığı cavabdehin evində yoxlayıb aktları tərtib edən əməkdaşının və digər şahidin dindirilməsinə şərait yaratmamışdır və yalnız cavabdehin sözləri əsasında iddia tələbini təmin etməmişdir.

15. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, X4 əməkdaşı vəzifə təlimatına uyğun olaraq özünün məşğulluq üçün verilən avadanlıqları qohumluq və qonşuluq münasibətlərində olmayan şəxsin evinə, qeyri-yaşayış sahəsinə qoya bilməz. Bu qanunla qadağandır. X4 əməkdaşı iddiaçının dediyi avadanlıqları müvəqqəti olaraq onun evinə nəyə görə qoyduqlarını (##.##.2023-cü il tarixdən bugünkü tarixə) sübut etməlidilər. Belə olan halda, ÖM/N*** saylı müqavilədə göstərilən avadanlıqların müvəqqəti olaraq onun həyətinə qoyduqlarını təsdiq edən müvəqqəti saxlanma müqaviləsi olmalı idi. O, hər hansı bir cavabdehlik daşımır və öhdəlik münasibətinə girmir. X2 istifadə etmək ücün verildiyindən ##.##.2023-cü ildən 2025-ci il tarixə qədər onun həyətində və evində saxlanıla bilməzdi. Bu böhdandır və uydurma yalandır. Ümumiyyətlə iddiaçı ilə onun arasında bele bir müqavilə bağlanmamış, şifahi razılaşma olmamışdır. Iddiaçının güman etdiyi mallar ona və onun səlahiyyətli nümayəndəsinə təhvil verilməmış və təhvil-təslim aktı tərtib edilməmişdir.

16. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərmişdir ki, o, İddiaçı ilə iş yoldaşı olmaqla ailəvi dostdur, onun həyat yoldaşını da tanıyır. Cavabdehi isə evinə avadanlıqları aparıb qoyanda tanımışdır. X3 verdiyi avandanlıqları o, 2023-cü ilin yay aylarında “Çinar” plazadan qazelə yükləyərək cavabdehin Anaşkin küçəsində olan, nömrəsini bilmədiyi həyət evinə boşaldılmışdır. Həmin avadanlıqlar soyuducu, soba, stol, yəni şirniyyat avadanlıqları olmuşdur. Həmin vaxta qədər o, cavabdehi tanımamış, cavabdeh həmin vaxt iştirak etdiyindən həmin evi onun evi olaraq tanıyır. Həmin vaxt heç bir sənədləşmə aparılmamışdır. Sənədləşmə ancaq X5 aparılmışdır. Danışıqlar Səlimə ilə X3 nümayəndəsi arasında olmuşdur. Əşyaların cavabdehin ünvanında hansı müddətdə qalması ilə bağlı onun məlumatı yoxdur. X5 verilən avadanlıqlar iddiaçıya şirniyyat işləri ilə məşğul olmaq üçün lazım idi. Hal-hazırda iddiaçının şirniyyat obyekti açıb-açmadığını o, bilmir. Iddiaçı ilə əvvəllər iş yoldaşı olmuş, bir yerdə işləmişlər. Iddiaçı ondan avadanlıqların daşınmasını xahiş etmiş, o da həmin avadanlıqları aparıb ünvana boşaltmışdır. Sonra avadanlıqların necə olması barədə onun məlumatı yoxdur. O, məhkəmənin binasından çıxarkən cavabdeh onun video görüntüsünü çəkərək onun arxasınca gəlməsinin səbəbini soruşmuş, o da cavabdehi təqib etmədiyini, onu tanımadığını bildirmişdir.

17. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətə qarşı etirazının məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi əşyaların satışı ilə məşğuldur. Ona şəkilləri həmin əşyaları satmaq istədiyi üçün göndərmişdir. Həmin şəkillər iddiaçının anasına məxsus ünvanda çəkilmişdir. O, şahidi tanımır. Şahid birinci instansiya məhkəməsindən çıxarkən onun təqib etdiyindən o, şahidən onu tanıyıb-tanımadığını soruşmuş, şahid həmin vaxt onu tanımadığını bildirmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər - Səadət Səlimova (sədrlik edən və məruzəçi), Azad Imanov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı bağladığı müqaviləyə əsasən onun istifadəsinə verilmiş əmlakın cavabdehə məxsus ünvana yerləşdirilməsini, cavabdehin sahibliyində olmasını bildirsə də, tələbində istinad etdiyi halları sübuta yetirə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

20. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlarla bağlı qeyd etmişdir ki, iddia ərizəsində qaytarılması tələb olunan əmlakın cavabdehdə olmasını təsdiq edə biləcək məlumatları özündə əks etdirməyən votsap yazışmaları, çəkildiyi yer, vaxt məlum olmayan şəkillər, qeyd olunduğu ünvanın cavabdehə aid olması məlum olmayan, tərtib olunarkən iştirakı təmin edilməyən, cavabdeh tərəfindən imzalanmayan akt, əmlaklar barədə müfəssəl məlumat verə bilməyən şahidin ifadəsi iddia tələbində qeyd olunan əşyaların cavabdehdə olması qənaətinə gəlinməsi və apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, 2(103)- ****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilib iş materiallarının yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti işin halları, iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

26. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ;

27. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

28. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. Iddiaçı İddiaçı qıznın kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

41. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar