Məhkəmə qərarları › İş №2(102)-1016/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1016/2022

20.01.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1016/2022 20.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(010)4857/2021 saylı məhkəmə aidiyyəti haqqında qərardadından Cavabdeh1 MMC şikayəti üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən, hakim S.M.Miriyeva) İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “dəymiş maddi zərərə görə 285.000 manat, əldən çıxmış faydaya görə 30.000 manat, mənəvi zərərə görə 10.000 manat pul iddiasına dair” mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə Cavabdeh1 MMC vəsatəti təmin edilməyib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, tərəflərin sahibkarlıq fəaliyyətinin subyektləri olması, eləcə də tərəflər arasında yaranmış ilkin münasibətlərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi işin mübahisə olunmayan halıdır. Lakin, bu o demək deyil ki, tərəflər arasında olan istənilən mübahisə, bu mübahisənin predmeti və hüquq münasibətinin xarakteri nəzərə alınmadın birbaşa kommersiya mübahisəsi kimi qiymətləndirilməlidir. Hazırki mübahisə, mübahisənin predmetinə və hüquq münasibətinin xarakterinə görə Cavabdeh1 MMC baş vermiş yanğın zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi nəticəsində iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. Yəni, mübahisə delikdən irəli gəlib. Belə olan halda mübahisənin predmeti və hüquq münasibətinin xarakteri sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığından hazırki işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsində baxılmalıdır. Digər tərəfdən, iddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən cavabdeh kimi yalnız fərdi sahibkar statusuna malik olmayan Cavabdeh2 göstərib. Mülki iş aidiyyət qaydasına riayət edilməklə məhkəmənin icraatına qəbul edildikdən sonra isə iddiaçı, iddia ərizəsinə əlavə verərək sahibkarlıq fəaliyyətinin subyekti olan Cavabdeh1 MMC də cavabdeh qismində göstərib. Bu baxımdan, Cavabdeh1 MMC sonradan işə cavabdeh qismində daxil olduğuna görə işin məhkəmə aidiyyəti dəyişmiş olsa belə, hazırki işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası MPM-nin 24.1, 25.1, 25.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Cavabdeh1 MMC şikayət verərək iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadının ləğv edilib, mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh1 MMC şikayətini belə əsaslandırıb ki, mülki prosessual qanunvericiliyə görə, mübahisənin ümu mi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Hazırki mübahisə də məhz fərdi sahibkar statusuna malik olan iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən Ticarət Mərkəzində fəaliyyət göstərən iddiaçıya məxsus sahədə baş verən yanğın nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. Yəni, tərəflər arasındakı hazırki mübahisə fərdi sahibkar statusuna malik olan iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirməsindən irəli gəlir. Birinci instansiya məhkəməsi, göstərilənləri nəzərə almayıb, işin məhkəmə aidiyyətini düzgün müəyyən etməyib. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 MMC şikayəti təmin edilməyib və şikayət mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilib. Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, yeni qərar qəbul edilməklə Cavabdeh1 MMC vəsatəti təmin edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 403-1.7-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Belə ki, işə əlavə edilmiş sübutlardan görünür ki, iddiaçı, fərdi sahibkar statusuna malik olan fiziki şəxsdir, Cavabdeh1 MMC isə kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Digər Cavabdeh2 isə Cavabdeh1 MMC qanuni təmsilçisidir və tərəflər arasında icarə münasibətləri olub və iddiaçı, icarə müqaviləsinə əsasən Cavabdeh1 MMC məxsus ünvan 1 ünvanda yerləşən Ticarət Mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Hazırda iddiaçı, 26 mart 2019-cu il tarixdə Cavabdeh1 MMC məxsus sözügedən ünvanda baş vermiş yanğın nəticəsində cavabdehlərin təqsiri üzündən ona zərər dəydiyini iddia edir. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaql a, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Eyni zamanda, həmin Məcəllənin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Sadalanan prosessual normaların mənasına görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəz ərə alınmaqla müəyyən edilir. Yəni, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır. Məhkəmə aidiyyəti dedikdə- mülki hüquqi münasibətlərindən irəli gələn mübahisənin və ya digər hüquqi işin ümumi və ya kommersiya məhkəməsinin səlahiyyətinə aid olması başa düşülür. İşlərin kommersiya məhkəmələrinin yurisdiksiyasına aid edilməsinin əsas meyarları işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətinin xarakteri ilə bağlıdır. İşdə iştirak edən şəxslərin subyektiv tərkibinə hüqu qi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər aiddir. Fiziki şəxs o, halda kommersiya məhkəməsinə aid olan mübahisənin subyekti hesab edilir ki, o sahibkarlıq fəaliyyətini həyata keçirsin və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə etmiş olsun. Nəzərə alınmalıdır ki, mübahisə o, vaxt ümumi məhkəmənin yurisdiksiyasına aid edilə bilər ki, mübahisə şəxsin bilavasitə sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlı yaranmamış olsun. Kassasiya instansiyası məhkəməsi, şikayətin dəlillərini araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi, Cavabdeh1 MMC mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi haqqında vəsatət ini rədd edərkən, yuxarıda sadalanan mülki prosessual normaların tələblərini pozub, iddiaçının fərdi sahibkar statusuna malik olan fiziki şəxs, Cavabdeh1 MMC kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxs, digər Cavabdeh2 isə Cavabdeh1 MMC qanuni təmsilçisi olmasını nəzərə almayıb. Həmçinin, tərəflər arasında icarə hüquq münasibətləri olmaqla, iddiaçının məhz icarə müqaviləsinə əsasən Cavabdeh1 MMC məxsus ünvan 1 ünvanda yerləşən Ticarət Mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına əhəmiyyət verməyib. Digər tərəfdən, iddiaçının cavabdehlərə qarşı tələbləri mülki hüquq pozuntusundan (deliktdən) irəli gəlsə də, hazırki mübahisə əslində tərəflərin bağlı olduqları eyni sahibkarlıq subyekti- Cavabdeh1 MMC özünün fəaliyyətinin həyata keçirilməsindən, yəni həmin Cəmiyyətdə yanğın təhl ükəsizliyi qaydalarına əməl edilməməsindən yaranıb. Eyni hüquqi mövqe “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarında da təsbit edilib göstərilib. Həmin Qərarın 13-cü bəndinə görə, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-arılıqda həyata keçirdiyi zama n yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı kooperativ mübahisələr aiddir. Həmin Qərarın 14-cü bəndin də isə göstərilir ki, Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılma sı şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki mübahisə məhz tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən törəyib və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 31.2-ci maddəsinin tətbiqində də səhvə yol verib. Belə ki, sözügedən maddə o, hald a tətbiq oluna bilər ki, aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilmiş iş, sonradan başqa məhkəməyə aid olsun və işdə iştirak edən şəxslər işə onu icraata qəbul etmiş məhkəmədə baxılmasına razı olsunlar. Başqa sözlə, Mülki Prosessual Məcəllənin 31.2-ci maddəsi imperativ xarakterli norma olsa da, həmin normanın tətbiqi işə baxmalı olan məhkəmənin növü ilə bağlı tələblərdən kənara çıxılmasına səbəb olduğundan, yəni ümumi məhkəməyə aid işə kommersiya məhkəməsində və ya əksinə olaraq baxılmasına gətirib çıxardığından, bu norma yalnız işdə iştirak edən şəxslərin razılığı olduqda tətbiq edilə bilər. Hazırki işdə, iddia ilkin olaraq yalnız Cavabdeh2 qarşı qaldırılsa da, o digər Cavabdeh1 MMC qanuni təmsilçisi olub, sonuncu isə işə ümumiyyətlə Bakı şəhəri, Suraxanı rayon məhkəməsində baxılmasına razı olmayıb. Əksinə, mübahisənin Bakı Kommersiya Məhkəməsinə aidiyyətinin dəyişdirilməsi barədə işə baxan məhkəməyə vəsatət verib. Belə olan halda, kassasiya instansiyası məhkəməsi hesab edir ki, mülki iş, sonradan Bakı Kommersiya Məhkəməsinə aid olsa da, mahiyyəti üzrə ona Bakı şəhəri, Suraxanı rayon məhkəməsində o vaxt baxıla bilər ki, əvvəldən mülki iş aidiyyət qaydalarına riayət edilməklə həmin məhkəmənin icraatına düzgün qəbul edilmiş olsun. Hazırki işdə isə bu hal istisna olunur və ilk gündən işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri, Suraxanı rayon məhkəməsində baxılması üçün prosessual əsaslar olmayıb. Azərbaycan Respublikası MPM-nin 403-1.2-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş x üsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Həmin Məcəllənin 403-1.6-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır. Həmin Məcəllənin 403-1.8 və 403-1.8.2-ci maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilməli, yeni qərar qəbul edilməklə Cavabdeh1 MMC vəsatəti təmin edilməli və mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 MMC şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(010)-4857/2021 saylı məhkəmə aidiyyəti haqqında qərardadı ləğv edilsin, yeni qərar qəbul edilməklə Cavabdeh1 MMC vəsatəti təmin edilsin, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üç ün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar