Məhkəmə qərarları › İş №2(102)-1242/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1242/2024

04.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1242/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa, əmrin ləğvi (Əmək Məcəlləsi 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi ilə), məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-6643/2023 nömrəli q ətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 04 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundna sonra – iddiaçı) ilə cavabdeh "xxxx" MMC (bundan sonra – cavabdeh və ya MMC) arasında 07 sentyabr 2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, iddiaçı MMC-də “mütəxəssis” vəzifəsinə işə qəbul edilmişdir.

2. İddiaçı səhhətində yaranmış problemlə əlaqədar 03 avqust 2022-ci il tarixdə Bakı şəhəri Təcili və X3 Stansiyası PHŞ-nə müraciət etmişdir. 04 avqust 2022-ci il tarixdə M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikası tərəfindən əmək qabiliyyətinin olmaması vərəqəsi əsasında ona kəskin bronxit diaqnozu qoyulmuş və işə başlamalı olduğu vaxt 16 avqust 2022-ci il olaraq göstərilmişdir.

3. İddiaçı 05 avqust 2022-ci il tarixdə X1 1 Klinikasında həkim-ginekoloqun müayinəsində olmuş və onun 5 həftəlik hamilə olduğu müəyyən edilmişdir.

4. MMC tərəfindən iddiaçıya məktub ünvanlanmış və məktubda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək rəsmi olaraq heç bir üzrlü səbəb göstərmədən işə gəlməmişdir. Elə həmin gün xx.xx.2022-ci il tarixdə şirkət tərəfindən iddiaçının ünvanına heç bir üzrlü səbəb olmadan işə gəlməməyi ilə bağlı rəsmi məktub göndərilmişdir. Məktuba cavab olaraq xx.xx.2022-ci il tarixində iddiaçının xalası Sevda xanım iddiaçının hamilə olduğu barədə (hamiləliklə bağlı arayış “whatsapp” proqramı vasitəsilə şirkətin baş mühasibinə göndərilmişdir) və həkimin iddiaçıya yataq rejimi təyin etdiyi barədə şifahi olaraq məlumat vermişdir. Həmçinin, məktubda qeyd edilmişdir ki, iddiaçının hamilə olmazdan öncəki tarixlərdə işə davamlı olaraq gecikməsi, iş yerində mobil telefonla uzun müddət danışmaqla rəhbərliyin xəbərdarlıqlarına məhəl qoymayıb yenidən şəxsi istifadə və vəzifə hüquqlarından sui-istifadə etməklə mobil telefonla danışaraq daxili intizam qaydalarını pozması, həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həkimin yataq rejimi ilə bağlı diaqnoz qoyması haqqında müvafiq arayışı və digər hüquqverici sənədləri rəsmi qaydada təqdim etməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması olmaqla iddiaçı ilə cavabdeh arasında 07 sentyabr 2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsi il xitam verilməsi üçün əsas olsa da, rəhbərlik həmin maddə ilə müqaviləyə xitam verilməsinin iddiaçının karyerasına və əmək kitabçasına zərər vuracağını düşünmüşdür.

5. MMC tərəfindən 10 avqust 2022-ci il tarixdə 10 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xitam verilmişdir.

6. İddiaçı 10 avqust 2022-ci il tarixli əmrlə əlaqədar 25 avqust 2022-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X4 Xidmətinə müraciət etmiş, xidmətin 30 noyabr 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq, iddiaçının ərizəsi olmadan xitam verildiyindən MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq 28 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati cərim ənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda Əmək Müfəttişliyi Xidmətinin tərəfindən əmək müqaviləsinin xitam verilməsinə dair 10 saylı əmrin ləğv edilərək, iddiaçının əvvəlki iş yerinə qayıtması ilə əlaqədar MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub ünvanlanmışdır.

7. İddiaçı mediasiya təşkilatına 2022-ci ilin 12 dekabrında müraciət etmiş və ilkin mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2022-ci ildə göndərilmiş, ilkin mediasiya təklifindən sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı isə xx.xx.2023-cü il tarixdə əldə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2022-ci il tarixli 10 nömrəli əmrin ləğv edilməsi və işə bərp a olunmaqla məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, 10 avqust 2022-ci il tarixli əmr tamamilə qanunsuzdur. Həmin vaxt iddiaçı hamilə olmuş, 03 avqust 2022-ci il tarixdə özünü pis hiss etdiyi üçün ona təcili yardım çağırılmış və o, işə gedə bilməmişdir. Buna görə o, üzrlü səbəbdən işdə olmamışdır.

10. Cavabdeh məhkəmə iclasında iddia müddətinin ötürülməsi barədə ərizə təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

11. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 05 iyun 2023-cü il tarixli, 2(011)-3265/2023 saylı qətnaməsi ilə (hakim Aygün Hə sənova) iddianın təmin edilməsi qət edilmişdir.

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, əmr qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Burada tərəflər dedikdə işçi ilə işəgötürən nəzərdə tutulur. Əmək müqaviləsinin işçinin təşəbbüsü ilə ləğv edilməsi üçün işçinin bu barədə ərizəsi olmalıdır ki, hazırkı işdə belə bir ərizə mövcud deyildir. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində öz əksini tapmışdır. İşəgötürən tərəfindən işçiyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, işçinin iş yerində yol verdiyi nöqsanlar onunla bağlanmış əmək müqa viləsinin Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən xitam verilməsi üçün əsasdır. Beləliklə, iş materiallarında müəyyən olunur ki, işəgötürən istinad olunan əsasla tərəflər arasında olan müqaviləyə xitam vermişdir. Halbuki, Məcəllənin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İşəgötürən tərəfindən iddiaçıya ünvanlanan məktubun mətnindən də görünür ki, işəgötürən işçinin hamilə olması ilə bağlı məlumatlı olmuşdur. Beləliklə, istinad olunanlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, 10 avqust 2022-ci il tarixli əmr qanunsuz olduğundan etibarsız hesab edilməlidir. İşəgötürən qeyd etsə belə ki, işçinin hamilə olması ilə bağlı müvafiq sənədlər onlara təqdim edilməyib, istinad olunan məktubun məzmunundan görünür ki, işçinin yaxınları onun hamiləliyi ilə bağlı arayışın şəklini telefon vasitəsilə şirkətin mühasibinə göndərmiş və həkim məsləhətinə əsasən işçinin bir müddət istirahət etməli olduğu barədə məlumat vermişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin verdiyi vəsatətə münasibətdə qeyd edir ki, hazırkı mübahisəyə istinad olunan müddət tətbiq edilə bilməz. Belə ki, 10 avqust 2022-ci il tarixli əmr özlüyündə etibarsız əmrdir. Yuxarıda istinad olunanlara əsasən, məhkəmə qeyd etmişdir ki, nə qədər ki, işçinin işdən çıxarılması zamanı qanunsuzluğa yol verilmişdir, o, işə bərpa olunmalı və ona məcburi buraxılmış iş günləri üçün əmək haqqı ödənilməlidir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Re spublikasının Konstitusiyasının 35-ci maddəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2ci, 70-ci, 79-cu, 83-cü, 87- ci, 154-cü, 158-ci, 172-ci maddələrinə, “Əmək haqqının mühafizəsi haqqında” BƏT-nin 1949-cu il tarixli Konvensiyasına, Mülki Prosessual Məcəllənin 119.1-ci, 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsi (fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) ilə nəzərdə tutulan iddia müddəti tələbinə müvafiq ərizə verilməsinə baxmayaraq, məhkəmə tərəfindən nəzərə alnmamışdır. Məhkəmə iddia müddətinin tətbiqinə dair verilmiş ərizəyə münasibətdə qeyd etmişdir ki, 10 avqust 2022-ci il tarixli əmr özlüyündə etibarsız əmr olduğuna görə iddia müddəti tətbiq edilməməlidir. Halbuki, iş materiallarından göründüyü kimi, cavabdeh sözügedən əmri, əmək kitabçasını və xx.xx.2022-ci il tarixli müşayiət məktubu iddiaçının ünvanına göndərmiş və iddiaçı xx.xx.2022-ci il tarixdə sənədləri qəbul etmişdir. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında əmri həmin tarixdə aldıqlarını təsdiq etmiş və sözügedən əmr ilə razı olmadıqlarına görə əmək müfəttişliyinə şikayət ünvanlandığına dair sənədlərdə iş materiallarında mövcuddur. Göründüyü kimi iddiaçı işdən çıxarılmasına dair sənədləri xx.xx.2022-ci il tarixində qəbul etdiyinə görə güman edilən hüquq pozuntusu barədə məlumatı da həmin tarixdə almışdır. Həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq, iddiaçı yalnız xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmiş və bununla da, Əmək Məcəlləsinin 296.2-ci maddəsi ilə nəzərdə tutulan iddia müddətini ötürmüşdür.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6643/2023 nömrəli iş üzrə 15 noyabr 2023cü il tarixli qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A.Mərdanova və E.M.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin olunmamışdır.

17. Məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri iddia müddətinin tətbiqi ilə bağlıdır və məhkəmə kollegiyası razılaşır ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı hüquq normaları pozulmuşdur. Belə ki, cavabdeh birinci instansiyası məhkəməsində ərizə verərək, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsinə istinad etməklə, iddianın rədd olunmasını xahiş etmişdir.

18. İddia müddətinin tətbiqindən imtina edən birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırkı mübahisəyə müddət tətbiq edilə bilməz. Belə ki, 10 avqust 2022-ci il tarixli əmr özlüyündə etibarsız əmrdir. Halbuki, əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmaması, həmin mübahisəyə iddia müddətinin tətbiq edilməməsi üçün əsas ola bilməz. Belə ki, məhz qanunla müəyyən edilmiş müddət çərçivəsində həmin əmr mübahisələndirilməlidir. Qanunverici bu hüququn həyata keçirilməsini müddətlə sərhədləndirmişdir. Birinci instansiya məhkəməsi hazırki halda Əmək Məcəlləsinin 296-cı maddəsini düzgün tətbiq etməmişdir.

19. Kollegiya qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olsa da, bu hal isə məhz qanunla nəzərdə tutulan 1 aylıq müddət çərçivəsində mediasiya prosesinin tətbiqi barədə müraciət edildiyi zaman tətbiq edilə bilər. Halbuki, hazırki iş üzrə iddiaçı 1 aylıq müddət çərçivəsində bunu etməmişdir. Belə olan halda kollegiya hesab edi r ki, qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətinin axımı məhz 15 avqust 2022-ci il tarixdən hesablanmalıdır. İddiaçı tərəf keçən bu müddətin hər hansı üzrlü səbəbdən baş verməsini də sübuta yetirə bilməmiş, məhkəmə kollegiyasının iclasında bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etməsi, eləcə də aralarında razılığa gələ biləcəklərinin mümkünlüyü səbəbindən (belə bir halda təsdiqini tapmır) edildiyi bildirilmişdir. 20. “Mediasiya haqqında” Qanunun 35-ci maddəsinə görə mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı “İ lkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışın verilməsi ilə bərpa olunmuş hesab olunur. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış isə 20 fevral 2023-cü il tarixində verilmiş, lakin iddiaçı yalnız 30 mart 2023-cü il tarixdə məhkəməyə iddia ərizəsini göndərmişdir. Qeyd edilməlidir ki, əmrin surətini avqust ayının 15-də aldığı gündən qanunvericiliklə nəzərdə tutulan hüquqlarının pozulmasından məlumatlı olmuş və müddətin axımı başlamışdır. Lakin iddiaçı yalnız bundan 4 ay sonra ilk dəfə ilkin mediasiya prosesinin tətbiqi barədə müraciət etmişdir.

21. Eyni zamanda kollegiya əlavə olaraq qeyd edir ki, hətta iddiaçının ilkin mediasiya təklifindən sonra prosesin davam etdirilə bilməməsi b arədə arayış əsas götürülsəydi belə, həmin arayış xx.xx.2023-cü ildə tarixdə verilmişdir ki, iddiaçı bundan sonra da məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, poçt vasitəsilə ünvanlamışdır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 79, 296.2, 296.3, 296.7-ci maddələrinə, “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti belə əsaslandırılmış ki, məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

25. Bundan başqa, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı X4 Xidmətinə onu qanunsuz işdən çıxarıldığı barədə şikayəti ilə müraciət etmişdir. 2022-ci ilin noyabr ayında Əmək Müfəttişliyindən cavab gəlmişdir. Həmin cavabda işdən çıxarma barədə əmrin ləğv edilməsinə dair göstəriş xarakterli qeyd qoyulmuşdur. Lakin MMC iddiaçının işdən çıxarılması ilə bağlı 10 saylı əmri ləğv etməmişdir və o işə bərpa olunmamışdır. Bununla əlaqədar iddiaçı mediasiya təşkilatına, bundan sonra məhkəməyə müraciət etmişdir.

26. Beləliklə, iddiaçı məhkəmədən əvvəl əmək mübahisələrinə baxan orqana, yəni Əmək Müfəttişliyinin Xidmətinə mübahisəni həll etmək üçün vaxtında müraciət etmişdir. Əmək Müfəttişliyi Xidmətindən cavab aldıqdan sonra bir ay keçməmiş iddiaçı Mediasiya Təşkilatına müraciət etmişdir.

27. İddiaçı mediasiya təşkilatından “mediasiya prosesin davam etdirilə bilməməsi barədə” arayışı xx.xx.2023-cü il tarixdə əldə edəndən sonra, bir ay keçməmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin Nərimanov Rayon Məhkəməsindən zəng vuraraq, həmin mülki işin Xətai Rayon Məhkəməsinə aid olduğu bildirilmişlər. İddiaçı martın 16-da sənədlər geri götürərək, Novruz bayramından sonra, xx.xx.2023-cü il tarixdə iddia ərizəsini Bakı şəhəri Xətai Rayon Məhkəməsinə vermişd ir. Beləliklə, İddiaçı qanunvericiliyinin tələblərinə əsasən məhkəməyə qədər AR Əmək Müfəttişliyinin Xidmətinə, bundan sonra Mediasiya Təşkilatına müraciət etmişdir. Bu da qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasını səbəb olmuşdur.

28. Bundan başqa, məhkəmə bu mülki işə baxarkən birtərəfli münasibət göstərmişdir. Belə ki, iddiaçı iddia ərizəsi verərkən prosesual müddətin pozulmadığı barədə iddiaçının izahatlarını nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili məhkəməyə qədər iddiaçının əmək mübahisənin həlli üçün nə vaxt və hansı orqanlarına müraciət etdiyini barədə ətraflı məlumat vermişdir. Lakin apellyasiya instansiya məhkəməsi iddiaçının nümayəndəsinin qeyd olunan izahatları məhkəmənin qətnaməsində göstərməmişdir. Bununla da, qətnamə qəbul edərkən qərəzli, qeyri-obyektiv və birtərəfli münasibət göstərmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

30. Maddə

79. Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar

1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

3. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

31. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

32. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

33. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamas ına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırki kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

44. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsi ilə müəyyən olunan iddia müddətinin buraxılmasını iddiaçı özü də kassasiya şikayətində etiraf edir. Lakin, o, bunun üzrlü səbəblə, yəni cavabdeh təşkilata qarşı başqa dövlət orqanlarına şikayətlərin edilməsi ilə əsaslandırmışdır.

45. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmədən başqa, hər hansı bir dö vlət orqanına mübahisənin həlli məqsədi ilə müraciət edilməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində iddia müddətinin üzürlü səbəblərdən buraxılması əsası kimi nəzərdə tutulmamışdır.

46. Digər tərəfdən, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki,... məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrl ü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.

47. İddiaçı iddia müddətinin üzrlü səbəbdən buraxılması ilə bağlı heç bir sübuta istinad etmir. Odur ki, iddiaçının qeyd olunan dəlili də əsassız hesab olunmalıdır.

48. Məhkəmə kollegiyası iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etdiyindən, kassasiya şikayətinin digər dəlillərinə, yəni əmək müqaviləsinin qanunda nəzərdə tutulan qaydaların pozulması ilə ləğv olunmasına əlavə hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipinə uyğun zəruri bilmir.

49. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, h ərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2(103)-6643/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar