Məhkəmə qərarları › İş №2(102)-1256/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1256/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1256/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın mümkünlüyü, apellyatorun işə aidliyi, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alğı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- 445/2025 nömrəli iş üzrə 13 fevral 2025-ci il tarixli qərardadından qətnamə il ə hüquq və maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 kassasiya şikayətinə 15 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonunun Novoivanovka kəndində yerləşən, Cavabdeh adına qeydə alınmış, hal-hazırda faktiki olaraq onun sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə dair onunla Cavabdeh arasında 7 mart 1992- ci il tarixli alğı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömr əli qətnaməsi ilə iddia təmin edilmiş, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, Cavabdeh adına olan 0.25 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış 7 mart 1992-ci il tarixli alğı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsi qət edilmişdir. (hakim Marif Kazımov)

3. Qətnamə ilə hüquq və maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü i l tarixli 2(104)2917/2023 saylı qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömrəli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxslər qismində Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatına verilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iddianın predmetini təşkil etmiş torpaq sahəsi ilə bağlı iddiaçı ilə apellyasiya şikayəti verən şəxslər arasında mübahisə vardır. Digər məhkəmə mübashiəsləri üzrə qəbul edilmiş məhkəmə qətnamələrinin məzmunundan işin bu halı aydın şəkildə müəyyən olunur. İş materialları ilə mübahisəli torpaq sahəsinin cavabdehə məxsusluğu müəyyən olunmur. Buna görə də, qətnamə apellya siya şikayəti verən şəxslərin hüquq və vəzifələrinə toxunur.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)907/2024 saylı qərardadı ilə apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-907/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-499/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmiş, İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Mustafa Mustafayev) b) Kassasiya instansiyası məhkəməsində birinci icraat

7. İddiaçı apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli 2(104)-907/2024 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

9. Kassasiya instansiyası məhkəməsini mövqeyi belə olmuşdur: - Mülki Prosessual Məcəllənin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayə ti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir; - qeyd edilməlidir ki, işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qətnaməsi ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: - onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması; - işə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət edir. Bu isə belə şəxsin pozulmuş hüquq larının bərpasına yönələn səmərəli məhkəmə müdafiəsini təmin edən müvafiq prosessual təminatları tələb edir. Belə prosessual təminat Mülki Prosessual Məcəllənin 387.2.4 və 418.4.6-cı maddələrində müəyyən edilmişdir; - mübahisəyə baxılması ilə əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulmuş, apellyasiya instansiyası məhkəməsi işə baxarkən üçüncü şəxsə münasibətdə apellyasiya mümkünlüyünə düzgün hüquqi qiymət verməmişdir; - belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 hər hansı hüquqlarına və maraqlarına toxunan məsələ həll edilməmişdir. Qətnamə ilə barəsində iddiaçı və cavabdeh arasında əqdin bağlanmış hesab edilməsi müəyyən edilmiş fərdi yaşayış evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə dair apellyasiya şikayəti verən şəxslərin hər hansı hüququ və tələbi mövcud deyildir. Apellyatorlar həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına və qonşuları olan iddiaçının onlara qarşı torpaq iddiasının olmasına və gələcəkdə də belə iddiaların ola biləcəyi ehtimalına istinad edərək bu qətnamənin onların marağına toxunduğunu iddia edir; - Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir; - qeyd edilən prossesual hüquq normalarının tələblərindən görünür ki, hər bir şəxs yalnız öz hüququnun və ya qanunla qorunan mənafeyinin qorunması üçün məhkəməyə müraciət edə bilər, qanuni qüvvəyə minmiş məhkəmə aktları yalnız işdə iştirak etməyən maraqlı şəxslərin mənafelərinə toxunduğu halda onlar tərəfində n mübahisələndirilə bilər. Əks yanaşma, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi və hüquqi müəyyənlik prinsipinin pozulmasına şərait yaratmış olur; - Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumu “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında vurğulamışdır ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlay ışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən bax ılmasını tələb edə bilməz; - Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir; - qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktla rının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir; - bu mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır; - Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin proses sual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir; - qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabit liyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır; - Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plenumu müxtəlif qərarlarında bu məsələ ilə bağlı öz hüquqi mövqeyini dəqiq ifadə etmişdir. Lakin hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında əks olunmuş hüquqi mövqeyi nəzərə almayaraq, Mülki Prosessual Məcəllənin normalarının tələbləri ilə uzlaşmayan qərar qəbul etmişdir; - buna görə də, apellyasiya instansiya məhkəməsinin buna hüququ olmayan şəxsin verdiyi apellyasiya şikayəti əsasında işə mahiyyəti üzrə baxaraq qəbul etdiyi qə rar yuxarıda qeyd edilən prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə bildiyindən ləğv edilməli, yuxarıda şərh olunan hallar nəzərə alınmaqla, Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 apellyasiya şikayətinin mümkünlük məsələsi yenidən müzakirə olunması üçün iş yeni apellyasiya baxışına qaytarılmalıdır. b)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

10. Təkrar apelyasiya baxışında qətnamə ilə maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 göstərmişlər ki, onlar hazırda iddiaçı ilə qonşu kimi barışımış və aralarında heç bir mübahsələri yoxdur. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası qaydasında DƏDRX-nin 11 saylı Əİ-nin mütəxəssisi tərəfindən hər iki torpaq sahəsinin koordinatları üzrə sərhədləri onlara tanıdılmış və İcra şöbəsi tərəfindən müvafiq akt tərtib edilmişdir. Hər iki torpaq sahəsinin sərhədlərinə dəmir arakəsmə və metal tor çəkilmişdir. Yəni hazırkı qətnamə ilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilən 0.25 ha torpaq sahəsi İddiaçı istifadəsində olan 0.25 ha həyətyanı torpaq sahəsidir. Buna görə, aralarında barışıq sazişinin bağlanılmasını xahiş edirlər. Gələcəkdə də iddiaçıya qarşı hər hansı tələbləri olmayacaqdır.

11. İddiaçı göstərmişdir ki, həqiqətən Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası qaydasında DƏDRX-nin 11 saylı Əİ-nin mütəxəssisi tərəfindən hər iki torpaq sahəsinin koordinatları üzrə sərhədləri onlara tanıdılmış və İcra şöbəsi tərəfindən müvafiq akt tərtib edilmişdir. Hər iki torpaq sahəsinin sərhədlərinə dəmir arakəsmə və metal tor çəkilmişdir. Hazırkı qətnamə ilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilən 0.25 ha torpaq sahəsi onun istifadəsində olan 0.25 ha həyətyanı torpaq sahəsidir və gələcəkdə Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 qarşı hər hansı torpaq tələbi olmayacaqdır.

12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-445/2025 nömrəli iş üzrə 13 fevral 2025-ci il tarixli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli 2(104)-907/2024 saylı qərardadı ləğv edilmiş, qətnamə ilə hüquq və maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(042)-499/2023 say lı qətnaməsindən verdikləri apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir. (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Günay Cavadova, Şamil Rzaquliyev)

13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 hər hansı hüquqlarına və maraqlarına toxunan məsələ həll edilməmişdir. Qətnamə ilə barəsində iddiaçı və cavabdeh arasında əqdin bağlanmış hesab edilməsi müəyyən edilmiş fərdi yaşayış evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə dair apellyasiya şikayəti verən şəxslərin hər hansı hüququ və tələbi mövcud deyildir.

14. Apellyatorlar həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına və qonşuları olan iddiaçının onlara qarşı torpaq iddiasının olmasına və gələcəkdə də belə id diaların ola biləcəyi ehtimalına istinad edərək bu qətnamənin onların marağına toxunduğunu iddia edir. Prossesual hüquq normalarının tələblərinə görə, hər bir şəxs yalnız öz hüququnun və ya qanunla qorunan mənafeyinin qorunması üçün məhkəməyə müraciət edə bilər, qanuni qüvvəyə minmiş məhkəmə aktları yalnız işdə iştirak etməyən maraqlı şəxslərin mənafelərinə toxunduğu halda onlar tərəfindən mübahisələndirilə bilər. Əks yanaşma, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi və hüquqi müəyyənlik prinsipinin pozulmasına şərait yaratmış olur

15. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, iddiaçı ilə qətnamə ilə hüquq və maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 arasında hazırda hər hansı bir bir mübahisə yoxdur. Onların arasında olan əvvəlki mübahisəni n isə hazırkı iddiaçının istifadəsində olan torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur. İddiaçının gələcəkdə belə iddiaların ola biləcəyi ehtimalı isə həmin şəxslərin məhkəmə aktı ilə hüquq və maraqlarına toxunan şəxslər kimi işə cəlb edilməsinə prosessual hüquqi əsas vermir.

16. Digər tərəfdən, iddiaçı ilə həmin şəxslər məhkəmə kollegiyasının iclasında öz aralarında razılığa gələrək, gələcəkdə bir-birlərinə qarşı hazırkı qətnamə ilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilən 0.25 ha torpaq sahəsi üzrə hər hansı iddialarının olmayacağını bildirdilər.

17. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 357.1 və 357.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Qətnamə ilə hüquq və maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs2 Museyib oğlu və Maraqlı şəxs1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2(042)-499/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarıması barədə qərar qəbul edilmisini xahiş etmişdirlər.

19. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, İddiaçı sözügedən alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmiş 0.25 ha torpaq sahəsinin 0.03 ha hissəsini onların mülkiyyətində olan torpaq sahəsində olduğuna iddia edir. Belə ki, qonşuları olan İddiaçı həmin müqavilədə Gədəbəy rayonu, Novoivanovka kəndində yaşamış X2 məxsus olmuş təsərrüfata qeyr i-qanuni yiyələnərək qurma şəxs olan və şəxsiyyəti məhkəməyə və tərəflərə məlum olmayan X5 adlı və əslində həyatda olmayan şəxsin mülkiyyəti hesab edilərək qeyri-qanuni sənədləşdirməyə çalışılan torpaq sahəsinin 0.03 ha hissəsini onların dövlət tərəfindən mülkiyyət hüquqları tanınan torpaq sahəsində görərək iddia etmişdir. Belə ki, iddaçı həmin sadə yazılı formada tərtib edilmiş alğı-satqı müqaviləsinə əsaslanmaqla güya X3 məxsus olmuş,0.25 ha həyətyanı torpaq sahəsinin artıq onun mülkiyyəti olmasını hesab edərək onlara qarşı Gədəbəy Rayon Məhkəməsində həyətyanı torpaq sahəsinin 0.03 ha hissəsini zəbt etmələrinə dair iddia qaldırmış, ancaq iddianı təsdiq edən möhtəbər sübutları məhkəməyə təqdim edə bilməməsinə görə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-718/2022 saylı qətnaməsi ilə iddiası təmin edilməmiş, bundan heç bir nəticə çıxarmayaraq iddaçının arvadı X1 mülkiyyətlərində olan torpaq sahəsinə sahiblənməsinə, ara sərhədi olan çəpəri qəsdən qırmasına görə Gədəbəy Rayon Polis Şöbəsinə şikayət etmək məcburiyyətində qalmışlar. Ancaq iddiaçı hazırkı qətnamə ilə almış olduğunun təsdiq edildiyi məlum torpaq sahəsinə mülkiyyətçi olduqdan sonra onlara qarşı torpağın zəbtdən azad olunmasına dair iddiasını qaldıracaq. Belə ki, iş üzrə təyin edilmiş DƏDKR PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinin 17 avqust 2023-cü il tarixli Ekspertizanın rəyindən görünür ki, iddaiçının istifadəsində olan mübahisəli 0.25 ha torpaq sahəsi Daşınmaz əmlakın baza məlumatında mövcud olan koordinatlar onların mülkiyyətində olan torpaq sahəsinin üzərində göstərilmişdir. İddaçı bu halı əsas gətirərək onların mülkiyyətində olan torpaq sahəsinə iddia edəcəyi qaçılmazdır (Ekspertizanın rəyi əlavə edilmişdir). Bundan əlavə iddaçı və onun həyat yoldaşına qarşı Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-575/2023 saylı “maneənin aradan qaldırılması” barədə məhkəmə qərarı icra edilərkən mütəxəssis mülkiyyətlərində olan 0.25 ha torpaq sahəsinin koordinantlarını yerində göstərərkən Gədəbəy rayon icra və probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində akt tərtib edilmişdir. İddiaçı və onun həyat yoldaşı X4 həmin koordinatla razı olmadıqları üçün həmin aktı imzalamaqdan imtina etmiş və bu barədə imtina aktı qəbul edilmişdir. Sual olunur ki, əgər onların mülkiyyətində olan torpaq sahəsinə iddaçının iddiası yoxdursa, nə üçün akta imza atmamışdır? (Akt işə əlavə olu nmuşdur). Bundan əlavə, Gəncə Apellyasiya Məhkəməsinin iclası zamanı iddaçılara təklif etsələr də ki, barışıq sazişi bağlansın, iddaçı etiraf etsin ki, onların mülkiyyətində olan torpağa hər hansı iddası yoxdur. Lakin məhkəmə onların buna hüququ olmadığını əsas gətirərək xahişlərini rədd etmişdir. Qeyd olunanlardan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-499/2023 saylı qətnaməsi onların hüquqlarına birbaşa toxunmaqdadır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən torpaq sahəsinin mövcudluğunu, qeyd olunan torpaq sahəsinin harda yerləşməsini və həmin ərazidə kimsə maraqlarına toxunmasını araşdırmamış və nəticədə onların konstitusiyon hüquqlarını kobud pozmuşdur. İş materiallarında olan sənədlərindən görünür ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(042)-499/2023 saylı qətnaməsi qəbul olunduqdan sonra iddiaçı və onun həyat yoldaşı onlara məxsus torpaq sahəsində tələb irəli sürməyə başlamışlar. Bu da birinci instansiya işi araşdırımadan qətnamə qəbul etməsinin nəticəsində olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək onun rədd, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidi r. Maddə 357.1. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmən in gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Kassasiya şikayətində qərardad tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qərardadı tam yoxlayır.

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Prosessual qanunvericiliyin tələbinə görə şikayətin apellyasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir. Belə əsaslardan biri də şikayət verən şəxsin mövcud hüququnun olmasıdır. Bu hüquq Mülki Prosessual Məcllənin 357.1-ci maddəsində tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər üçün nəzərdə tutulub. Bundan əlavə, həmin Məcəllənin 357.2-ci maddəsi apellyasiya şikayəti vermək hüququnu işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərə də aid etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallara görə isə hazırda apellyasiya şikayəti verən şəxslər iş üztə tərəf, üçüncü şəxs, ərizəçi və maraqlı şəxs deyillər. Eləcə də barəsində şikayət verilən qətnamə apellyatorların hüquq və vəzifələrinə toxunmur.

27. Belə olan halda da, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyri-mümkün sayılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni prosessual qanunvericiliyə uyğun sayır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini qeyri-mümkün sayarkən barəsində şikayət verilən qətnamə ilə həll edilmiş iddia tələbinin dairəsini müəyyən etmiş, təmin edilmiş iddia tələbinin apellyatorların marağına toxunmadığın düzgün müəyyənləşdirərək qanuni nəticəyə gəlmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qərardad qəbul etmişdir.

29. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

30. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər şikayətin mümkün sayılmasına əsas verən dəlillər deyil, üstəlik, kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə əvvəlki qərarında göstərilənlər baxımından da əsaslı sayıla bilməz.

31. Məhkəmə kollegiyası qeyd olunanlara əsas ən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qətnamə ilə hüquq və maraqlarına toxunan şəxslər qismində Maraqlı şəxs2 və Maraqlı şəxs1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-445/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar