Məhkəmə qərarları › İş №2(102)-1345/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1345/2023

03.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1345/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1345/2023 (Açar sözlər: yaşayış sahəsindən çıxarılma, gözlənilən hüquq, qanunun anologiyası, ərarvadın əmlakının qanuni rejimi, sübutetmə yükü) Bakı şəhəri, 03 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafi qızı oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və X2 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6874/ 2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə 03 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri M.Ə.Rəsulzadə qəsəbəsi, X6 küçəsi, ev 6 ünvanında yerləşən 3 saylı mənzil Bakı Şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 03 iyul 1996-cı il tarixli, MH seriyalı 035521 saylı qeydiyyat vəsiqəsinə əsasən X3 adına qeydiyyata alınmış, sonuncu 24 iyul 2013-cü il tarixdə ölmüş və mənzil vərəsəlik qaydasında 19 sentyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən miras qoyanın əri İddiaçı1 (bundan sonra – birinci iddiaçı), qızı İddiaçı2 (bunda n sonra – ikinci iddiaçı) və oğlu X1, X9 19 sentyabr 2015-ci il tarixli müqaviləyə əsasən miras əmlakdakı payını atası olan birinci iddiaçıya bağışlamış, bundan sonra mübahisəli mənzil 28 sentyabr 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ ilə iddiaçıların adına qeydiyyata alınmışdır.

2. Cavabdeh 26 sentyabr 2007-ci il tarixdə miras qoyanın oğlu - X9 ilə nikaha daxil olmaqla, sözügedən mənzilə gəlin köçmüş, bu nikahdan 02 yanvar 2008-ci il tarixdə Nihad adlı uşaqları doğulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşağın cavabdehin yanında qalması qət edilmişdir.

3. Qeyd olunan mənzil iki mərtəbədən ibarət olmaqla, ikinci mərtəbədə yerləşən tikili (bundan sonra – müba hisəli tikili) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdeh və azyaşlı oğlu hazırda giriş-çıxışı ayrı olan ikinci mərtəbədə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin və azyaşlı oğlu X4 onlara məxsus mənzildən, o cümlədən mənzilin ikinci mərtəbəsindən çıxarılması, X4 həmin mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

5. İddia onuna əsaslandırılmışdır ki, iddiaçılar sözügedən mənzilin tam hüquqlu mülkiyyətçiləri, cavabdeh isə birinci iddiaçının keçmiş gəlini olmaqla ailə qurduqdan sonra bir müddət müvəqqəti onların evində yaşama sına icazə vermiş, sonradan mənzili tərk etmə tələblərinə əsasən sadəcə oğlu getmiş, cavabdeh və azyaşlı oğlu isə mənzildə qalmaqda davam etmişlər. Lakin cavabdeh daim evdə söz-söhbət yaratmağı, hamını gərginlikdə saxlamağı xoşladığından onunla yaşayaraq, qanuni mülkiyyətlərində olan mənzili bölüşmək istəmirlər. Həmçinin, cavabdeh özü məhkəməyə müraciət edərək oğlu ilə nikahlarının pozulmasını istəmişdir. Belə olan halda, cavabdeh onların ailə üzvü deyildir və onların evində yaşamağını istəmirlər. Məhz bu səbəbdən cavabdehin mənzilə qeydiyyata düşməsinə razılıq verməmişlər.

6. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/1186 nömrəli rəyində iddiaçıla rın mülkiyyətində olan mənzilin ikinci mərtəbəsinin mövcud olduğu, həmin mənzilə dair hər hansı texniki pasport aşkar edilmədiyindən sözügedən yaşayış sahəsinin texniki pasportda öz əksini tapıbtapmamasını müəyyən etməyin mümkün olmadığı qeyd olunmuşdur.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 19 avqust 2021-ci il tarixli, 2(001)-787/2021 nömrəli qətnaməsi ilə (hakim G.Abbasova) iddia təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən bildirmişdir ki, mənzilin 2-ci mərtəbəsi cavabdeh həmin evə gəlin köçənədək iddiaçılar tərəfindən öz vəsaitləri hesabına artıq inşa edilmiş və tikilmişdir. İşin bu halı mübahisəsizdir və bir daha təsdiq edir ki, həmin yaşayış sahəsi iddiaçıların şəxsi əmlakıdır və onlar həmin yaşayış sahəsinin sahibidirlər. Hazırda onların qanuni gözləntiyə malik olduqları hüquq gələcəkdə onların həmin yaşayış sahəsinin mülkiyyətçisi olmalarını istisna etmir. Belə ki, iddiaçıların mülkiyyətçisi olduqları yaşayış sahəsinin ikinci mərtəbəsi hal-hazırda özbaşına tikili statusunda olsa da, onların mülkiyyətində olan mənzilin (yaşayış sahəsinin) ayrılmaz tərkib hissəsidir.

9. Məhkəmənin qənaətinə görə, 02 yanvar 2008-ci il təvəllüdlü X10 birinci iddiaçının nəvəsi olsa da, ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin mübahisəli mənzildə yaşamaq və ondan istifadə etmək səlahiyyəti ola bilməz. Çünki onun bu istəyi ən azından babası olan iddiaçının bilavasitə razı lığı ilə şərtləndirilir. Mübahisəli evə faktiki sahiblik edən və mülkiyyət hüququnun yaranmasına gözləntisi olan iddiaçını isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Həmçinin, qeyd olunmalıdır ki, yetkinlik yaşına çatmamış uşağın yaşayış yeri onun valideyinlərinin yaşayış yeri ilə müəyyən edilməlidir. 02 yanvar 2008-ci il təvəllüdlü X5 yaşayış yeri isə məhkəmə qətnaməsinə əsasən anasının yanında müəyyən edilmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.4, 157.8, 164.1, 164.2, 178.1-ci maddələrinə, eləcə də Avropa Məhkəməsinin presedent hüququna istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiy a məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2007-ci il tarixdə iddiaçılara məxsus mənzilə gəlin köçmüş, həmin vaxt köçdüyü mənzilin üstündə 1-ci mərtəbədən təcrid olunmuş, ayrıca pilləkənlə giriş-çıxışı olan özbaşına inşa edilmiş yarımçıq tikili olmuş, o, valideynlərinin maddi köməyi ilə əri ilə birgə həmin yarımçıq tikilini tamamlamış və 2-ci mərtəbədə yerləşən həmin özbaşına tikiliyə köçmüşlər. Evin içərisini əri ilə birlikdə təmir etdirmiş, istilik sistemini və kondisioneri birgə qazancları hesabına quraşdırmış, mətbəx mebeli isə anası və qardaşları tərəfindən yığılmışdır. 14 ildir ki, onlar həmin mənzildə yaşayırlar. İşə baxan birinci instansiya məhkəməsi isə maddi hüquq normalarını pozaraq iddiaçıların onların yaşadıqları özbaşına tikiliyə mülkiyyət hüquqları, eyni zamanda iddia qaldırmağa subyektiv hüquqları belə olmadığı halda, onların iddiasını təmin etmişdir. Bundan əlavə, məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizasının rəyi də əsaslı olmamış, ekspert qarşısında qoyulan suallar tam cavablandırılmamış, həmin mənzillə bağlı hüquqi sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən əldə edilməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-876/2022 nömrəli, 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyiş dirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh 2007-ci ildə birinci iddiaçının oğlu ilə rəsmi nikaha daxil olub mübahisəli mənzilə köçdüyündən, həmin mənzildən istifadə ilə bağlı hüquq münasibətləri Mülki Məcəlləsinin 228-ci maddəsi ilə tənzimlənməlidir. Həmin dövrdə mənzilin mülkiyyətçisi cavabdehin qaynanası X8 olmuş, cavabdeh mülki qanunvericiliyə əsasən mülkiyyətçinin ailə üzvü olmamış, habelə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onunla notarial qaydada təsdiq olunmuş razılaşma mövcud deyildir.

15. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə, həmçinin qeyd etmişdir ki, mənzilin birinci mərtəbəsinin üstündə inşa edilmiş ikinci mərtəbə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçıların həmin yaşayış sahəsinə mülkiyyət hüququnu tanıtmağa gözlənti hüquqları var və Avropa Məhkəməsinin presedentləri baxımından qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

16. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti vermişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər M.Əhmədov, İ.Xəlilov və Ə.Əliyev) (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-3468/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.

18. Kassasiya instansiyası məhk əməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı əsaslı sayarkən eyni vaxtda Mülki Məcəllənin həm mülkiyyət hüququn müdafiəsi ilə bağlı 157.4-cü, həm də sahibliyin müdafiəsi ilə bağlı 164.1-ci maddələrinə, həmçinin Avropa Məhkəməsinin gözlənilən mülkiyyət hüququ ilə bağlı presedent hüququna istinad etmiş, 157.4-cü maddənin dispoziya şərtləri ilə bağlı araşdırma apararkən qeyd etmişdir ki, iddiaçıların mülkiyyətçisi olduqları mənzilin ikinci mərtəbəsi hal-hazırda özbaşına tikili statusunda olsa da, onların mülkiyyətində olan mənzilin (yaşayış sahəsinin) ayrılmaz tərkib hissəsi olmaqla, iddiaçıların həmin yaşayış sahəsinə mülkiyyət hüququnu tanıtmağa gözlənti hüquqları vardır və Avropa Məhkəməsinin presedentləri baxımından qanuni və əsaslı gözlənti hüququ mülkiyyət hüququ kimi qi ymətləndirilir

19. Göründüyü kimi, mübahisəli tikiliyə dair hüquqi vəziyyət belədir ki, həmin tikili özbaşına olmaqla iddiaçılar onun mülkiyyətçisi deyillər, eyni zamanda Kollegiyanın qənaətinə görə, iddiaçıların həmin tikili üzərində mülkiyyət hüququna gözləntilərinin qanuni və əsaslı sayıla bilməsi üçün zəruri şərtlər də məhkəmələr tərəfindən müəyyən edilməmiş, bu istiqamətdə heç bir araşdırma aparılmamış, eyni zamanda tərəflər arasında bununla bağlı mübahisə olmasına baxmayaraq həmin tikilinin cavabdehin gəlin köçməsinə qədər iddiaçılar tərəfindən onların vəsaiti hesabına tikilməsinin mübahisəsiz olduğunu qeyd edilməklə bununla bağlı heç bir sübuta istinad etməmiş və işdə olan sübutlara və dəlillərə hüquqi qiymət verməmişlər. Belə olan halda, əksi müəyyən olunanadək mülkiyyətçi olmayan şəxs MM-in 157.4-cü maddəsinə istinad edərək maneçiliyə son qoyulması barədə iddia qaldıra, məhkəmə isə həmin normaya əsaslanmaqla tələbi təmin edə bilməz. Odur ki, məhkəmələr hazırkı iş üzrə qeyd olunan maddi hüquq normasını düzgün tətbiq etməmişlər

20. Eyni zamanda, hazırkı işdə mübahisə predmeti olan tikiliyə iddiaçıların hər hansı məhdud əşya hüququna malik olması işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 157.8-ci maddəsinin tətbiq edilməsi də mümkün deyil.

21. Kollegiya, həmçinin qeyd etmişdir ki, iddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair Mülki Məcəllənin 164.1 və 165.1-ci maddələrinin yoxlanıla bilməsi üçün iddiaçıların əşyaya sahiblik etmələri faktı müəyyən edilməlidir. Lakin məhkəmələr tərəfindən iddiaçıların mübahisəli tikiliyə sahiblik etmələri faktı da müəyyən edilməmişdir, əksinə işin mübahisəsiz hallarından görünür ki, hazırda həmin tikilidə cavabdeh və azyaşlı oğlu yaşamaqla sahiblik edirlər.

22. Həmçinin, nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi mübahisəli tikilinin cavabdeh gəlin köçənə qədər iddiaçılar tərəfindən onların vəsaiti hesabına tikilməsinin mübahisəsiz olduğunu bildirsə də, cavabdeh apellyasiya şikayətində mübahisəli mənzilin ikinci mərtəbəsində yerləşən tikilinin birinci iddiaçının oğlu ilə birgə nikah dövrlərində ümumi gəlirləri hesabına tamamlandığını, yaşayış sahəsi kimi istifadə üçün lazımi avadanlıqlarla təchiz edildiyini, buna görə də iddiaçıların həmin sahəyə dair heç bir hüquqları yaranmadığından hazırkı iddianı irəli sürə bilmək üçün subyektiv hüquqların ın olmadığına istinad etmişdir. Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla apellyasiya şikayətinin dəlillərinə heç bir hüquqi qiymət verməmiş, bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Halbuki, mübahisə predmeti olan tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, bir iqtisadi dəyər kimi mövcuddur və şikayətin dəlilləri yoxlanılmaqla onun (ər-arvad) birgə nikah dövründə tikilməsinin və ya dəyərini əhəmiyyətli dərəcədə artıracaq yaxşılaşdırmalar edilməsinin müəyyən edildiyi və hazırkı vəziyyətdə qarşı tərəfin həmin sahəyə qanunla qorunan hüquqlarının olmadığı halda onun sözügedən sahədən çıxarılması əsaslı sayıla bilməzdi.

23. Belə ki, bu halda mübahisənin həllinə qanunun analogiyası üzrə mülki və ailə qanunvericiliyini n ər-arvadın əmlak rejiminə dair normaları tətbiq olunmalı və nəzərə alınmalıdır ki, bu istiqamətdə qanuni prezumpsiya birgə nikah dövründə tikilmiş mübahisəli evin ər-arvadın ümumi birgə mülkiyyəti olması yönündədir. Əksi iddia onunduqda isə, bunu sübut etmək vəzifəsi iddia edən tərəfin üzərinə düşür. Lakin işə baxmış məhkəmələr qeyd olunanları nəzərə almadan sadalanan maddi hüquq normalarının mübahisəyə tətbiqi mümkünlüyü ilə bağlı hüquqi dəyərləndirmə aparmadan iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

24. Yeni apellyasiya baxışında birinci iddiaçının ölümü ilə əlaqədar oğlu X9 onun prosessual hüquqi varisi qismində tanınmışdır.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən X9 atası tərəfindən irəli sürülən iddia təl əbini müdafiə etdiyini bildirərək izahatında göstərmişdir ki, cavabdeh onunla ailə qurduqdan sonra sözügedən ünvandakı mənzilin ikinci mərtəbəsindəki yaşayış sahəsinə gəlin köçmüş, ikinci mərtəbədə onlar, birinci mərtəbədə isə mərhum ata-anası yaşamışlar. İkinci mərtəbədəki tikili həmin dövrdə hazır vəziyyətdə olmuş, bununla belə nikahları dövründə onun taxta qapı-pəncərələrini plastik qapı-pəncərələrlə əvəz etmiş, oraya kombi istilik sistemi çəkdirmiş, kondisioner almışlar. Dəqiq xatırlamır, amma ola bilsin ki, evin divar kağızları da dəyişdirilmişdir. Həmin yaşayış sahəsinin ayrıca pilləkənlə ayrı giriş-çıxışı var və hazırda orada keçmiş həyat yoldaşı övladı ilə birlikdə yaşayır. Atasının vəfatından sonra evin birinci mərtəbəsində yaşayan yoxdur. Hesab edir ki, ailə münasibətləri qalmadı ğından cavabdehin həmin evdə yaşaması düzgün deyil və məhkəmə qanuni qərar qəbul etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-6874/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), V.Sadıqov və X.Mərdanova) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya instansiya məhkəməsinin də göstərdiyi kimi, mübahisəli tikili özbaşına tikili olmaqla, iddiaçıların onun üzərində mülkiyyət və ya hər hansı məhdud əşya hüquqları olmadığından onların mülkiyyətindəki evdən təcrid vəziyyətdə olan tikilidə yaşayan cavabdehin, eləcə də onun azyaşlı uşağının oradan çıxarılmasını tələb etməyə subyektiv hüquqları mövcud deyil dir.

28. Həmçinin, iddianın hüquqi əsası kimi sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçıların əşyaya sahiblik etmələri faktı müəyyən edilməlidir. İşin mübahisələndirilməyən halına görə isə, iddiaçılar mübahisəli tikiliyə sahiblik etməmiş, 2007-ci ildən etibarən tikilidə cavabdeh və azyaşlı oğlu yaşamaqla, hazırda da ona sahiblik edirlər.

29. Digər tərəfdən, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, özbaşına tikilidən istifadə ilə bağlı mübahisələrdə başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması əsas götürülməlidir. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə mə hkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

30. Hazırkı işdə müəyyən olunan odur ki, mübahisəli tikili cavabdehin oraya gəlin köçməsinədək inşa edilmiş olsa da, cavabdeh orada yaşadığı müddətdə onun və həyat yoldaşı Rafael Babayevin səyi (zəhməti) ilə tikilidə cari təmir işləri (qapı-pəncərənin dəyişdirilm əsi, divar kağızının yenilənməsi və s.) həyata keçirilmiş, tikilinin dəyərinin artırılmasına xidmət edən müxtəlif yaxşılaşdırma işləri (kombi istilik sisteminin çəkilməsi) görülmüş, məişət əşyaları (kondisioner və s.) alınmış, tikili yaşayış üçün daha yararlı vəziyyətə gətirilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İkinci iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 01 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

32. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı qanuni mülkiyyətçisi olduğu yaşayış sahəsinə artırma inşa etmiş, bu zaman öz vəsaiti və əziyyəti hesabına əmlakını dəyişdirmişdir. Sonradan özünün inşa etdiyi hiss ədə öz oğlu olduğu üçün ona ailəsi ilə (cavabdehlə) birgə yaşamağa icazə vermişdir. Mübahisəli yaşayış sahəsi məhkəmənin səhvən qeyd etdiyi kimi ayrıca əmlak deyildir, əksinə mülkiyyətçinin (iddiaçının) evinə tam bitişik olmaqla artırılmış yaşayış sahəsidir. Hazırda isə cavabdehlə arasında heç bir ailə münasibəti olmadığı halda, iddiaçının qanuni mülkiyyətinin artırmasında yaşamaları aşkar surətdə mülkiyyətçinin öz əmlakından istifadə hüquqlarını pozur. Mülkiyyətçi əvvəllər inşa etdiyi artırma hissəni artıq istəmir, onu sökmək və öz əmlakını əvvəlki vəziyyətə qaytarmaq istəyir. Artırma hissənin qalması, o deməkdir ki, gələcəkdə mülkiyyətçinin əmlakına tam bitişik hissədə kənar şəxslərin yaşayacaq ora sahiblik edərək digər üçüncü şəxslərə istifadə etməyə icazə vermə ehtimalı istisna olmayac aq, hətta real olacaq (belə ki, cavabdeh yenidən ailə quracağı halda kənar şəxs gəlib rahatca mənim öz puluma tikdiyim, çiynimdə daşını daşıdığım evimdə yaşayacaq), mülkiyyətçinin əmlakı gün işiğindan məhrum qalacaq, əmlakı özgəninkiləşdirmək isə bütün hallarda qeyri mümkün olacaq. Mülkiyyətçi qanuni əmlakına dair sərbəst sərəncam verə bilmir, çünki evində kənar şəxslər yaşayır. Bu birbaşa mülkiyyət hüquqlarının pozulmasıdır.

33. Məhkəmə tərəfindən Müki Məcəllənin 166.1-166.2-ci maddələri də səhv tətbiq edilmişdir. Əvvəla ona görə ki, əşyaya sahiblik əsasənda mülkyyət hüququnun olmasına dair bu müddəa yalnız daşınar əşyalara aiddir. Daşınmaz əşyalarla bağlı isə ayrı yanaşma müəyyən edilmişdir (MM, maddə 166.3) Digər tərəfdən, bu norma tətbiq edilsə də, məhkəmə səhvən o qənaətə gəlmişdir ki, mübahisəli yaşayış sahəsi iddiaçının sahibliyində deyildir. Halbuki, iş materiallarında həmin yaşayış sahəsi də daxil olmaqla bütün ev üzrə kommunal xidmətlərin yalnız iddiaçı ilə bağlanması, kommunal xərclərin iddiaçı tərəfindən ödənilməsinə dair kifayət qədər sübutar vardır. Həmçinin iddiaçının sahiblik etməsinə cavabdeh mane olur. Məhkəmə bir tərəfdən mövqeyini ona əsaslanır ki, iddiaçı sahiblikdən məhrumetmə ilə bağlı iddia qaldıra bilməz, digər tərəfdən vurğulanır ki, iddiaçı mübahisəli əmlaka sahiblik etmir. Burada söhbət əmlakdan deyil, yaşayış sahəsindən gedir. İddiaçı öz əmlakına artırma olaraq bitişik yaşayış sahəsi inşa edib, amma ondan istifadə və sahiblik edə bilmir, çünki cavabdeh mane olur.

34. Həmçinin, sübutların qiymətləndirilməsi ilə bağlı prosessual tələblər də pozulm uşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində mübahisəli yaşayış sahəsini birgə nikah dövründə inşa edildiyini bildirsə də, məhkəmə baxışı zamanı bunu sübüt edə bilməmiş, əksinə tikilinin nikahdan əvvəl iddiaçı tərəfindən inşa edildiyini təsdiq etmiş, lakin sonradan evdə cüzi təmir işlərinin aparılmasını qeyd etmişdir. Məhkəmə zamanı iddiaçı (Babayev Rafael) təmirlə bağlı verdiyi izahatda aydın olaraq hakimin sualına cavab verərkən bildirmişdir ki, yalnız taxta pəncərələr plastikə dəyişilmişdir. Qapı isə dəyişilməmişdir. Buna baxmayaraq məhkəmə qətnaməsində səhvən qapı-pəncərələr qeyd edilmişdir. Halbuki, məhz qapının dəyişilməməsi məhkəməyə bildirilmişdir. Apellyatorun tikilinin əsaslı təmir edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməməsi fonunda məhkəmə yalnız birinci iddi açının dediklərinə istinad etməli olduğu halda, bütövlükdə qətnamədə sübut olunmayan nəticələrə (kondisioner və digər avadanlığın alınmasına dair) gəlmişdir.

35. Məhkəmə mübahisəli tikilinin ayrıca (təcrid olunmuş) tikili olması və həmin hissənin evin texniki pasportunda əks edilməməsi qənaətinə gəlmişdir. Halbuki, texniki pasport mövcud deyil və ya əldə edilməmişdir. Üstəlik işdə olan ekspert rəyi ümumiyyətlə nəzərə alınmamışdır. Məhkəmə iddiaçının hüquqlarının pozulmaması nəticəsinə gələrkən, onun qanuni mülkiyyətçi olduğu halda mülkiyyətində olan əmlaka dair gələcəkdə sərbəst sərəncam verə bilib-bilməyəcəyini, əgər mübahisəli tikili özbaşına tikili statusundadırsa və onu sökmək hüququ inşa etmiş şəxsə mənsubdursa, iddiaçı bu hüququndan mərhum edilib-edilmədiyini, yaxud (bu da işin mübah isəsiz halı olaraq müəyyən edilmişdir) evi söküb həmin tikinti materiallarından ayrı məqsədlər üçün istifadə etmək istədiyi zaman bunu edib-edə bilməyəcəyini aydınılaşdırmamışdır.

36. Eyni zamanda, kassasiya instansiyası ilk növbədə mübahisəli tikilinin birgə nikah dövründə inşa edilib-edilməməsi, daha sonra isə iddiaçının hüquqlarının müdafiəsinə dair subyektiv hüququnun olub-olmamasının aydınlaşdırıılmalı olmasını göstərmiş, lakin işə təkrar baxan apellyasiya məhkəməsi nədənsə tikilinin nikahdan əvvəl iddiaçının öz vəsaiti hesabına inşa edilməsinə əhəmiyyət vermədən, yalnız cavabdehin orada yaxşılaşdırma işlərinin aparılmasına istinad etmişdir. Cavabdeh kombi və plastik pəncərələri söküb apara da bilər. Bu kosmetik təmir sayılmaqla, nə əsaslı təmir, nə də ayrıla bilməyən yaxşılaşdırma tə mir işləri sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin dəlillərinin əsassız olduğunu, apellyasiya instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmədiyini bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

39. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə b ilər.

40. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

41. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

42. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

43. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia v erə bilər.

44. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

45. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

46. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər.

47. Maddə 225.1. Ə rlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

48. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

49. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur

50. Maddə 32.1. Nikah müddətind ə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır

51. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olma yaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

52. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul ed ilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibi və apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya qaydasında daha əvvəl işə baxmış məhkəmə tərkibinin göstərişləri yerinə yetirilmişdir. Ona görə də Məhkəmə kollegiyası həmin hallar üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.

63. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tə rəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır

64. Kassasiya şikayətinin digər dəlilləri isə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6874/2022 nömrəli, 01 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar