Məhkəmə qərarları › İş №2(102)-150/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-150/2024

29.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-150/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs "xxxx" MTK) iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikiliyə köçürmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs "xxxx" MTK) yaşayış sahəsinə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)1018/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inz ibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı ev (bundan sonra – mübahisəli tikili) lazımi icazələr alınmadan inşa edilmiş özbaşına tikilidir. 2. 25.07.2017-ci il tarixdə həmin tikilinin alqı-satqısına dair İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında “Beh müqaviləsi” adlandırılan sadə yazılı formalı sənəd imzalanmışdır. Sənəddə evin satış qiymətinin 70.000 manat olduğu, cavabdehin iddiaçıya 10000 manat beh verdiyi, evin boşaldılma tarixinin xx.xx.2017-ci olduğu, qalan 60.000 manatın 12 ilə hər ay 400 manat olmaqla ödəniləcəyi qeyd edilmişdir. 3. 28.07.2017-ci il tarixdə cavabdehlə "xxxx" Mənzil Tikinti Kooperativi (bundan sonra – üçün cü şəxs) arasında sonuncu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllədə inşa edilmiş 8-ci binanın, 1-ci blok, 2-ci mərtəbə, 8 saylı 2 otaqlı mənzilinə (bundan sonra – Mənzil) dair payçı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Mənzilin ümumi dəyəri 78430 manat təşkil etmiş, cavabdeh 11330 manat ilkin ödəniş etmiş, qalan məbləği "xxxx" ASC-dən alacağı kredit vəsaiti hesabına ödəməyi öhdəsinə götürmüşdür.

4. Tərəflərin razılaşması ilə 2017-ci ilin iyul ayında iddiaçı Mənzilə, cavabdeh isə mübahisəli tikiliyə köçərək yaşamağa başlamışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli tikiliyə köçürülməsini xahiş etmişdir.

6. İddia tələbi onunl a əsaslandırılmışdır ki, mübahisəli tikili özünə məxsusdur. Cavabdehlə aralarında beh müqaviləsi bağlandıqdan sonra cavabdeh və ev alqı-satqısı ilə məşğul olan Fərhad ona bildirmişlər ki, Mənzili alaraq ona təhvil verirlər. Ona ödənilməli olan pulu isə hər ay Mənzilin kreditinə ödəyəcəklər. Buna görə də onlarla razılaşmış və mübahisəli tikilini cavabdehə təhvil vermiş və Mənzilə köçmüş, orada yaşamağa başlamışdır. Bir müddət sonra məlum olmuşdur ki, cavabdeh və Fərhad ona məxsus mübahisəli tikilini ələ keçirmək üçün qabaqcadan əlbir olmuşlar və onu aldadaraq, evini ələ keçirmişlər. Belə ki, cavabdeh Mənzili öz adına sənədləşdirmiş, qabaqcadan razılaşdırdıqları kimi ödəməli olduğu pulu ödəməmişdir. Buna görə də hazırda "Kristal Abşeron” MTK tərəfindən Mənzildən çıxması tələb edilir, evin ko mmunal xidmətləri dayandırılıb, yaşamaq üçün başqa yeri yoxdur. Buna görə də hesab edir ki, özünə məxsus mübahisəli evə köçürülməlidir.

7. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-1480/2022 nömrəli, 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia rədd edilmiş, iddiaçıya mübahisəli tikili ilə bağlı vurulmuş zərərin ödənilməsi tələbinə dair məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

8. Məhkəmənin mövqeyi belə olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) iddiaçının istinad etdiyi 27.1-ci, 228.3-cü və 228.5-ci maddələri iddianın təmin olunmasına əsas vermir. Tərəflərin mübahisəli tikilidə faktiki cəhətdən birgə yaşamaları mümkün deyil. Bundan başqa işin faktiki hallarından görünür ki, tərəflə r arasında qeyri-rəsmi öhdəlik münasibətləri yaranmış və iddiaçı həmin münasibətlərdən irəli gələn hüququnun pozulmasını iddia edir. İddiaçı vurulmuş ziyanla bağlı cavabdehə qarşı iddia qaldıra bilər.

9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 442-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır.

12. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-101 8/2023 nömrəli iş üzrə 02 avqust 2023cü il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), A.Mahmudov və L.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, analoji işlərdə Mülki Məcəllənin 180.1-ci maddəsi daha geniş təfsir olunmalıdır. Bu maddəyə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən, istifadə hüququnun əldə edilməsi mümkün deyildir.

14. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bi r iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla, ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, həmin şəxsin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Belə ki, mübahisəli ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyadan istifadə etmək, onu sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və sair hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Göründüyü kimi tərəflər arasında bağlanmış bu razı laşma iddiaçının hazırda köçmək istədiyi mübahisəli özbaşına tikiliyə dair olmuş və həmin evin əvvəllər iddiaçının sahiblik və istifadəsində olması barədə fikir ayrılığı mövcud deyil.

15. Tərəflər arasında evin (özbaşına tikilinin) satılması barədə razılaşdıqları şərt məhz cavabdeh tərəfindən yerinə yetirilmədiyindən, iddiaçı faktiki olaraq sahibliyində olmuş mənzildən məhrum olmuşdur. Halbuki mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Mülki Məcəllənin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəliklərini şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Belə olan halda iddiaçının yaşayış ehtiyacını qarşılayan mövcud tikilidən istifadəyə cavabdeh tərəfindən imkan verilməməsi onun sahib olduğu əmlak hüququnu məhdudlaşdırır. Ona görə də iddia təmin edilməlidir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 5.3, 157, 164, 180, 425.1, MPM-in 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mənzil 12 il müddətinə deyil, 25 il müddətinə kreditlə alınmışdır. Tərəflər arasındakı razılaşmaya əsasən kreditin 60000 manata qədər olan hissəsini cavabdeh, qalan məbləği isə iddiaçının ödəyəcəyi şərtləşdirilmişdi r. Cavabdeh tərəfindən "xxxx" MTK-ya xx.xx.2017-ci ildən xx.xx.2022-ci ilədək 60000 manata yaxın ödəniş edilmişdir. Bunu təsdiq edən sübutlar var. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd olunan halları nəzərə almamış, ötən müddətdə nə qədər ödəniş edildiyini müəyyən etməmiş, bununla bağlı "xxxx" MTK-ya sorğu verməmişdir. Hər hansı mötəbər və təkzibedilməz sübut olmadan, yalnız iddiaçının izahatına əsaslanmaqla tərəflər arasında evin satılması barədə razılaşdıqları şərtin məhz cavabdeh tərəfindən yerinə yetirilməməsi barədə apellyasiya məhkəməsinin qənaəti yanlış olmuş, qətnamə əsaslandırılmamışdır.

19. Eyni zamanda tərəflər arasında münasibətlər kifayət qədər gərgin olduğundan mübahisəli evdə faktiki cəhətdən birgə yaşamaları mümkün deyildir və bunun üçün hər hansı əsaslar da müəyy ən edilmir. Belə ki, iddiaçı ilə cavabdeh arasında ailə münasibətləri, bir birini saxlamaq öhdəliyi və ya hər hansı bir qohumluq münasibətləri mövcud deyildir. Tərəflər arasında öhdəlik münasibətlərinin olduğu işin mübahisəsiz halıdır. Belə olan halda hazırkı iddianın predmeti öhdəliyin icra edilməməsi ilə bağlı tərəflərin bir-birinə vurduğu ziyanla, əqdin etibarsızlığı ilə bağlı ola bilərdi. Mənzilə köçürülmə ilə bağlı iddiaçının iddia tələbinin hüquqi əsası olmadığından iddia tələbi rədd edilməli idi. Məhkəmə tərəfindən cavabdehin iddiaçıya 10000 manat, "xxxx" MTK-ya 60000 manata yaxın ödəniş etməsi nəzərə alınmamış, cavabdehin məhkəmədə iştirakı təmin edilmədən, onun izahatı alınmadan, yalnız bir məhkəmə baxış iclası keçirməklə əsassız iddia tələbini təmin edilmişdir. b) Kassasiya şikay ətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Hazırkı icraat üzrə apellyasiya inst ansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə 43, İ hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllə

24. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

26. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyət i orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

29. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

30. Maddə 179.3. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir.

31. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

32. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri p ozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Prosessual Məcəllə

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apell yasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

43. İşə baxılarkən cavabdehə göndərilmiş məhkəmə bildirişləri ünvan düzgün olmadığı üçün geri qaytarılmış, apellyasiya baxışı zamanı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş 22.06.20-23-cü il tarixdə SMS-lə cavabdehin mobil telefon nömrəsinə çatdırılmışdır. MPM-in 135.7-ci maddəsinə əsasən bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. Buna baxmayaraq cavabdeh səbəbi barədə məlumat vermədən məhkəmə iclasında iştirak etməmiş, kifayət qədər vaxt verilməsinə baxmayaraq öz etirazlarını və sübutlarını həmin məhk əməyə təqdim etməmişdir.

44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, habelə apellyasiya instansiyası məhkəməsində cavabdehin təqdim etmədiyi dəlillərin yoxlanılması ilə bağlıdır. Hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

45. Nəzərə alınmalıdır ki, hətta cavabdehin istinad etdiyi dəlillər təsdiq olunduğu da iddianın rədd olunmasına hüquqi əsas vermir.

46. İlk növbədə ona görə ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olduğundan Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən belə tikilini inşa etmiş şəxsin həmin tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmamışdır. Mülki Məcəllənin 337.1-ci ma ddəsinə əsasən tərəflər arasında mübahisəli tikilinin ayrıca daşınmaz əmlak kimi alqı-satqısına dair bağlanmış müqavilə bağlandığı andan etibarsızdır (əhəmiyyətsizdir).

47. Eyni zamanda cavabdeh özü kasasiya şikayətində tikilinin dəyəri kimi razılaşdıqları məbləği iddiaçıya ödəmədiyini təsdiq etmişdir. Belə ki, cavabdehin özünün dediklərinə görə, o, mübahisəli tikiliyə görə iddiaçıya cəmi 10000 manat ödəmiş, 60000 manata yaxın məbləği isə üçüncü şəxslə bağladığı müqavilə üzrə öz adına alınmış Mənzilin dəyəri qismində ödəmişdir. Qeyd olunan Mənzilə dair müqavilə cavabdehlə bağlandığından həmin müqavilədən irəli gələn öhdəliklərin icrası və ya müqavilə tərəflərinin biri-birlərinə qarşı zərər tələbləri iddiaçı və cavabdeh arasında deyil, cavabdehlə üçüncü şəxs arasında mübahisənin predmetidir.

48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1018/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar