Məhkəmə qərarları › İş №2(102)-1519/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-1519/2023

07.03.2023 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1519/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin vəkil tərəfindən imzalanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İdd iaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1723/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdehlərə qarşı dəymiş zərərin yeni qiymətlə (bir səhmə görə 5 manat) qiymətləndirilməsi və 17.500 manat kompensasiyanın 25%-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, 75%-nin dövlət büdcəsindən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bund an sonra – birinci instansiya məhkəməsi) 2(011)-1723/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakim Samirə Eyvazova) işə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması əsası ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilməsini, işin icraata qəbul edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Ali Məhkəməyə göndərilmişdir.

4. İddiaçı tərəfindən verilmiş şikayət nəzərdən keçirilərkən məlum oldu ki, şikayətə vəkilin orderi əlavə olunsa da, şikayət vəkil tərəfindən tərtib olunmamış və imzalanmamışdır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 403-1.3.-cü maddəsinə əsasən, məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur.

6. MPM-in 407.3-cü maddəsinə əsasən, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.

7. Həmin Məcəllənin 403-1.4-cü maddəsinə görə, şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir.

8. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

9. Qeyd olunanlara əsasən, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

10. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia ərizəsi üzrə hər iki cavabdeh inzibati orqandır və iddia tələbi həmin orqanların qanunsuz hərəkətləri nəticəsində vurulduğu iddia edilən zərərin ödənilməsi (kompensasiya edilməsi) ilə bağlıdır. 11. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Məcəllənin 2.2.7-ci maddəsinə müvafiq olaraq, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. Lakin iddiaçı iddia ərizəsi ilə inzibati məhkəməyə deyil, ümumi məhkəməyə müraciət etmişdir.

13. Buna baxmayaraq, hazırkı icraat üzrə kassasiya şikayəti forma tələbləri baxımından düzgün tərtib edilmədiyi üçün qeyri-mümkün olduğundan, məhkəmə aidiyyəti və iddianın yolverilənliyi barədə yaranmış mübahisəyə yuxarıda sadalanan normaların tələbləri baxımından mahiyyəti üzrə qiymət vermək mümkün olmamışdır.

14. Qeyd edilənləri nəzərə alaraq və MPM-in 404-1.2 və 407-ci maddələrini rəhbər tutaraq, Qarışıq məhkəmə tərkibi QƏRARA ALDİ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1723/2023 nömrəli, 26 yanvar 2023cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və iş həmin məhkəməyə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar