Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1552/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borc tələbi, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(103)1013/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında ya zılı icraat qaydasında məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında 19 aprel 2017-ci il tarixli, 31E**********64 nömrəli müqavilə ilə "xxxx" QSC tərəfindən Cavabdeh hesab valyutası ABŞ dolları olan “My card debit My card Private” tipli kart verilmiş və kartın müddəti 30 aprel 2020-ci il tarixədək müəyyənləşdirilmişdir. 2. 01 iyun 2021-ci il tarixdə Cavabdeh hesabından 7197,56 ABŞ dolları məbləğində vergi ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 19 aprel 2017-ci il tarixli, 31E**********64 saylı m üqavilə üzrə yaranmış borc üzrə 7197,56 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 126,71 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19 aprel 2017-ci il tarixli, 31E**********64 saylı plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında müqaviləyə əsasən, cavabdehin sifariş ərizəsinə əsasən onun adına My card debit növlü kart hesabı açılmış və 4268********9841 nömrəli kart cavabdehə təhvil verilmişdir. 2021-ci ilin iyun ayında kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı 7197,56 ABŞ dolları məbləğində borc yaranmışdır. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik lər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsində edilmiş bir sıra dəyişikliklər çərçivəsində elektron ticarət sahəsi də vergiyə cəlb edilmişdir. Elektron ticarət qaydasında vergi tətbiq ediləcək iş və xidmətlər, elektron pul kisəsi, mərc oyunları, lotereya, digər yarış və müsabiqələrin müəyyən edilməsində istifadə ediləcək MCC (“X2”) kodlar adlandırılan kodlarda nağdsız ödənişin hansı istiqamətlərdə edildiyi və verginin ödənişə cəlb edilib-edilməməsi müəyyən edilir. Bank ilə prosessinq mərkəzi (AzeriCard, Millikart və s.) arasında razılaşmaya əsasən hər bir əməliyyat üzrə ödənişlər Visa, Mastercard tərəfindən müəyyən edilən MCC kodlar üzərindən gedir. Vergi qanunvericiliyinə əsasən, Azərbaycanda qeydiyyatda olmayan şirkətdən elektron iş və xidmətlər alan zaman vergi müştəri tərəfindən ödənilir. Vergi tutulmalı olan əməliyyatların aparıldığı kart iddiaçı tərəfindən verildiyindən hazırkı iş üzrə Bank vergi agenti qismində çıxış edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 168.1.5, 169.1 və 169.3-cü maddələri ƏDV-nin tətbiqini tənzimləyir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tə rəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır.
5. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, kartla sonuncu dəfə 2020-ci ilin sentyabrında əməliyyat aparmış, borc onun səhvi ucbatından yaranmamış, bankın səhvi olmuşdur. Cavabdeh həmçinin iddia müddətinin ötürüldüyünü bildirməklə, iddia müddətinin tətbiqinə dair ərizə vemişdir.
6. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 iyul 2024-cü il tarixli rəyində göstərilmişdir ki, Cavabdeh "xxxx" QSC-də olan plastik kart hesabında 01 iyun 2021-ci il tarixdə 7197,56 ABŞ dolları məbləğində overdraft yaradılmaqla bank vəsaitindən istifadə edilmiş və həmin məbləğin istifadə təyinatına əsasən vergi məbləğlərinin ödənilməsinə yönəldilmişdir.
7. İddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarış məlumatlarından görünür ki, onun tələb etdiyi məbləği 2020-ci ilin fevral ayından 2020-ci ilin oktyabr ayınadək aparılmış bank əməliyyatlarına görə tutulmalı olan 18 faiz vergi borcu əsasında hesablamışdır.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(001)1063/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Əliyev) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1091, 1092.1, 1095, 373.2, 375.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı "xxxx" QSC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(103)-1013/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Kazımov və N.Cəfərov) iddiaçı "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, tərəflər arasında “plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında” 19 aprel 2017-ci il tarixli, 31E**********64 nömrəli müqaviləyə əsasən, cavabdehə verilmiş plastik kartın müddəti 30 aprel 2020-ci ilə qədər olmuşdur. Cavabdeh kartı sonuncu dəfə 2020-ci ilin sentyabrında istifadə etdiyini bildirmişdir. İddiaçı da apellyasiya şikayətində ona istinad etmişdir ki, kartın müddəti 30 aprel 2020-ci il tarixdə bitsə də, cavabdeh özü də kartı sonuncu dəfə 2020-ci ilin sentyabr ayında istifadə etdiyini bildirmişdir. Beləliklə də müəyyən olunur ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur.
13. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Mülki iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə 27 noyabr 2023-cü ildə müraciət etmişdir. Deməli, hazırkı iş üzrə bank öz tələbi ilə bağlı məhkəməyə iddia müddətinin başlandığı, yəni kartın müddətinin bitdiyi 30 aprel 2020-ci il tarixdən üç illik müddət ötürüldükdən sonra, yəni 27 noyabr 2023-cü ildə müraciət etmiş, beləliklə də, qanunla belə tələblə bağlı müəyyən olunmuş üç illik iddia müddətini ötürmüşdür.
14. Apellyasiya kollegiyası qeyd edir ki, iddia müddətinin başlanğıcı, hətta cavabdehin kartı sonuncu dəfə istifadə etdiyini bildirdiyi 2020-ci ilin sentyabr ayından hesablansa belə, iddiaçı bank məhkəməyə 27 noyabr 2023-cü il tarixdə müraciət edən zaman yenə də üç illik iddia müddətini ötürmüşdür.
15. Bundan başqa, rayon məhkəməsi qətnaməsində həm də əsassız varlanma ilə bağlı normaları da qeyd etmiş, oradakı iki illik kəsici müddətin ötürüldüyünü də göstərmişdir.
16. Bununla bağlı, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, rayon məhkəməsi tətbiq edilən maddi hüquq normaları kimi iddia müddətinə istinad etmiş, cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə əsaslanmışdır. Bu baxımdan, apellyasiya kollegiyası hesab etmişdir ki, işə baxan rayon məhkəməsi mahiyyət etibarı ilə d üzgün qənaətə gəldiyindən, iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.2, 377.2, 386.1, 1091, 1092.1, 1095-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
18. İddiaçı "xxxx" QSC kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(103)-1013/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 2.3, 16.1, 399, 425-ci, Mülki Prosessual Məcəllənin 88, 217. 3, 218-ci maddələrinin tələbləri pozulmuşdur.
20. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlara məhkəmə düzgün qiymət verməmiş, Mülki Məcəllənin 399-cu maddəsinin düzgün tətbiq edilməməsinə səbəb olmuşdur. Həmin maddəyə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsas lanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Göründüyü kimi, istinad olunan maddi hüquq normasının tələbi üzrə müqavilənin qüvvədə olma müddətinin qurtarması yalnız o halda müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur ki, bu hal müqavilədə nəzərdə tutulsun. Hazırkı mülki işin hallarından məlum olduğu kimi, bu hal mövcud deyil. Belə ki, müqavilədə birbaşa nəzərdə tutulmuşdur ki, bu müqavilə tərəflər ləğv etməyənədək qüvvədədir. Cavabdeh ilə “Plastik kartın əldə edilməsi, istifadəsi və xüsusi kart hesabının açılması haqqında” 19 aprel 2017-ci il tarixli, 31E** ********64 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləni Cavabdeh imzalayaraq, müqavilənin bəndlərinə öz razılığını bildirmişdir. Müqavilənin 3.3.3-cü maddəsinə əsasən cavabdeh kartdan istifadə ilə bağlı yaranan borcu Banka ödəməyi, 3.3.9-cu maddəsinə əsasən isə istifadəsinə xitam verildikdə Kartı Banka qaytarmağı öhdəsinə götürür. Cavabdeh tərəfindən kartdan 2020-ci ilin sentyabrından sonra istifadə edilməməsi vurğulansa da, şəxs istifadəsinə xitam verdiyi kartı Banka qaytarmayaraq müqavilə üzrə öhdəliklərini pozmuşdur.
21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
23. Azərbaycan Respublikası mülki prosessual qanun vericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
24. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməs i barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddələrinə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 26. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqa vilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məh kəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təd qiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar olan apellyasiya şikayətinə ətraflı hüquqi qiymət verilmiş və məhkəmə həmin qiymətləndirmə ilə tam razıdır.
30. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər ar asında müqavilə münasibətlərinin mövcudluğunu və həmin müqavilə əsasında cavabdehin borcunun yaranmasını, yəni iddiaçının subyektiv hüququnun pozulmasını müəyyən etmiş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarına istinad etməklə iddia müddətini tətbiq etmişdir.
31. Bu zaman məhkəmə iddia müddətinin axımının əvvəlini düzgün müəyyən etmiş və iddia verilən tarixədək 3 illik iddia müddəti keçdiyindən Mülki Məcəllənin 373.2 və 375.2-ci maddələrinə əsasən iddiadan imtina edilməli olması barədə nəticəyə gəlmişdir.
32. Kassasiya şikayətinin dəlillərinə görə müqavilədə cavabdehin öhdəliklərinə müqavilənin müddətinin bitməsi ilə xitam verilməsi nəzərdə tutulmadığından, cavabdehin borcu tam ödəyənədək öhdəlikləri qalmaqdadır və bu halda iddia müddəti tətbiq oluna bilməz.
33. Məhk əmə kollegiyası kassasiya şikayətinin dəlili ilə razılaşmır.
34. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddə tinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
35. X1 Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasə n öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.
36. Hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilənin 3.3.3-cü bəndinə görə kart sahibinin kartdan istifadə ilə bağlı yaranan borcu banka ödəmək öhdəliyi vardır ki, bu öhdəliyin icrasının tələb etmə müddəti ilə bağlı müqavilədə xüsusi şərt mövcud deyildir.
37. Odur ki, Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarındakı hüquqi mövqeyi bu mübahisəyə tətbiq edilərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi öhdəliyin icra edilmə müddətinin müqavilənin sonu ilə müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Həmin tarixdən və ya cavabdehin kredit kartından son istifadə tarixindən iddia müddətinin axımı hesablandığı halda isə hazırkı iddia verildiyi 27 noyabr 20 23-cü ilədək, qanunla müqavilə tələbləri üçün müəyyən olunmuş üç illik iddia müddəti ötürülmüşdür.
38. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" QSC tərəfində n verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2(103)-1013/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.