Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1562/2023 31.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olması; hüquqi müəyyənlik prinsipi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı “işə bərpa, əmək haqqı, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7461/2022 nömrəli iş üzrə 10 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 31 mart 2023-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə (bundan sonra – iddiaçı) Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (bundan sonra - Şirkət, yaxud cavabdeh) arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsi ilə iddiaçı həmin Şirkətdə mallar üzrə menecer vəzifəsinə təyin edilmişdir.
2. Şirkətin xx.xx.2018-ci il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, Şirkətin iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi saxlanılmaqla onun Şirkətdə regional menecer vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün xx.xx.2018-ci il tarixdən hesablanmaqla işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqının ona ödənilməsi qət edilmişdir.
4. Şirkətin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında əmr etibarsız hesab edilmiş, iddiaçının işə çıxma günü xx.xx.2019-cu il hesab edilməklə region üzrə menecer vəzifəsinə bərpa olunmuşdur.
5. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “icra sənədi üzrə icraata xitam verilməsi” barədə xx.xx.2019-cu il tar ixli qərarı ilə, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir. 6. 20.05.2019-cu il tarixdə Şirkət İddiaçı bildiriş göndərərək onunla bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xx.xx.2019-cu il tarixdə xitam veriləcəyi barədə məlumat vermişdir.
7. Şirkətin xx.xx.2020-ci il tarixli 06/20 nömrəli əmrinə əsasən, İddiaçı ilə bağlanılmış 02/2011 nömrəli xx.xx.2011-ci il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Şirkətə qarşı iddia ərizəsi və iddia tələbləri nin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə Şirkətin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, müddətsiz əmək müqaviləsinin saxlanılması, ƏƏSMN-in elektron informasiya sistemində xxxxxxx000105 nömrəli X1 qüvvəyə salınması, tutduğu vəzifə saxlanılmaqla işə bərpa olunması və məcburi iş buraxmaya görə hər buraxılan iş günü üçün 630,07 manat orta əmək haqqının, xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixədək ödənilməyən əmək haqqı, müavinətlər, məzuniyyət haqqı və digər ödənişlərin əvəzi olan cəmi 155 089,9 manatın, xx.xx.2011-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək ödənilməmiş məbləğlərin hər gecikdirilmiş gün üçün 1% kompensasiyası qismində 789 822,62 manatın, audit xidməti üçün çəkilən 4002 manat xərcin ödə nilməsi, vurulmuş mənəvi ziyana görə 1000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-49/2022 nömrəli iş üzrə 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə (hakim Günay Axundova) iddiaçının “məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən xeyrinə tutulması” tələbi üzrə işin icraatına xitam verilməsi qərara alınmış, eyni tarixli qətnamə ilə iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə 231,22 manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertizanın xərci olaraq cavabdehdən 250 manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi iddiaçının “məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən xeyrinə tutulması” tələbi üzrə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, eyni tələb üzrə işə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.
11. Belə olan halda, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə hazırkı məhkəmədə baxıla bilməz. Əgər iddiaçı hesab edirsə ki, məcburi iş buraxmaya görə əmək haqqı az ödənilmişdir, o, Yasamal rayon İcra Şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarını mübahisələndirməlidir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “icra sənədi üzrə icraata xitam verilməsi barədə” xx.xx.2019-cu il tarixli qərar qəbul edilməmişdən əvvəl Yasamal rayon İcra şöbəsinin rəis əvəzinə ərizə ilə müraciət etmiş, ərizəsində icra vərəqəsində məcburi işburaxmaya görə əmək haqqının tam və düzgün ödənilmədiyini bildirmiş, lakin icra məmuru həmin əmək haqqının tam ödənilmədiyini nəzərə almadan icra sənədinin icraatına xitam vermişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7461/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakimlər - Elnur Həsənovun sədrliyi və məruzəsi ilə, Xumar Mərdanova və Vahid Sadıqovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, b irinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının “məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən xeyrinə tutulması” tələbi üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsi olduğundan, həmin qətnamənin tam icra edilməməsi ilə bağlı məsələyə mahiyyəti üzrə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir.
16. Məhkəmə kollegiyası əlavə olaraq bildirmişdir ki, iddiaçı, məcburi iş buraxmaya görə əmək haqqının ona az ödənildiyini hesab edirsə, Yasamal rayon İcra şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarını mübahisələndirməlidir.
17. Məhkəmə kol legiyası mövqeyini əsaslandırarkən MPM-in 261.0.2-ci maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri
18. İddiaçı (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir.
19. Kassator şikayətini onunla əsaslandırmışdır ki, məcburi işburaxma müddəti üçün ödənilən əmək haqqı qanunvericiliyin tələbinə uyğun ödənilməmişdir. Belə ki, həmin müddət üçün əmək haqqı orta əmək haqqı ilə yox, tarif maaşı ilə ödənilmişdir.
20. Kassator şikayətini MPM-in 14 və 388-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsi:
22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa icraata xitam verilir. Kassasiya baxışının hədləri
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfind ən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə, yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas ola bilməz.
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüq uq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
30. Belə ki, iddiaçının “məcburi işburaxmaya görə əmək haqqının cavabdehdən xeyrinə tutulması” tələbi üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsi olduğundan, həmin qətnamənin tam icra edilməməsi ilə bağlı məsələyə mahiyyəti üzrə yenidən baxılması mülki iraat qaydasında baxılması istisna edilir.
31. Odur ki, iddiaçının məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən xeyrinə tutulması tələbi üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcud olduğundan, haqlı olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad edilərək iş üzrə icraata xitam verilmişdir.
32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilinə münasibətdə bildirir ki, əgər iddiaçı məcburi iş buraxmaya görə əmək haqqının ona az ödənildiyini hesab edirsə, Yasamal rayon İcra Şöbəsinin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2019-cu il tarixli qərarını mübahisələndirməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7461/2022 nömrəli iş üzrə 10 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.