Məhkəmə qərarları › İş №2(102)-1593/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1593/2025

03.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1593/2025 03.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, müddətli əmək müqaviləsinin bağlanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2(103)6589/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 2012-2022-ci illərdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-də mühəndis vəzifəsində işləmiş, 23 fevral 2022-ci ildə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 7 saylı Bərdə Ərazi İdarəsinə daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma qiymətləndirmə və ünvan reyestri şöbəsinə 9-cu dərəcə vəzifə maaşı ilə mühəndis-inventarlaşdırıcı vəzifəsinə qəbul edilmiş, 01 iyun 2023-cü ildə eyni şöbəyə 1 ay müddətinə 10-cu dərəcə vəzifə maaşı ilə mütəxəssis vəzifəsinə keçirilmişdir. 2. 23 may 2024-cü il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 may 2024-cü il tarixli, K-96 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının və 60 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Vətən Müharibəsi iştirakçısıdır, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İxtisasca yer quruluşçusudur. 2012-ci ildən 2018-ci ilədək ixtisası üzrə müxtəlif vəzifələrdə işləmişdir. 2018-ci ildə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi MMC-nin Mingəçevir Layihə Tədqiqat İdarəsinə 8-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Həmin vaxtdan eyni qurumda müxtəlif vəzifələrdə işləsə də, 2024-cü ilin may ayının 23-də onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Halbuki onunla işəgötürən arasında hə r hansı müddətli əmək müqaviləsi bağlanmamışdır.

5. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ iddiaya etiraz verərək göstərmişdir ki, işçi olan iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanıldığdan əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşəgötürənin 23 fevral 2022-ci il tarixli, K-063 nömrəli əmri ilə iddiaçı cavabdeh PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsinə mühəndis-inventarlaşdırıcı vəzifəsinə təyin olunmuş və aralarında 23 fevral 2022-ci il tarixli, 1034 nömrəli “Əmək müqaviləsi” bağlanmışdır. İşəgötürənin 01 iyun 2023-cü il tarixli, k-137 nömrəli əmri ilə iddiaçı mütəxəssis vəzifəsinə təyin edilmiş və 23 fevral 2022-ci il tarixli, 1034 nömrəli “Əmək müqaviləsinə” dəyişiklik edilməsi barədə 01 iyun 2023-cü tarixli “Əlavə” imzalanmışdır. İddiaçı ilə 23 fevral 2022-ci il tarixli, 1034 nömrəli “Əmək müqaviləsi” bağlandıqdan sonra vəzifənin dəyişilməsi və əmək haqqının artırılması barədə həmin müqaviləyə müxtəlif vaxtlarda “Əlavələr” imzalanmışdır. Azərbaycan Respublikası Prezidentini n 26 iyun 2021-ci il tarixli, 1382 nömrəli fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 yaradılmışdır. 23 fevral 2022-ci il tarixdə yeni işə götürən olan PHŞ-in İdarə Heyətinin sədri ilə iddiaçı arasında müqavilə bağlanmışdır. İşçi olan iddiaçı ilə yeni işə götürən olan cavabdeh PHŞ arasında yeni əmək münasibətləri yarandığından Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələbinin nəzərə alınması mümkün olmamış və iddiaçı ilə müddətli əmək müqaviləsi bağlanılmışdır. İddiaçı 23 fevral 2022-ci il tarixdə əmək müqaviləsini bağlayan z aman müqaviləni oxumuş, müddəti və müddəaları ilə tanış olmuş və onu imzalamaqla qəbul etmişdir. Nə müqavilə imzalanan zaman, nə də ki işlədiyi 2 ildən artıq olan müddət ərzində müqavilənin müddətindən və ya şərtlərindən hər hansı formada şikayət etməmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 2(004)-4365/2024 nömrəli qətnaməsi ilə (hakim G.Babazadə) iddia təmin edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1də müxtəlif vəzifələrdə olmaqla 2012-ci il tarixdən işə başlamış və 23 may 2024-cü il tarixədək, yəni 11 aydan çox həmin vəzifədə çalışmışdır. İşlədiyi dövrlərdə hüquqi şəxsin adı dəyişdirilsə də, iddiaçı eyni yerdə çalışmış və eyni işləri görmüşdür. Həmçinin cavabdeh müqavilə lərin 1 aylıq bağlandığını bildirsə də, iddiaçı onunla hər ay müqavilə bağlanmadığını və müqavilələrin müddətli olmadığını bildirmişdir.

8. Belə ki, işçinin uzun illər ərzində həmin müəssisənin tabeliyində olan qurumlarda müxtəlif vəzifələrdə işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. Eyni strukturda iş stajına (11 ildən çox) malik işçi ilə 1 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respu blikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 45, 47, 84 və 300-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2(103)-6589/2024 nömrəli qətnaməsi ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər A.İmanov və F.Talışınski) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının i şə bərpa edilməli olan vəzifəsinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, iddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 7 saylı Bərdə Ərazi İdarəsində daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin kadastr üzrə mütəxəssisi vəzifəsinə bərpa edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya kollegiyası göstərmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin məzmunu baxımından da iddiaçının əmək funksiyasının və gördüyü işin daimi xarakter daşıması işin mübahisəsiz halıdır. Belə olan halda, cavabdehin iddiaçı ilə bağlanmış “Əmək müqavi ləsinin” hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) çıxış edərək müddətliyə dəyişdirilməsi işdən görünmür. Belə ki, eyni strukturda 13 ilə yaxın iş stajına malik işçi ilə 1 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz.

13. Bununla belə, işə baxmış birinci instansiya məhkəməsi iddiaçının bərpa edildiyi iş yerini düzgün göstərməmişdir. Belə ki, qətnamənin nəticə hissəsində iddiaçının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1də Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin kadastr üzrə mütəxəssisi vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Halbuki iş material larından görünür ki, iddiaçı həmin Şöbədə heç vaxt işləməmiş, PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşı olmuşdur.

14. Odur ki, qətnamə həmin hissədə dəyişdirilməli və iddiaçı cavabdeh PHŞ-in 7 saylı Bərdə Ərazi İdarəsində daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin kadastr üzrə mütəxəssisi vəzifəsinə bərpa edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

15. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2(103)-6589/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya inst ansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 11, 45, 47-ci maddələri, 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi, 73-cü maddəsi, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi pozulmuşdur.

17. Belə ki, işə baxan apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə uyğun olaraq işçi ilə əmək müqaviləsi bağlanmasının işəgötürünənin hüququ olduğunu, həmçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə müqaviləyə xitam verməsini nəzərə almamışdır. İddiaçı onunla müddətli əmək müqaviləsi bağlanmasından xəbərdar olmuş, 1 ay sonra işdən azad olunma ehtimalını bilmiş və bununla razılaşmışdır. Eyni zamanda, digər işçilərlə də analoji qaydada əmək müqavilələri bağlanmışdır ki, bu da özlüyündə işəgötürəni n nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədi olmadığının göstəricisidir. İddiaçı əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində işləmiş, sonrakı iş yeri isə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ olmuşdur ki, bunlar eyni qurumlar deyillər. Lakin işə baxan məhkəmə işin bu halına qiymət verməyərək iddiaçının eyni qurumda 13 ilə yaxın işləməsi ilə mövqeyini əsaslandırmışdır ki, bu da qanuni hesab edilə bilməz. İddiaçı cavabdeh qurumda 2022-2024-cü illərdə, cəmi 2 il işləmiş, odur ki, onunla 1 aylıq müddətli əmək müqaviləsinin bağlanması əsaslı olmuşdur. Belə ki, qanunverciliyə görə tərəflər arasında əmək münasibətləri 5 ildən artıq davam etdiyi halda iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlana bilərdi.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. İddiaçı kassasiya şikayətin etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iddiaçının cavabdehin tabeliyində olan qurumlarda ümumi iş stajı 11 il 8 ay 26 gün təşkil edir, onunla müddətli əmək müqaviləsinin bağlanması və sonra müqavilənin müddətinin bitməsi əsası ilə işdən azad edilməsi qanunsuz olmuşdur. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predm etini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəl lənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 47-ci maddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-c i maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən v ə dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırkı kassasiya şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.

27. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 1 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır.

28. Belə ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır.

29. Bu nöqtəyi nəzərdən kassasiya kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində göstərilən qarşılıqlı razılıq hazırki halda mövcud olmamışdır. Çünki “qarşılıqlı razılıq” deyiləndə hər iki tərəfin razılığı nəzərdə tutulur. İddiaçının 2012-ci ildən işlədiyi və əmək müqaviləsi müddətsiz xarakter daşıdığı halda isə, “öz xahişi ilə” əmək müqaviləsinə xitam verilməsi və cəmi 1 ay müddətinə yeni əmək müqaviləsi bağlanması onun iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altın da bağlanması daha inandırıcı görünür.

30. Bu zaman məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olmasının müəyyən edilməsi üçün ayrıca tələbə zərurət yoxdur. Bu məsələyə hüquqi qiymət verilməsi iddia tələbinin mahiyyətindən irəli gəlir. Odur k, apellyasiya məhkəməsi tərəfindən iddianın hədləri ilə bağlı prosessual hüquq normaların pozulmasına dair kassasiya şikayətinin dəlili də əsassızdır.

31. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli, 2(103)-6589/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar