Məhkəmə qərarları › İş №2(102)-1728/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1728/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1728/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh x.a qarşı iş üzrə QƏRARİ (Açar sözlər:podrat müqaviləsi, muzd tələbi, qüsurlu icranın nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), X5 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızına qarşı “müqavilə öhdəlikləri üzrə yaranmış maneənin aradan qaldırılması və müqavilə öhdəliklərinin tam icrasının cavabdehin üzərinə qoyulması” və iddiaçı Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı cavabdeh İddiaçınə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiaları üzrə Şirvan Apellyasiya Mə hkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli 2(106)-469/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 02 iyul 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı MMC ilə cavabdeh X3 arasında xx.xx.2022-ci il tarixdə “Alqı-satqı” müqaviləsi adlandırılmış yazılı podrat müqaviləsi bağlanması, həmin müqaviləyə əsasən iddiaçı müxtəlif növ mebel avadanlıqlarını hazırlayaraq razılaşdırılmış vaxtda təhvil verməyi, cavabdeh isə malı təhvil alıb, bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.2-ci bəndində malların 90 iş günü ərzində təhvil verilməsi nəzərdə tutulmuşdur.

2. Öhdəliyin icra müddəti çatdığı halda mebellərin tam quraşdırılaraq təhvil verilməsi başa çatdırılmadığından sifarişçi müqavilədən imtina etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən yaradılmış süni maneənin aradan qaldırılması, müqavilə öhdəlikləri üzrə mebel quraşdırılması işlərinin tam icra edilməsi üçün cavabdeh tərəfindən şəraitin yaradılması və ödənilməmiş 11360 (on bir min üç yüz altmış) manat məbləğin və iddiaçı tərəfindən ödənilmiş 124.08 (yüz iyirmi dörd tam, yüzdə səkkiz) manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hall arına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı (İddiaçı MMC) müxtəlif növ mebel avadanlıqlarını alıcıya (Cavabdeh) satmağı, alıcı isə malı alıb, müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın adı, dəyəri, rəngi, ölçüləri, forması, istifadə edilən mexanizmaksesuarların sayı və digər detalların hər biri alıcı ilə yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmçinin müqavilənin 2.6-cı bəndinə əsasən satıcı ilə alıcı arasında ödəmə prosesi aşağıdakı ardıcıllıqla həyata keçirilir. Müqaviləyə əsasən ödəniş müqavilə bağlanan gün 26530 manat (50 %), mebelin təhvili müddətinə 10 gün qalmış 13265 manat (25%), mebel təhvil verildikdə 13265 (25%) manat olacaqdır. Müqavilənin 4.2-ci maddəsində alıcıya malın çatdırılması müqavilə imzalandığı gündən 90 iş günü müddətinə qədər həyata keçirilir. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən bu müqavilənin 4.2-ci bəndində göstərilən müddətdə sifarişin çatdırılması və quraşdırılması mümkün olmadıqda, tərəflərin qarşılıqlı razılığı əsasında bu müddət uzadıla bilər. MMC-nin iddiasına görə, müqavilə öhdəliklərinin icrası sifarişçi Cavabdeh tərəfindən süni şəkildə ləngidilir. Dəfələrlə onunla apardıqları şifahi telefon danışıqlarına baxmayaraq cavabdeh mebelin evdə quraşdırılmasına əngəl törətmiş və müqavilə öhdəliklərini birtərəfli qaydada pozmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan da göründüyü kim i, cavabdehin xx.xx.2023-cü il tarixinədək müqavilə üzrə öhdəliklərinin icrasına mane olmaması və öhdəliklərin tam şəkildə icra edilməsi üçün şərait yaratmasını bildirsələr də cavabdeh bundan yayınmaqda davam etmişdir.

5. Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı cavabdeh İddiaçı MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 oktyabr 2022-ci il tarixli müqavilə üzrə geri ödənilməli olan 41830 (qırx bir min səkkiz yüz otuz) manat, gecikdirilmiş günlər üçün hesablanan 6845 (altı min səkkiz yüz qırx beş) manat penya, cavabdeh tərəfindən mənzilə vurulan 10321 (on min üç yüz iyirmi bir) manat zərər, qiymətləndirmənin aparılması xidmətinə görə ödənilmiş 400 (dörd yüz) manat, fotosessiya üçün ödənilən 200 (iki yüz) manat, tibbi xərclərə görə 1133 (min yüz otuz üç) manat, hüquqi yardımın göstərilməsinə görə 1500 (min beş yüz) manat, vəkil orderi üçün 100 (yüz) manat, ümumilikdə 62329 (altmış iki min üç yüz iyirmi doqquz) manat maddi zərər və 20000 (iyirmi min) manat mənəvi zərər, ümumilikdə 82329 (səksən iki min üç yüz iyirmi doqquz) manat pul məbləğinin cavabdeh İddiaçı MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirməmiş, sifarişə uyğun gəlməyən, keyfiyyətsiz və yarımçıq mebellər təhvil vermişdir.

7. N.Əkbərova tələbində göstərmişdir ki, İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2022- ci il tarixli müqavilə üzrə onun tərəfindən mətbəx, dəhliz və yata q otağı üçün lazım olan bütün mebel avadanlıqları, o cümlədən, qarderob və TV Stend sifariş verilmiş və ümumilikdə 41830 manat ödəniş edilmişdir. Əldə olunan razılaşmaya əsasən İddiaçı MMC 25 dekabr 2022-ci il tarixinədək mebel avadanlıqlarını tam şəkildə təhvil verməli idi. İddiaçı MMC müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirməmiş, sifarişə uyğun gəlməyən, keyfiyyətsiz və yarımçıq mebellər təhvil vermişdir. Bu hal tam 4 dəfə yaşanmış və hər dəfə quraşdırılan yanlış mebellər yenidən sökülüb aparılmışdır. Sözügedən şirkətin əməkdaşları aparılan söküntü işləri nəticəsində mənzilinə böyük ölçüdə zərər vurmuşlar. Belə ki, əməkdaşların qeyri-peşəkar fəaliyyəti nəticəsində N.Əkbərovanın sahib olduğu mənzil bərbad vəziyyətə salınmışdır.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Nərminin həyat yoldaşıdır. Bu işə də Nərmini o, salmışdır. Belə ki, toydan əvvəl evlərində mebel quraşdırmaq istəmişlər. Dənizdə işlədiyi üçün bu işin görülməsi Nərminin üzərinə düşmüşdür. İddiaçı MMC-nin işi onları qane etmədiyi üçün cəmiyyətlə danışıq apararaq aralarındakı müqaviləni pozmaq istəmişlər. Tərəflər arasında razılaşsalar da sonradan məlum olmuşdur ki, cəmiyyət onları aldadır. 41830 (qırx bir min səkkiz yüz otuz) manat mebel üçün pul vermişlər. Onlar işi 2 aya təhvil verməliydilər. Lakin toyları olub evə qayıdanda evi bərbad vəziyyətdə görmüşlər. xx.xx.2022-ci ildə mebelləri onlara təhvil verməliydilər. Həmin gün toy günləri olmuşdur. Hətta evin açarını da İddiaçı MMC-nin işçilərinə vermişlər

9. Salyan Rayon Məhkəməsinin (hakim Ə.Məmmədli) 31 oktyabr 2023-cü i l tarixli qətnaməsi ilə İddiaçı MMC-nin iddiası qismən təmin edilmiş, Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh tərəfindən müqavilə öhdəlikləri üzrə mebelin quraşdırılması işlərinin tam icra edilməsi üçün şəraitin yaradılması və ödənilməmiş 1160 (bir min yüz altmış) manat pulun və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31,60 (otuz bir manat, altmış qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi, İddiaçı MMC-nin iddiasının qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir

10. Məhkəmə hesab etmişdi r ki, İddiaçı MMC-nin tələbi Cavabdeh tərəfindən müqavilə öhdəlikləri üzrə mebellərin quraşdırılması işlərinin tam icra edilməsi üçün şəraitin yaradılması ilə bağlı hissədə əsaslıdır. Belə ki, tərəflər arasında bağlanılmış alğı-satqı müqaviləsinin 4.2-ci bəndinə əsasən, alıcıya malın çatdırılması müqavilə imzalandığı gündən 90 iş günü müddətinə qədər həyata keçiriləcəyi göstərilsə də məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, satıcı işləri 24 dekabr 2022-ci il tarixədək görərək mənzildə quraşdırmış, alıcı mebellərin (dekor, qapılar, qarderob) qüsurlu şəkildə görüldüyünü iddia edərək narazı qaldığı üçün, satıcı mebellərin bir hissəsi mənzildən götürülərək yeniləri ilə əvəz etsə də, alıcı dəyişdirilmiş mallarda qüsurlar olduğunu bildirərək yeniləri ilə əvəz olunmasını istəmişdir. Satıcı məhkəməyə qədər və məhkəmə iclasında mebellərin quraşdırılması işlərinin tam icra edilməsi üçün alıcıdan şəraitin yaradılmasını tələb edir. Belə olan halda alıcı müqavilə üzrə öhdəliklərini pozmuş hesab edilməlidir.

11. Məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi üzrə satıcı hansı növ mebel avadanlıqlarını satılması, alıcı isə aldığı malların dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən malın adı, sayı, dəyəri, rəngi, ölçüləri, forması, istifadə edilən mexanizm-aksessuarların sayı və digər detalların hər biri alıcı ilə yazılı razılaşma ilə müəyyənləşdirilmişdir. (Müqaviləyə Əlavə № 2). Müqaviləyə Əlavə № 2 ediləcək istənilən dəyişiklik, yeni sifariş hesab edilir və əlavə razılaşma ilə tənzimlənir. Satıcı tərəfindən dəhliz dolabı, yataq otağı ü çün çarpayı quraşdırılmış. 2 tumba, kosmetika masası, mətbəx mebeli, qonaq otağındakı üzləmələr, dolablı qardirob və.s mənzildə quraşdırılması üçün alıcının icazəsini gözləyir. Göründüyü kimi cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı İddiaçı MMC ilə aralarında bağlanılmış alğı-satqı müqaviləsinin şərtlərini pozmuşdur. Belə olan halda iddiaçı həmin müqavilənin icrasını tələb etməkdə haqlıdır.

12. Məhkəmə hesab etmişdir ki, İddiaçı MMC-nin Cavabdeh ödənilməmiş 13265 manat məbləğin tutulması ilə bağlı hissədə qismən əsaslıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin ödəməli olduğu 13.265 manat (25 %) pulun, 10.000 (on min) manatı satıcının özü tərəfindən kompensassiya edilir. Belə olan halda alıcıdan ödənilməmiş 1160 (bir min yüz altmış) manat pul tutulmalıdır.

13. Məhkəmə iddiaçı Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsini bir tərəfli qaydada ləğv etməsi ilə bağlı mövqeyini, ödənilmiş 41830 (qırx bir min səkkiz yüz otuz) manat pulun geri tələb edilməsi, gecikdirilmiş günlər üçün hesablanan 6845 (altı min səkkiz yüz qırx beş) manat penya, cavabdeh tərəfindən mənzilə vurulan 10321 (on min üç yüz iyirmi bir) manat zərər, qiymətləndirmənin aparılması xidmətinə görə ödənilmiş 400 (dörd yüz) manat, fotosessiya üçün ödənilən 200 (iki yüz) manat, tibbi xərclərə görə 1133 (min yüz otuz üç) manat, hüquqi yardımın göstərilməsinə görə 1500 (min beş yüz) manat, vəkil orderi üçün 100 (yüz) manat, ümumilikdə 62329 (altmış iki min üç yüz iyirmi doqquz) manat maddi zərər və 20000 (iyirmi min) manat məbləğində mənəvi zər ər, toplamda 82329 (səksən iki min üç yüz iyirmi doqquz) manat pul məbləğinin tələb etməsini, mebellərin mənzilə quraşdırılması işlərinin tam icra edilməsi üçün şərait yaratmaması ilə bağlı dəlillərini əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli ağı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən, Bu müqavilənin 4.2-ci (alıcıya malın çatdırılması müqavilə imzalandığı gündən 90 iş günü müddətinə qədər həyata keçirilir) bəndində göstərilən vaxtda sifarişin çatdırılması və quraşdırılması mümkün ollmadıqda, tərəflər qarşılıqlı razılığ əsasında bu müddəti uzada bilərlər. Müqavilənin 2.4-cü maddəsinə əsasən, malların alıcıya təhvil verildikdən sonra, hər hansı bir qüsurunun yaranması ödənişin gecikdirilməsinə, ödənişdən imtina olunmasına və bu müqavilənin şərt lərinin pozulmasına əsas ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında razılaşma olmuşdur ki, mallar 31 may 2023-cü il tarixədək mənzildə yenidən quraşdırılsın. Lakin sonradan, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsini bir tərəfli qaydada ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçıya quraşdırılmış mebellərin (dekor, qapılar, qarderob) geri aparılması, sifarişlərin gətirilməsi barədə müraciət etmişdir. Bu müraciətin, yəni “WhatsApp” ani mesajlaşma mübadiləsi şəbəkəsində aparılmış yazışmalarla müəyyən olunur ki, iddiaçının nümayəndəsi ilə cavabdeh arasında alğı-satqı müqaviləsi bağlandıqdan sonra ayrı-ayrı tarixlərdə yazışmalar olmuşd ur. Həmin yazışmalar zamanı cavabdeh İddiaçı MMC-nin nümayəndəsinə mənzilində quraşdırılmalı olan mebellərin quraşdırılmasının yubanmasından, quraşdırılmış mebellərdə bəzi qüsurların aşkar edilməsi, ödəniş qaydası ilə bağlı narazılıqlar, eləcə də iddiaçının mebelləri mənzilə quraşdıraraq işi yekunlaşdırmaq üçün icazə istəməsindən bəhs edilir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 390.5, 442, 567, 581.1, 587.5, 600.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, özünün iddia tələbinin tam təmin edilməsi, İddiaçı MMC-nin iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh N.Əkbərova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayətində göstərilir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə onun tərəfindən mətbəx, dəhliz və yataq otağı üçün lazım olan bütün mebel avadanlıqları, o cümlədən, qarderob və TV Stend sifariş verilmiş və ümumilikdə 41830 (qırx bir min səkkiz yüz otuz) manat ödəniş edilmişdir. Əldə olunan razılaşmaya əsasən İddiaçı MMC 25 dekabr 2022-ci il tarixədək mebel avadanlıqlarını tam şəkildə təhvil verməli idi. Lakin İddiaçı MMC müqavilə üzrə öhd əliklərini vicdanla yerinə yetirməmiş, sifarişə uyğun gəlməyən və keyfiyyətsiz mebellər təhvil vermişdir. Bu hal tam 4 dəfə yaşanmış və hər dəfə quraşdırılan yanlış mebellər yenidən sökülüb aparılmışdır. Şirkətin əməkdaşları aparılan söküntü işləri nəticəsində mənzilinə böyük ölçüdə zərər vurmuşlar. Bu səbəbdən onun tərəfindən alqı-satqı müqaviləsi birtərəfli qaydada ləğv edilmiş, bu barədə İddiaçı MMC-yə məlumat verilmişdir. Ödənilən 41830 manat və gecikdirilmiş günlər üçün penya ödənilməsi tələb olunsa da, şirkət tərəfindən heç bir ödəniş edilməmiş, müxtəlif bəhanələrlə ödəmənin həyata keçirilməsinə maneələr törədilmişdir. Şirkətin qanunsuz hərəkətləri ilə maddi və mənəvi zərər çəkmişdir. Şikayətə görə, Salyan Rayon Məhkəməsinin qətnaməsini qanunsuzdur. Qətnaməyə görə, 10.000 manat məblə ğin “kompensasiya” edilməsinə səbəb məhz şirkətin müqavilə öhdəliklərini kobud şəkildə pozması və ona vurulan zərərdir. Belə ki, İddiaçı MMC hələ məhkəmə prosesindən öncə bunu dəfələrlə qeyd etmişdir. Lakin məhkəmə bu halı vurğulamadan, 10 min manat pul məbləğinin hansı səbəbə kompensasiya olduğunu qeyd etmədən belə bir nəticəyə gəlmiş, bununla yanaşı onun üzərinə şirkətin xeyrinə əlavə pul məbləği ödəmək öhdəliyini qoymuşdur. Məhkəmə sübut qismində iş materiallarına əlavə olunmuş 14 aprel 2023-cü il tarixli, DZ/0120 nörməli “Dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata, tərəflər arasındakı yazışmalara, o cümlədən səs yazılarına və əlavə olunmuş digər sübutlara mahiyyəti üzrə qiymət verilməmişdir, iddianın rədd olunma səbəbi lazımi qaydada əsaslandırılmamışdır. Məhkəmə müqavilə üzrə geri ödənilməli olan 41830 manat, gecikdirilmiş günlər üçün hesablanan 6845 manat məbləğində penya, cavabdeh tərəfindən mənzilə vurulan 10321 manat məbləğində zərər, qiymətləndirmənin aparılması xidmətinə görə ödənilmiş 400 manat, fotosessiya üçün ödənilən 200 manat, tibbi xərclərə görə 1133 manat, hüquqi yardımın göstərilməsinə görə 1500 manat, vəkil orderi üçün 100 manat, ümumilikdə 62329 manat maddi zərər və 20000 manat məbləğində mənəvi zərər, toplamda 82329 manat pul məbləğinin ödənilməsi barədə iddianı rədd edərkən məhkəmə heç bir əsaslandırma aparmamışdır.

18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-469/2024 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır.

19. Azərbaycan Respublikası Ədliyyə N azirliyi yanında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 sentyabr 2024-cü il tarixli, 9/3168 nömrəli rəyinə görə mebellərlə bağlı ekspertiza tədqiqatına təqdim edilmiş 02 adda malların istifadədə olmamış və quraşdırılmış vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 270.000 manat müəyyən olunur. Qeyd edilir ki, təqdim edilmiş mallar sifariş əsasında hazırlandığından müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Digər 05 adda mallar natamam olduğundan həmin mallar üzrə qiymətləndirmə aparılmamışdır. Tamamilə quraşdırılmayan mebellər üzrə qiymətləndirmə apararaq obyektiv nəticəni əldə etmək mümkün deyil. Həmin mebellərin hissələri tamamilə quraşdırıldıqdan sonra qiymətləndirmə aparmaq mümkündür.

20. Şirvan Apellyasi ya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İlham Əsədov (sədrlik edən və məruzəçi), Aytən Novruzova və Tofiq Heydərov) 10 dekabr 2024-cü il tarixli 2(106)-469/2024 nömrəli qətnaməsi ilə Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının apellyasiya şikayəti qismən təmin edilərək, Salyan Rayon Məhkəməsinin 31 oktyabr 2023cü il tarixli, 2(057)-1121/2023 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı MMC-nin cavabdeh Əkbərova (Hüseynova) Nərmin Cəfər qızına qarşı müqavilə öhdəlikləri üzrə yaranmış maneənin aradan qaldırılması və müqavilə öhdəliklərinin tam icrasının cavabdehin üzərinə qoyulması tələbinin təmin edilməməsi, iddiaçı Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının cavabdeh İddiaçı MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, mebel quraşdırıl ması ilə əlaqədar verilmiş 41830 (qırx bir min səkkiz yüz otuz) manat, gecikdirilmiş günlər üçün hesablanan 3395,84 (üç min üç yüz doğsan beş tam, 84) manat, vurulmuş mənəvi zərərə görə 5000 (beş min) manat, hüquqi yardımın göstərilməsinə görə 1500 (min beş yüz) manat İddiaçı MMC-dən tutulub Əkbərova (Hüseynova) Nərmin Cəfər qızına ödənilsin. Əkbərova (Hüseynova) Nərmin Cəfər qızının iddiasının qalan hissədə təmin edilməməsi qət edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, izahatlardan və təqdim edilmiş sübutlardan, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Cavabdeh həmin tarixlərdə İddiaçı MMC-yə ödənişlər etmişdir. Sifarişçi N.Əkbərova tərəfindən tərəfindən ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla, cəm i 41830 manat pul ödənilmişdir. 11360 manat pul ödənilməmiş qalmışdır.

22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə, tərəflər arasında alqı-satqı müqaviləsi adlı müqavilə bağlansa da mahiyyətcə onların arasında podrat müqaviləsi bağlanmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ekspert rəyinə görə quraşdırılan mebellər faktiki ödənilən məbləğə uyğun deyil. Kollegiya iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının 30 sentyabr 2024-cü il tarixli rəyini sübut olaraq qəbul etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, İddiaçı MMC tərəfindən X1 mənzilində tam quraşdırılmamışdır, natamamdır. Quraşdırılmış 2,85 x 2,80 m ölçülü, aşağı hissəsi 3 ədəd siyirmədən ibarət televizor stendinin orta bazar qiyməti– 1200 m anat, üzəri parça materialdan olan 2,15 x 1,96 m bazalı çarpayının matrası ilə birlikdə qiyməti 1.500 manatdır.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, podratçı MMC sifarişi müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən, alıcıya malın çatdırılması müqavilə imzalandığı gündən 90 iş günü müddətinə qədər həyata keçirilir. Bu müddət tərəflərin arasında başqa müddət müəyyən edilmədiyi halda 2023- cü il, fevralın 22-nə təsadüf edir. Həmin müddətdə mebel təhvil verilməmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, N.Əkbərovanın evinə müqavilə şərtlərinə uyğun quraşdırılmalı olan mebellər müqavilə şərtlərinə uyğun quraşdırılmamış, kəmiyyətcə natamam olmuş və vaxtında təhvil verilməmişdir. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə də uyğun olmamışdır, qüsurlardan azad deyil. Belə halda iddiaçı N.Əliyevanın tələbi qanuni və əsaslı, İddiaçı MMC-nin tələbi əsassız hesab edilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, N.Əliyeva iddiasında müqavilədən imtina etməklə, ödənilən pul vəsaitinin qaytarılmasını tələb etmişdir. Belə ki, Qanunun tələbinə görə, sifariş edilən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (Mülki Məcəllənin 765-ci maddəsi).

28. Apellyasiya instansiyası məhkəməsi bildirmişdi r ki, N.Əkbərova tərəfindən 41830 manat pul vəsaitinin ödənilməsi faktı mübahisə edilmir. Kollegiya hesab etmişdir ki, həmin hissədə iddia təmin edilməli və 41.830 manat pul vəsaiti manat podratçı İddiaçı MMC-dən tutulub sifarişçi Əkbərova (Hüseynova) Nərmin Cəfər qızına ödənilməlidir.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, N.Əkbərova ərizəsində və apellyasiya şikayətində gecikdirilmiş günlər üçün hesablanan 6845 manat penya tələb etmiş, bu tələbini belə əsaslandırmışdır ki, şirkət mebeli 90 gün müddətinə quraşdırmağı öhdəsinə götürsə də mebelləri həmin müddətdə təhvil verməmiş, öhdəliyini yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.11-ci bəndinə əsasən, alıcı, sifariş edilən mebelin satıcı tərəfindən gecikdirildiyi hallarda, hər gecikən iş günü üçün mebel dəyərinin 0,1 % dəyərində kompensasiya istəmə hüququna malikdir.

30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq (90 iş günü nəzərə alınmaqla), mebelin quraşdırılması 2023-cü il fevralı 22-də təhvil verilməli idi. Lakin bu müddətdə mebel təhvil verilməmişdir. N.Əkbərova iddia ərizəsini təqdim edənə qədər gecikdirilmə (gecikdirilən iş günlərinin sayı)- 64 gün təşkil edir. İddia təqdim edilən tarixə, hər gecikən iş günü üçün mebelin dəyərinin 0,1 faizi, 64 günə görə 6,4 faiz gecikmə əmsalı tətbiq edilməlidir. Bu baxımdan iddiaçı N.Əkbərovanın 3395,84 manat kompensasiya tələb etmək hüququ vardır. Kollegiya hesab etmişdir ki, həmin hissədə iddia 3.395,84 manat həddində təmin edilməlidir.

31. Mənzilə ziyan vurulub-vur ulmadığını, ziyan vurulduğu təqdirdə vurulan zərərin miqdarını müəyyən etmək üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənzilə ziyan vurulması ilə bağlı ekspert rəy verməmişdir. Ona görə kollegiya mənzilə ziyan vurulub-vurulmadığını, ziyan vurulduğu təqdirdə vurulan zərərin miqdarını müəyyən etmək üçün əsas tapmır. Mənzilə vurulan ziyan tələbi təmin edilmədiyindən qiymətləndirmə aparılması xidmətinə görə ödənilmiş 400 manat hissədə iddia da təmin edilməməlidir.

33. Kollegiya fotosessiya üçün ödənilən 200 manat tələbini təmin etmək üçün də əsas tapmamış və qeyd etmişdir ki, təqdim edilmiş sübutlardan görünür ki, iddiaçının özü deyil, həyat yoldaşı X4 tərəfindən toy günü foto çəkilişlərin aparılması üçün əvvəlcə dən 200 manat məbləğində beh ödənilmişdir.

34. Tibbi xidmətlərə görə 1113 manat tələbini iddiaçı belə izah etmişdir ki, güclü stress səbəbindən iddiaçı və həyat yoldaşının səhhətində ciddi problemlər yaranmışdır. Cavabdeh şirkətin əməkdaşları tərəfindən dağıdılan divarların yaratdığı toz qatı səbəbindən iddiaçının tənəffüs orqanlarında allergik reaksiya əmələ gəlmiş və bu, şəxsin səhhətinin ciddi şəkildə pozulmasına gətirib çıxarmışdır. Bununla bağlı, iddiaçı özünün müayinə və müalicəsi ilə bağlı sübut təqdim etməmişdir. Bu baxımdan Kollegiya həmin hissədə də iddianı təmin etmək üçün əsas tapmamışdır.

35. Bundan başqa, iddiaçı X3 uzun müddət ərzində arzusuna uyğun istədiyi mebellərin Şirkət tərəfindən ona təhvil verilməməsi, sifarişə uyğun gəlməyən, keyfiyyətsiz və yarımçıq mebellər təhvil verilməsi, toydan sonra yeni mebel quraşdırılmış evə köçmək istəsə də qarşı tərəfin öhdəliyini yerinə yetirməməsi səbəbindən arzusunu həyata keçirə bilməməsi, toy üçün yeni mənzilində fotosessiya edə bilməməsi, cavabdeh şirkətin hərəkətləri nəticəsində mebellərin quraşdırılmaması ilə yanaşı, mənzilin bərbad vəziyyətə salnması və s hallarla bağlı mənəvi zərərə məruz qaldığını iddia etmiş, mənəvi zərərə görə 20000 manat tələb etmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, uzun müddət ərzində istədiyi mebellərin ona təhvil verilməməsi, sifarişə uyğun gəlməyən, keyfiyyətsiz və yarımçıq mebellər təhvil verilməsi, toydan sonra yeni mebellə quraşdırılmış evə köçmək istəsə də, qarşı tərəfin öhdəliyini yerinə yetirməməsi səbəbindən arzusunu həyata keçirə bilməməsi və s. kimi h allar X1 məyusluq, narahatlıq, stress və sair kimi neqativ hisslər keçirməsinə səbəb olan hallardır.

37. Apellyasiya instansiyası məhkəməsi N.Əkbərovanın keçirdiyi mənəvi sarsıntılara, daxili mənəvi-psixoloji iztirablara, o cümlədən qarşı tərəfin təqsiri ilə istədiyi əmlak əldə edə bilməməsinə görə mənəvi zərərə məruz qaldığını qeyd edir, ona vurulan mənəvi zərəri 5000 manat həcmində dəyərləndirmiş və hesab etmişdir ki, vurulan mənəvi zərər görə təzminat olaraq həmin məbləğ İddiaçı MMC-dən tutulub Nərmin Əkbərovaya ödənilməlidir.

38. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı N.Əhmədova hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 1500 manatın və vəkil orderi üçün ödədiyi 100 manatın əvəzinin tutulmasını xahiş etmiş və bu barədə müvafiq sübutlarını təqdim etmişdir. Təqd im edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC ilə X3 arasında hüquqi yardım haqqında 12 may 2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilədə hüquqi xidmətə görə 1500 manat vəsaitin ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, N.Əkbərova tərəfindən hüquqi xidmətlərə görə həmin şirkətin hesabına 1500 manat köçürülmüşdür.

39. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 443.1, 443.2, 752.1, 752.2, 753.1, 756.1, 759.1, 759.2, 762.1, 762.2, 762.3, 762.4, 765-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

40. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün ap ellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

41. Kassasiya şikayətinin dəlilləri aşağıdakı kimidir: -MM-nin 759.1 və 759.2-ci maddələrinin pozuntusu- Bu pozuntu onunla əsaslandırılmışdır ki, işin faktiki halları məhkəmə tərəfindən hərtərfli araşdırılmamışdır. İşə baxan apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin faktiki hallarını hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, işin nəticəsində təhvil verilən əmlaklar qüsurlu olmuşdur. Lakin əvvəla diqqət yetirmək lazım idi ki, müqavilə üzrə hazırlanmış məhsullar sifarişçinin evində yanlış aparılmış təmir, divarların əyriliyi, bunun nəticəsində hazırlanmış məhsulların uyğunsuzluğu, eyni zamanda cavabdehin tez-tez hazırlanacaq və hazırlanmış məhsullarla bağl ı sifarişlərini dəyişməsi nəticəsində mənzilə quraşdırıla bilməmişdir. Belə ki, sonuncu qeyd edilən malların mənzilə quraşdırılmasına şərait yaratmamışdır. Belə olan halda necə müəyyən etmək olar ki, əmlaklar qüsurludur. Məhkəmə bu hissədə boşluğa yol vermiş və lazımi qaydada araşdırma aparmamışdır. -MM-nin 765-ci maddısinin pozuntusu-İşə baxan apellyasiya instansiya məhkəməsi qeyd edilən maddi hüquq normasına istinad etməklə səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, malların qüsurlu olması ilə bağlı məhkəmə heç bir araşdırma aparmamış, natamam şəkildə təhvil verilmiş və cavabdehin törətdiyi əngəl nəticəsində quraşdırıla bilməmiş əmlakların qüsurlu olması qənaətinə hansı əsasla gəldiyini əsaslandıra bilməmişdir. İşin hallarından göründüyü kimi sifariş əsasında hazırlanmış mallar tam şəkildə hazırlanmışdır, lakin cavabdehin törətdiyi maneələr nəticəsində quraşdırıla bilməmişdir. Hazırlanmış malların qüsurlu olub-olmamasını müəyyən edilməsi üçün nə məhkəmə ekspertiza təyin etməmiş, nə də həmin məhsullara baxış keçirməmişdir. Bu isə artıq məhkəmənin gəldiyi nəticənin səhv olduğunu bir daha təsdiq edir. Burada qüsur anlayışına diqqət yetirmək vacibdir. Belə ki, qüsur olması üçün əvvəla mallar cavabdehin mənzilinə quraşdırılmalı, daha sonra qüsur aşkar olunarsa həmin qüsurlara görə cavabdehin iddiasına baxıla bilərdi. Lakin ilkin olaraq tərəflərindən verilmiş iddiaya baxılmamış və mallar cavabdehin mənzilinə quraşdırlmamış qüsurun müəyyən edilməsi tamamilə absurd yanaşmadır. Hər bir halda malların quraşdırılması müddəti cavabdehin razılığı ilə uzadılmışdır ki, bu da məhkəmə tərəf indən nəzərə alınmalı idi.

42. MM-nin 766-cı maddəsinin pozuntusu- İddiaçının özünün məhkəməyə təqdim etdiyi yazışmalardan da göründüyü kimi cavabdeh hətta xx.xx.2023-cü il tarixdə, saat 12.15-12.16-da mallardakı natamamlığın aradan qaldırılmasını istəmiş, bununla bağlı malların təhvil müddətinin uzadılmasına etiraz etməmişdir. Bu belə artıq göstərir ki, cavabdehlə iddiaçı arasında müqavilə şərtlərinə uyğun olaraq müqavilə müddəti və malların təhvil müddəti ilə bağlı əlavə razılaşmalar olmuşdur. Nə qədər ki, qeyd edilən yazışmaların kim tərəfindən aparıldığını mübahisələndirsələr belə, məhkəmə həmin yazışmalara sübut qismində qiymət verdiyindən həmin yazışmalardakı mətnlərdə belə onların mövqeyinin haqlı olması təsdiq olunur. Lakin cavabdehin istəyi üzrə hazırlanmış mallar təhvil verilmə k istədikdə artıq cavabdeh maneələr yaratmışdır. Bu isə cavabdehin qəsdən icraçıya zərər vurmaq istədiyini göstərir. Həmçinin nəzərə almaq lazımdır ki, malların təhvilinə maneələrin törədilməsi ilə bağlı iddia ilk olaraq tərəflərindən qaldırılmış, daha sonra cavabdeh vurulmuş zərərlə bağlı məhkəməyə müraciət etmişdir ki, bu belə icraçının heç bir günahının olmadığını, malları cavabdehlə razılaşdırılmış müddətdə təhvil vermək istədiyini, lakin cavabdehin buna maneə yaratdığını və bu səbəbdən hazırkı iddia ilə Salyan Rayon Məhkəməsinə müraciət edildiyini, cavabdeh isə məhz iddiaçıya ziyan vurmaq adı ilə vurulmuş zərərin ödənilməsi tələbi ilə sonradan məhkəməyə müraciət edtiyini təsdiq edir. Podrat müqaviləsi üzrə hazırlanmış əşyaların qüsurlu olub-olmamasına qiymət vermək üçün əvvəla həmin ə mlaklar tam şəkildə tədqiq edilməlidir. Lakin hazırkı iş üzrə cavabdehin törətdiyi maneələr nəticəsində hazırlanmış əşyalar sonuncunun evinə quraşdırıla bilməmişdir. Qeyd edilən əşyalar tam şəkildə hazırlanmışdır və cavabdehin törətdiyi maneələr aradan qaldırılarsa evə quraşdırıla bilər. Lakin apellyasiya instansiya məhkəməsi qeyd edilən hala diqqət yetirməmiş, tam şəkildə quraşdırılmamış əşyaların qüsurlu olması qənaətinə gəlmişdir ki, bu da apellyasiya instasniya məhkəməsinin etdiyi kobud maddi hüquq pozuntusudur. -MM-nin 762-ci maddəsinin pozuntusu-məhkəmə tərəfindən nə hazırlanmış əmlaklara baxış keçirilməmiş, nə də onların yararlılığının müəyyən edilməsi məqsədilə ekspertiza keçirilməmişdir. Bu isə nəticədə məhkəmənin kobud səhv etməsinə gətirib çıxarmışdır. -MPM-nin 218.1, 372.1, 372.6, 372.7-ci maddələrinin pozuntusu-Apellyasiya instansiya məhkəməsi həmçinin sübutları qiymətləndirərkən bir çox pozuntulara yol vermişdir. Əvvəla tərəflərindən dəfələrlə iddia və yazışmalarla bağlı etirazlar edilməsinə baxmayaraq, məhkəmə qətnaməsində qeyd etmişdir ki, heç bir etiraz daxil olmamışdır. Lakin həm şifahi, həm də yazılı etirazlar məhkəməyə təqdim edilmiş və məhkəmə iclaslarında bildirilmişdir. lakin məhkəmə bu halların heç birinə düzgün hüquqi qiymət verməmişdir. -MPM-nin 97.1 və 102.1-ci maddəsinin pozuntusu-işdəki ekspert rəyi kifayət qədər əsaslandırılmadığı halda məhkəmə tərəfindən təkrar ekpertiza təyin edilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mül ki Məcəlləsi

44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

45. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

46. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

47. Maddə 443.2. Zərər bu Məc əllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

48. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

49. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

50. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icras ı üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

51. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

52. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

53. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənlə şdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

54. Maddə 756.1. Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.

55. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.

56. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

57. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

58. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

59. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşk ar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

60. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

61. Maddə

765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

62. Maddə 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

63. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıd ır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun

64. Maddə 9-1-ci hissəsi- İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır.

65. Maddə

12. İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya baxışının hədləri

66. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

67. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı İM MMC tərəfindən iddiasının rədd edildiyi, qarşı tərəfin iddia tələbinin təmin edildiyi hissələrdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyasının mövqeyi

68. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ol a bilməz.

69. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə müxtəlif mebel məhsullarının hazırlanması və quraşdırılması üçün yazılı podrat müqaviləsi bağlanmış, İddiaçı MMC öhdəliyin icrası üçün müəyyən edilmiş 90 günlük müddət ərzində və sifarişçi tərəfindən verilmiş əlavə müddət ərzində mebelləri tam quraşdıraraq təhvil vermədiyindən sifarişçi müqavilədən imtina etmişdir. Məhkəmə müəyyən etmişdir ki, sifarişçi tərəfindən podratçıya müqavilə üzrə 41830 manat pul ödənilmiş, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 sentyabr 2024-cü il tarixli rəyinə əsasən onun mənzilində orta bazar qiyməti– 1200 manat olan televizor stendi və üzəri parça materialdan olan matrası ilə birlikdə qiyməti 1.500 manat təşkil edən çarp ayı quraşdırılmış, digər 5 adda mebelin quraşdırılması başa çatdırılmamışdır.

70. Məhkəmə tərəfindən eyni zamanda işdəki sübutlara əsasən müəyyən edilmişdir ki, podratçı tərəfindən sifariş verilmiş mebellərin bir hissəsi natamam quraşdırılmış, ümumiyyətlə təhvil verilməmiş, mebellər sifarişə və şərtləşdirilmiş keyfiyyətə uyğun olmamış, əlavə icra üçün verilmiş vaxt ərzində qüsurların aradan qaldırılması təmin edilmədiyindən sifarişçinin müqavilədən imtina etmək hüququ yaranmışdır.

71. Podratçının öhdəliyi razılaşdırılmış müddət ərzində icra etmədiyi və qüsurlu icra etdiyi halda sifarişçinin müqavilədən imtina edərək ödədiyi məbləğin, dəbbə pulunun və dəymiş zərərin podratçıdan tutulmasını tələb etmək hüququ MM-nin 21, 443, 463, 759, 762, 765-ci və “İstehlakçıların hüquqlarının müdafiəsi h aqqında” Qanunun 9-cu, 12-ci maddələrinin tələblərinə uyğundur.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 416.1-ci maddəyə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

73. Kassasiya şikayətinin dəlillərinin çox hissəsi işin faktiki hallarının məhkəmə tərəfindən hərtərfli araşdırılmamas ı və sübutlara düzgün hüquqi qiymət verilməməsi ilə bağlı olduğundan kassasiya baxışının predmeti ola bilməz.

74. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasındakı “Whatsapp” proqramı vasitəsi ilə həyata keçirilmiş yazışmalar araşdırılmış, iş üzrə ekspertiza təyin edilmiş, hər iki tərəfin təqdim etdiyi sübutlara hüquqi qiymət verilmişdir. İşə baxmış məhkəmə tərəfindən kassasiya şikayətində sadalanan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, həmin normaların pozuntusuna yol verilməmişdir.

75. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq ka ssasiya instansiyası məhkəməsi Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli 2(106)-469/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar