Məhkəmə qərarları › İş №2(102)-1795/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1795/2025

15.07.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1795/2025 15.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): özbaşına tikilinin sökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-656/2025 nömrəli, 17 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin hallar ı

1. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli, 52 saylı qərarı ilə Şəmkir rayonu Düyərli kəndinin ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir (şəhadətnamədə həmin torpaq sahəsi üzərində 65.12 kv.m yaşayış evi və 44.48 kv.m başqa tikintilərin olduğu qeyd edilmişdir, həmin tikililər 164AN və 164AJ kimi göstərilmişdir).

2. Cavabdeh İddiaçı qardaşıdır.

3. Qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1413/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbi təmin edilməmiş və həmin qətnamədə qeyd edilmişdir ki, Cavabdeh ailə üzvü olmaqla mübahisəli torpaq sahəsinin üzərində yerləşən atasına məxsus olmuş 65 kv.m olan evdə 1960-cı ildən hal-hazırkı vaxtadək yaşamağ a davam edir. O, mübahisəli torpaq sahəsinin üzərində yerləşən evdən atasının razılığı ilə fasiləsiz uzun illər istifadə etmiş, ümumi təsərrüfat aparmışdır, hazırda da həmin ev Cavabdeh istifadəsində və sahibliyindədir. Belə olan halda, mübahisəli torpaq sahəsinin üzərində yerləşən evə dair Cavabdeh istifadə hüququ yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus Şəmkir rayonunun Düyərli kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsində inşa etmiş olduğu qanunsuz tikilinin cavabdehin öz vəsaiti hesabına sökülməsi, 100+1 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsas landırmışdır ki, qardaşı ona məxsus olan torpaq sahəsini zəbt etmiş və həmin torpaq sahəsindən onun razılığı olmadan istifadə etmiş, torpaq sahəsinin üzərində tikinti işləri aparmışdır. O, dəfələrlə cavabdehdən onun mülkiyyətində olan torpaq sahəsində inşa etmiş olduğu qanunsuz tikilini sökməsini xahiş etmiş, lakin cavabdeh onun xahişinə məhəl qoymamışdır. Cavabdehin mübahisəli torpaq sahəsi ilə bağlı heç bir hüquq müəyyənedici sənədi yoxdur.

6. Məhkəmə iclasında cavabdehin vəkili Nümayəndə2 Bəşir oğlu iddiaya etiraz edərək bildirmişdir ki, cavabdeh hazırkı iddiaya cavab verməli şəxs deyildir. Yəni o, əsl olmayan cavabdehdir və cavabdehin hazırkı iddiaya cavab verməli şəxs olması faktı iş materiallarında heç bir sübut ilə təsdiqini tapmır. Belə ki, iddiaçı Şəmkir rayon Aqrar İslahat Komiss iyasının müvafiq qərarı ilə Şəmkir rayonu Düyərli kəndində yerləşən "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" üzrə ona aid olan torpaq sahəsində cavabdehin 5-6 il öncə qanunsuz yaşayış evi inşa etdiyini qeyd edərək, hazırda həmin tikilinin sökülməsi tələbi ilə çıxış edir. Halbuki, bu illər ərzində iddiaçı həmin tikili ilə bağlı hər hansı etirazını və ya tələbini cavabdehə bildirməmiş və susmuşdur. Deməli, iddiaçı həmin tikilidə cavabdehin tikili inşa etdirməsinə və orada ailə üzvləri ilə 2023-cü ildə iddia qaldırılan vaxtadək yaşamasına etiraz etməyərək bu barədə susmuş və dolayısı ilə razılaşmışdır. Sonradan narazılıq isə, İddiaçı qardaşı Şamil İsmayılova qarşı həmin torpaq sahəsindən çıxarılma ilə bağlı iddia tələbi irəli sürdükdən və həmin iddiasının Gəncə Apellyasiya Məhkəməsi tərəfindən rədd edilməsindən sonra yaranmışdır. Həmin torpaqdan çıxarılma tələbi ilə bağlı İddiaçı kassasiya şikayəti təmin edilməmiş və bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4422/2023 saylı, xx.xx.2023-cü il tarixli yekun qərarı vardır. Həmin qərarında məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh Şamil Novruzovun mübahisəli torpaqdan istifadə etməsi həmin torpaq üzərində yerləşən evdən istifadə etməsi ilə sıx bağlıdır. Bununla yanaşı, məhkəmə kollegiyası konkret olaraq hansı evdən istifadə etmə ilə bağlı mövqe göstərməmiş, çünki mübahisə predmeti cavabdehin evdən yox, torpaqdan çıxarılması ilə bağlı olmuş, həmçinin torpağa mülkiyyət hüququna dair şəhadətnamədə əks olunan fərdi yaşayış evi, daşınmaz əmlakın dövlət reyestrində rəsmi qeydə alınmadı ğına görə, torpağa dair şəhadətnamədə əks olunan torpaq sahəsindən fərqli olaraq, torpaq üzərindəki fərdi yaşayış evinə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti vardır və evə dair sübyektiv hüquqlar yalnız həmin anda yarana bilər. Beləliklə, yuxarı məhkəmələrin preyudisiyal qərarlarından bəlli olur ki, cavabdehin torpaq sahəsinə istifadə hüququ qanunla tanınmış və həmin torpaqdan istifadə etməsi, həmin torpaq üzərində yerləşən evdən istifadə etməsi ilə sıx bağlıdır. Digər vacib məqam odur ki, tikilinin altında yerləşən qeyd olunan torpaq sahəsi vaxtilə iddiaçı və cavabdehin atası Namazın olmuş və orada cavabdeh, atasının sağlığından bu günədək fasiləsiz yaşayır və orada yaşayarkən cavabdeh ailə qurmuş, ailə üzvləri ilə birlikdə bu günədək həmin torpaq sahəsində təsərrüfat aparmışdır. Həmin torpaq və üzərindəki tikilidə cavabdehin arvadı Samaya İsmayılova, yaşı 35 olan oğlu Pərvin İsmayılov, daha böyük yaşda olan qızı Mənzər və onların hər birinin ayrılıqda 2 azyaşlı uşaqları daimi yaşamaqdadır. Söküntüsü tələb olunan tikilinin həmin torpaq sahəsində təsərrüfat aparan başqa bir şəxs tərəfindən onun şəxsi vəsaiti hesabına inşa edilməsi halı istisna deyildir. Belə olan halda, tikilinin inşasını həyata keçirən şəxs bəlli olmadan, həmin tikilinin inşasını həyata keçirən və maddi vəsait sərf etmiş həmin şəxsin hüquqları pozulmuş və bu hal onun maraqlarına toxunmuş olur. Bu səbəbdən, hazırkı iddia əsl olmayan şəxsə qarşı qaldırılmışdır. Beləliklə, iddiaçının ilk növbədə subyektiv hüququ yoxdur ki, torpaq ona aid olsa belə dövlət reyestrində qe ydə alınmamış və həmin tikili üzərində hüquqları rəsmən tanınmamış yayayış sahəsinə dair tələb irəli sürsün, onun sökülməsi və ya üzərində hər hansı formada sərəncam vermək hüquqlarını həyata keçirsin. Habelə hazırkı iddiaçının qanunsuz saydığı tikilinin məhz cavabdeh tərəfindən inşa edilməsi faktına dair iş materiallarında mötəbər sübutu olmadığından, cavabdehin iddiaçıya aid torpaq sahəsində yaşaması faktına əsaslanaraq tikilinin sökülməsi ilə bağlı iddia tələbinin ona qarşı irəli sürülməsi doğru deyil. Bundan başqa, mübahisəli torpaq sahəsinin şəhadətnaməsində 164AN və 164AJ olmaqla iki tikilinin mövcud olduğu qeyd edilmişdir. Həmin evlər cavabdehin mərhum atası tərəfindən tikilmişdir. Cavabdeh tərəfindən ancaq həmin tkililərdə təmir işləri aparılmışdır. Cavabdeh doğulduğu andan bu günə kimi orda yaşamışdır.

7. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsi və tikililərə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, 164A saylı “Torpağın Mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən iki tikili (164 AN və 164AJ tikililəri) torpaq sahəsində qarşı qarşıya yerləşməklə cavabdeh tərəfindən təmir abaşdlaşdırma işləri aparılmış və hazırda hər iki tikili cavabdeh və ailə üzvlərinin istifadəsindədir.

8. Şəmkir Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 2(076)-131/2024 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş olsa da, həmin torpaq sahəsində cavabdehin qanunsuz və özbaşına tikililər inşa etməsi müəyyən edilməmişdir. Belə k i, iddiaçının iddia etdiyi və qanunsuz tikili adlandırdığı tikili “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd edilən 164AN tikilisidir. Eyni zamanda 164 AJ kimi qeyd edilmiş tikili iddiaçı və cavabdehin atası tərəfindən tikilmiş, daha sonra Cavabdeh və ailə üzvləri orada yaşadığından yalnız üzərində təmir (abadlaşdırma) işləri aparılmışdır.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, sözügedən torpaq sahəsində sökülməsi tələb olunan tikilinin mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə verildiyi vaxtdan sonra cavabdeh tərəfindən inşa edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə verilərkən həmin torpaq sahəsində iki hissədə 65.12 kv.m yaşayış evi və 44.48 kv.m olan başqa tikintilərin m övcud olduğu “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-164A (KOD ********) saylı şəhadətnamədə öz əksini tapmışdır.

11. Məhkəmə, mülkiyyətçinin sözü gedən tikililərdən torpaq sahəsi onun mülkiyyətinə verilən vaxtdan, yəni 1998-ci ildən məlumatlı olmasını və uzun müddət susması barədə işin hallarını ağlabatan məhkəmə mühakiməsi əsasında tədqiq edərək qeyd etmişdir ki, cavabdehin ailə üzvləri ilə birlikdə yaşadığı və sonuncunun mərhum atası Namaz İsmayılov tərəfindən inşa edilmiş fərdi yaşayış evi və digər tikililər hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş olsa da, həmin tikililər özbaşına tikili hesab edilə bilməz. Belə ki, mübahisəli evdən cavabdehin istifadə hüququnun olması qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1413/2023 saylı, 13 iyun 2023-cü il tarixli qətnaməsi ilə artıq müəyyən edilmişdir. Cavabdeh 1960-cı ildən qeyd edilən torpaq sahəsi və tikililərdən istifadə etmişdir ki, bununla da istifadə edən şəxsin - Cavabdeh həmin torpaq sahəsinə və həmin tikililərə sahiblik hüququ yaranmışdır. Belə ki, sahiblik səlahiyyəti qanunla müəyyən edilən və qorunan elə bir imkandır ki, bununla əşyaya faktiki cəhətdən yiyələnmək təmin edilir, başqa sözlə desək, bu əşyanın salamat qalmasının təmin edilməsinə, idarə olunmasına və saxlanılmasına yönələn hərəkətlər edir. Sahiblik səlahiyyəti onu həyata keçirən subyektlərə görə iki yerə bölünür: mülkiyyətçinin sahiblik səlahiyyəti və qeyri-mülkiyyətçi şəxslərin sahiblik səlahiyyəti. Qeyri-mülkiyyətçinin sahiblik səlahiyyətinə həmin əmlakdan istifadə edən şəxsin sahiblik səlahiyyəti də aiddir. Hazırda cavabdehin də qeyd edilən torpaq sahəsindən və tikililərdən istifadə hüququ yarandığından həmin əmlak üzərində sahiblik səlahiyyəti də yaranmış və həmin hüququndan istifadə edərək əmlakın idarə olunmasını, salamat qalmasını təmin edən hərəkətlər etməklə tikililərdə təmir və abadlaşdırma işləri aparmışdır.

12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5, 560.1 və 560.2-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsinda icraat

13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şik ayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mülkiyyətindəki əmlakdan məhrum olmuşdur. Məhkəmə ona məxsus torpaq sahəsində qanunsuz tikilinin sökülməsinə dair qərar qəbul etmək əvəzinə, cavabdehin mövqeyindən çıxış etmişdir. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 12 iyun 1998-ci il tarixli 52 saylı qərarı ilə Şəmkir rayonun Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdeh tərəfin isə onun mülkiyyət hüququna hörmətlə yanaşmaq, cürbəcür hədsiz təsirlərdən çəkinmək kimi vəzifəsi yaranmışdır. Mülkiyyətində olan əmlak ı cavabdehin qanunusuz sahibliyindən geri tələb etməyi, nə vaxtdan hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir? Qətnamədə qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli torpaq sahəsi üzərində tikinti aparması sübut olunmamışdır. Məhkəmə hansı mötəbər sübuta istinad edib, bu nəticəyə gəlmişdir? Məhkəmə mübahisəli əraziyə baxış keçirərkən də ərazidə tikinti işləri aparılırdı. İlk baxışdan da aydın görünür ki, sökülməsi tələb olunan tikili köhnə tikilidir, yoxsa təzə tikilidir. Məhkəmə öz qətnaməsində iddia tələbini rədd edərkən bu nəticəyə gəlmişdir ki, sökülməsi tələb olunan tikililər qanunsuz tikili hesab oluna bilməz. Cavabdehin tikinti aparmış olduğu torpaq sahəsi onun mülkiyyətindədir. Onun razılığı olmadan cavabdeh ona məxsus torpaq sahəsində tikniti apara bi lməz. Dövlət qeydiyyatına alınmamış tikili necə qanuni tikili hesab oluna bilər?

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 mart 2025-ci il tarixli, 2(104)-656/2025 nömrəli qətnaməsi ilə (hakimlər - Rəhman Muradov (sədrlik edən və məruzəçi), Mustafa Mustafayev və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sökülməsi tələb edilən tikilinin nə zaman inşa edildiyi, habelə torpaq sahəsinin hazırkı mülkiyyətçisi olan iddiaçının həmin tikilinin inşasına razılıq verib-vermədiyi halları araşdırılmalıdır. Çünki torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyh inə başqası tərəfindən tikili inşa edildikdə, Mülki Məcəllənin 157.2, 157.4 və 180-ci maddələrinə əsasən mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini tələb etmək hüquqları qanunla tanınır. Mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Lakin nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri - mülkiyyətçinin iradəsidir. Bu baxımdan binanı torpaq mülkiyyətçisinin, o cümlədən ümumi birgə mülkiyyətdə mülkiyyətçilərdən birinin razılığı əsasında inşa edən şəxsin hərəkətləri mülkiyyətçiyə (o cümlədən digər birgə mülkiyyətçiyə) münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır.

17. Məhkəmə kollegiyası 1998-ci ildə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçıya keçdiyi vaxtdan, yəni ötən 25 il müddət ərzində cavabdehin hər hansı maneə olmadan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş tikiliyə qanuni əsaslarla əldə etdiyi sahiblik hüququ həyata keçirdiyini, iddiaçının torpağın mülkiyyətçisi kimi görülən bu işlərdən məlumatlı olmasını, cavabdehin həmin torpaq sahəsində tikili inşa etməyə başlamasından tikilinin inşa işlərinin bitməsinədək ötən müddət ərzində iddiaçının buna hər hansı narazılığının olmaması, yəni susması barədə işin hallarını ağlabatan mühakimə əsasında tədqiq edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tikili hazırd a iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş olsa belə, Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından həmin tikili özbaşına tikili hesab edilə bilməz.

18. Həmçinin, iddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkil) apellyasiya baxışı zamanı sədrlik edənin sualına cavab olaraq mübahisəli tikilinin 2020-ci ildən inşa edilməyə başlanıldığını, hətta tikilinin artıq dam örtüyünün də vurulduğunu bildirmişdir, işin bu halı isə özlüyündə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisəli tikili inşa edilməyə başlanıldığı vaxtdan iddiaçı bu işlərin aparılmasından məlumatlı olmuş, lakin susaraq cavabdehə, yəni qardaşı Cavabdeh tikinti işləri aparmasına hər hansı etiraz və ya irad bildirməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə

152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

25. Maddə

180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna l azımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəm ə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiya sı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərə findən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətində qətnamə tam yoxlanılır.

36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələn ən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

38. İddiaçı kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və məhkəmə iclaslarında verilmiş izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmam asına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir

39. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-656/2025 nömrəli, 17 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar