Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1796/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh2 Bank Olmayan Kredit X1 Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1796/22 (Açar sözlər: hərracın nəticələrinə dair protokolun etibarsız sayılması tələbi) Bakı şəhəri, 5 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9780/2021 nömrəli mülki iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfin dən verilmiş kassasiya şikayətinə 4 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Apellyasiya Məhkəməsinin 14.08.2019-cu il tarixli, 2(105)-532/2019 saylı icra vərəqəsinə əsasən, İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh2 BOKT ASC (bundan sonra – kredit təşkilatı) arasında bağlanmış 07.08.2015-ci il tarixli kredit müqaviləsinə xitam verilməli, iddiaçıdan ASC-nin xeyrinə 18.04.2018-ci il tarixə yaranmış 24.287,85 ABŞ dolları əsas, 11.996,69 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 36.334,54 ABŞ dolları borc (qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə), ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı, tutma iddiaçıya məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, 4 nöm rəli mənzilə (yeni qaydalarla: AZ5004, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 165, M3, m 1, bundan sonra – mübahisəli mənzil) yönəldilməli, mənzilin ilkin satış qiymətinin 54.000 manat müəyyən edilərək, açıq hərracdan satılmalı, borc satışdan əldə olunmuş vəsait hesabına ödənilməlidir.
2. Qeyd olunan icra vərəqəsi əsasında Sumqayıt şəhər İcra İdarəsi tərəfindən icraata başlanılmış və aparılmış icra tədbirləri nəticəsində 10.02.2021-ci il tarixli məktubla ipoteka predmeti olan mübahisəli mənzilin hərracdan satılması Cavabdeh1 MMC-yə (bundan sonra - hərrac təşkilatı) sifariş olunmuşdur.
3. Hərrac təşkilatı tərəfindən 19.03.2021-ci il tarixə təyin edilmiş ilk və 08.04.2021-ci il tarixə təyin edilmiş təkrar hərrac baş tutmamış hesab edilərək, bununla bağlı “Birja Yekilikləri” qəzetində 13.04.2021-c i il tarixdə elan dərc olunmuşdur.
4. Bundan sonra, ipoteka predmeti “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən təkrar hərracakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 34.425 manat olmaqla ipoteka saxlayana (kredit təşkilatına) təklif olunmuş və hərrac təşkilatının 32/02 nömrəli, 27.04.2021-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən həmin qiymətlə kredit təşkilatı tərəfindən əldə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməsinə dair hərracın yekunları barədə 32/02 nömrəli protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yux arıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hərrac mülki qanunvericiliyin tələbləri pozulmaqla keçirilmişdir. Belə ki, kredit borcuna görə tutmanın yönəldildiyi ipoteka predmeti qətnamənin icrası mərhələsində məhkmənin müəyyən etdiyi qiymətdən (bu qiymətlə də razılaşmamışdır) xeyli aşağı qiymətə kredit təşkilatına satılmış, eyni zamanda, hərracın keçirilməsi və təşkili qaydaları ilə tanış edilməmiş və hərrac keçirilən zaman iştirakı təmin olunmamışdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3561/2021 nömrəli iş üzrə 27 iyul 2021-cu il tarixli qətnaməsi ilə (hakim V.Quliyev) iddia rədd olunmuşdur.
8. Məhkəmə “İpoteka haqqında” Qanunun ipoteka predmetinə dair hərracın keçirilməsi qaydalarını tənzilmləyən 41-43-cü maddələrinə istinad edərək, mövqeyini belə əsaslandırmışdır ki, hərrac təşkilatı tərəfindən hərraclar qanunun tələblərinə müvafiq olaraq keçirilmiş, iddiaçı məhkəməyə əksini təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir. İpoteka predmetinin ilkin satış qiyməti isə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən hazırkı icraat çərçivəsində həmin hal mübahisələndirilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
10. Kredit təşkilatı apellyasiya şikayətinə etiraz təqdim edərək, bildirmişdir ki, hərrac təşkilatı tərəfindən keçirilən hərrac ların yeri və vaxtı barədə iddiaçıya məlumat verilmişdir. Eyni zamanda, gələcəkdə yarana biləcək riskləri nəzərə alaraq, cavabdeh özü də hərrac təşkilatı tərəfindən ona göndərilmiş bildirişlərin surətini müşayət məktubu ilə qeydiyyatda olduğu ünvan üzrə iddiaçıya göndərmiş və məktubun çatdırılması barədə qəbzlərdən də göründüyü kimi, bildirişlər hərracdan əvvəlki tarixlərdə iddiaçı tərəfindən qəbul edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-9780/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər - Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətindəki eyni dəlillərlə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
16. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərba ycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
17. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
18. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiy a vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
19. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 2. hərracın iştirakçısı olmadıqda; 3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
20. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsi nin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
21. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
22. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
23. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın b aş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
24. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
25. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
26. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq müəyyən etmişlər ki, Sumqayıt Apellya siya Məhkəməsinin 14.08.2019-cu il tarixli, 2(105)532/2019 saylı qətnaməsi ilə iddiaçıdan cavabdehin xeyrinə cəmi 36.334,54 ABŞ dolları kredit borcunun tutulması, tutmanın iddiaçıya məxsus ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 54.000 manat müəyyən edilərək, açıq hərracda satılması və borcun satışdan əldə olunmuş vəsait hesabına ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönədilmişdir. İcra İdarəsi tərəfindən aparılmış icra tədbirləri nəticəsində mübahisəli mənzilin hərracdan satılması Cavabdeh1 MMC-yə sifariş olunmuşdur.
37. Hərrac təşkilatı tərəfindən ilkin satış qiyməti 54.000 manat olmaqla, mübahisəli mənzillə bağlı ilk hərracın keçirilmə tarixi 19.03.2021-ci il tarixə, saat 11:00-dan 17:00-dək (növbəlilik əasında) təyin edilmiş, bununla bağlı “Birja Yenilikləri” qəzetində elan dərc olunmuş və bu barədə iddiaçıya həm ipoteka premeti yerləşdiyi ünvan üzrə, həm də ünvan 1 tarixli bildirişlər göndərilmiş və hər iki ünvanda bildirişlər 26.02.2021-ci il tarixdə iddiaçı tərəfindən qəbul edilmişdir. İlk hərrac baş tutmadığından mənzilin ilkin satış qiyməti 15% aşağı salınaraq 45.900 manat müəyyən olunmaqla, təkrar hərracın keçirilmə tarixi 08.04.2021-ci il tarixə, saat 11:00-dan 17:00-dək (növbəlilik əasında) təyin edilmiş, bununla bağlı “Birja Yekilikləri” qəzetində elan dərc olunmuş və bu barədə iddiaçıya yenidən yuxarıda qeyd olunan hər iki ünvan üzrə 30.03.2021-cu il tarixli bildirişlər göndərilmiş və hər iki bildiriş 05.04.2021-ci il tarixdə qəbul edilmişdir. Təkrar hərrac da baş tutumamış və bu barədə “Birja Yenili kləri” qəzetinin 13.04.2021-ci il tarixli nömrəsində elan dərc edilmiş, bundan sonra hərrac təşkilatı tərəfindən ipoteka predmeti ilkin satış qiymətindən 25% aşağı qiymətlə ipoteka saxlayana təklif olunmuş və sonuncu tərəfindən əldə edilmişdir.
38. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının kobud pozuntusu müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddia rədd etməklə düzgün nəticəyə gəlmişdir. İpoteka predmetinin ilk satış qiyməti isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunduğundan, bu hal tərəflər üçün preyudisial olmaqla, hazırkı məhkəmə prosesində mübahisələndirilə bilməz. Əmlakın hərracda ilkin satış qiymətindən aşağı qiymətlə satılması ilk və təkrar hərraclar baş tutmadığınd an qanunla müəyyən edilmiş faizlərə uyğun azalmalarla bağlı olmuşdur.
39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
40. Apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apel lyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9780/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov