Məhkəmə qərarları › İş №2(103)-2073/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2073/2024

17.04.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2073/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə (Açar sözlər: hərracın nəticələrinin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X4 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6, onun vəkili Vəkil1, tərcüməçi X2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qətnaməsindən üçüncü şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 dekabr 2019-cu il tarixli icra vərəqəsi ilə Nümayəndə 9500 ABŞ dolları məbləğində pul vəsaitinin alınaraq iddiaçı X9 xeyrinə, İddiaçı isə 2000 manat pul vəsaitinin alınaraq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir.

2. İcra sənədi 25 avqust 2020-ci il tarixdə Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olmaqla, icraata başlanılmış və borcluya könüllü icra barədə bildiriş təqdim olunmuşdur.

3. İcra sənədinin icrasını təmin etmək məqsədilə İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrdə qeydə alınmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması ilə bağlı icra məmuru tərəfindən məhkəməyə təqdimatla müraciət edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 02 dekabr 2020ci il tarixli qərardadı ilə təqdimat təmin edilməklə, həmin fərdi yaşayış evinin üzərinə həbs qoyulması qərara alınmışdır.

4. İcra məmurunun sifarişinə əsasən "xxxx" MMC-nin 26 fevral 2021-ci il tarixli hesabatı ilə mübahisə predmeti olan fərdi yaşayış evi 62000 manata qiymətləndirilmiş və Suraxanı rayon İcra və probasiya şöbəsi tərəfindən “X1 Mərkəzi” MMC-yə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həmin qiymətə hərracdan satılmasına dair 04 mart 2021-ci il tarixdə sifariş verilmişdir.

5. Evin satışı ilə bağlı açıq hərrac 2 dəfə keçirilmiş və 3-cü hərracın nəticəsi olaraq, hərracın nəticələri haqqında Y-139 nömrəli, 04 avqust 2021-ci il tarixli protokola əsasən, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 37200 manata X7 satılmışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 37200 manata qalib alıcı X7 satan “X1 Mərkəzi” MMC-nin 04 avqust 2021ci il tarixli “hərracın nəticələri haqqında” YP seriyalı 139 nömrəli protokolun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

7. İddia onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə onun X5 cəmi 2000 manat borcu olmuşdur və bu borca görə ona məxsus evin 37200 manata hərracda satılması qanunsuz olmuşdur. X13 Tairoviçə hər hansı borcu yoxdur və olmayan borca görə onun vərəsəlik qaydasında əldə etdiyi ev hərraca çıxarıla bilməz.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(004)- 577/2022 nömrəli qətnaməsi illə iddia təmin olunmuşdur.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, fərdi yaşayış evi, hazırkı iş üzrə iddiaçının digər borclu olan əri Nümayəndə ilə birgə mülkiyyətində olmamaqla, tam mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Buna baxmayaraq, Suraxanı rayon İcra şöbəsi tərəfindən fərdi yaşayış evinin borclu İddiaçı mülkiyyətinə əvəzsiz olaraq vərəsəlik qaydasında keçməsi xüsusatı araşdırılmamış və həmin fərdi yaşayış evi səhvən borcluların birgə mülkiyyəti kimi qiymətləndirilərək üzərinə həbs qoyulmasına dair təqdimat verilmiş, daha sonra isə icra sənədi üzrə hər iki borcluya münasibətdə tələbin təmin edilməsi üçün açıq hərracdan satılmasına dair sifariş verilmişdir. Hazırda isə iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli icra sənədinə əsasən 2000 manat borcunu tam şəkildə ödəmişdir. Belə olan halda isə ona qarşı icra sənədi üzrə tələb aradan qalxmışdır.

10. Eyni zamanda, məhkəmə müəyyən etmişdir ki, protokol sifarişi vermiş icra şöbəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanmamışdır. Bundan başqa, hazırkı işin faktiki hallarından göründüyü kimi, həmin hərracın keçirilməsinə əsas olmuş Suraxanı rayon İcra şöbəsinin 04 mart 2021-ci il tarixli sifarişi hüquqazidd olmuşdur. Bu hal isə özüözlüyündə 04 avqust 2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokolun etibarsızlığına dəlalət edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki iş üzrə iddiaçı tərəfindən icra məmurunun hərəkətləri və icra işi üzrə qəbul etdiyi aktlar mübahisələndirilməsə də, 04 avqust 2021-ci il tarixli YP seriyalı 139 nömrəli protokol və onun nəticələri özü-özlüyündə etibarsız olduğundan, protokol ləğv edilməlidir. Məhkəmə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 nümayəndəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2019cu il tarixli qətnaməsinə əsasən 9500 ABŞ dolları pulun İddiaçı mərhum atasının digər qanun üzrə vərəsələrinə verilməsi üçün Nümayəndə tərəfindən alınması və bu səbəbdən, qeyd olunan məbləğin onların birgə borcu kimi qiymətləndirilərək İddiaçı mülkiyyətində olan əmlaka yönəldilməsinə dair iddiası üzrə isə vurğulamışdır ki, müvafiq məhkəmə qətnaməsində bu hal qeyd edilməsinə baxmayaraq 9500 ABŞ dolları pul vəsaiti onların birgə borcu kimi qiymətləndirilməmiş və müştərək qaydada ödənilməsi müəyyən edilməmişdir. Ona görə də X6 nümayəndəsinin bu iddiası rədd edilməlidir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.4, 415.1, 415.2, 415.3, 415.5, 416.1, 416.2-ci, “İcra haqqında” Qanunun 53.2, 61.1, 61.2, 61.3, 62-ci, “İpoteka haqqında” Qanunun 43, 44-cü, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 dekabr 2008-ci il tarixli və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4- 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarları ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Üçüncü şəxs X8 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli, 2(004)-577/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvəla, tutmanın hər iki borca görə birgə mülkiyyətdə olmayan əmlaka yönəldilməsi qanuni sayılmasa da, bu sifarişi icra qurumu verib və əgər yanlışlıq varsa, bu hissədə iddiaya cavab verməli şəxs hərrac təşkilatı deyil, Suraxanı rayon İcra və Probasiya şöbəsidir. Məhkəmə dəfələrlə iddiaçıya cavabdehi əsl cavabdehlə əvəz etməyi təklif etsə də, iddiaçı bundan imtina edib. Məhkəmə isə, əsl olmayan cavabdehə qarşı iddianı təmin etməklə, ciddi pozuntuya yol verib. İkincisi, məhkəmə hesab edib ki, İddiaçı ona aid 2000 manat borcu ödədiyi üçün, ona qarşı tələb aradan qalxmışdır. Məhkəmə nəzərə almayıb ki, hazırkı məhkəmə araşdırmasının predmeti hərracın düzgün keçirilib-keçirilməməsinə qiymət verməkdir. Tahirə Əsədova 2000 manat borcunu xx.xx.2022-ci ildə, məhkəmənin 7-ci iclasından və hərracın keçirilməsindən 1 il sonra hakimin təklifi ilə ödəmişdir. Bu borcun ödənilməsi özlüyündə hərracın nəticələrinin qanunsuz sayılması üçün əsas ola bilməz. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində hərrac və ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi qaydasında dair kifayət qədər normaya istinad etsə də, əsaslandırıcı hissədə həmin normaların hazırkı işə aidiyyətini əsaslandırmamışdır.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)-1333/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd olunmuşdur.

b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 342/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 aprel 2023-cü il tarixli, 2(103)-1333/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Apelyator S.Xaliman və onun vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

18. İddiaçının nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Mülki Məcəllə

Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

21. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Maddə 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı iş üzrə iddia təmin olunduğundan və birinci instansiya məhkəməsinin qətnaməsindən üçüncü şəxs apellyasiya şikayəti verdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Ali Məhkəmə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmamış və mübahisəyə tətbiq etməli olan maddi hüquq normalarına istinad etsə də, onları düzgün təfsir etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi “İcra haqqında” Qanunun müvafiq müddəalarına istinad etsə də, hərrac təşkilatı tərəfindən hərracdan satılmalı olan əmlakın müəyyən olunan ilkin satış qiymətinin hər bir növbəti hərrac keçirilərkən aşağı salmasının bu Qanunun tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi sifarişin hərrac təşkilatına hansı tarixdə daxil olmasını və buna uyğun olaraq qanunvericiliklə müəyyən olunmuş müddətlərə həmin təşkilat tərəfindən riayət olunub-olunmamasını müəyyən etməmişdir. Apellyasiya məhkəməsi qətnamə qəbul edərkən Mülki Prosessual Məcəlləsinin 217.3, 218.1 və 392.1.5-ci maddələrinin tələblərini pozaraq, işin bu faktiki hallarına hüquqi qiymət verməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

26. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

27. İşin mübahisəsiz hallarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ilə əlaqədar tutma borclu olan hazırkı iddia üzrə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilmiş, icra məmurunun sifarişi əsasında həmin ev qiymətləndirilərək cavabdeh MMC tərəfindən hərraclar keçirilmiş və son nəticədə ev hazırkı iş üzrə üçüncü şəxsə satılmışdır.

28. İddiaçı bir neçə əsasla hərracın qanunsuz keçirilməsini iddia etməklə, onun nəticələrini mübahisələndirmişdir.

29. Baxılan iş üzrə birinci instansiya məhkəməsi borcun iddiaçı tərəfindən ödənildiyindən əmlakın hərracda satılmasına zərurət olmadığı, hərraca çıxarılan əmlakın yalnız iddiaçının mülkiyyəti olduğu, digər borcluya heç bir aidiyyəti olmadığı, hərracın qanunsuz keçirildiyi, hərrac protokolunun öz-özlüyündə etibarsız olduğu və bu baxımdan ləğv edilməli olduğu, həmin protokolun sifarişi vermiş icra şöbəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanmadığı, hərracın keçirilməsinə əsas olmuş Suraxanı rayon İcra şöbəsinin 04 mart 2021-ci il tarixli sifarişinin hüquqazidd olduğu qənaətinə gəlmişdir.

30. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayır.

31. Məhkəmə kollegiyası ilk növvədə qeyd edir ki, “İpoteka haqqında” Qanunun 42, 43-cü maddələrində ipoteka predmeti olan əmlakın likvid qiymətlə satışa çıxarılması, ümumilikdə 2 hərracın keçirilməsi imkanı, birinci və təkrar hərrac baş tutmadığı halda ilkin satış qiymətinin ardıcıl olaraq 15 və 25 faiz azaldılması və ən nəhayət təkrar hərracın baş tutmadığı halda ipoteka saxlayanın əmlakı 30 gün müddətində əldə etməsi imkanı nəzərdə tutulsa da, “İcra haqqında” Qanunda hərracın başqa qaydada keçirilməsi müəyyən olunmuşdur.

32. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli qərardadında izah olunmuşdur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir.

33. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3-cü maddəsinə əsasən əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır 62.1-ci maddəsinə əsasən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir.

34. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin məzmunundan da görünür ki, üzərinə həbs qoyulmuş əmlak ilk növbədə tələbkara təklif olunmalı və tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.

35. Lakin icra qurumunun və hərrac təşkilatının təqdim etdiyi sənədlərdən baxılan iş üzrə əmlakın ilkin olaraq tələbkara təklif olunması, sonuncunun əmlakdan imtina etməsi, habelə üç aylıq müddətə əməl olunması müəyyən olunmur. Belə ki, icra məmuru əmlakın hərracda satışını “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2021-ci tarixdə sifariş vermiş, əmlak tələbkara təklif olunmadan hərraca çıxarılmış, bir neçə dəfə hərrac keçirilmiş və icra məmurunun sifarişindən tam 5 (beş) ay sonra üçüncü şəxs Sofya Xalimana satılmışdır.

36. Məhkəmə kollegiyası hərrac sənədlərinə əsasən onu da qeyd edir ki, hərrac keçirlərkən Sofya Xaliman tələbkarlardan biri olan Yan Raznoborskini etibarnamə əsasında nümayəndə kimi təmsil etsə də, əmlakı onun adına deyil, öz adına almışdır.

37. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hərrac təşkilatçısı tərəfindən bir deyil, bir neçə hərrac keçirilmiş və hər növbəti hərracda əmlakın satış qiyməti aşağı salınmışdır. Məhkəmə kollegiyası bunu da “İcra haqqında” Qanunun tələblərinə zidd sayır. Belə ki, mübahisəli əmlak ipoteka predmeti deyil və hərrac “İpoteka haqqında” Qanuna əsasən keçirilə bilməzdi. Əmlakın satış qiymətinin aşağı salınması isə yalnız “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuşdur, “İcra haqqında” Qanunda belə bir norma yoxdur.

38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, icra qurumunun və hərrac təşkilatının təqdim etdiyi sənədlərdə mübahisəli əmlakın hərracdakı son qiyməti ilə bağlı bir-birinə zidd eyni tarixli, yəni xx.xx.2021-ci ildə tərtib olunmuş iki protokol vardır. Həmin protokollardan birində əmlakın hərracda satılmış son qiymətinin 37200 manat (i.v.167, 1-ci cild), digərində isə 43400 manat (i.v.231, 1-ci cild) olduğu qeyd edilmişdir.

39. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, Kollegiya cavabdehin sonradan borcu ödəməsinin hərracın qanunsuzluğu təsdiq etmək gücündə olmaması barədə dəlilini əsaslı saysa da, hazırkı iş üzrə iddianın tələbə cavab verməli olmayan şəxsə qarşı qaldırıldığı, yəni cavabdehin düzgün müəyyən olunmaması barədəki dəlilini tam əsassız hesab edir. Belə ki, hərracın keçirilməsi qaydalarına (hər bir növbəti hərrac keçirilərkən satışa çıxarılmış əmlakın qiymətinin müəyyən edilməsi və əmlakın hərracdan satılması müddətləri) riayət edilməsi vəzifəsi məhz hərrac təşkilatının üzərinə düşdüyündən hazırkı iş üzrə iddia da düzgün olaraq “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı irəli sürülmüşdür.

40. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən apellyasiya şikayətinin formal mülahizə xarakteri daşıyan bu dəlilləri MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən mahiyyətcə düzgün olan qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Üçüncü şəxs X6 apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar