Məhkəmə qərarları › İş №2(103)-2129/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2129/2024

06.03.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2129/2024 06.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 QSC və "xxxx" MMC-yə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC və "xxxx" MMC-yə qarşı “ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2569/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1 QSC və "xxxx" MMC-yə qarşı “ipoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərracın yekun xx.xx.2019-cu il tarixli 58/03 nömrəli protokolu etibarsız hesab edilməli, Bakı şəhəri, Səbail rayonu 32-ci Salyan yolu 1-ci küçə, 3-cü döngə olan 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 21 saylı fərdi yaşayış evinə dair Cavabdeh1 QSC-nin mülkiyyət hüququ ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 2569/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2569/2021 nömrəli qərardadı ilə (M.X.Əfəndizadə) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2569/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

5. Qərardad belə əsaslandırılmışdır ki, İddiaçı poçt vaitəsilə göndərilən məktub çatdırılmamış və zərf geri qayıtmışdır. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil mülki iş ilə tanış olmağı xahiş etmişdir. Hazırda 2 ildən sonra apellyasiya şikayəti elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi apellyasiya şikayətini verən zaman həmin şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Lakin verdiyi apellyasiya şikayətinə müddətin bərpası barədə ərizə əlavə edilməmişdir.

6. Beləliklə, qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən ötürülmüşdür, onun tərəfindən həmin müddətin bərpasına dair ərizə təqdim edilməmişdir və buna görə də onun tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmalıdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

7. İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2569/2021 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan prosessual hüquq norması mülki işlər üzrə məhkəmə qətnamələrindən şikayət verilmənin müddətini qətnamənin rəsmi qaydada alındığı andan bir ay ərzində verilməsi mümkünlüyünü qeyd edir. Maddənin anlayışından birbaşa müəyyən olunur ki, qətnamənin qəbul edilməsi tarixi əhəmiyyət kəsb etmir, əsas burada qətnamənin rəsmi qaydada alınmasıdır (əldə edilməsidir). Hazırki iş üzrə mübahisələndirilən qətnamə də İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə alınmışdır (sürətli poçt daşıma xidməti vasitəsi ilə). Həmin tarixə qədər qətnamə ona nə rəsmi qaydada, nə də ki şəxsən verilməmişdir. Hətta qətnamənin ona rəsmi qaydada göndərilməsi üçün rəsmi qaydada bir dəfə müraciət etmiş, sonra həmin müraciətə əhəmiyyət verilmədiyindən, təkrarən teleqram vurmuşdur. Məhz bu teleqramın vurulmasından sonra, qətnamə rəsmi qaydada təqdim olunmuşdur. Buna baxmayaraq, məhkəmə qərardadda şikayətin iki il keçməsindən sonra verildiyini vurğulayır. Belə çıxır ki, məhkəmə öz qətnaməsini illərlə özündə saxlayacaq və tərəfə təqdim etməyəcək, sonunda da qeyd edəcək ki, artıq qətnamədən neçə illər keçib ona görə şikayət verilməsi üçün nəzərdə tutulan müddəti ötürülüb? Bəs MPM-nin istinad edilən norması nə üçün qətnamədən şikayət verilməsinin bu qətnaməni rəsmi qaydada aldıqdan sonra nəzərdə tutulmuş müddət ərzində verilməsini mümkün sayır? Bu isə onu göstərir ki, necə ki qətnaməni məhkəmə vermək istəməmişdir və hətta sonradan rəsmi qaydada müraciətdən sonra, zorla da olsa qətnamə əldə edilir və yenidən alındıqdan sonra da müddət ötürülmədən şikayət verilirsə, deməli burada heç bir müddət ötürülməmişdir.

9. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2569/2021 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-2569/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Məhkəmə kollegiya ilkin olaraq qeyd edir ki, məhkəmə proseslərində iddiaçını nümayəndəsi və vəkili X1 (etibarnamə xx.xx.2024-cü il tarixədək qüvvədədir) təmsil etməklə, mülki iş üzrə xx.xx.2021-cil tarixdə keçirilmiş son məhkəmə iclasında iştirak etmiş və qəbzə imza etməklə qətnamədən çıxarışı qəbul etmişdir.

15. Beləliklə, iddiaçının nümayəndəsi və vəkilinin artıq həmin tarixdə qətnamənin nəticə hissəsindən, yəni iddiaçının iddiasının təmin edilməməsindən məlumatı olmuşdur.

16. İşdən həmçinin görünür ki, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi İddiaçı iddia ərizəsində göstərdiyi “ünvan 1 ünvanına poçt vasitəsilə göndərilmiş, lakin məhkəmə zərfi “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır.

17. Halbuki, mülki-prosessual qanunvericilik iş üzrə tərəflərin üzərinə iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat vermək öhdəliyi görür.

18. İddiaçı isə yalnız xx.xx.2023-cü il tarixdə, qətnamə qəbul edildikdən iki il sonra qətnamənin əldə edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

19. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayətinə prosessual müddətin bərpası barədə ərizə əlavə edilməmişdir.

20. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 2569/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar