Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1876/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı QƏRARİ (Açar sözlər: icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(102)-1287/2025 nömrəli, 2025-ci il 11 mart tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Tərəflər arasında boşa nma ərəfəsində 9 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Sazişin 1.2-ci bəndində qeyd edilmişdir ki, tərəflər razılaşırlar ki, birgə nikahdan doğulmuş uşaqlar yetkinlik yaşına çatanadək saxlanılması üçün ananın himayəsinə verilir.1.3-cü bənddə qeyd edilmişdir ki, ata uçaqların saxlanılması üçün Anaya alimenti işlədiyi zaman ödəyəcək.
2. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(103)-2066/2024 saylı xx.xx.2024-cü il tarixli qanuni qüvvədə olan qətnaməsi ilə ərizə təmin edilərək barışıq sazişinin 1.2 və 1.3-cü bəndləri təsdiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş övladları – 07 dekabr 2018-ci il təvəllüdlü X5, 02 iyul 20 20-ci il təvəllüdlü X6 və 02 iyul 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 500 (beş yüz) manat, ümumilikdə 1 500 (min beş yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 17 yanvar 2014-cü il tarixdə Səadət Sarayında (Bakı nikah evi) AZ-T №042557 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah bağlanmışdır. Tərəflərin birgə nikahdan 07 dekabr 2018-ci il təvəllüdlü X5, 02 iyul 2020-ci il təvəllüdlü X6 və 02 iyul 2020-ci il təvəllüdlü X7 anadan olmuşdur. İddiaçı ilə cavabdehin münasibəti evliliklərinin ilk vaxtı yaxşı olsa da, sonradan bu münasibət heç bir əsaslı səbəb olmadan pozulmuşdur. Cav abdehin özünü qeyri adekvat aparması, iddiaçıya və uşaqlara qarşı davamlı olaraq şiddət göstərməsi ailənin dağılmasına gətirib çıxarmışdır. Bu səbəbdən iddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı ilə cavabdeh ayrı yaşayır. Azyaşlı uşaqlar iddiaçının himayəsindədirlər. Uşaqların təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçı üçün çətindir. Cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir, maddi vəziyyətləri ilə maraqlanmır. Azərbaycan Respublikası Qanununa edilən dəyişikliyə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr məhkəmədən öncə Mediasiya qaydasında həll olunmalıdır. İddiaçı tərəfindən Cavabdeh Mediasiya təklifi barədə məktub göndərilmiş, cavabdehdən bu təklifə heç bir cavab g əlmədikdə, Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya Təşkilatı tərəfindən mediator qismində təyin edilmiş R.N.Şükürova xx.xx.2024-cü il tarixə saat 13:30a ilkin mediasiya sessiyası təyin etsə də, cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı X1 iştirak etmiş və mediasiya xərci kimi 50 manat məbləğində ödəniş etmişdir. X1 iştirak edilməməsi barədə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən MŞB/9/2024-00749 nömrəli xx.xx.2024-ci il tarixli Arayış tərtib edilmişdir.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3261/2024 saylı, 19 sentyabr 2024-cü il tarixli qərardadı ilə (X11) mülki iş üzrə icraata xitam verilmişdir.
6. Daha sonra iddiaçının şikayəti əsasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e2(003)-3261/2024 saylı, 15 oktyabr 2024-cü il tarixli qərardadı ilə 19 se ntyabr 2024-cü il tarixli qərardadı ləğv edilmişdir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3261/2024 saylı, 31 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (X11) iddia qismən təmin edilmiş, 07 dekabr 2018-ci il təvəllüdlü X5, 02 iyul 2020-ci il təvəllüdlü X6 və 02 iyul 2020-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, ümumilikdə 540 (beş yüz qırx) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, qətnamənin dərhal icra edilməsi qət olunmuşdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir.
9. Şikayəti iddia ərizəsində göstərilən dəlillərə uyğun əsaslandırmış, həmçin in qətnamənin iddianın təmin olunmayan hissəsində əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, cavabdehin rəsmi qaydada işləyərək əmək haqqı alması, məhkəmənin müəyyən etdiyi alimentin məbləğinin azyaşlı uşaqların saxlanılması üçün yetərli olmaması, halbuki 2024-cü il üçün uşaqlar üzrə yaşayış minimumunun 235 manat müəyyən olunması və s. göstərilmişdir.
10. Həmçinin cavabdeh də qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir.
11. Şikayət qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iş üzrə icraata xitam verilməsi, lakin sonradan ləğv olunması, bu zaman cavabdehin məlumatlandırılmaması, çəkişmə prinsipinin pozulması və s. kimi əsaslandırılmışdır.
12. Məhkəmə iclasında iştirak etmiş iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən onunla cavabdeh arasında 04 oktyabr 2023-cü il tarixli barışıq sazisi bağlanmışdır. Sazişin 1.2 və 1.3-cü bəndlərinə görə, xx.xx.2018-ci il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun himayəsinə verilmiş, eyni zamanda Cavabdeh işlədiyi zaman aliment ödəyəcəkdir. Cavabdeh işləsə də, aliment ödəmədiyindən o, sazişin həmin bəndlərinin təsdiq olunaraq icraya yönəldilməsi üçün məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2066/2024 s aylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə sazişin qeyd edilən bəndləri təsdiq edilmiş və icraya yönəldilmişdir. İcra icraatı zamanı icra məmuru ona bildirmişdir ki, sazişdə alimentin konkret məbləği müəyyən olunmadığından qətnaməni icra edə bilmir, bu səbəbdən də aliment tələbi ilə müstəqil qaydada məhkəməyə müraciət etməlidir. O da məcbur qalıb hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını, onun şikayətinin isə təmin olunmasını, iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1287/2025 nömrəli, 2025-ci il 11 mart tarixli qərardadı ilə (hakimlər: Rafael Eyvazov-sərlik edən və məruzəçi, Cəmilə Musayeva və Fuad Abdıyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, cavabdehin apellyasiya şikayəti qismən təmin olunaraq iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3261/2024 nömrəli, 31 oktyabr 2024-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki məsələ (aliment) məhz tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması ilə bağlı Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 2(003)-2066/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası qaydasında həll edilməli olduğundan, ona müstəqil qaydada mülki mühakimə icraatı qaydasında (iddia icraatı qaydasında) baxıla bilməz.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə olan sənədlərdən (barışıq sazişi, sazişin təsdiq olunması barədə qüvvədə olan müv afiq məhkəmə aktı və s.) görünür ki, tərəflər arasında Bakı 9 saylı Mediasiya təşkilatında mediasiya prosesi zamanı 04 oktyabr 2023-cü il tarixli barışıq sazisi bağlanmış, tərəflər uşaqların iddiaçının yanında saxlanılması və cavabdeh tərəfindən aliment ödənilməsinin şərtləri ilə bağlı müvafiq razılığa gəlmişlər. Bundan sonra, iddiaçının ərizəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2066/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Sazişin 1.2 və 1.3-cü bəndləri (uşaqların iddiaçının yanında saxlanılması və alimentin ödənilməsi hissələrində) təsdiq edilmiş və icraya yönəldilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli məktubundan və ona əlavə olunmuş icraata başlamaq haqqında 31 may 2024-cü il tarixli qərardan görünür ki, qətnamə qanuni qüv vədə olmaqla, icraya yönəldilmiş və icra icraatına başlanılmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki işin hallarından və qanunvericiliyin normalarının müqayisəli təhlilindən göründüyü kimi, tərəflər mediasiya prosesi zamanı həmçinin uşaqların saxlanılması üçün alimentin ödənilməsi istiqamətində müvafiq razılığa gəlmişlər, cavabdeh sazişin şərtlərinə pozduğundan saziş məhkəmə qətnaməsi ilə təsdiq olunmuş və icraya yönəldilmişdir.Buna baxmayaraq, iddiaçı cavabdehə qarşı müstəqil aliment tələbi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir.İddiaçı bunun səbəbini sazişdə alimentin konkret miqdarının müəyyən olunmaması ilə əsaslandırmağa çalışsa da, bu hal özü-özlüyündə yeni iddia tələbinin verilməsinə prosessual əsas yaratmır.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sazişin həmin bəndi (alimentin ödənilməsi) məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir. Bu hal isə, sazişin aliment hissədə qanuna zidd olmaması, icra oluna biləcək olmasını ehtiva edir (əks halda, sazişin təsdiq olunmasından MPMnin 355-26-ci maddəsinə əsasən imtina edilərdi).
18. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər, eləcə də icra məmuru, qətnamənin aliment hissəsində icrasının hansı qaydada həyata keçirilməsi ilə bağlı məhkəmə nəzarətini həyata keçirən müvafiq məhkəməyə müraciət etmək (qətnaməyə və ya icra sənədinə izah verilməsi və ya icra üsul və qaydasının müəyyən edilməsi) hüququna malikdirlər.
19. Bununla da, məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki vəziyyətdə alimentlə bağlı məsələ yeni iddia vermək yolu ilə deyil, yalnız icra qaydasında («İcra haqqınd a» Qanunun və MPM-nin 231 və əlaqəli digər maddələrinin tələbləri çərçivəsində) həll oluna bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər.
20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, alimentlə bağlı mediasiya sazişinin onun icrası qaydasında həll olunması, bir tərəfdən qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsi olmaqla, eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin qısa müddətdə tam və hərtərfli həllinə yönəlmişdir.
21. Məhkəmə kollegiy ası, həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, sazişin cavabdeh tərəfindən mübahisələndirilməsi də vəziyyəti dəyişdirmir. Belə ki, hazırki vaxtda sazişin qüvvədən düşməsi (ləğv olunması, etibarsız sayılması və s.) ilə bağlı qüvvədə olan yekun məhkəmə aktı mövcud deyildir (cavabdehin nümayəndəsinin bildirməsinə görə cavabdehin müvafiq iddia tələbi birinci instansiya məhkəməsində rədd olunmuş, apellyasiya şikayəti isə təmin olunmamışdır). Lakin, gələcəkdə bunun əksini təsdiq edən hal yaranarsa, o zaman maraqlı tərəf alimentin tutulması ilə bağlı analoji iddia ilə məhkəməyə müraciət etmək hüququna malik olacaqdır.
22. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı qaydasında) qaydasında baxılmalı olmasını ehtiva edir.
23. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mediasiya sazişinin və onun təsdiq olunması barədə məhkəmə qərarının icrası zamanı yaranan müvafiq mübahisəli məsələni yeni iddia vermək yolu ilə həll etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi isə yuxarıda göstərilən halları nəzərə almamış, əsassız olaraq həmin iddia ərizəsini icraata qəbul edərək, ona mahiyyəti üzrə baxmışdır.
24. Belə olan halda isə, yəni birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, nəticədə qəbul edilmiş qətnamə qanuni və əsaslı he sab edilə bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi barədə qərarı qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, alimentin ödənilməsi barədə sazişdə nəzərdə tutulan təminatın verilməsi şərtləri azyaşlı uşağın, yaxud yetkinlik yaşına çatan, lakin əmək qabiliyyəti olmayan ailə üzvünün maraqlarını pozursa, o cümlədən bu Məcəllənin 97.2-ci maddəsinin tələblərinə əməl edilmədikdə həmin saziş mübahisələndirilə bilər. İddiaçı qeyd etmişdir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən barışıq sazişinə əsaslanmış, lakin həmin sazişin azyaşlı uşağın maraqlarına zidd olmasını nəzərə almamışdır.
27. Kassator şikayətini Ailə Məcəlləsinin 96.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
29. Maddə 261.0.1. İşə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
30. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
31. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Qərardaddan kassasiya şikayəti verən iddiaçı onu tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas olmadığından kassasiya şikayəti təmin edilməməlidir.
36. İddiaçı kassasiya şikayətində qeyd edir ki, tərəflər arasında mediasiyada bağlanmış barışıq sazişi uşağın mənafeyinə zidd olduğundan iddiaçının həmin sazişi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisələndimək hüququ olmuş, məhkəmə iş üzrə icraata xitam verərkən bu halı nəzərə almamışdır.
37. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırda iddiaçı tərəfindən tərəflər arasında mediasiyada bağlanmış barışıq sazişinin etibarsız hesab edilməsi barədə iddia tələbi irəli sürülmədiyindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 96-cı maddəsi mübahisə üzrə tətbiq edilə bilməzdi.
38. Məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, 9 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixdə tərəflər arasında bağlanmış barışıq sazişi və onun təsdiq edilməsi barədə Xəzər rayon Məhkəməsinin 2(103)-2066/2024 saylı xx.xx.20 24-cü il tarixli qətnaməsi qüvvədə olduğundan və həmin sazişdə cavabdeh işlədiyi halda uşaqlarına aliment ödəməklə bağlı üzərinə öhdəliik götürdüyündən iddiaçının cavabdehdən aliment tutulması və alimentin icra qaydasının müəyyən edilməsi barədə tələbinə yenidən məhkəmə tərəfindən iddia icraatı qaydasında baxılması istisna olunur.
39. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, tərəflər və ya icra məmuru MPM-nin 231-ci və Ailə Məcəlləsinin 76-cı maddələrinə əsaslanaraq aliment tutulmasının icra üsulu və qaydasınin müəyyən edilməsi üçün məhkəmə nəzarətini həyata keçirən məhkəməyə ərizə ilə müraciət etmək hüququna malikdir.
40. Konstitusiya Məhkəməsi Plenumunun “MPM-in 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarında izah olunmuşdur ki, məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərdən birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusudur.”
41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2025-ci il tarixli, 2 (103)-1287/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.