Məhkəmə qərarları › İş №2(102)-2005/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2005/2024

03.06.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2005/2024 03.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X1 Cavabdeh qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması, özbaşına tutulmuş torpaqların qaytarılması) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı “torpaq sahəsindən maneəsiz istifadə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-76/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı Talətdin Dünyamalıyev (Vək il) tərəfindən verilmiş kassasiya şikayətinə 03 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Torpağın mülkiyyət verilməsinə dair JN-012A KOD 41010058 saylı şəhadətnaməyə əsasən, Talətdin Dünyamalıyev, X3, X4, X5 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 28 mart 1997-ci il tarixli 40 saylı qərarı ilə Şamaxı rayonunun Avaxıl kəndinin ərazisindən fərdi yaşayış evinin tikilməsi üçün 0,17 ha torpaq sahəsi verilmişdir.

2. Şamaxı rayon Avaxıl Bələdiyyəsinin 10 mart 2006-cı il tarixli 05 saylı qərarına əsasən, X2 yaşayış evi tikmək məqsədi ilə 0,12 ha torpaq sahəsi satılmışdır.

3. Cavabdeh iddiaçı Talətdin Dünyamalıyevin xx.xx.2016-cı il tarixdə ölmüş qardaşı Qaradağlı Dünyamalıyevin arvadıdır. İş üzrə q əbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı X6 (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsində tikdiyi qanunsuz və sənədsiz evin sökülməsi, ona məxsus 0,17 ha torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan maneəsiz istifadə etmək və ona dair sərəncam vermək hüququnun təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (JN - 012A, KOD ********) əsasən, 0,17 ha torpaq sahəsi 4 nəfərlik ailə tərkibi ilə ona məxsusdur. Həmin şəhadətnamə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 28 mart 1997-ci il tarixli, 40 saylı qərarı ilə “fərdi yaş ayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” mülkiyyət hüququ ilə ona verilmiş və bu sənəd 3767 nömrə ilə kitabda qeydə alınmışdır. Bu sənəddə həm qonşu torpaqlar, həm də həyətyanı sahənin qaiməsi (sertifkatı) imzalanmış və möhürlənərək təsdiq edilmişdir. 2004-2007-ci illərdə ağır xəstə olmuş və bu səbəbdən sözügedən torpaq sahəsi nəzarətsiz qaldığından cavabdehin atası X7 ona məxsus həmin torpaq sahəsində cavabdeh üçün qanunsuz və sənədsiz ev tikmişdir. Dəfələrlə cavabdehə və onun ailə üzvlərinə bildirmişdir ki, ya bu sənədsiz ev sökülməlidir, ya da cavabdehin ailəsi imkan verməlidir ki, özünə məxsus torpaq sahəsini sata bilsin. Cavabdeh və onun ailə üzvləri qeyd etdiyi təkliflə razılaşmırlar. İndiyədək ayıb bilib məhkəməyə müraciət etməmiş, gözləmişdir ki, bəlkə özləri dərk edib ona məxsus torpaq sahəsini boşaldalar. Lakin, bu günə kimi, ona məxsus torpaq sahəsi boşaldılmamışdır.

6. Birinci instansiya məhkəməsi tərəfindən Şamaxı rayonu Avaxıl kənd Bələdiyyəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirmişdir ki, həmin əraziyə yoldaşı ilə bağlı Bələdiyyə sənədi olmuşdur. Lakin yoldaşı rəhmətə gedəndən sonra sənədlər itmişdir. 2000-ci ildə ora gələndə o sahə boş idi. Orada çadır qurub əziyyətlə bir daxma tikmiş, əri öldüyü üçün başsız qalmışdır. İddiaçı ona qarşı haqsızlıq edir. Ölən qardaşının arvadı olmuşdur. Heç olmasa onun ruhuna hörmət qoymalıdır.

8. Məhkəmə iclasında i ştirak edən 3-cü şəxs Şamaxı rayonu Avaxıl kənd Bələdiyyəsinin sədri X16 izahat verib bildirmişdir ki, tərəflər Avaxıl kəndinin sakinləridir. Eyni zamanda da, onlar qohumdurlar. Cavabadeh iddiaçının qardaşı arvadıdır. Cavabdeh mərhum əri X12 tərəfindən xx.xx.2006-cı il tarixli qərar əsasında yaşayış sahəsi tikilməsindən ötrü 0,12 ha torpaq sahəsi satılmışdır. Lakin cavabadehin mərhum əri Qaradağlı tərəfindən torpağa dair mülkiyyət şəhadətnaməsi alınmamışdır. Hazırda da, cavabadeh mərhum ərinə satılan torpaq sahəsində 3 otaqdan ibarət 1 mərtəbəli ev inşa etmişdir. Həm iddiaçıya və həm də, cavabadehin mərhum ərinə aid Avaxıl kəndində mövcud olan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini və yaxud cavabdeh tərəfindən iddiaçının torpaq ərazisini zəbt edib-etməməsini dəqiq deyə bilməz. Belə ki, iddiaçıya və cavabadehin mərhum ərinə verilən torpaq sahələri ondan öncə işləyən Bələdiyyə sədri tərəfindən verilmişdir.

9. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2022-ci il tarixli № 10/4468 saylı ekspert rəyinə əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli **********32 nömrəli mütəxəssis rəyinə əsasən, elektron bazada mövcud islahat nəticələrini özündə əks etdirən xəritə məlumatları ilə faktiki naturada mövcud istifadəçilik arasında ko nfiqurasiya, sahə və sıralama ardıcıllığında uyğunsuzluğun olduğu müəyyən olundu. Belə ki, elektron bazada mövcud İslahat nəticələrini özündə əks etdirən xəritə məlumatlarında Şamaxı rayonu, Avaxıl kəndində mübahisəli yaşayış məhəlləsində olan mülkiyyətçilər ilə naturada faktiki istifadəçilər arasında fərq vardır. Mütəxəssis rəyinə əsasən, elektron bazada mövcud islahat nəticələrini özündə əks etdirən xəritə məlumatları ilə faktiki naturada mövcud istifadəçilik arasında konfiqurasiya, sahə və sıralama ardıcıllığında uyğunsuzluq olması səbəbindən qərardadın ikinci və üçüncü suallarını cavablandırmaq mümkün olmadı. Əlavə olaraq qeyd olunmuşdur ki, naturada çöl-ölçmə işləri aparılan zaman məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi Cavabdeh tərəfindən istifadə və həmin torpaq sahəsində fərdi yaşayış evi mövcuddur. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir.

10. Şamaxı Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(074)-110/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddianın təmin edilməsi, cavabdehin, iddiaçıya məxsus Şamaxı rayonu Avaxıl kəndində yerləşən 0,17 ha torpaq sahəsində tikdiyi qanunsuz və sənədsiz tikili yəni fərdi yaşayış evinin sökülməsi, iddiaçıya məxsus Şamaxı rayonu Avaxıl kəndində yerləşən 0,17 ha torpaq sahəsinə sahib olmaq, ondan maneəsiz istifadə etmək və ona dair sərəncam vermək hüququnun təmin edilməsi, cavabdehdən 50 manat ekspetiza xərcinin alınıb X8 hesabına köçürülməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər cavabd ehin 3 otaqdan ibarət 1 mərtəbəli ev inşa etdiyi mübahisəli torpaq sahəsini özlərinə məxsus hesab edirlər. İddiaçı, tələbini Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 0,17 ha torpaq sahəsinin Şamaxı rayon Aqrar İslahat Komissiyasının 28 mart 1997-ci il tarixli 40 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilməsi ilə əsaslandırmışdır. Cavabdeh, Avaxıl Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında 0,12 ha torpaq sahəsinin yaşayış sahəsi tikilməsindən ötrü mərhum ərinə satılması əsası ilə iddiaya etiraz etmişdir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün Torpağın mülkiyyət verilməsinə dair JN-012A KOD 41010058 saylı şəhadətnamənin surətini təqdim etmiş, cavabdeh isə iddiaya etirazının əsası kimi istinad etdiyi halın təsdiqi üçün süb ut təqdim etməmişdir. Məhkəmə, torpaq sahəsinin faktiki ölçüsünü, eləcə də cavabdehin sübut təqdim edə bilməməsini nəzərə alaraq, mübahisəli torpaq sahəsinin Şamaxı rayon Aqrar İslahat Komissiyasının 28 mart 1997-ci il tarixli 40 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilməsinə dair iddiaçının bildirdiklərini işin hallarına uyğun saymışdır.

12. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, 0,17 ha torpaq sahəsi iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Cavabdeh həmin torpaq sahəsində 3 otaqdan ibarət 1 mərtəbəli ev inşa etməklə iddiaçıya və ailə üzvlərinə məxsus həmin torpaq sahəsini zəbt etmişdir. İddiaçı torpaq sahəsini geri qaytarmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsini cavabdehin sahibliyindən geri tələb etmək hüququ olduğundan, eləcə də tikilmiş ev iddiaçının mülkiyətindəki torpaq sahəsindən öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu pozmaqla, maraqlarına toxunduğundan sökülməli, iddiaçının torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ təmin edilməlidir.

14. Məhkəmə eyni zamanda hesab etmişdir ki, iddia təmin edildiyindən, ekspertə və mütəxəssisə verilməli olan məbləğlər cavabdehdən tutulmalıdır.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 213.6, 180.1, 180.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 -cü maddəsinin 1-ci hissəsi, 84-cü maddəsinin 3-cü hissəsi, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktiki olaraq torpaqdan sahiblik istifadə sərəncam vermək hüquqlarını tamamilə pozmuşdur. Belə ki, mübahisəli ev faktiki olaraq mübahisələndirilməyən və qüvvədə olan bələdiyyə qərarına əsasən verilmiş torpaq sahəsində tikilmişdir. Mübahisə predmetinin iddiaçıya aid olması ekspert rəyi ilə bələdiyyə qərarı ilə ona məxsus olması sübuta yetirilməmişdir. Bundan əlavə iş üzrə ilkin təhkim aktı (Aqrar islahat komissiyasının) məhkəməyə təqdim edilməmiş və araşdırılmamışdır. İddiaçının öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübut edilməmişdir. Şamaxı rayon Avaxıl Bələdiyyəsinin 10 mart 2006-cı il tarixli 05 saylı qərarına əsasən Qaradağlı Dünyamalıyevə yaşayış evi tikmək məqsədi ilə 0,12 ha torpaq sahəsi satılmışdır. Qaradağlı Dünyamalıyev xx.xx.2016-cı il tarixdə ölmüşdür. Faktiki olaraq onun istifadəsində olan torpaq sahəsi Avaxıl Bələdiyyəsinin 10 mart 2006-cı il tarixli 05 saylı qərarı ilə mərhum ərinə verilmiş, qərar qüvəddədir və mübahisəli ev ərinə aid torpaq sahəsində tikilmişdir. Ekspertiza rəyində həmin tor paq sahəsinin iddiaçıya məxsus olması sübuta yetməmiş və bundan əlavə torpağın mənsubiyyəti müəyyən olunmamışdır. Belə ki, həmin torpaq sahəsi bələdiyyəyə məxsus olmuşdur. Avaxıl Bələdiyyəsinin 10 mart 2006-cı il tarixli 05 saylı qərarının əsaslı olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Eləcə də iddiaçıya məxsus torpaq sahəsinin ona ayrılmasına dair təhim aktının mövcud olub-olmaması araşdırılmamışdır.

18. Apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 dekabr 2023-cü il tarixli, 3-1616/210/8537 nömrəli ekspert rəyinə əsasən, Şamaxı rayonu Avaxıl kənd sakinlərinin həyətyanı torpaq sahələrinə hazırlanmış yerquruluşu layihə si (DWJ məlumatları) ilə faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan qərardadın bu suallarını cavablandırmaq mümkün olmadı. Mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, Şamaxı rayonu Avaxıl bələdiyyəsinin 10 mart 2006-cı il tarixli 05 saylı qərarı ilə Qaradağlı Dünyamalıyevə yaşayış evi tikmək məqsədi ilə satılmış 0,12 ha torpaq sahəsinə hazırlanmış sxem yerquruluşu qaydasında hazırlanmadığından (istinad nöqtələri, məsafələr olmadığından) naturada faktiki istifadəsində olan torpaq sahəsinin bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin eynilik təşkil etməsini müəyyən etmək mümkün deyildir, Şamaxı rayonu Avaxıl kənd sakinlərinin həyətyanı torpaq sahələrinə hazırlanmış yerquruluşu layihəsi (DWJ məlumatları) ilə faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan Torpağın mülkiyy ətə verilməsinə dair Şəhadətnamələrdə göstərilən cizgilərdəki torpaq sahəsinin naturadakı faktiki istifadədə olan torpaq sahəsi ilə eyni olub-olmamasını kv.m. dəqiqliklə müəyyən etmək mümkün deyildir. Bu səbəblərdən iddiaçı Talətdin Dünyamalıyev və onun ailə üzvlərinə Şamaxı rayon AİK-nın 28 mart 1997-ci il tarixli 40 saylı qərarı ilə JN-Q12A KOD 41010058 saylı şəhadətnaməyə əsasən verilmiş 0,17 ha torpaq sahəsi ilə Cavabdeh məxsus, mərhum Qaradağlı Dünyamalıyevin adına yaşayış evi tikmək məqsədi ilə verilmiş 0,12 ha torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-76/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Almaz Süleymanova) cavabdehin apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdehə qarşı torpaq sahəsindən maneəsiz istifadə barədə iddia tələbinin rədd edilməsi, iddiaçıdan iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsini qət etmişdir.

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı sökülməsini tələb etdiyi evin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğunu, həmin torpaq sahəsinin cavabdehin sahibliyində olduğunu və bu sahibliyin qanunsuz olduğunu sübut edə bilməmişdir. Həmçinin, i ddiaçı mübahisəli fərdi yaşayış evinin ona məxsus torpaq sahəsində tikilməsi ilə yanaşı həmin evin qanunsuz olduğunu iddia etmişdir. Halbuki Şamaxı rayon Avaxıl Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 5 saylı qərarına əsasən cavabdehin mərhum əri Qaradağlı Dünyamalıyevə yaşayış evi tikmək məqsədilə 0,12 ha torpaq sahəsi satılması işin mübahisəsiz halıdır.

21. Bundan başqa, iddiaçı mübahisəli evin tikilməsi zamanı ağır xəstəliyi ilə bağlı torpaq sahəsi nəzarətsiz qaldığından, cavabdehin atası həmin evi inşa edib, lakin iddiaçı bunu təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Halbuki cavabdeh onun mərhum qardaşı Qaradağlı Dünyamalıyevin həyat yoldaşıdır və aralarında qohumluq münasibətləri mövcuddur. Bu mənada mübahisəli ərazidə yaşayış evinin tikintisindən iddiaçını n məlumatsız olması inandırıcı görünmür.

22. Bu mənada məhkəmə kollegiyası hesab etmişdir ki, əgər mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus olmuş olsa belə, Mülki Məcəllənin 172.3-cü maddəsinin tələbi baxımından fərdi yaşayış evinin sökülməsi məqsədəuyğun hesab edilə bilməz.

23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ekspert rəyində qərardadla qoyulmuş suallar üzrə üçüncü sual ekspert rəyində cavablandırılsa da, texniki xəta olaraq hazırkı işə aid olmayan təkrar üçüncü sual üzrə cavab qeyd edilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirilməni hazırkı işə aid olmaması səbəbindən nəzərə alınmasını zəruri hesab etməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 157.2, 172.3, 180.1, 180.4-cü və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində hansı hallar səhv idi, işin faktiki hallarının aydınlaşdırılmasında nə kimi boşluqlar, çatışmazlıqlar və səhvliklər var idi - bunların heç birisinə cavab verilməmişdir. Niyə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı idi – bunun əsa slandırılmış izahı yoxdur. Həmçinin, iş üzrə təyin olunmuş ekspertizalar qoyulmuş suallara doğru-düzgün və aydın rəy verməmişlər.

27. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində qanunvericiliyin bəzi maddələrinə istinadlar edilsə də həmin qanunların və normativ aktları əməl edilməmiş və bu qanunlar düzgün tətbiq və təfsir edilməmişdir. Bu qanunların sadəcə olaraq formal qaydada söz xatirinə adları qətnamədə yazılmışdır. Apellyasiya instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normaları pozulmuş, qanunlar və normativ aktların adları çəkilsə də onlar hazırki mübahisəyə tətbiq olunmamışdır – sadəcə bu qanunların və normativ aktların adları, bəzilərinin isə mətnləri formal qaydada qətnamədə yazılmışdır. Sözügedən qanunlar və normativ aktlar düzgün şərh olunmamışdır. Tə tbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

28. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

29. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

30. Maddə 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabil ində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.

31. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

32. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

33. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

34. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

35. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməli dir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir.

36. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

37. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

38. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq s ahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

39. Maddə 84 (1-ci hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

40. Maddə 84 (3-cü hissə). Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

41. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan dır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

42. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olu nmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı dır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.

59. Mül ki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının mərhum qardaşı Qaradağlı Dünyamalıyevin həyat yoldaşıdır və aralarında qohumluq münasibətləri mövcuddur. Bu mənada mübahisəli ərazidə yaşayış evinin tikintisindən iddiaçının məlumatsız olması inandırıcı görünmür. Həmçinin, əgər mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus olmuş olsa belə, Mülki Məcəllənin 172.3-cü maddəsinin tələbi baxımından fərdi yaşayış evinin sökülməsi məqsədəuyğun hesab edilə bilməz.

61. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegi yası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

63. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən a ydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və ə saslı qətnamə qəbul etmişdir.

65. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-76/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar