Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2059/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yola açılmış qapının bağlanması, yolunun açılması və maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinə gedən yoldan istifadəyə olan maneənin aradan qaldırılması, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2025-ci il tarixli, 2(104)341/202 5 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraatda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Gəncə şəhəri, Heydər Əliyev prospekti, ev 105A üzərində mülkiyyət hüququ ½ hissədə İddiaçı, ½ hissədə isə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. Qonşuluqda, Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105 nömrəli ünvanda yerləşən 559,2 kv.metr torpaq sahəsi və üzərindəki ümumi sahəsi 183.6 kv.metr fərdi yaşayış evi Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 378 nömrəli, 28 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Cavabdeh2 istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1, Cav abdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evin giriş-çıxış yolunun tikinti materialları və tullantılardan təmizlənməsi, yola qanunsuz açılmış qapının bağlanması, evə giriş-çıxışa maneə yaradılmasının cavabdehlərə qadağan olunması, eləcə də ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehlər qanunsuz olaraq onun darvazasının qarşısından öz həyət divarlarından qanunsuz qapı açmaqla həyətin zibillərini həmin qapıdan çıxararaq, onun evinin qarşısına ataraq mülkiyyətində olan evə giriş-çıxışı mümkünsüz edirlər. Bundan başqa şəxsi istifadələrində olan avtomobilləri evin giriş-çıxış ında saxlamaqla maneə yaradırlar. Dəfələrlə müraciət etsə də, cavabdehlər yolun açılmasını, avtomobilləri giriş darvazasının qarşısında saxlamasını aradan qaldırmırlar. Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin heç bir tədbir görülməmiş, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində yaranmış vəziyyət onun mülkiyyətindən sərbəst və maneəsiz şəkildə istifadə etməsinə imkan vermir.
5. Gəncə Şəhər Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli, 2(125)-4042/2024 nömrəli qətnaməsi ilə (hakim Z.İmanov) iddiası əsassız olduğundan rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli əraziyə yerində müayinə aparılan zaman müəyyən edilmişdir ki, ünvan 3 ünvanına gedən yol açıq olmaqla ora girişçıxış üçün heç bir maneə yaradılmamışdır. Həmin yolda heç bir tikinti materialları və tullantı yoxdur. Bundan başqa, iddiaçının evinə gedən yol kifayət qədər enli olmaqla iddiaçının evinə gedib-gəlməsi üçün tam şərait mövcuddur. Bundan başqa cavabdeh həmin yola iddiaçıya heç bir maneə yaratmayacaq formada giriş qapısı açmışdır. Həmin giriş qapısı yalnız insanların cavabdehə məxsus həyətə girib-çıxması üçündür. Ümumiyyətlə mübahisəli ərazi kifayət qədər geniş olmaqla orada hətta bir neçə avtomaşının saxlanması üçün imkan vardır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı apellyasiya şikayəti verərək, birinci ins tansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2025-ci il tarixli, 2(104)-341/2025 nömrəli qətnaməsi ilə (hakim R.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər F.Mehtiyevdən və M.Mustafayevdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya icraatı zamanı İddiaçı və Cavabdeh3 iştirakları ilə mübahisəli əraziyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ümumi istifadədə olan yola cavabdehlər tərəfindən kiçik həcmli qapı (ayaqla giriş qapısı), açılmış, küçə tərəfdən həmin qapının yanına, yəni cavabdehlərə məxsus hasarın yaxınlığına az miqdarda qranit daş parç aları yığılmışdır. Daş parçalar tökülən ərazi cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinə gediş-gəlişə maneə yaratmasa da, lakin cavabdeh tərəf qısa müddət ərzində həmin daş parçalarını götürəcəyini bildirmişdir. Baxış zamanı iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə giriş qapının (darvazanın) qarşısına quru ağac budaqlarının yığılması da aşkar olunmuşdur. Həmin vaxt həyətdə olan bir neçə uşaq yaxınlaşaraq bildirmişdir ki, quru vəziyyətdə olan ağacları Novruz bayramında yandırmaq məqsədilə onlar həmin əraziyə toplamışlar. Eləcə də müəyyən olunmuşdur ki, cavabdehlər tərəfindən ümumi istifadədə olan yola açılan kiçik həcmli (ayaqla giriş qapısı) qapıdan istifadə, iddiaçıya ümumi istifadədə olan yoldan və öz mülkiyyətindən istifadəyə hər hansı bir maneə yaratmır. Belə ki, cavabd ehlərin açdığı kiçik həcmli (ayaqla giriş qapısı) qapı ilə iddiaçının evinə giriş qapısı heç də yaxın bir məsafədə yerləşmir. Mübahisəli ərazidə avtomobil saxlanması isə aşkar olunmamışdır.
11. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən apellyasiya məhkəməsi mübahisə üzrə ekspertiza təyin edilməsinə zərurət görməmişdir. Çünki, mübahisəli əraziyə baxış keçirilərkən maneənin olub-olmamasını vizual müşahidə etmək mümkün olmuşdur. Belə olan təqdirdə xüsusi bilik tələb olunan ekspert rəyinin verilməsinə də artıq zərurət qalmır.
12. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.4, 170.1, 170.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 87.2, 88, 124.1, 217.3, 388-ci maddələri ilə əsaslandırmış dır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
13. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2025-ci il tarixli, 2(104)-341/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 152.5, 152.6-cı, Mülki Prosessual Məcəllənin 77, 97.1, 217.3-cü maddələrinin pozulması ilə qəbul edilmişdir.
15. Belə ki, cavabdehlər iddiaçının evinin giriş hissəsini tullantılarla çirkləndirərək, iddiaçının girişinə, çıxışına maneələr yaratmışlar. Həmçinin, cavabdehlər avtomobillərini iddiaçının daravazasının önündə saxlayaraq iddiaçının mənzildən sərbəst istifadə etməsini m əhdudlaşdırmışlar. Bundan başaq cavabdehlərin əsas qapıları olduğu halda, iddiaçının darvazasının yaxınlığından qanunsuz əlavə qapı açmışlar. Qapının açılması barədə heç bir rəsmi sənəd məhkəməyə təqdim etməmişlər. Məhkəmə həmin qapının açılmasının qanuni və yaxud qanunsuz olmasını araşdırmamışdır. İddiaçı iş üzrə ekspertiza təyin edilməsini xahiş etsə də, apellyasiya instansiyası məhkəməsi buna zərurət görməmişdir. Halbuki, cavabdehin qanunsuz açdığı qapının iddiaçıya maneə yaratması ancaq mütəxəssis rəyinə əsaslanmalıdır. İddiaçıya məxsus olan əmlakın giriş qapısında məişət tullantılarının olması şəkillərlə sübut olunsa da, tullantıların oradan cavabdeh tərəfindən təmizlənməsi, tullantıların iddiaçının qapısının önünə başqaları tərəfindən tökülməsi barədə heç bir sübut təqdim edilməmişdi r.
16. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
17. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməli dir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
19. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxu ların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halla rın mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsinə əsasən işə baxıla rkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş proses sual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsa s yoxdur.
23. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən mübahisəli ərazi yerində müayinə olunmuş və müəyyən edilən hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir.
24. Kassasiya şikayətinin ilk dəlili cavabdehlərin öz həyətlərində açdıqları qapının qanunsuzluğu ilə bağlıdır. Lakin, iddiaçı qapının mövcudluğunun özü-özlüyündə iddiaçının hansı hüquq və maraqlarına toxunmasını əsaslandıra bilməmiş, bununla bağlı sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Həm birinci, həm apellyasiya instansiyaları məhkəmələri tərəfindən qeyd olunan ərazi yenidən müayinə olunarkən, qapının ümumi istifadədə olan əraziyə açılması ilə iddiaçının mülkiyyət hüququnun pozulma sı müəyyən olunmamışdır.
25. Kassasiya şikayətinin digər dəlili isə apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə ekspertiza keçirilməməsi ilə bağlıdır. Bu hissədə də, apellyasiya instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyinin müvafiq müddəalarını düzgün tətbiq etmiş, ekspertizaya zərurətin müəyyən olunmamasını və iddiaçı tərəfindən birinci instansiya məhkəməsində müvafiq vəsatət verməməsini qeyd etməklə, iddiaçının apellyasiya məhkəməsində irəli sürdüyü oxşar dəlilini rədd etmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prose ssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2025-ci il tarixli, 2(104)-341/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.