Məhkəmə qərarları › İş №2(102)-3464/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3464/2025

15.12.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3464/2025 15.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələblər (neqator tələb). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “torpaq sahəsinə daxil olmağa və ölçü işlərinin aparılmasına yaradılan maneələrin qadağan edilməsi tələbinə dair" mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3877/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsi ilə əlaqədar olaraq bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsinin digər şəxslər tərəfindən hasarlanaraq istifadə edildiyi məlum olmuşdur (torpaq sahəsi istifadəsində deyil). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlə t reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 011133 torpaq sahəsinin planı və ölçüsündən görünür ki, bu torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 22 saylı qərarı ilə 750 kv.m 3/980 saylı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Dövlət Torpaq kadastrı kitabına xx.xx.2007-ci il tarixd ə 2369 nömrə ilə uçota alınmışdır.

3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Əzizbəyov rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 22 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Mərdəkan qəsəbəsində 3/980 nömrəli sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1758/2019 saylı qətnaməsi ilə, iddiaçılar X7 və İddiaçı cavabdehlər X5 və Cavabdeh qarşı “torpaq və qeyri-qanuni tikilidən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir.

5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli, 2(003)-163/2023 saylı qərarda dı ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Əzizbəyov rayon XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ona ayrılmış 3/980 saylı, sahəsi 750 kv.m olan, Şağan qəsəbəsi, Yarməmməd Əsədullayev küçəsi, ev 164 ünvanında cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsi və torpaq sahəsinin ona qaytarılması tələbinə dair mülki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)1758/2019 saylı qətnaməsi mövcud olduğundan, hazırkı iş üzrə icraata xitam verilmişdir. Qərardad qanuni qüvvəyə minmişdir. Həmçinin həmin qərardadda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən mülki iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli 10/7393 saylı ekspert rəyinə əsasən vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 750.0 kv.m torpaq sahəsi Əzizbəyov rayon XDS İKnin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı əsasında İddiaçı keçmiş X8 Komitəsi tərəfindən verilmiş kadastr planında göstərilən sahə ilə eynilik təşkil edir. Göstərilən 750 kv.m torpaq sahəsinin 81 kv.m hissəsi faktiki hasardan kənarda yerləşməklə yol kimi istifadə olunur (qonşu sahələr). Göstərilən torpaq sahəsi ümumilikdə 750 kv.m təşkil edir. Qeyd olunan torpaq sahəsi digər şəxslər tərəfindən iki hissəyə bölünməklə üzərində iki yaşayış evi inşa edilmişdir. Sözügedən torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunur. Qərardad qanuni qüvvəyə minmişdir.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-417/2022 saylı qərardadına əsasən, İddiaçı ca vabdeh Xəzər Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, Cavabdeh) “ayrılmış torpaq sahəsinin ölçülüb təqdim edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Qərardaddan görünür ki, iddiaçının tələbi, yəni Əzizbəyov XDS İK-nın xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə iddiaçıya ayrılmış 750 kv.m olan 3/980 nömrəli torpaq sahəsinin ölçülüb ona təqdim edilməsi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin həmin qərardaddan görünür ki, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/2897 nömrəli ekspert rəyinə əsasən sözügedən torpaq sahəsinin yeni ünvan qaydalarına əsasən ünvan 2 ünvanınd a yerləşdiyi müəyyən edilmiş, həmçinin göstərilən torpaq sahəsinin ümumilikdə 750 m2 təşkil etdiyi, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı ilə mövcud hasar arasında perimetrik ölçü və konfiqurasiya fərqinin mövcud olduğu müəyyən olunmuşdur. Belə ki, torpaq sahəsi üzərində digər şəxslər tərəfindən iki yaşayış evi inşa edildiyi və sözügedən torpaq sahəsindən İddiaçı istifadə etmədiyi müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin həmin əraziyə daxil olmasına, ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayonu XDS-nin İK-nin 18 noyabr 1991-ci il tarixli 22 saylı qərarı ilə Mərdəkan qəsəbəsində 3/980 saylı torpaq sahəsində fərdi ev tikmək üçün ona ayrılmış 750 kv.m torpaq sahəsi Şağan qəsəbəsi, Yarməmməd Əsədullayev küçəsi, ev 164 ünvanında ayrılmışdır. Torpaq sahəsinə dair plan ölçü sənədi də hazırlanmışdır. Torpaq sahəsinin dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün ai diyyatı üzrə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətinə xx.xx.2024-cü il tarixində cavab verilərək bildirilmişdir ki, torpaq sahəsinə baxış mümkün deyil, buna şərait yaradılmamışdır. Cavabdeh buna şərait yaratmamış, süni şəkildə maneələr yaradaraq çıxarışın alınması üçün müayinə işlərinin görülməsinə qanunsuz qadağalar etmişdir. Aidiyyəti üzrə cavabdehə bildirilmişdir ki, bu kimi əməllər qanunsuzdur, bu işdən əl çəkilməlidir, ancaq yenə də bunlara məhəl qoyulmamışdır. Bildirir ki, torpaq sahəsi Bakı şəhəri Əzizbəyov rayonu XDS-nin İK-nin 18 noyabr 1991-ci il tarixli 22 saylı qərarı ilə 750 kv.m torpaq sahəsi Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində ayrılmışdır. Sonradan ona ayrılmış torpaq sahəsi Xəzər rayonu, Şağan qəsəbə inzibati ərazi vahidliyinə daxil edilmişdir. To rpaq sahəsinin hal-hazırda ünvanı ünvan 4 edilir. Ona məxsus olan torpaq sahəsi X8 Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü vardır. Əlavə olaraq torpağa dair sərəncam və digər zəruri sənədlər mövcuddur. Cavabdehə hərəkətlər qadağan edilməli, maneələr aradan qaldırılaraq torpaq sahəsinə baxışın təmin edilməsi zərurəti vardır.

9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2991/2024 nömrəli qərardadına əsasən hazırkı iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-2991/2024 saylı qərardadı ləğv edilmişdir. Belə ki, iddi açının hazırki iddia tələbi əvvəlki işlər üzrə tələbləri ilə eynilik təşkil etmir.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8 aprel 2025-ci il tarixli 2(003)-1081/2025 nömrəli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia tələbinin təmin edilməsi, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin həmin əraziyə daxil olmasına, ölçü işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.

11. Məhkəmə müəyyən etmişdir ki, iş üzrə tərəflər arasında olmuş əvvəlki mübahisələr üzrə qə bul edilmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallara əsasən iddia irəli sürülmüş torpaq sahəsi cavabdehin istifadəsindədir. Yəni, cavabdehin istifadəsində olan torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı əsasında İddiaçı keçmiş X8 Komitəsi tərəfindən verilmiş kadastr planında göstərilən sahə ilə eynilik təşkil edir. İddiaçının torpaq sahəsinə dair mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınması barədə müraciəti – idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman digər şəxslər tərəfindən hasarlanaraq istifadə edilməsi əsası ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərə findən imtina edilmişdir.

14. Məhkəmə hesab etmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi, iddiaçıya ayrılmış torpaq sahəsi ilə eynidir. İddiaçı ona ayrılmış torpaq sahəsinin, bu torpaq sahəsinə dair verilmiş plan və ölçüsünə əsasən mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinə Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina edilmiş, imtinanın əsası isə cavabdehin istifadəsində olması səbəbindən mütəxəssisləri tərəfindən torpaq sahəsinə yerində baxışın (yerində müayinənin) keçirilməsinin mümkün olmamasından ibarət olmuşdur. Torpaq sahəsinin cavabdehin qanuni əsaslarla istifadəsində olması barədə isə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni belə əsaslandır mışdır ki, iddiaçıya, ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün və bu məqsədlə Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinin yerində müayinə edilməsinə cavabdeh tərəfindən maneələr yaradılır. Bu hal isə iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinin qanunsuz pozulmasından ibarətdir. Belə ki, müvafiq qaydada mübahisələndirilməmiş torpaq sahəsinin ayrılmasına dair qərar və bu qərar əsasında həmin torpaq sahəsinə dair verilmiş plan və ölçüsü iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün cavabdeh tərəfindən yaradılan maneələr aradan qal dırılmalıdır.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29 maddələrinə, Mülki Məcəllənin 139.1, 140, 152.1, 152.2, 152.3, 152.5, 157.1, 157.2, 157.4, 178.1, 238.1, Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə, 49-cu maddəsinin 1-ci hissəsinə, 84-cü maddəsinin 1 və 2-ci hissələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 88 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4593/15 saylı, 22 oktyabr 2015-ci il tari xli qanuni qüvvəyə minmiş qərarına əsasən İddiaçı və X1 Məhəmməd İsmayıl oğluna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək onlara məxsus Əzizbəyov XDS İK-nin xx.xx.1991-ciil tarixli 22 saylı qərarı ilə ayrılmış torpaq sahələrindən M.Vəliyevin çıxarılması, qanunsuz tikililərin sökülməsini tələb etmişdir. Lakin İddiaçı və X4 iddia tələbi təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1514/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarında iddiaçıların subyektiv hüquqa malik olmadığı, həmin torpaq sahəsinin onlara məxsus olduğunun öz təsdiqini tapmadığına istinad edərək iddia tələbləri təmin edilməmişdir. Hətta məhkəmə qərarında qeyd edilmişdir ki, Əzizbəyov XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ayrılmış torpaq sahələrinin iddiaçılara ayrılmasına əsas olmuş hər hansı sənəd mövcud deyildir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin qərar əsasında hər hansı torpaq sahəsi ayrıca akt ilə naturada iddiaçılara təhvil verilməmişdir. AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri tərəfindən İddiaçı ünvanlanmış 31 yanvar 2007-ci il tarixli məktubdan da göründüyü kimi, X13 Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin reyestr bazasında Əzizbəyov XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarına əsasən Mərdəkan qəsəbəsindən fərdi yaşayış evi tikmək üçün ayrılan torpaq sahəsinə dair iddiaçıların adına məlumat yoxdur. Mülki iş üzrə iddiaçı 2019-cu il tarixdə məhkəməyə müraciət edərkən onun subyektiv hüququ öz təsdiqini tapmamış, o, torpaq sahəsinin zəbt olunmasına d air hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhz buna görə də, iddia tələbi təmin edilməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3877/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Sabit Bəhramzadə və Xumar Mərdanova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4593/15 saylı, 22 oktyabr 2015-ci il tarixli qanuni qüvvəyə minmiş qərarında qeyd edilən “Əzizbəyov XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ayrılmış torpaq sahələrinin iddiaçı lara ayrılmasına əsas olmuş hər hansı sənəd mövcud deyildir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin qərar əsasında hər hansı torpaq sahəsi ayrıca akt ilə naturada iddiaçılara təhvil verilməmişdir” münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 011133 torpaq sahəsinin planı və ölçüsünə əsasən, bu torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 22 saylı qərarı ilə 750 kv.m 3/980 saylı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Dövlət Torpaq kadastrı kitabına xx.xx.2007-ci il tarixdə 2369 nömrə ilə uçota alınmışdır. Bundan əlavə, ayrıc aktının məhkəmə baxışı zamanı təqdim edilməməsi iddiaçının ümumiyyətlə həmin torpaq sahəsinə subyekt iv hüququnun olmaması anlamına gələ bilməz.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi, iddiaçıya ayrılmış torpaq sahəsi ilə eynidir. İddiaçının ona ayrılmış torpaq sahəsinin, bu torpaq sahəsinə dair verilmiş plan və ölçüsünə əsasən mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X14 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina edilmiş, imtinanın əsası isə cavabdehin istifadəsində olması səbəbindən mütəxəssisləri tərəfindən torpaq sahəsinə yerində baxışın (yerində müayinənin) keçirilməsinin mümkün olmamasından ibarət olmuşdur. Belə ki, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında torpaq sahəsinin cavabdehin qanuni istifadəsinə dair hər hansı sübut təqd im edilməmişdir. Həmçinin, “AzEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə verilmiş sorğuya əsasən cavabdehin mülkiyyətində torpaq sahəsi aşkarlanmamışdır.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh tərəfindən mütəxəssislərin ərazidə müayinə aparmasına maneə törədilməsini iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. Cavabdeh (vəkil Cavabdeh) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apellyasiya şikayətinə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişd ir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından da göründüyü kimi mübahisəli torpaq sahəsinin bundan əvvəlki üç məhkəmə prosesində də iddiaçıya məxsus olduğu öz təsdiqini tapmamışdır. Həmin məhkəmə qərarları qanuni qüvvəyə minmişdir. Həmçinin şəxsin subyektiv hüququnun olmaması faktı yenə də öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsi MPM-nin 82.3-cü maddəsinin tələblərinə zidd şəkildə yenidən bildirmişdir ki, “ayrıc aktının məhkəmə baxışı zamanı təqdim edilməməsi iddiaçının ümumiyyətlə həmin torpaq sahəsinə hüququnun olmaması anlamına gəlmir.” Halbuki, artıq bu məsələyə, yəni şəxsin subyektiv hüququnun olmamasına öncəki məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir.

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məc əlləsi

24. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

25. Maddə 140.1. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

26. Maddə 146.1. Daşınmaz ə mlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

29. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəkl ində və başqa formalarda ola bilər.

30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 157.4 Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədə n və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

35. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədl ər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

36. Maddə 4 (1-ci hissə). Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

37. Maddə 49 (1-ci hissə). Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

38. Maddə 84 (1-ci hissə). Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

39. Maddə 84 (2-ci hissə). Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərini n, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmama sını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

47. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

50. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdi yi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

51. İşə baxmış məhkəmə istinad etdiyi sübutları, həmçinin tərəflər arasında mövcud olmuş əvvəlki mübahisələr üzrə qəbul edilmiş məhkəmə aktlarını prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

52. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxt əlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnam ədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3877/2025 nömrəli, 5 avqust 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar