Məhkəmə qərarları › İş №2(102)-2110/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2110/2025

02.09.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahis
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2110/2025 02.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əqdin etibarsızlığı, əsl olmayan cavabdehə qarşı qaldırılmış iddia Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlu oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı “ərizənin etibarsız hesab olunması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 mart 2025ci il tarixli 2(103)-1869/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 02 s entyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri Nərimanov rayon icra Hakimiyyətinə ünvanlanladığı notarial qaydada təsdiqlənmiş ərizə ilə, veriləcək yeni mənzilin X9 Qabil qızının adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Ərizə xx.xx.2008-ci il tarixdə 15 saylı Dövlət Notariat Kontorunun notariusu E.Qurbanov tərəfindən təsdiq edilmişdir.

2. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 007018 saylı orderlə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2009cu il tarixli, 129 nömrəli sərəncamına əsasən ünvan 2 ünvanında Alıyeva Mehriban Qabil qızına 5 nəfər ailə tərkibi- İddiaçı (qardaşı), X.Q.Alıyev (qardaşı), S.İddiaçıa (qardaşı qızı), A.İddiaçı (qardaşı oğlu) ilə birlikdə yaşamaq hüququ verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 15 saylı Notariat ofisinin notariusu X6 tərəfindən 2008-ci ildə təsdiq edilmiş ərizənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla X7 nikahda olduğu dövrdə o, 2000-ci il tarixdə Bakı şəhəri, Xutor qəsəbəsi, Karl Marks (indiki Ziya Bünyadov) 1-ci keçiddə yerləşən 4 A nömrəli fərdi yaşayış evini almış, həmin evə 17 dekabr 2003-cü il tarixdə qeydiyyata alınmışdır. Həmin evdə xx.xx.2000-ci il tarixdə X4 və xx.xx.2003-cü il tarixdə X11 anadan ol muşdur. Ata, ana və iki uşaqdan ibarət ailə üzvləri fərdi yaşayış evinin yerləşdiyi ərazidə mühüm dövlət obyekti tikilənə və əvəzinə dövlət tərəfindən yeni tikili mənzil verilənə qədər bir yerdə mübahisəli fərdi yaşayış evində yaşamışlar. Onun razılıq ərizəsi əsasında qardaşı X12 xx.xx.2005-ci il tarixdə, X9 Qabil qızı isə xx.xx.2008-ci il tarixdə mübahisəli fərdi yaşayış evinə qeydiyyata düşmüşlər. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 53 saylı MKİS-nin Ev-Mənzil Vərəqəsinə əsasən mülk sahibi odur. Mübahisəli fərdi yaşayış evinə qeydiyyata düşənə qədər onun qardaşı X12 20022005-ci il tarixlərində, X9 Qabil qızı 2005-2008-ci il tarixlərində Gədəbəy rayonunda qeydiyyatda olmuşlar. Mühüm Dövlət obyektinin tikintisi altına düşdüyü üçün mübahisəli fərdi yaşayış evinin əvəzinə ona və ailə üzvlərinə Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 395 nömrəli Sərəncamına əsasən yenidən qurulmuş Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, 1969-cu məhəllədə boş sahədə müasir tələblərə cavab verən 2 və 3 mərtəbəli yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsində tikilmiş 14 nömrəli evin 12 nömrəli mənzili verilmişdir. Mənzil verilən anda Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilmişdir ki, order mülk sahibinin adına olacaqdır. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti onun və X2 nikah dövründə əldə etdikləri və sahiblik etdikləri mülk əvəzinə verilmiş mübahisəli mənzilə dair 29 sentyabr 2009-cu il tarixli 007018 nömrəli order, ailə tərkibi 5 nəfər: Alıyeva Mehriban Qabil qızı (xx.xx.1971), o (xx.xx.1969), X13 (xx.xx.1978), X4 (xx.xx.2000 ), X11 (xx.xx.2003) olmaqla Alıyeva Mehriban Qabil qızının adına verilmişdir. Order onun tək adından hazırlanmış ərizə əsasında verilmişdir, hansı ki, ərizədə atılan imza ona məxsus deyil. Bundan başqa, ərizədə konkret olaraq hansı mənzilin sənədləşdirilməsi məlum deyil, bu da həmin ərizənin saxta olmasını bir daha sübut edir. Ərizədə qeyd edilmişdir: “Yazıb Sizdən xahiş edirəm ki, bizə veriləcək yeni mənzilin bacım Alıyeva Mehriban Qabil qızının adına sənədləşdirilməsinə etiraz etmirəm. Buna görə imza edirəm”. Ərizənin məzmunundan da göründüyü kimi, qeyri-müəyyənlik vardır. X9 Qabil qızına yalnız mənzilə qeydiyyata düşməsinə dair razılıq vermişdir. Alıyeva Mehriban Qabil qızının adına xx.xx.2009-cu il tarixdə order verilməsindən nə X2, nə də onun məlumatı və razılığı olmuşdur. Nərimanov Rayon İcra Hakimiyyəti ona aid olmayan imza ilə verilmiş ərizəni əsas tutmuş, bununla yanaşı onun nikahda olduğu X2 həmin evdə yaşayan uşaqların qanuni nümayəndəsi kimi razılığı alınmamışdır. Əgər razılıq tələb olunsa idi, hazırkı mübahisə yaranmazdı. Alıyeva Mehriban Qabil qızı mübahisəli mənzili saxta ərizə əsasında Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən həmin mənzilə dair order verilməsinə nail olmuşdur. Bu səbəbdən, Bakı şəhəri 15 saylı Notariat ofisinin notariusu X6 tərəfindən təsdiq edilmiş xx.xx.2008-ci il tarixli ərizə etibarsız hesab edilməlidir.

5. X5 və X3 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişlər.

6. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Alıyeva Mehriban Qabil qızı iddia müddətinin tətbiqi barədə əri zə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, mübahisələndirilən ərizə xx.xx.2008-ci il tarixdə imzalanmışdır, lakin iddiaçı ərizənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 15 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürməklə) müraciət etmişdir. Bu səbəbdən iddia tələbinə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə müvafiq məhkəmə aktının çıxarılmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 3-1616/2-4/562 nömrəli rəyi ilə ekspertizaya təqdim edilmiş 31 oktyabr 2008-ci il tarixdə təsdiq olunmuş ərizədəki əlyazma və imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Ədli yyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş təkrar məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/1309 nömrəli rəyi ilə ekspertizaya təqdim edilmiş, mülki işin 95-ci vərəqəsində olan 31 oktyabr 2008-ci il tarixdə təsdiq olunmuş ərizədəki yazılar və “İddiaçıQ” yazıları önündəki imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1325/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan 237 manat məbləğində pulun ididaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına öd ənilməsi qət edilmişdir.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırda mübahisələndirilən ərizə xx.xx.2008-ci ildə tərtib edilmiş və Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən təsdiq edilmişdir. İddiaçı hazırkı iddia ilə xx.xx.2023-cü ildə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.

11. Cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən mübahisələndirilən order verilərkən, həmin orderdə adları qeyd olunan şəxslər, o cümlədən iddiaçıların müvafiq olaraq əri və ataları və hazırkı iş ü zrə üçüncü şəxs olan İddiaçı mənzilə aid orderin Alıyeva Mehriban Qabil qızının adına tərtib olunmasına notarial qaydada təsdiq olunmuş ərizə ilə razılıq vermişdir. Notarial qaydada təsdiq olunmuş həmin ərizənin mötəbərliyini şübhə altına alan hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Həmin dövrdə, yəni 2009-cu ildə iddiaçılardan Alıyeva Səbinənin 9 yaşının, Aliyev Amilin 6 yaşının olduğu və bu baxımdan ataları İddiaçı onların qanuni nümayəndəsi qismində çıxış etməyə haqlı olduğu da diqqətə alınmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı Alıyeva Zəminə söküntüyə məruz qalmış evdə qeydiyyatda olmamış, eləcə də mübahisələndirilən orderdə onun adı nəzərdə tutulmamışdır. Həmçinin qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-2051/2023 saylı xx.xx.2023- cü il tarixli qətnaməsi ilə iddiaçının könüllü olaraq mənzili tərk etdiyi və həmin tarixdən etibarən mənzildə yaşamadığı müəyyən edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 10 illik iddia müddətini ötürmüşdür. İddiaçı tələbində mübahisələndirilən ərizədən məlumatsız olduğunu, ərizənin onun tərəfindən tərtib edilmədiyini qeyd etsə də, məhkəmə tərəfindən həmin hal müəyyən edilməmişdir. İddiaçı qanunvericilikdə müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməməklə iddia müddətini ötürmüşdür.

13. İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, müraciətində onlara veriləcək yeni mənzilin X9 Qabil qızının adına sənədləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı isə belə bir ərizədən məlumatsız olduğunu, tərəfindən belə bir ərizənin tərtib edilmədiyinə istinad edərək, həmin ərizəni mübahisələndirmiş və əqdin onun tərəfindən tərtib edilmədiyini iddia etmişdir.

14. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkilinin vəsatətinə əsasən məhkəmə-xətşünaslıq və təkrar məhkəmə-xətşünaslıq ekspertizaları təyin edilmiş və hər iki ekspert rəyləri ilə ekspertizaya təqdim edilmiş, mülki işin 95-ci vərəqəsində olan 31 oktyabr 2008-ci il tarixdə təsdiq olunmuş ərizədəki yazılar və “İddiaçıQ” yazıları önündəki imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən ərizənin iddiaçı tərəfindən tərtib edilməsi tam təsdiq olunur və sübuta yetirilir, ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. İddiaçının mübahisələndirilən ərizədən məlumatsız olması, həmin ərizənin onun tərəfindən tərtib edilməməsi halı öz təsdini tapmadığından, iddia üzrə iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir.

16. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5 və 337-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli qərarında qeyd edilən hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ərizə təmin olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1869/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1325/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Məhkəmə qeyd etmişdir ki, etibarsız sayılması tələb olunan ərizə iddiaçı tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə ünvanlanmış və əl yazısı ilə yazılmışdır (cild 1, iş v. 95). Ərizədə iddiaçı bildirmişdir: “Yazıb sizdən xahiş edirəm ki, bizə veriləcək yeni mənzilin bacım Alıyeva Mehriban Qabil qızının adına sənədləşdirilməsinə etiraz etmirəm”. Ərizədəki imzanın həqiqiliyi xx.xx.2008-ci ildə cavabdeh tərəfindən təsdiq olunmuşdur. İddia onunla əsaslandırılmışdır ki, ərizədəki imza iddiaçıya məxsus deyil. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1309 nömrəli ekspert rəyinə görə, ərizədəki yazılar və imza iddiaçıya məxsusdur (cild 2, iş v. 18). Ekspert rəyi kifayət qədər əsaslandırılmışdır, təkrar ekspertiza təyin edilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayə ti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-1869/2025 saylı qətnaməsinin tam ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən ərizə iddiaçı tərəfindən imzalanmamış və tərtib olunmamışdır. Birinci və apellyasiya instansiyası məhkəməsinin baxışları ilə baxsaq belə, bu uydurma əqddir. Bu ərizə hüquqi nəticələr yarada bilməz. İddiaçı və onun arvadının, eləcə də uşaqların daimi yaşadıqları evin əvəzinə verilən yeni mənzilə onların hüquqları itirilə bilməz. Ərizənin mətnindən görünür ki iddiaçının iradə ifadəsi əks olunmur. Eləcə də, sökülən fərdi evdə qeydiyyatda olan və daimi yaşayan şəxslərin iradə ifadələri yoxdur. Ərizənin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, ərizə onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi. Hazırkı mübahisəli ərizədən görünür ki, onun bütün hissəsi etibarsızdır. Belə ki, ərizədə “Bizə” deyəndə sökülən evdə qeydiyyatda olan və həmin evə hüququ olan şəxslərdən gedir ki, həmin şəxslərin heç birinin ərizəsi alınmamış, iradə ifadələri ortaya qoyulmamışdır. Məhkəmə instansiyalarının işi araşdırmadan gəldiyi nəticələr bir ailənin qanuni maraqlarına toxunmuşdur, ailə mənzilsiz qalmışdır.

24. Həmçinin iddiaçı birinci Qarabağ müharibəsi iştirakçısıdır, o, müharibə zamanı kantuziya almışdır. İddiaçı fəaliyyət qabiliyyətli olsa da, o, ərizənin verdiyini qəbul etmir, əgər məhkəmənin yanaşması ilə yanaşsaq belə, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən vəziyyətdə ola bilərdi və bu şəraitdə onun bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayılmalıdır. Ən azından məhkəmə araşdırmamışdır ki, iddiaçı bacısı ilə aralarında hər hansı bir razılaşma belə olmadığı halda, ailəsi ilə daimi yaşadığı evin əvəzinə verilən mənzili bacısına verməsi sual doğurur və bu hal məhkəmə tərəfindən araşdırılmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh Bakı şəhəri 15 saylı Notariat ofisi məhkəməyə yazılı müraciət edərək kassasiya şikayətinə etirazı olmadığını bildirmişdir.

26. Müstəqil tələb irəli sürməyən şəxs Alıyeva Mehriban Qabil qızı kassasiya şikayətinə etiraz edərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. MPM-nin 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

28. MPM-nin 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.

29. MPM 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olma dıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə aşağıdakılara əsasən ləğv edilməlidir.

35. İşdən görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdə notarial qaydada təsdiq edilmiş ər izənin (birtərəfli əqdin) etibarsız hesab edilməsi üçün iddia qaldırmış, lakin iddia ərizəsində cavabdeh orqan olaraq Bakı şəhəri 15 saylı Notariat ofisi göstərilmişdir.

36. Hər hansı bir əqd məhkəmə qaydasında mübahisələndirildikdə bu iddia üzrə cavabdeh qismində mübahisəli hüquq münasibətinin digər tərəfi olan və ya mübahisələndirilən əqd nəticəsində hüquq və imtiyazlar əldə etmiş və həmin əqdin etibarsız hesab edilməsinin hüquqi nəticələri mənafelərinə toxunacaq şəxslər cəlb edilməlidir. Notariat orqanının hərəkət və ya hərəkətsizliyi ilə bağlı notariusun qanunsuz əməlinə görə dəymiş zərərin əvəzinin notariat orqanından tutulması kimi iddialar istisna olmaqla notarial qaydada təsdiq edilmiş əqdlərin hər hansı əsasla mübahisələndirilməsi və ya etibarsız əqd olmasının tanınması (təsbit id diası) həmin əqdi təsdiq etmiş notariusun və ya notariat orqanının hüquq və manefələrinə toxunmadığından əqdin etibarsız hesab edilməsi barədə iddia notariat orqanına qarşı qaldırıldıqda əsl olmayan cavabdehə qarşı qaldırılmış olur.

37. MPM-nin 54.1-ci maddəsinə əsasən, iddia həmin iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə cavabdehi əsl cavabdeh ilə əvəz etməli, iddiaçı buna razılıq vermədikdə MPM-nin 54.2-ci maddəsinə əsasən iddiaya baxaraq əsl olmayan cavabdehə qarşı qaldırılmış iddiaya dair qaydaları tətbiq etməklə qətnamə qəbul etməlidir. Yəni, bu halda iddia tələbi üzrə araşdırma aparılmadan iddia əsl olmayan cavabdehə qarşı qaldırılması əsası ilə (prosessual əsasla) rədd edilməlidir. 3

8. Hazırkı halda mübahisələndirilən əqdin etibarsız hesab edilməsinin hüquqi nəticəsində maraqlı olan şəxs iş üzrə cavabdeh qismində deyil, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, birinci instansiya mərhələsində məhkəmə iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsini təklif etməmiş, iddianı əsl cavabdehə qarşı irəli sürülmüş iddia kimi qəbul edərək mahiyyəti üzrə baxmış, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq prosessual pozuntu ilə qəbul edilmiş qətnaməni dəyişdirmədən saxlamışdır.

39. İddia hazırkı mübahisənin hüquqi həllində hər hansı marağı olmayan subyektə qarşı qaldırıldığı üçün 15 saylı Notariat Ofisinin xüsusi notariusu S.Osmanlı məhkəmə iclaslarında iştirak etməmiş, işə onun iştirakı olm adan baxılması barədə məhkəməyə müraciətlər ünvanlamış, o cümlədən tələb üzrə iddia müddətinin tətbiqi barədə ərizə məhkəməyə cavabdeh tərəfindən deyil, üçüncü şəxslər tərəfindən verilmişdir.

40. Azərbaycan Respublikası MPM-in 417.1.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.

41. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməli, iddia həmin iddiaya cavab verməli olmayan cavabdehə qarşı qaldırıldığı üçün rədd edilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkə mə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1869/2025 nömrəli 14 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar