Məhkəmə qərarları › İş №2(102)-2112/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2112/2024

26.07.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2112/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: tələb hüququ, iddia müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-770/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işi n hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. X4 (bundan sonra – iddiaçı) ilə Cavabdeh MMC (bundan sonra – cavabdeh və ya MMC) arasında bağlanmış 24 mart 2015-ci il tarixli, 113 saylı “alğı-satqı müqaviləsi”nə əsasən, satıcı (cavabdeh) Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan ünvanda, “C” saylı binada 21-ci mərtəbədə yerləşən ümumi sahəsi 249,11 kv.metr olan 100 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) alıcıya (iddiaçıya) satmağı, sonuncu isə öz növbəsində bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür;

3. Müqavilənin 2-ci bəndinə əsasən, iddiaçı müqavilənin 1.1-ci bəndində göstərilən mənzilin hər kv.metri üçün 1.000 ABŞ dolları ödəməyi öz öhdəsinə götürüb. Müqavilənin ümumi məbləği 249.110 ABŞ dolları müəyyən edilib. İddiaçı ümumi məbləği müqavilə imzalanan gün, yəni 24 mart 2015-ci il tarixdə Milli Bankın müvafiq kursu ilə manatla ödəyib; 4. 24 mart 2015-ci il tarixdə iddiaçıya mənzilin tam dəyərinin cavabdehə ödənildiyini təsdiq edən maliyyə arayışı və kassa məxaric orderi təqdim olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 24 mart 2015-ci il tarixli, 113 saylı mənzilin alğısatqı müqaviləsinin ləğv edilməsi, mübahisəli mənzilə görə sahəsi 249.11 kv.metr olan mənzillərin hazırda orta bazar qiyməti 2050 manat olmaqla 510.675 manat pulun, memara ödənilmiş 200 manat və dö vlət rüsumu 30 manat olmaqla, ümumilikdə 510.905 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda mənzilində çatışmayan sahə bir otaqlı mənzilin sahəsinə bərabər olmuşdur ki, hansı ki, bu sahədən öz tələbatına uyğun istifadə edə bilməyəcəyinin səbəbi də cavabdehin yalan məlumatları müqaviləyə daxil edərək, onu istehlakçı kimi aldatması olub.

7. Cavabdeh iddia tələbini qəbul etməmiş, həmçinin iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, iddiaçı 24 mart 2015-ci ildə müqavilə imzalanan gün 261565 manat onun əri tərəfindən kassaya mədaxil edilmiş və müqavilədə qeyd edilən mənzil ona yerində göstərilərək, həmin gün təhvil verilmişdir. Lakin müqavilə üzrə bütün öhdəliklər icr a edildikdən 6 il 6 ay keçdikdən sonra, yəni 30 sentyabr 2021-ci il tarixində iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia müddətini ötürmüşdür. Cavabdeh iddianın rədd olunmasını xahiş etmişdir.

8. Məhkəmə baxışı zamanı iş üzrə ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2022-ci il tarixli 10/6414 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli 113 №-li müqavilədə mənzilin ümumi sahəsi 249,11 m2 göstərilmişdir. Lakin müqavilədə qeyd olunan sahənin cizgisi, o cümlədən ekspert vəsatətində qeyd olunan binanın işçi layihəsi təqdim olunmadığından layihə-cizgi əsasında mənzilin sahəsinin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arx itektura Komitəsinin Kollegiyasının “4” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları"-na əsasən, mübahisəli mənzilin faktiki olaraq ümumi sahəsi 213,97 m2 təşkil etmişdir. Mübahisəli mənzilin faktiki sahəsi ilə (213,97 m2) xx.xx-2015-ci il tarixli 113 №-li “Müqavilə"də göstərilən sahə (249,11 m2) arasında 35,14 m2 fərq olduğu müəyyən edilmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-292/2022 saylı, 18 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova) iddia təmin olunmuşdur.

10. Məhkəmə hesab etmişdir ki, MMC ilə iddiaçı arasında bağlanmış 24 mart 2015-ci il tarixli 113 saylı mənzilin alğı-satqı müqaviləsi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddia əsaslıdır. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi - kəmiyyət və keyfiyyət göstəricisi olmuşdur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan “kvadrat metr” çıxış edir. Nəzərə alınsa ki, satılan obyektin hər kvadrat metrinin dəyəri kifayət dərəcədə pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Alğı-satqı müqaviləsi bağlanarkən cavabdeh öz üzərinə alıcıya müqavilə üzrə şərtləşdirilmiş ölçüdə (miqdarda) olan əşyanı verməyi, alıcı isə həmin əşyanın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilədən də göründüyü kimi, cavabdeh iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş qaydada 249,11 kv.metr sahədən ibarət mənzili satmalı olduğu təqdirdə, qeyd edilən mənzilin sahəsi məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə-tikinti ekspertizasının aparılmasının nəticəsi olaraq əldə edilmiş müvafiq rəylə müəyyən edilmişdir ki, 213,97 kv.metr sahədən ibarət olan mənzili satmışdır. Bu da alıcının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərmişdir. Həmçinin alıcı mənzilin müqavilədəki dəyərinin onun sahəsinə uyğun olaraq (249,11 kv.metr sahə üçün) müəyyənləşdirildiyini düşünərək, sözügedən mənzilin 250000 ABŞ dolları məbləğində dəyərləndirilməsini özü üçün münasib dəyər hesab etmiş və həmin şərtlərlə müqaviləni imzalamağa razılıq vermişdir.

11. Məhkəmə hesab etmişdir ki, hazırda iddiaçı şəxs məhkəmədən müqavilənin ləğv edilməsi və bağlanmış müqavilənin dəyərinin əvəzi mənzilin hazırkı bazar qiyməti (hər kv.m üçün) 2050 manat olmaqla 510.675 manat pulun geri qaytarılmasını, həmçinin 200 manat “Mənzilin Planı”na görə ödənişi tələb etməkdə haqlı olmuşdur. Müqavilə bağlandığı zaman evin real bazar qiymətinin 250000 ABŞ dolları civarında olmasına baxmayaraq, hazırda iddiaçı tərəf müqavilə ləğv olunduğu halda onun dəyərinin hazırkı bazar qiyməti ilə geri qaytarılmasını tələb etmişdir. Belə ki, əmlak sahibi əmlakının qiymətini müəyyənləşdirməkdə sərbəstdir, bu baxımdan iddiaçıya mübahisəli mənzilin dəyərinin müqavilədə qeyd olunan məbləğdə 250000 ABŞ dolları məbləğində qaytarılması onun mənafeyinə zidd olmuşdur. Belə olan halda, əmlakın hazırkı real dəyərinin geri qaytarılması tələbi əsaslı və təmin olunmalıdır.

12. Məhkəmə cavabdehin iddianın müddəti tətbiq etməklə, iddianın rədd edilməsi barədə qərar çıxarılması barədə ərizəsi ilə razılaşmaya raq qeyd etmişdir ki, cavabdeh daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il olduğunu qeyd edərək iddia müddətinin ötürüldüyünü bildirmişdir. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı iddiasının əsasında müqavilənin etibarsızlığı deyil ləğvi, eləcə də ona vurulmuş maddi zərər ilə bağlı məsələ olduğundan iddia müddəti tətbiq edilə bilməz.

13. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 372.1, 373.2, 375.2, 376, 377, 378, 385.1, 390, 421, 422, 423.2, 424, 577.1, 1096, 1097-ci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra - Şəhərsalma və Tikinti Məcəlləsi) 59-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə i stinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassa mədaxil qəbzində manatın ABŞ dollarının rəsmi məzənnəsinə uyğun qəbul edilməsi ilə bağlı hər hansı bir qeyd olmamışdır. Satıcı ilə əməliyyatlar manatla aparılıb, müqavilədə isə yalnız alıcının təkidi və xahişi ilə xarici vətəndaş olması nəzərə alınaraq simvolik olaraq ABŞ dolları ilə qeyd edilmişdir. Alıcı kassaya pulu manatla gətirmiş və mədaxil etmişdir. Buna baxmayaraq məhkəmə hər dəfə pulun ABŞ dolları ilə ödənildiyini qeyd etmiş, bununla da qanunvericiliyin təl əblərini pozmuşdur. Məhkəmə ekspert rəyində qeyd edilən xüsusatları araşdırmadan birbaşa olaraq mənzilin sahəsində 35,14 kv.m əskik olduğu qənaətinə gəlmişdir. Baxmayaraq ki, rəydə 8-13 saylı şərti işarələnmiş sahələrin faktiki yerində 20 kv.m təşkil etmiş, lakin ekspert hesablama əmsalı tətbiq edərək 9,07 kv.m qeyd etmişdir. Bununla da, alıcıya təhvil verilmiş mənzilin yerində faktiki olaraq sahəsi 213,97 kv.m deyil, 225 kv.m təşkil etmiş və çatışmayan sahə 24,11 kv.m olmuşdur. Buna səbəb isə iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilən layihə sənədlərinə əsasən oxdan oxa hesablanması səbəb olmuşdur. Yəni, onlar vətəndaşdan alınmış vəsait hesabına inşa edilmiş mənzilin təhvil verilməsini həyata keçiriblər və faktiki kv.m və divarlar nəzərə alınmaqla oxdan o xa satış ediblər. Tərəflər başqa qayda nəzərdə tutulmayıbsa müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlik həcmində məsuliyyət daşıyırlar. Mənzilin dəyərini müəyyən edərkən məhz qarşı tərəfin təqdim etdiyi həmin binadan başqa digər binalarda qeyd edilən qiymətləri əsas götürüb iddianı təmin etmişdir. Halbuki məhkəmə araşdırma aparsa idi həmin binada mənzillərin 1 kv.m-nin 1300 manata satıldığını müəyyən edə bilərdi. Çünki hər binada onun fasadına, daxili təmirinə, mənzilin mərtəbəsinə və digər xüsusiyyətlərinə uyğun qiymət müəyyən edilir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3671/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Akif İsgəndərov - sədrlik edən və məruzəçi, İlham Kərimli və Elşən Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə cavabdehdən iddiaçının xeyrinə 249.11 kv.metr sahəsi olan mənzilə görə 510.675 manat pulun tutulması hissəsində dəyişdirilmiş və cavabdehdən iddiaçının xeyrinə tutulan həmin məbləğ 249110 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan məzənnə üzrə Azərbaycan manatı ilə) müəyyən edilmiş, qətnamənin qalan hissələri dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşaraq, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 21.1, 578.1-ci maddələrinin tələbinin pozulması dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, hazırkı işdə iddiaçı qanunla ona verilmiş bu seçim hüququndan istifadə edərək, verilmiş mənzildən imtina etməklə ödənilmiş mənzilin dəyərinin qaytarılmasını tələb etmişdir. İdd iaçının belə bir tələb irəli sürməsinin səbəbi isə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımi qaydada yerinə yetirilməməsi olmuşdur.

18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi müqavilənin ləğv edilməsi ilə bağlı hissədə iş üzrə düzgün nəticəyə gəlsə də, bağlanmış müqavilənin dəyərinin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə mənzilin hazırkı bazar qiymətini (hər 1 kv.m üçün 2050 manat olmaqla) təşkil edən 510.675 manat pulun tutulmasını qət edərkən yanlışlığa yol vermişdir. Belə ki, Mülki Məcəllənin 578.1-ci maddəsi alıcıya yalnız ödədiyi pul məbləğinin qaytarılmasını tələb etmək hüququ vermişdir. İddiaçı tərəfindən isə müqavilə üzrə 510.675 manat deyil, 249110 ABŞ dolları həmin vaxtdakı məzənnə üzrə manatla cavabdehə ödənilmişdir. Ona görə də, qətnamə göstərilən hissədə dəyişdirilməli və mübahisələndirilən alğı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğ 249110 ABŞ dolları qətnamənin icra olunduğu vaxt qüvvədə olan məzənnə üzrə manatla müəyyən edilməlidir.

19. Məhkəmə mövqeyini Mülki Məcəllənin 385, 568, 577, 578, 21, 1096, 1097, 421, 422, 423, 390, 424-cü, Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

20. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən (birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddia tələbinin “249.110 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə olan məzənnə üzrə Azərbaycan manatı ilə tutulması” hissəsində) ləğv edilməsi, həmin hissədə iddianın tam təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 510.675 manat pulun tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi onun müqavilənin ləğv edilərək, mənzilin dəyərinin geri qaytarılması barədə iddiasının cavabdeh tərəfindən könüllü ödənilməməsi xüsusatını nəzərə almayıb. Belə ki, məhkəmə mənzilin dəyəri məhkəmənin qətnaməsinin çıxarıldığı dövr üçün real bazar qiymətləri ilə hesablamalı və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qüvvəsində saxlamalı olduğu halda, yanlışlığa yol verərək, müqavilə üzrə ödənilmiş məbləğin satıcı kimi cavabdehdən tutulmasını qət edib. Apellyasiya instansiyası məhkəməsi sübutlara obyektiv, qə rəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, qeyd edilən maddələrinin tələblərini pozaraq, iş üzrə toplanmış sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməyib və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərək, iddia tələbini “510.675 manat pulun tutulması hissəsində dəyişdirərək, həmin məbləği 249.110 ABŞ dolları məbləğində müəyyən edilsin” hissəsində təmin edərkən, işin faktiki və həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandıra bilməyib.

22. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Cavabdeh kassasiya şikayət ini onunla əsaslandırıb ki, apellyasiya instansiyası məhkəməsi işi düzgün araşdırmadan maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul edib. Məhkəmə sübutları hərtərəfli araşdırmalı olduğu halda mənzilin dəyərini müəyyən etmədən və qiymətləndirici təyin edib bazar dəyərini müəyyən etməməklə pozuntuya yol verib. Bundan əlavə, mənzilin faktiki ölçüsü müəyyən edilmədən, iddiaçı ona dəymiş ziyanın ödənilməsini tələb edə bilməz. Ona dəymiş ziyan isə mənzilin sahəsində olan azalma ilə ola bilərdi. Məhkəmə isə ödənilmiş vəsaitdən iki dəfə çox vəsaitin ödənməsini qət edib. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməyib, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə istinad etməklə birinc i instansiya məhkəməsinin gəldiyi qənaəti qismən dəyişdirərək qətnamə qəbul edib. İşə baxan məhkəmələr cavabdeh tərəfindən verilən kassa mədaxil qəbzlərinə qiymət verməyib.

24. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-5428/2022 saylı, 13 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Əhməd Əhmədov - məruzəçi, Vüqar Həsənov və İspəndiyar Şəfiyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qalan mübahisələndirilən (iddianın rədd olunan) hissəsində qətnamə dəyişdirilmədən saxlanılmış, iddiaçının kassasiya şikayəti təmin edilməmişdir.

25. Kassasiya instansiyası məhkəməsi, iddianın təmin olunmayan hissəsində apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, bu hissədə iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparmağa lüzum yoxdur. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.

26. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsində işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmayıb.

27. İşə baxan məhkəmələr hazı rkı mülki mübahisə üzrə gəldikləri nəticəni Mülki Məcəllənin “müqavilənin ləğv edilməsini tənzimləyən” 421.1, 421.2, 422, 422.1, 423.2, 424.3, 424.4-cü maddələrinin, alğı-satqı münasibətlərini tənzimləyən 578.1-ci maddəsinin, habelə “zərərin əvəzinin ödənilməsi”ni tənzimləyən 21.1-ci maddəsinin və sair normaların tələbləri ilə əsaslandırsalar da, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri baxımından təfsir etmədən, müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almadan, başqa sözlə, hazırkı öhdəlik hüquq münasibətlərinin konkret olaraq hansı müqavilədən, yəni alğı-satqı və ya podrat müqavilələrindən irəli gəlib-gəlmədiyini araşdırmamı şdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə sözügedən müqavilənin şərtləri düzgün təfsir edilməli, tərəflərin hansı hüquqi münasibətdə olmaları aydınlaşdırılmalı və hazırkı mübahisəyə hansı maddi hüquq normalarının tətbiq edilməli olduğu müzakirə olunmaqla, iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.

28. Digər tərəfdən, işə əlavə edilmiş 10 yanvar 2022-ci il tarixli ekspert rəyi müqavilədə göstərilən sahənin cizgisi, o cümlədən, binanın işçi layihəsi təqdim edilmədən verildiyi üçün həmin rəy hazırkı mübahisənin obyektiv həlli baxımından mötəbər yazılı sübut kimi qəbul edilə bilməz və həmin rəy də digər sübut növlərindən biri kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Həmçinin rəyin təsviri hissəsinə görə ekspert hesablamanı Şəhərsalma və Tikinti Məcəll əsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydaların 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparıb. İşə baxan məhkəmələr, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi Qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq, tərəflər arasında bağlanmış sözügedən müqavilə üzrə öhdəliklərə şamil edildiyini əsaslandırmayıblar. Bu xüsusatla bağlı nəzərə a lınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Odur ki, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya verib-vermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etmədiyi aydınlaşdırılmalı və iddia tələbinə yekun hüquqi qiymət verilməlidir.

29. Bununla yanaşı, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə verib və Mülki Məcəllənin 773, 776.1-ci maddələrinin mənasına görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Bu baxımdan tərəflərin hansı hüquqi münasibətdə olmaları müəyyən edildikdən sonra, yuxarıdakı xüsusatlar üzrə lazımi dəyərləndirmə aparılmaqla, iddiaçının məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edib-etmədi yinə, yaxud bu qüsur üzrə onun hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib-keçmədiyinə də mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir.

30. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 386, 442, 567, 568, 577, 578, 752, 759, 762, 763, 765, 773, 776-cı, Şəhərsalma və Tikinti Məcəlləsinin 1 və 59-cu, MPM-in 14, 76, 77, 88, 103, 217 və 416-cı maddələrinə istinad etmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

31. Yeni apellyasiya baxışı zamanı təyin edilmiş ekspertiza üzrə Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 1 may 2023-cü il tarixli, 10/2104 nömrəli rəydə qeyd edilmişdir ki, mübahisəli mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları t ətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 225,0 kv.metr təşkil etmişdir. Mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 249,1 kv.metr təşkil etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2052/2023 nömrəli, 7 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev - sədrlik edən və məruzəçi, C.C.Musayeva və G.T.Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış 24 mart 2015-ci il tarixli, 113 saylı mənzilin alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 249.110 ABŞ dolları pulun iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə y eni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əskik olan 24,1 kv.metr ölçüyə mütənasib olaraq müqaviləyə əsasən hər kv.metr üçün 1000 ABŞ dolları olmaqla 24.100 ABŞ dolları (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarı) cavabdehdən iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan baxılan hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən (baxılan) qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddianın predmetinə nəzər yetirdikdə müəyyən olunmuşdur ki, iddianın əsasını təşkil edən müqavilə şərtləri podrat münasibətlərini özündə ehtiva etmişdir. Ona görə də hazırkı münasibətə podrat müqaviləsindən irəli gələn qaydalar tətbiq olunmalıdır. İddianın əsası ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzil təhvil verilmişdir.

34. Apellyasiya baxışı zamanı əldə olunmuş ekspert rəyi ilə müəyyən edilmişdir ki, mənzilin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 225,0 kv.metr təşkil etmişdir. Divarların, arakəsmələrin, həmçinin sütunların və şaxtaların altında qalan sahə isə 24.1 kv.metr təşkil etmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi ekspertin rəyini mübahisəyə tətbiq edilməli hüquq normalarına və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz.

36. Mülki Məcəllənin 766-cı maddəsinə istinad edərək məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri qismən icra edərək, mənzili iddiaçıya təhvil verdiyindən bütöv mənzilin dəyəri cavabdehdən tutula bilməz. Yalnız mənzilin müqavilə üzrə nəzərdə tutulmuş ölçüyə uyğun təhvil verilməyən hissəsinin dəyəri cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

37. Məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə iddiaçı cavabdehlə onun arasında bağlanmış müqavilənin ləğvini tələb etsə də, hazırkı tələb faktiki müqavilədən imtina olmuşdur. İş materiallarının tədqiqi zamanı müqavilədən imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.

38. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 385, 44 2, 752, 759, 762, 763, 766, 773 və 776-cı, Şəhərsalma və Tikinti Məcəlləsinin 1 və 59-cu, MPM-in 14, 77 və 384-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

39. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin iddia müddətinin keçib-keçmədiyinə hüquqi qiymət verilməsi barədə göstərişinə riayət etməmiş və ümumiyyətlə bu məsələni araşdırmamışdır. Halbuki məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə qiymət verərək, iddia mü ddətinin ötürülməsi əsası ilə iddianı rədd etməli idi. Mübahisəli mənzil xx.xx.2015-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Yəni, icranın (işin) qüsuru barədə iddia müddətinin axımı mənzilin iddiaçı tərəfindən təhvil alındığı gündən başlayır. İddia ərizəsinin məhkəməyə xx.xx.2021-ci il tarixdə təqdim edildiyini nəzərə alaraq, belə nəticəyə gəlinir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 5 illik iddia müddətini ötürmüş və mənzili təhvil aldıqdan 6 il 6 ay 6 gün sonra cavabdehə qarşı tələb irəli sürmüşdür. Həmçinin ekspert rəyindən göründüyü kimi, tədqiq olunan mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 249,1 kv.metr təşkil etmişdir. Yəni, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2015-ci il tarixli müqavilə üz rə götürdüyü öhdəliyi tam şəkildə icra edib və tərəflərin müqavilə bağlayarkən razılaşdırdıqları ölçüdə - 249,11 kv.metr mənzili iddiaçıya təhvil verib.

41. Ali Məhkəmənin Mülki kollegiyasının 16 oktyabr 2023-cü il tarixli, 2(102)-3754/2023 saylı qərarı ilə (hakimlər Abiddin Hüseynov - məruzəçi, Əhməd Nurməmmədov və Zəki Babayev) cavabdehin kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2052/2023 nömrəli, 7 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

42. Kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibinin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin düzgün təfsir edil məsi, tərəflərin hansı hüquqi münasibətdə olmalarının aydınlaşdırılması və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının müəyyən edilməsi, ekspert rəyinin prosessual qanunvericiliyə uyğun qiymətləndirilməsi və bunun nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etmədiyinin aydınlaşdırılması ilə bağlı göstərişləri apellyasiya instansiyası məhkəməsi tərəfindən yerinə yetirilmiş və işin faktiki hallarına uyğun zəruri hüquqi dəyərləndirmə aparılmışdır.

43. Lakin iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibinin göstərişlərindən biri də ondan ibarət olmuşdur ki, cavabdehin birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə verdiyi nəzərə alınaraq, işə yenidən baxılarkən tərəflərin hansı hüquqi mün asibətdə olmaları müəyyən edildikdən sonra, iddiaçının məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edibetmədiyinə, yaxud bu qüsur üzrə onun hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib-keçmədiyinə də mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməli idi.

44. İşə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərini pozaraq, yuxarıda qeyd olunan göstərişi ümumiyyətlə nəzərə almamış, bununla bağlı hüquqi dəyərləndirmə aparmamışdır. Nəzərə alınmalıdır ki, həmin göstəriş kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında verilmiş digər göstərişlərdən asılı olmayaraq, birbaşa işin mahiyyəti üzrə həlli baxımından əhəmiyyətli olmuş və həmin məsələyə qiymət verilmədən mübahisənin düzgün həll olunub-olunmadığı barədə qənaətə gəlmək mümkün deyildir. Hazırda cavabdehin kassasiya şikayətinin əsas dəlillərindən biri də məhz iddia müddətinin mübahisəyə tətbiqi ilə bağlı göstərişə apellyasiya instansiyası məhkəməsindən qiymət verilməməsi ilə bağlı olmuşdur.

45. Məhkəmə kollegiyası mövqeyini MPM-in 420-ci maddəsinə istinad edərək əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

46. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Məhəmməd Rüstəmli sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Fərrux Qasımov) 12 fevral 2024-cü il tarixli, 2(103)-770/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələb i təmin edilməmişdir.

47. Məhkəmə kollegiyası hazırkı işlə bağlı Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişləri nəzərə alaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən, onların arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətəri yaranmışdır. Hazırkı iş üzrə iddiaçı iddia etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzil təhvil verilmiş və bu hal ona 2019-cu ildə məlum olmuşdur.

48. Əvvəlki apellyasiya baxışı zamanı əldə olunmuş ekspert rəyi ilə müəyyən edilmişdir ki, mənzilin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 225,0 kv.metr təşkil etmişdir. Divarların, arakə smələrin, həmçinin sütunların və şaxtaların altında qalan sahə isə 24.1 kv.metr təşkil etmişdir. Cavabdeh iddiaya qarşı etiraz verərək, həmçinin iddiaçı tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyünü bildirmişdir. Belə ki, mənzil iddiaçıya müqavilə bağlandığı gün təhvil verilsə də, iddiaçı məhkəməyə 6 il 6 ay sonra müraciət etmişdir.

49. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya mənzilin sahəsinin az olması iddia ərizəsində göstərildiyi kimi, ona 2019-cu ildə məlum olmamışdır. Həmin iddia ərizəsi sonradan xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilmiş, lakin həmin iddia ərizəsi də məhkəmə tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyinə görə geri qaytarılmışdır. Bundan başqa, təqdim olunm uş "xxxx" MMC ilə MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünmüşdür ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti, 74 ünvanında inşa olunan üç bloklu binada İP domofon sisteminin quraşdırılması və texniki xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Kollegiya qeyd etmişdir ki, domofon sisteminin quraşdırılması hazır olan binada mümkündür.

50. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan iddiaçının həyat yoldaşı X3 cavabdeh MMC-yə və X1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-49/2023 nömrəli qətnaməsindən görünmüşdür ki, məhkəməyə həmin iş üzrə sübut qismində həmin binada əldə edilmiş mənzillərə görə iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixində isti su, soyuq su, qaz, el ektrik sayğaclarının quraşdırılması üçün ödənişləri təsdiq edən sənədlər təqdim edilmişdir.

51. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mənzilə dair xx.xx.2015-ci il tarixli müqavilə bağlayarkən yaşayış binası hazır olmuş, iddiaçı mənzili həmin tarixdə təhvil almış, onun mənzildə ölçü işlərini aparmağa imkanı olmuş, lakin mənzil ona təhvil verildiyi zaman cavabdehə qarşı heç bir pretenziya irəli sürməmiş, iddia ərizəsini isə xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş 5 illik iddia müddəti ötürülmüş və iddia müddətinin ötürülməsi isə hazırkı iddianın rədd olunması üçün əsas olmuşdur.

52. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 373.4, 375.2, 381.1, 421.2, 567, 568.1, 577, 578.1, 752, 759.1, 762.1, 764.1, 765, 773, 776.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

53. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi xx.xx.2015-ci il tarixli 113 saylı alğı-satqı müqaviləsinin hansı müddəalarının bir-birini istisna etməsini, müqavilənin hansı ifadəsinin müxtəlif cür təfsir edilməsini bu müqavilənin bəndlərinə istinad etmədən “podrat müqaviləsi” adlandırmasını əsaslandırmamış, müqavilənin əsas şərtlərində ölçü vahidi “yaşayış sahəsi” olmasına baxmayaraq, tikinti layihəsinə istinad edib m ənzilin yaşayış sahəsinin deyil, “tikinti sahəsi”ni əsas götürərək, yanlış nəticəyə gəlmişdir.

55. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin sözügedən podrat müqavilələri üzrə mənzilləri iddiaçıya nə vaxt təhvil verdiyini aydınlaşdırmadan, sonuncunun həmin mənzillərin qüsurları barədə tələb hüququnun nə vaxtdan əmələ gəldiyini, başqa sözlə Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin axımının nə vaxtdan başladığını dəqiqləşdirmədən, yalnız cavabdehin formal mülahizələrinə əsaslanaraq, iddiaçının hazırkı iş üzrə iddia olunan qüsurlarla bağlı tələb hüququnu itirməsinə dair işin halları barədə səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə iddia müddətinin axımını- iddiaçının 27 aprel 2016-cı il tarixdə isti su, soyuq su, qaz və elektrik sa yğaclarının quraşdırılmasına görə həyata keçirdiyi ödəniş tarixlərindən hesablasa da, mənzillərə dair təhvil-təslimin nə vaxt, kimlər arasında aparıldığını, həmin mənzillərin qeyd olunan tarixdə həqiqətən iddiaçıya təhvil verilibverilmədiyini aydınlaşdırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

56. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

57. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

58. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

59. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin e dilə bilər.

60. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

61. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

62. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

63. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürü r.

64. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.

65. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

66. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

67. Maddə

766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzd un miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

68. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Mülki Prosessual Məcəllə

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

74. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

75. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

77. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçı mənzilə dair xx.xx.2015-ci il tarixli müqavilə bağlayarkən yaşayış binası hazır olmuş, iddiaçı mənzili həmin tarixdə təhvil almış, onun mənzildə ölçü işlərini aparmağa imkanı olmuş, lakin mənzil ona təhvil verildiyi zaman cavabdehə qarşı heç bir pretenziya irəli sürməmiş, iddia ərizəsini isə xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş 5 illik iddia müddəti ötürülmüş və iddia müddətinin ötürülməsi isə hazırkı iddianın rədd olunması üçün əsas olmuşdur. Belə ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi haqqında ərizə vermişdir.

78. Qanuna əsasən, başqa şəxsdən hər hansı hərəkət i yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (§ 57-58, 61, 68).

79. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillər inə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

80. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərai t yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

82. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

83. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-770/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar