Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-352/2024 01.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(046)-37/2023 saylı qərardadından İddiaçı2 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1 cavabdehlər Göyçay rayon Notariat kontoruna və Cavabdeh2 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı iki otaqlı mənzilə dair onunla Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın 3m/80 nömrəli 24 oktyabr 2000-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin alğı-satqı müqaviləsi etibarsız hesab edildiyi andan Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı iki otaqlı mənzilə dair mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmış 3195 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 2(046)-37/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı2 cavabdehlər Göyçay rayon Notariat kontoruna və Cavabdeh2 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı2 cavabdehlər Göyçay rayon Notariat kontoruna və Cavabdeh2 qarşı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(107)-1219/2023 nömrəli mülki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 13 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş apellyasiya baxışından çıxarılmış və apellyasiya qeyri-mümkün hesab edilməklə Göyçay Rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçı2 xx.xx.2023-cü il tarixdə həmin qətnamədən apelyasiya şikayəti verərək müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı2 ərizəsində tələbini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli 2(046)-37/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin qeyri-mümkünlüyü üçün əsasların olmaması barədə nəticəyə gələn Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 13 oktyabr 2023- cü il tarixli 2(107)- 1219/2023 saylı qərardadla apellyasiya şikayətinə baxılmasını mümkün hesab etsə də Mülki Kollegiya 15 noyabr 2023-cü il tarixli qərardadla əvvəlki qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmış və apellyasiyanı qeyri-mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni apellyasiya şikayətinin məzmununun İddiaçı1 tərəfindən verilmiş və geri qaytarılmış apellyasiya şikayətinin məzmunu ilə eyni olması, apellyasiya şikayətinin dəlillərinin onun deyil, İddiaçı1 ilə əlaqəli olmaqla onun barəsində olan arqumentlər və dəlillər olması ilə əsaslandırmışdır. Hesab edir ki, şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılması səbəbi üzürlü hesab edilməli və buraxılmış müddət bərpa edilməlidir. Belə ki, qanunda nəzərdə tutulmuş müddətdə verdiyi apellyasiya şikayəti İddiaçı1 apellyasiya şikayətini yazan şəxs tərəfindən tərtib edildiyindən texniki xəta olaraq eyni məzmunda yazılmışdır və hüquqi savadı olmadığından nəticələrini qabaqcadan görə bilməmişdir. Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(046)-37/2023 saylı qərardadı ilə İddiaçı2 Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-37/2023 saylı qətnaməsindən apelyasiya şikayətinin verilmə müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan İddiaçı2 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti üzürsüz səbəbdən buraxmağı barədə qənaətə gələrkən Göyçay rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 2(046)- 37/2023 saylı qətnaməsindən qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verdiyini, lakin apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinin məzmununun İddiaçı1 tərəfindən verilmiş və geri qaytarılmış apellyasiya şikayətinin məzmunu ilə eyni olması, apellyasiya şikayətinin dəlillərinin onun deyil, İddiaçı1 ilə əlaqəli olmaqla onun barəsində olan arqumentlər və dəlillər olması ilə bağlı şikayəti qeyrimümkün saydığı üçün yenidən apellyasiya şikayəti verdiyini nəzərə almamışdır. Həmçinin qanunda nəzərdə tutulmuş müddətdə verdiyi apellyasiya şikayətinin İddiaçı1 apellyasiya şikayətini yazan şəxs tərəfindən tərtib edildiyindən texniki xəta olaraq eyni məzmunda yazılması və hüquqi savadı olmadığından nəticələrini qabaqcadan görə bilməməyi barədə dəlillərini nəzərə almayan məhkəmə qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti üzürsüz səbəbdən buraxmağı barədə səhv nəticəyə gəlmişdir. Buna görə də qərardadın ləğv olunmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(046)-37/2023 saylı qərardadı ilə, şikayətin təmin edilməməsi, İddiaçı2 Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(046)-37/2023 saylı qərardadının ləğvi barədə şikayət ərizəsinin təmin edilməməsi, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(046)-37/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2023-cü il tarixli qəradadı 17 noyabr tarixdə iddiaçının elektron kabinetinə yerləşdirməsinə baxmayaraq 8 dekabr 2023-cü il tarixədək iddiaçı apellyasiya şikayətini verməmiş, lakin müddətin bitməsindən 21 gün sonra apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin müddətini 21 gün ötürməsi, həmin müddətin bərpası barədə vəsatətdə hər hansı bir sübutla əsaslandırılmamışdır. Ona görə də müddətin bərpası barədə vəsatət təmin edilə bilməz. Göründüyü kimi İddiaçı2 ərizəsində göstərdiyi xüsusiyyətlər buraxılmış müddətin bərpası üçün üzrlü səbəb kimi qiymətləndirilə və həmin qətnamədən şikayətvermə müddətinin bərpası üçün əsas ola bilməz. Təqdim edilmiş sübutlardan görünür ki, İddiaçı2 qətnamədə apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti üzürsüz səbəbdən buraxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal adımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023cü il tarixli 2(046)-37/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023cü il tarixli 2(046)-37/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(046)-37/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-352/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-352/2024
01.02.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver