Məhkəmə qərarları › İş №2(103)-770/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-770/2024

12.02.2024 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-770/2024 12.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Mamedova Elmira) qızının Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: “podrat müqaviləsi, iddia müddəti”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı (Mamedova Elmira) Cavabdeh MMC-yə qarşı müqavilənin ləğvi və pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-292/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh və ya MMC) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 113 saylı “alqı-satqı müqaviləsi”nə əsasən, satıcı (cavabdeh) Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan ünvanda, “C” saylı binada 21-ci mərtəbədə yerləşən ümumi sahəsi 249,11 kv.metr olan 100 saylı mənzili (bundan sonra – mübahisəli mənzil) alıcıya (iddiaçıya) satmağı, sonuncu isə öz növbəsində bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

2. Müqavilənin 1.2-ci bəndinə görə, cavabdeh satdığı mənzili tikinti işləri başa çatdıqdan sonra iddiaçıya təhvil verməyi, sonuncu isə mənzili qəbul edib razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürmüşdür.

3. Müqavilənin 2-ci bəndinə əsasən, iddiaçı müqavilənin 1.1-ci bəndində göstərilən mənzilin hər kv.metri üçün 1.000 ABŞ dolları ödəməyi öz öhdəsinə götürüb. Müqavilənin ümumi məbləği 249.110 ABŞ dolları müəyyən edilib. İddiaçı ümumi məbləği müqavilə imzalanan gün, yəni xx.xx.2015-ci il tarixdə Milli Bankın müvafiq kursu ilə manatla ödəyib. Bu müqavilə üzrə hesablaşmalar manatla həyata keçirilmişdir.

4. xx.xx.2015-ci il tarixdə iddiaçıya mənzilin tam dəyərinin cavabdehə ödənildiyini təsdiq edən maliyyə arayışı və kassa məxaric orderi təqdim olunmuşdur.

5. İddiaçının sifarişi əsasında xx.xx.2019-cu il tarixdə memar X8 tərəfindən mübahisəli mənzilin memarlıq layihələndirməsinə dair tərtib olunmuş cizgidə mənzilin ümumi sahəsi 213,97 kv.metr göstərilmişdir.

6. 09.08.2021-ci il tarixdə iddiaçı cavabdehə məktub göndərərək, mənzilin sahəsinin 249,11 kv.metr deyil, faktiki olaraq 213,97 kv.metr, yəni müqavilədə nəzərdə tutulan sahədən 35,14 kv.metr az olduğu müəyyən edildiyi üçün ödədiyi 250.000 ABŞ dollarının 5 bank günü müddətində nağd qaydada ona geri qaytarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, mübahisəli mənzilə görə sahəsi 249.11 kvadrat metr olan mənzillərin hazırda orta bazar qiyməti 2.050 manat olmaqla 510.675 manat pulun, memara ödənilmiş 200 manat və dövlət rüsumu 30 manat olmaqla, ümumilikdə 510.905 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda mənzilində çatışmayan sahə bir otaqlı mənzilin sahəsinə bərabərdir, hansı ki, bu sahədən öz tələbatına uyğun istifadə edə bilməyəcəyinin səbəbi də cavabdehin yalan məlumatları müqaviləyə daxil edərək, onu istehlakçı kimi aldatması olub.

9. Cavabdeh iddia tələbini qəbul etməmiş, həmçinin iddia müddətinin tətbiqi barədə ərizə verərək bildirmişdir ki, iddiaçı xx.xx.2015-ci ildə müqavilə imzalanan gün 261.565 manat onun əri tərəfindən kassaya mədaxil edilmiş və müqavilədə qeyd edilən mənzil ona yerində göstərilərək, həmin gün təhvil verilmişdir. Lakin müqavilə üzrə bütün öhdəliklər icra edildikdən 6 il 6 ay keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixində iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia müddətini ötürmüşdür. Cavabdeh qeyd olunanları nəzərə alaraq iddianın rədd olunmasını xahiş etmişdir.

10. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 4958/2021 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

11. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli, 113 saylı müqavilədə mənzilin ümumi sahəsi 249,11 kv.metr göstərilib. Lakin, müqavilədə qeyd olunan sahənin cizgisi, o cümlədən ekspert vəsatətində qeyd olunan binanın işçi layihəsi təqdim olunmadığı üçün layihə-cizgi əsasında mənzilin sahəsinin nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmayıb. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə, habelə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, 589-cu məhəllə, H.B.ünvan ünvanda inşa edilmiş 21 mərtəbəli yaşayış kompleksinin, “C” binasının, 21-ci mərtəbəsində yerləşən 100 saylı mənzilin ümumi sahəsi faktiki olaraq 213,97 kv.metr təşkil edir. Belə ki, ekspert, mənzilin faktiki sahəsi olan 213,97 kv.metrlə 24 mart 2015-ci il tarixli, 113 saylı müqavilədə göstərilən 249,11 kv.metr sahə arasındakı fərqin 35,14 kv.metr oluduğunu müəyyən etmişdir.

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 292/2022 nömrəli qətnaməsi ilə (hakim A.N.Novruzova) iddia təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu, Zərdabi prospekti, 74 ünvanda yerləşən, 21 mərtəbəli, bina “C”, 21-ci mərtəbədə yerləşən 100 saylı mənzilə dair X7 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilə görə sahəsi 249.11 kvadrat metr olan mənzillərin hazırda orta bazar qiyməti 2.050 manat olmaqla 510.675 manat pul, memar X8 tərəfindən tərtib edilmiş “Mənzilin Planı”na görə ödənilmiş 200 manat və dövlət rüsumu 30 manat olmaqla, ümumilikdə 510.905 manat məbləğində pulun Cavabdeh MMC-dən X4 xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh MMC-dən tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

13. Məhkəmədə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 113 saylı alqı-satqı müqaviləsi cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan iddia təmin edilməlidir. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi - kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti ev (mənzil) olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan “kvadrat metr” çıxış edir. Nəzərə alsaq ki, satılan mənzilin hər kvadrat metrinin dəyəri kifayət qədər pul edir, o zaman alıcıya xeyli ziyan dəymiş olur. Bu baxımdan Mülki Məcəllənin 437.1-ci maddəsinə əsasən, iddiaçı hazırki iddianı verməkdə haqlı olub. Çünki alqı-satqı müqaviləsi bağlanarkən, cavabdeh öz üzərinə iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş ölçüdə (miqdarda) mənzil verməyi, sonuncu isə həmin mənzilin dəyərini ödəməyi öhdəsinə götürüb. Cavabdeh iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş qaydada 249,11 kv.metr sahədən ibarət mənzil satmalı olduğu halda, ekspertin rəyinə görə sahəsi 213,97 kv.metr olan mənzil satıb. Bu da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğunu göstərir. İddiaçı mənzilin müqavilədəki dəyərinin onun 249,11 kv.metr sahəsinə uyğun olaraq müəyyənləşdirildiyini düşünərək, sözügedən mənzilin 250.000 ABŞ dolları dəyərləndirilməsini özü üçün münasib dəyər hesab edib və həmin şərtlərlə müqaviləni imzalamağa razılıq verib. Bu baxımdan iddiaçı, müqavilənin ləğv edilməsini tələb etməklə yanaşı, mənzilin hazırki bazar qiymətinin hər kv.metr üçün 2.050 manat olmaqla 510.675 manat, habelə “mənzilin planı”na görə ödədiyi 200 manat pulun geri qaytarılmasını tələb etməkdə haqlı olub. Müqavilə bağlanarkən mənzilin real bazar qiyməti 250.000 ABŞ dolları civarında olmasına baxmayaraq, hazırda iddiaçı müqavilənin ləğv edilməsini tələb etdiyi üçün onun dəyərinin hazırki bazar qiyməti ilə geri qaytarılmasını tələb edir. Belə ki, mülki qanunverciliyə görə mənzilin sahibi kimi iddiaçı, mənzilin bazar qiymətini müəyyənləşdirməkdə sərbəstdir. Bu baxımdan iddiaçıya sözügedən mənzilin dəyərinin müqavilədə qeyd olunan 250.000 ABŞ dolları məbləğində qaytarılması onun mənafeyinə ziddir. Belə olan halda, mənzilin hazırki real dəyərinin geri qaytarılması barədə iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdehin iddia müddətinin tətbiq edilməklə, iddianın rədd edilməsi barədə ərizəsi də əsassızdır. Belə ki, cavabdeh daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin altı il olduğunu qeyd edərək, iddia müddətinin ötürüldüyünü bildirmişdir. Lakin, hazırki iddiada müqavilənin etibarsızlığı deyil, ləğv edilməsi tələb olunur, habelə iddiaçı ona vurulmuş maddi zərərin ödənilməsini tələb etdiyindən, hazırki mübahisəli məsələyə iddia müddəti tətbiq edilə bilməz.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 372.1, 373.2, 375.2, 376, 377.1, 377.2, 378, 385.1, 390, 421.1, 421.2, 422, 423.2, 424.3, 424.4, 577.1, 1096.1, 1096.2, 1097.1, 1097.3-cü maddələri, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassa mədaxil qəbzində manatın dolların rəsmi məzənnəsinə uyğun qəbul edilməsi ilə bağlı hər hansı bir qeyd yoxdur. Çünki satıcı ilə əməliyyatlar manatla aparılıb, müqavilədə isə yalnız alıcının təkidi və xahişi ilə xarici vətəndaş olması nəzərə alınaraq simvolik olaraq dollarla qeyd edilib. Baxmayaraq ki, alıcı kassaya pulu manatla gətirib və mədaxil edib. Buna baxmayaraq məhkəmə, hər dəfə pulun dollarla ödənildiyini qeyd edir, bununla da qanunvericiliyin tələblərini pozur. Məhkəmə ekspert rəyində qeyd edilən xüsusatları araşdırmadan birbaşa mənzilin sahəsinin 35,14 kv.metr əskik olduğu qənaətinə gəlib. Baxmayaraq ki, rəydə 8-13 saylı şərti işarələnmiş sahələrin faktiki yerində 20 kv.metr təşkil edir, lakin ekspert hesablama əmsalı tətbiq edərək 9,07 kv.metr qeyd edib. Bununla da, alıcıya təhvil verilmiş mənzilin yerində faktiki olaraq sahəsi 213,97 kv.metr deyil, 225 kv.metr təşkil edir və çatışmayan sahə 24,11 kv.metrdir. Buna səbəb isə mənzilin mülki iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş layihə sənədlərinə əsasən oxdan oxa hesablanması səbəb olub. Yəni, onlar iddiaçıdan alınmış vəsait hesabına inşa edilmiş mənzilin təhvil verilməsini həyata keçiriblər və faktiki kv.metr və divarlar nəzərə alınmaqla oxdan oxa satış ediblər. Tərəflər arasında başqa qayda nəzərdə tutulmadığından, müqavilə ilə üzərlərinə götürdükləri öhdəlik həcmində məsuliyyət daşıyırlar. Mənzilin dəyəri müəyyən edilərkən məhz qarşı tərəfin təqdim etdiyi həmin binadan başqa digər binalarda qeyd edilən qiymətlər əsas götürülərək iddia təmin edilib. Halbuki, araşdırma aparılsa idi həmin binada mənzillərin 1 kv.metrinin 1.300 manata satıldığı müəyyən edilərdi. Çünki hər bir binada onun fasadına, daxili təmirinə, mənzilin mərtəbəsinə və digər xüsusiyyətlərinə görə qiymət müəyyən edilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3671/2022 nömrəli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi), İ.Ə.Kərimli və E.C.Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə 249.11 kv.metr sahəsi olan mənzilə görə 510.675 manat pulun tutulması hissəsində dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə tutulan həmin məbləğin 249.110 ABŞ dolları qətnamənin icra olunduğu günə olan məzənnə üzrə Azərbaycan manatı ilə müəyyən edilməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh sözügedən alqı-satqı müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozduğundan iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Belə ki, fərdi müəyyən əşyaların müqavilənin predmetində nəzərdə tutulmuş əşya olmasının 2 göstəricisi - kəmiyyət və keyfiyyət göstəricisi olur. Müqavilə predmeti mənzil olduqda, onun kəmiyyət göstəricisi kimi ölçü vahidi olan “kvadrat metr” çıxış edir. Nəzərə alsaq ki, satılan mənzilin hər kv.metrinin dəyəri kifayət qədər pul edir, o zaman alıcı kimi iddiaçıya xeyli ziyan dəymiş olur. Bu baxımdan iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olub. Sözügedən alqı-satqı müqaviləsi bağlanarkən, cavabdeh öz üzərinə iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş ölçüdə (miqdarda) mənzil verməyi, iddiaçı isə həmin mənzilin dəyərini cavabdehə ödəməyi öhdəsinə götürüb. Həmin müqavilənin şərtlərinə görə cavabdeh iddiaçıya müqavilə üzrə şərtləşdirilmiş qaydada 249,11 kv.metr sahədən ibarət mənzil satmalı olduğu halda, ekspert rəyi ilə də müəyyən olunduğu kimi, cəmi 213,97 kv.metr sahədən ibarət mənzil satıb. Bu da iddiaçının müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmasını göstərir. İddiaçı mənzilin müqavilədəki dəyərinin onun 249,11 kv.metr sahəsinə uyğun olaraq müəyyənləşdirildiyini düşünərək, sözügedən mənzilin 250.000 ABŞ dolları dəyərləndirilməsini özü üçün münasib dəyər hesab edərək, həmin şərtlərlə müqaviləni imzalamağa razılıq verib. Belə olan vəziyyətdə tərəflər arasında bağlanmış sözügedən alqı-satqı müqaviləsi ləğv edilməlidir.

20. Məhkəmə bunu nəzərə alaraq hesab etmişdir ki, iddiaçı müqavilənin ləğv edilməsini və bağlanmış müqavilənin dəyərinin əvəzi kimi mənzilin hazırkı bazar qiyməti olan (hər 1 kv.metr üçün 2.050 manat olmaqla) 510.675 manat pulun geri qaytarılmasını, həmçinin 200 manat “mənzilin planı”na görə ödədiyi məbləği tələb etməkdə haqlı olub. Müqavilə bağlandığı zaman mənzilin real bazar qiymətinin 250.000 ABŞ dolları civarında olmasına baxmayaraq, hazırda iddiaçı müqavilə ləğv edildiyi halda, onun dəyərinin hazırki bazar qiyməti ilə geri qaytarılmasını tələb edir. Mülki qanunverciliyə görə, mənzilin sahibi kimi iddiaçının mənzilin qiymətini müəyyənləşdirməkdə sərbəstdir. Bu baxımdan iddiaçıya mənzilin dəyərinin müqavilədə qeyd olunan 250.000 ABŞ dolları məbləğində qaytarılması onun mənafeyinə ziddir. Belə olan halda, əmlakın hazırki real dəyərinin geri qaytarılması tələbi əsaslıdır və təmin olunmalıdır. Birinci instansiya məhkəməsi göstərilənlərlə yanaşı iddia müddətinin tətbiqi barədə cavabdehin təqdim etdiyi ərizəni də əsassız sayıb və Mülki Məcəllənin 372.1, 373.2, 375.2, 376, 377.1, 377.2, 378-ci maddələrini rəhbər tutaraq imübahisəli hüquq münasibətinə iddia müddətinin tətbiqini mümkün saymır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxarkən Mülki Məcəllənin 21.1, 578.1-ci maddələrinin tələbi pozulub. Belə ki, həmin maddələrin tələbinə görə iddiaçı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımi qaydada yerinə yetirilməməsi əsası ilə ona dəymiş ziyanın əvəzinin ödənilməsini tələb etmək hüququna malik olsa da, bu zərərin əvəzi müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması şəklində deyil, mənzilin sahəsində olan əskikliyin, azalmanın əvəzinin tutulması qaydasında ödənilməlidir. Məhkəmə, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, müqavilədə göstəriləndərdən az miqdarda (ölçüdə) sahə əldə edən iddiaçı öz seçim hüququna əsaslanaraq, ya ona çatışmayan miqdarda əşya verilməsini tələb edə, ya da verilmiş əşyadan və onu ödəməkdən imtina edə, ya da əşyanın dəyəri ödənilmiş olduğu halda ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Hazırki işdə, iddiaçı qanunla ona verilmiş bu seçim hüququndan istifadə edərək verilmiş mənzildən imtina etməklə ödənilmiş mənzilin dəyərinin qaytarılmasını tələb edə bilər. İddiaçının belə bir tələb irəli sürməsinin səbəbi cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımi qaydada yerinə yetirilməməsi olub. Göründüyü kimi, iddiaçı cavabdehin vurduğu zərər nəticəsində müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olub. Mənzilin sahəsi 35,14 kv.metr olan hissəsi kəmiyyət baxımından kifayət qədər böyük sahədir və nəticə etibarilə 249,11 kv.metr ümumi sahəyə malik olan mənzilin keyfiyyət göstəricilərinə də təsir edir. Birinci instansiya məhkəməsi müqavilənin ləğv edilməsi ilə bağlı hissədə iş üzrə düzgün nəticəyə gəlsə də, bağlanmış müqavilənin dəyərinin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə mənzilin hazırkı bazar qiymətini (hər 1 kv.metr üçün 2.050 manat olmaqla) təşkil edən 510.675 manat pulun tutulmasını qət edərkən yanlışlığa yol verib. Belə ki, Mülki Məcəllənin 578.1-ci maddəsi iddiaçıya yalnız ödədiyi pul məbləğinin qaytarılmasını geri tələb etmək hüququ verir. İddiaçı tərəfindən müqavilə üzrə 510.675 manat deyil, 249.110 ABŞ dolları həmin vaxtdakı məzənnə üzrə manatla cavabdehə ödənilib. Ona görə də, qətnamə göstərilən hissədə dəyişdirilməli və mübahisələndirilən alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğ 249.110 ABŞ dolları qətnamənin icra olunduğu vaxt qüvvədə olan məzənnə üzrə manatla müəyyən edilməlidir.

21. Məhkəmə mövqeyini Mülki Məcəllənin 385, 568, 577, 578, 21, 1096, 1097, 421, 422, 423, 390, 424-cü maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində birinci icraat

22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən (birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddia tələbinin “249.110 ABŞ dolları pulun qətnamənin icra olunduğu günə olan məzənnə üzrə Azərbaycan manatı ilə tutulması” hissəsində) ləğv edilməsi, həmin hissədə iddianın tam təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 510.675 manat pulun tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 5428/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.A.Əhmədov (məruzəçi), V.T.Həsənov və İ.Ə.Şəfiyev) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - iddianın təmin olunan hissəsində ləğv edilmiş, mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış, qalan mübahisələndirilən (iddianın rədd olunan) hissəsində qətnamə dəyişdirilmədən saxlanılmış, iddiaçının kassasiya şikayəti təmin edilməmişdir.

25. Kassasiya instansiyası məhkəməsi hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunan hissəsində işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmayıb.

26. İşə baxan məhkəmələr hazırkı mülki mübahisə üzrə gəldikləri nəticəni Mülki Məcəllənin “müqavilənin ləğv edilməsini tənzimləyən” 421.1, 421.2, 422, 422.1, 423.2, 424.3, 424.4-cü maddələrinin, alqı-satqı münasibətlərini tənzimləyən 578.1-ci maddəsinin, habelə “zərərin əvəzinin ödənilməsi”ni tənzimləyən 21.1-ci maddəsinin və sair normaların tələbləri ilə əsaslandırsalar da, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri baxımından təfsir etmədən, müqavilə üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almadan, başqa sözlə, hazırkı öhdəlik hüquq münasibətlərinin konkret olaraq hansı müqavilədən, yəni alqı-satqı və ya podrat müqavilələrindən irəli gəlib-gəlmədiyini araşdırmamışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən, ilk növbədə sözügedən müqavilənin şərtləri düzgün təfsir edilməli, tərəflərin hansı hüquqi münasibətdə olmaları aydınlaşdırılmalı və hazırkı mübahisəyə hansı maddi hüquq normalarının tətbiq edilməli olduğu müzakirə olunmaqla, iddianın əsaslılığına düzgün hüquqi qiymət verilməlidir.

27. Digər tərəfdən, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyi müqavilədə göstərilən sahənin cizgisi, o cümlədən, binanın işçi layihəsi təqdim edilmədən verildiyi üçün həmin rəy hazırkı mübahisənin obyektiv həlli baxımından mötəbər yazılı sübut kimi qəbul edilə bilməz və həmin rəy də digər sübut növlərindən biri kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Həmçinin rəyin təsviri hissəsinə görə ekspert hesablamanı Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində və “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydaların 3.8-ci bəndində nəzərdə tutulan qaydalar və əmsallar üzrə aparıb. İşə baxan məhkəmələr, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi Qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq, tərəflər arasında bağlanmış sözügedən müqavilə üzrə öhdəliklərə şamil edildiyini əsaslandırmayıblar. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Odur ki, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya verib-vermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etmədiyi aydınlaşdırılmalı və iddia tələbinə yekun hüquqi qiymət verilməlidir.

28. Bununla yanaşı, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqinə dair ərizə verib və Mülki Məcəllənin 773, 776.1-ci maddələrinin mənasına görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Bu baxımdan tərəflərin hansı hüquqi münasibətdə olmaları müəyyən edildikdən sonra, yuxarıdakı xüsusatlar üzrə lazımi dəyərləndirmə aparılmaqla, iddiaçının məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edib-etmədiyinə, yaxud bu qüsur üzrə onun hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib-keçmədiyinə də mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir.

29. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 386, 442, 567, 568, 577, 578, 752, 759, 762, 763, 765, 773, 776-cı maddələrinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 1 və 59-cu maddələrinə, MPM-in 14, 76, 77, 88, 103, 217 və 416-cı maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

30. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2052/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

31. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2104 nömrəli rəyində qeyd edilmişdir ki, mübahisəli mənzilin faktiki ümumi sahəsi, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 225,0 kv.metr təşkil edir. Mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsi 249,1 kv.metr təşkil edir.

32. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2052/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev (sədrlik edən, məruzəçi), C.C.Musayeva və G.T.Axundova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 113 saylı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 249.110 ABŞ dolları pulun iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş mənzilin əskik olan 24,1 kv.metr ölçüyə mütənasib olaraq müqaviləyə əsasən hər kvadrat metr üçün 1.000 ABŞ dolları olmaqla 24.100 ABŞ dolları (ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla miqdarı) cavabdehdən iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan baxılan hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən (baxılan) qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəmişdir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

34. Hazırkı iddianın predmetinə nəzərə yetirdikdə müəyyən olunur ki, iddianın əsasını təşkil edən müqavilə şərtləri podrat münasibətlərini özündə ehtiva edir. Ona görə də hazırkı münasibətə podrat müqaviləsindən irəli gələn qaydalar tətbiq olunmalıdır. İddianın əsası ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzil təhvil verilmişdir.

35. Apellyasiya baxışı zamanı əldə olunmuş ekspert rəyi ilə müəyyən edilmişdir ki, mənzilin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 225,0 kv. metr təşkil edir. Divarların, arakəsmələrin, həmçinin sütunların və şaxtaların altında qalan sahə isə 24.1 kv. metr təşkil edir.

36. Apellyasiya instansiyası məhkəməsi ekspertin rəyini mübahisəyə tətbiq edilməli hüquq normalarına və tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun qiymətləndirərək, belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz.

37. Mülki Məcəllənin 766-cı maddəsinə əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri qismən icra edərək, mənzili iddiaçıya təhvil verdiyindən bütöv mənzilin dəyəri cavabdehdən tutula bilməz. Yalnız mənzilin müqavilə üzrə nəzərdə tutulmuş ölçüyə uyğun təhvil verilməyən hissəsinin dəyəri cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

38. Məhkəmə nəzərə almışdır ki, hazırkı iddia tələbi üzrə iddiaçı cavabdehlə onun arasında bağlanmış müqavilənin ləğvini tələb etsə də, hazırkı tələb faktiki müqavilədən imtinadır. İş materiallarının tədqiqi zamanı müqavilədən imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir.

39. Məhkəmə mövqeyini Mülki Məcəllənin 385, 442, 752, 759, 762, 763, 766, 773 və 776-cı, Şəhərsalma və Tikinti Məcəlləsinin 1 və 59-cu, MPM-in 14, 77 və 384-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində ikinci icraat

40. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

41. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 3754/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər A.Q.Hüseynov (məruzəçi), Ə.G.Nurməmmədov və Z.B.Babayev) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2052/2023 nömrəli, 7 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

42. Kassasiya instansiyası məhkəməsi hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibinin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinin düzgün təfsir edilməsi, tərəflərin hansı hüquqi münasibətdə olmalarının aydınlaşdırılması və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının müəyyən edilməsi, ekspert rəyinin prosessual qanunvericiliyə uyğun qiymətləndirilməsi və bunun nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edibetmədiyinin aydınlaşdırılması ilə bağlı göstərişləri apellyasiya instansiyası məhkəməsi tərəfindən yerinə yetirilmiş və işin faktiki hallarına uyğun zəruri hüquqi dəyərləndirmə aparılmışdır.

43. Lakin iş üzrə kassasiya instansiyası məhkəməsinin əvvəlki tərkibinin göstərişlərindən biri də ondan ibarət olmuşdur ki, cavabdehin birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi barədə ərizə verdiyi nəzərə alınaraq, işə yenidən baxılarkən tərəflərin hansı hüquqi münasibətdə olmaları müəyyən edildikdən sonra, iddiaçının məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edibetmədiyinə, yaxud bu qüsur üzrə onun hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib-keçmədiyinə də mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir.

44. İşə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi MPM-in 420-ci maddəsinin tələblərini pozaraq, yuxarıda qeyd olunan göstərişi ümumiyyətlə nəzərə almamış, bununla bağlı hüquqi dəyərləndirmə aparmamışdır. Nəzərə alınmalıdır ki, həmin göstəriş kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında verilmiş digər göstərişlərdən asılı olmayaraq, birbaşa işin mahiyyəti üzrə həlli baxımından əhəmiyyətli olmuş və həmin məsələyə qiymət verilmədən mübahisənin düzgün həll olunub-olunmadığı barədə qənaətə gəlmək mümkün deyildir. Hazırda cavabdehin kassasiya şikayətinin əsas dəlillərindən biri də məhz iddia müddətinin mübahisəyə tətbiqi ilə bağlı göstərişə apellyasiya instansiyası məhkəməsindən qiymət verilməməsi ilə bağlıdır.

Apellyasiya instansiya məhkəməsində üçüncü icraat

Proses iştirakçılarının izahatları

45. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi və bildirdi ki, vergi orqanı tərəfindən cavabdehin əmlakı siyahıya alınmışdır. Orada şəkillər də var. Həmin şəkillərdən də binanın 2016-cı ildə tam olaraq hazır olduğu müəyyən olunur. Eyni zamanda, 2014-cü ilə dair liftlərin quraşdırılma aktı mövcuddur. Adil Əliyev 2012-ci ildə "xxxx" MTK-dan üç mənzil almışdır. Həmin mənzillərdən biri Adil Əliyevin, digərləri isə başqa şəxslərin adına alınmışdır. 2015-ci ildə o, mənzillərini onlardan təhvil götürəndə binanı bəyənmişdir. Bu səbəblə Cavabdeh MMC-yə müraciət edərək əlavə iki mənzil də almaq istədiyini bildirmişdir. Ona boş iki mənzil göstərilmiş, hazır mənzillər olduğu üçün baxıb, bəyənmişdir. Həmin mənzillərdən birini oğlunun, digərini həyat yoldaşının adına almışdır. Dörd ədəd də qaraj almışdır. Daha sonra 2016-cı ildə gəlmiş, beş mənzilini layihəyə uyğun deyil, başqa cür etmək istədikləri üçün arakəsmələri dağıtmışlar. 2018-ci ildə iddiaları olmuşdur. Sənədəri məhkəməyə təqdim etməkdə əsas məqsəd, qarşı tərəfin binanın 2021-ci ildə hazır olduğuna dair ifadələrinin doğru olmadığını sübut etməkdir. İddiaçı mənzili müqavilə bağlanan gün 2015-ci ildə təhvil almış, mənzilin açarları da özündə olmuşdur.

46. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, memar 2019-cu ildə mənzilə gəlmiş və sahənin az olduğu həmin vaxt müəyyən olunmuşdur. Memara ödənilən qəbzdən də görünür ki, tarix 2019-cu ildir. Binanı təhvil alan dövlət komissiyasıdır. Nə qədər ki, həmin komissiyanın aktı yoxdur, binanın təhvili mümkün deyil. Hesab edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən qarşı tərəf sübutları birinci instansiya məhkəməsi icraatı dövründə təqdim edə bilərdi. Təqdim olunmuş sənədlər sübut qismində qəbul edilməməlidir.

Tətbiq edilən hüquq

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 577.1. Alıcıya verilməli əşyaların miqdarı alqı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. Maddə 577.2. Əgər alqı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyənləşdirməyə imkan vermirsə, müqavilə bağlanmış sayılmır. Maddə 578.1. Satıcı alqı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Maddə 773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.

48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

51. Hazırkı işdə iddia təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir.

53. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.

54. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir.

55. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə nəzər yetirdikdə müəyyən edilir ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətəri yaranmışdır.

56. Hazırki iş üzrə iddiaçı iddia edir ki, cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə müəyyən edilmiş ölçüdən kiçik ölçüdə mənzil təhvil verilmişdir. İddiaçı bildirir ki, bu hal ona 2019-cu ildə məlum olmuşdur.

57. Əvvəlki apellyasiya baxışı zamanı əldə olunmuş ekspert rəyi ilə müəyyən edilmişdir ki, mənzilin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 225,0 kv. metr təşkil edir. Divarların, arakəsmələrin, həmçinin sütunların və şaxtaların altında qalan sahə isə 24.1 kv. metr təşkil edir.

58. Cavabdeh iddiaya qarşı etiraz verərək həmçinin iddiaçı tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyünü bildirir. Belə ki, mənzil iddiaçıya müqavilə bağlandığı gün təhvil verisə də, iddiaçı məhkəməyə 6 il 6 ay sonra müraciət etmişdir.

59. Mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Sifarişçi binaya adi icranın qüsuru barəsində tələbi beş il ərzində irəli sürə bilər.

60. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, hazırki iş üzrə iddiaçı hələ xx.xx.2018-ci il tarixdə Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(004)-7714/2018 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti üzrə verilmədiyinə görə geri qaytarılmışdır. Həmin iddia ərizəsində iddiaçı göstərmişdir ki, mənzilə baxış keçirmək üçün daxil olmaq istədikdə sayğaclara görə artıq pul tələbi irəli sürülmüş, təmir ustası ilə birlikdə baxış keçirərkən sahənin müqavilədə qeyd olunduğundan təqribən 30 kv.m az olduğunu müəyyən etmişdir.

61. Göründüyü kimi, iddiaçıya mənzilin sahəsinin az olması iddia ərizəsində göstərildiyi kimi, ona 2019-cu ildə məlum olmamışdır.

62. Həmin iddia ərizəsi sonradan xx.xx.2018-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə təqdim edilmiş, lakin həmin iddia ərizəsi də məhkəmə tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyinə görə geri qaytarılmışdır.

63. Bundan başqa, təqdim olunmuş "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 74 ünvanında inşa olunan üç bloklu binada İP Domofon sisteminin quraşdırılması və texniki xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur.

64. Kollegiya qeyd edir ki, hamıya bəlli olan haldır ki, Domofon sisteminin quraşdırılması hazır olan binada mümkündür.

65. İş materiallarında olan iddiaçının həyat yoldaşı X5 Cavabdeh MMC-yə və X2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-49/2023 nömrəli qətnaməsindən görünür ki, məhkəməyə həmin iş üzrə sübut qismində həmin binada əldə edilmiş mənzillərə görə iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixində isti su, soyuq su, qaz, elektrik sayğaclarının quraşdırılması üçün ödənişləri təsdiq edən sənədlər təqdim edilmişdir.

66. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı mənzilə dair xx.xx.2015-ci il tarixli müqavilə bağlayarkən yaşayış binası hazır olmuş, iddiaçı mənzili həmin tarixdə təhvil almış, onun mənzildə ölçü işlərini aparmağa imkanı olmuş, lakin mənzil ona təhvil verildiyi zaman cavabdehə qarşı heç bir pretenziya irəli sürməmiş, iddia ərizəsini isə xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş 5 illik iddia müddətini ötürülmüşdür. İddia müddətinin ötürülməsi isə hazırki iddianın rədd olunması üçün əsasdır.

67. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.

68. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 384.0.2, 385, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 292/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı (Mamedova Elmira) Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən cəmi 100 manat məbləğində vəsait İddiaçı (Mamedova Elmira) alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22) ödənillsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar