Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2120/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1730/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.03.2013-cü il tarixli kredit limitinin ayrılması haqqında müqavilə ilə bank borcalana 60 ay müddəlinə, illik maksimum 30%-lə 60000 manat məbləğində kredit limiti ayırmış, kredit alan isə bu müqavilə və kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişləri ilə müəyyən olunan şərtlərlə və qaydada kredit limitindən istifadə etməyi və götürülmüş krediti kredit sazişinin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə əsasən qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən kredit limiti çərçivəsində verilən kreditlərin məqsəd(lər)i, maliyyələşdirmə mənbəyi, götürülən kreditin konkret məbləği, müddəti, faizləri və kred itlərin verilməsi ilə bağlı digər xüsusi şərtlər kredit sazişiləri ilə müəyyən olunur.
2. Həmçinin iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 06.03.2013-cü il tarixli kredit limitinin ayrılması haqqında müqavilə daxilində 25.01.2016-cı il tarixli kredit sazişi ilə borc alana istehlak məqsədləri üçün 25 ay müddəlinə, illik 20%-lə 13000 ABŞ dolları məbləğində kredit verilmişdir.
3. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03.07.2009-cu il tarixli İpoteka müqaviləsi və həmin ipoteka müqaviləsinin yeni redaksiyada təsdiq edilməsi barədə 06.03.2013-cü il tarixli razılaşma ilə kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 2V, 57 saylı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
4. İddiaçı ASC-nin maliyyə arayışından görünür ki, 26.04.2018-ci il tarixə Cavabdeh 25.01.2016-cı il tarixli, H010KK16-H01813 saylı saylı kredit müqaviləsi üzrə borcu 12555,88 ABŞ dolları əsas, 4921,32 ABŞ dolları faiz və 22580,20 ABŞ dolları cərimə olmaqla, cəmi 40057,40 ABŞ dolları təşkil edir. 5. 15.10.2018-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatları, kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, iddia ərizəsinin verildiyi 27.04.2017-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 19782,22 ABŞ dolları məbləğində müəyyən edilmişdir,o cümlədən: - əsas borc — 12555,88 ABŞ dolları; - faiz borcu --4921,32 ABŞ dolları; - cərimə --2305,02 ABŞ dolları. 6. 19.08.2019-cu il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı zamanı hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin və kredit müqaviləsinə edilmiş əlavənin qeyd olunan şərtləri nəzərə alınmaqla, iddia ərizəsinin verildiyi 27.04.2017-ci il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 40057,40 ABŞ dolları məbləğində müəyyən edilmişdir,o cümlədən: - əsas borc —12555,88 ABŞ dolları; - faiz borcu --4921,32 ABŞ dolları; - cərimə --22580,20 ABŞ dolları.
7. İş materiallarında olan “X1” MMC-nin 03.10.2018-ci il tarixli hesabatına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 2V, 57 saylı mənzil 110000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 25.01.2016-cı il tarixli, H040KK16-H01813 saylı müqavilə üzrə 12555,88 ABŞ dolları əsas, 4921,32 ABŞ dolları faiz və 22580,20 ABŞ dolları cərimə olmaqla, cəmi 40057,40 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7ci mikrorayon, ev 2V, 57 saylı mənzilə yönəldilərək açıq hərracda satılması, borcun əmlakın açıq hərracdan satılması hesabına ödənilməsi,satışdan əldə olunmuş vəsait tələbin ödənilməsi üçün kifayət etmədikdə və ya ipoteka predmetinə tutma yönəldilməsi mümkün olmadıqda borcun qalan hissəsinin cavabdehdən tutulması, mənzilə tutma yönəldildikdə v ə satıldıqdan sonra 1 ay ərzində mənzili tərk etmədikdə cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir..
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh arasında bağlanmış 06.03.2013-cü il tarixli, H01813 saylı kredit limitinin,ayrılması haqqında müqavilə daxilində 25.01.2016-cı il tarixli, H010KK16-H01813 saylı kredit sazişinə əsasən borcluya 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə cavabdehlə bank arasında bağlanmış 03.07.2009-cu il tarixli, AK115/2009 saylı İpoteka müqaviləsinə və həmin ipoteka müqaviləsinin yeni redaksiyada təsdiq edilməsi barədə 06.03.2013-cü il tarixli razılaşmaya əsasən xüsusi mülk iyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 2V, 57 saylı mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətitərəfindən 09.03.2013-ci il tarixdə RX ******* saylı çıxarışla qeydə alınmışdır. Lakin borc alan Cavabdeh ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Borc alanla aralarında imzalanmış kredit müqaviləsinə əsasən ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə 26.04.2018-ci il tarixinə cavabdehin banka H0 40KK16-H01813 saylı müqavilə üzrə 12555,88 ABŞ dolları əsas, 4921,32 ABŞ dolları faiz və 22580,2 ABŞ dolları cərimə borcu yaranmışdır.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(011)254/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 25.01.2016-cı il tarixli kredit müqaviləsinə əsasən 12555,88 ABŞ dolları əsas, 4921,32 ABŞ dolları faiz və 2580,20 ABŞ dolları cərimə olmaqla, cəmi 20057,40 (iyirmi min əlli yeddi dollar qırx sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və ödənilmiş dövlət rüsümunun 15 (on beş) manat hissəsi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 2V, 57 saylı mənzilə yönəldilməsi və ilkin satış qiyməti 110000 (bir yüz on min) manat müəyyən edilməklə açıq hərracdan satılması satışdan əldə edilmiş pul vəsaitinin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 2V, 57 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində tərk etmədiyi halda Cavabdeh həmin mənzildən məcburi qaydada çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 172,50 (bir yüz yetmiş iki manat əlli qəpik) manat hissəsinin Cavabdeh, 172,50 (bir yüz yetmiş iki manat əlli qəpik) manat hissəsinin İddiaçı ASC-dən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsasla ndırmışdır ki, məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh İddiaçı ASC-yə 25.01.2016-cı il tarixli, H010KK16-H01813 saylı kredit müqaviləsi üzrə 12555,88 ABŞ dolları əsas və 4921,32 ABŞ dolları faiz borcunun qalması müəyyən olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı və tutma ipoteka predmetinə yönəldilməli, tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində tərk etmədiyi halda Cavabdeh həmin mənzildən məcburi qaydada çıxarılmalıdir.
12. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 22580,20 ABŞ dolları məbləğində dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
14. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlmişdir ki, 22580,20 ABŞ dolları məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 2580,20 ABŞ dolları məbləğinədək azaldılmalıdır.
15. Eyni zamanda, məhkəmə iddia tələbinin tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra mənzilin banka təhvil verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, hazırda iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, müvafiq tələbi irəli sürmək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan İddiaçı ASC-nin həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır.
16. Həmçinin, məhkəmə iddia tələbinin “satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda qalan borcun cavabdehdən tutulması” barədə hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb icra icraatına aid olan məsələ olduğundan hazırda iddia tələbi həmin hissədə təmin edilməməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.4, 319.1, 319.6, 385.1, 386, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1-ci, “İpoteka haqqında” Qanunun 33, 34, 39.3, 59.3.1, 59.4-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədən cavabdeh apellyasiya şikayə ti vermişdir.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1730/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli 2(011)254/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
21. Bundan başqa cavabdehin yeni kredit götürərək özünün banka olan əvvəlki kredit borclarını bağlaması ilə bağlı gətirdiyi dəlil hazırki iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək hal deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatla rı
25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
26. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
28. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
30. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (maddə 385.1)
31. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (maddə 739.1)
32. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (maddə 739.2)
33. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (maddə 425.1)
34. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (maddə 425.2)
35. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (maddə 442)
36. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun i cranı gecikdirməsi sayılır. (maddə 445.2.1)
37. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (maddə 448.1)
38. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (maddə 462.1)
39. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyin i vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. (maddə 465.2)
40. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (maddə 467) “İpoteka haqqında” Qanun
41. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. (maddə 33)
42. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.1)
43. Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır (maddə 34.1.2)
44. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. (maddə 39.3.3)
45. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan v ə onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun (maddə 59.3.1). Mülki Prossesual Məcəllə
46. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
47. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
48. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
49. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
50. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
51. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qə tnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1730/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.