Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2127/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6512/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları: xx xxxxx 2015-ci il tarixdə Cavabdeh ASC ilə İddiaçı arasında bir il müddətinə - xx xxxxx 2016-cı il tarixə kimi əmək müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən X.T.X1 Mərkəzi Departamentinin direktoru vəzifəsinə təyin olunmuşdur. xx xxxxx 2016-cı il tarixdə müqavilə eyni müddətə uzadılmış hesab edilmişdir. xx xxxxxx 2017-ci il tarixdə İddiaçı 126 gün müddətinə analıq məzuniyyətinə getmişdir. xx xxx 2017-ci il tarixdə İddiaçı işə çıxmalı olduğu halda, doğuşun çətin keçməsinə görə ona əlavə olaraq daha 14 gün məzuniyyət verilmiş və işə çıxma vaxtı xx xxx 2017-ci il tarixi müəyyən edilmişdir. Lakin İddiaçı uşağa qulluq etmək üçün daha 219 gün ödənişsiz sosial məzuniyyətə çıxmış və işə qayıtması günü xx xxxxxx 2018-ci il tarixi müəyyən olunmuşdur. Lakin iddiaçı həm in gün işə çıxmamış və uşağa qulluğa görə əlavə olaraq daha 362 gün müddətinə ödənişsiz sosial məzuniyyətə çıxmışdır. Həmin məzuniyyətdən sonra xx xxxxxx 2019-cu il tarixdə iddiaçı işə çıxmalı olduğu halda əlavə olaraq daha 362 gün müddətinə ödənişsiz sosial məzuniyyətə çıxmış və xx xxxxxx 2019-cu il tarixdə növbəti dəfə 126 gün müddətinə analıq məzuniyyətinə getmiş və məzuniyyətin bitmə müddəti xx xxxxx 2020-ci il tarixi müəyyən olunmuşdur. xx xxxxx 2020-ci il tarixdə iddiaçı rəsmi olaraq işə çıxmalı olduğu halda çıxmamış və X2 sədrinin xx xxxxx 2020-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020 -ci ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək analıq məzuniyyətindən işə çıxmalı olduğu xx xxxxx 2020-ci il tarixdə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə (Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndi) onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini, halbuki qanunun göstərilən normasının yalnız işə çıxdıqdan sonra müddətli müqaviləyə xitam verilməsi imkanını nəzərdə tutmasını əsas göstərməklə xx xxxxx 2020-ci il tarixli əmrin ləğv edilərək işə bərpa olunmasına və məcburi iş buraxma müddəti üçün cavabdehdən onun xeyrinə 4202 manat, mənəvi ziyana görə 8000 manat, vəkilə ödənilmiş 160 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manatın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2809/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: V.M.Hacıyev) iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı apellyasiya şikayəti vermiş və şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6512/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2809/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilərək İddiaçı ilə Cavabdeh ASC arasında xx xxxxx 2015-ci il tarixdə b ağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxx 2020-ci il tarixli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh ASC-nin Əməliyyat Mərkəzi Departamentinin direktoru vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının hesablanaraq verilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri etirazın dəlilləri, məhkəmə icraatı İş üzrə cavabdeh kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək cavabdeh tərəfindən veri lmiş kassasiya şikayətinin əsassız olduğundan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6512/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İş üzrə cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verməklə təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili şikayətlə razılaşmayaraq iddianın təmin edilməsinin qanuni olmasını əsas göstərməklə şikayətin rədd edilməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 73.1 Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci mad dəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur Maddə 73.2 İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin edib İddiaçı əvvəlki işinə bərpa edərkən cavabdehin onun işə çıxmasını gözləmədən əmək müqaviləsinə xitam verməklə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin tələbini pozmasını əsas göstərmişdir. İş materiallarından göründüyü kimi tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müəyyən olunduğu kimi iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitsə də, onun analıq məzuniyyətinə getməsi ilə əlaqədar aralarında əmək münasibətləri davam etmişdir. İşdən görünür ki, iddiaçının analıq məzuniyyətində olma müddəti xx xxxxx 2020-ci il tarixdə bitdiyi üçün o, xx xxxxx 2020-ci il tarixdə işə çıxmalı idi. Lakin həmin gün iddiaçı işə çıxmamış və bunun səbəbləri barədə cavabdehə məlumat verməmişdir. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Apellyasiya instansiyası məhkəməsi həmin maddədə müəyyən olunmuş “işçi işə çıxdıqdan sonra” ifadəsinə əsaslanaraq hesab etmişdir ki, iddiaçı xx xxxxx 2020-ci il tarixdə işə çıxmadığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilməzdi. Kollegiya hesab edir ki, “işçi işə çıxdıqdan sonra” ifadəsi heç də belə bir nəticəyə gəlməyə əsas vermir ki, əgər məzuniyyətdən sonra işçi müəyyən olunmuş gündə işə çıxmamışdırsa, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilə bil məz. İddiaçının analıq məzuniyyətində olduğu müddət xx xxxxx 2020-ci il tarixdə bitdiyi üçün o, növbəti gün, yəni xx xxxxx 2020-ci il tarixdə işə çıxmalı idi. Lakin müəyyən olunduğu kimi iddiaçı həmin gün işə çıxmamış və bunun səbəbləri barədə cavabdehə məlumat verməmişdir. Belə olduqda, kollegiya hesab edir ki, işəgötürən mütləq iddiaçının işə çıxacağı günü gözləməli və yalnız işə çıxdıqdan sonra onunla əmək müqaviləsini pozmalı deyildi. Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsinin məzmunundan göründüyü kimi, işçi ilə əmək müqaviləsinə işə çıxdıqdan sonra bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Bu, o deməkdir ki, iddiaçı ilə əmək müqaviləsinə işə çıxmalı olduğu gündən bir təqvim həftəsi ərzində xitam verilə bilər. Qanunun müəyyən etdiyi bir təqvim həftəsi kollegiyaya görə işçinin işə çıxmalı olduğu gündən hesablanır. İddiaçının xx xxxxx 2020-ci il tarixdə hər hansı üzrlü səbəbdən işə çıxmaması isə iş materiallarından görünmür. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən işin həmin hallarını nəzərə almamaqla onlara müvafiq hüquqi qiymət vermədiyindən, kollegiya hesab edir ki, qətnamə ləğv olunmalı və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməklə kassasiya şikayəti qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6512/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmas ı üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2127/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2127/2021
10.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver