Məhkəmə qərarları › İş №2(102)-2127/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2127/2025

25.08.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2127/2025 25.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinə köçürülmə tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və X1 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2075/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəməl ər işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Torpağın mülkiyyətinə verilməsinə dair JN-180F KOD61109005 şəhadətnaməyə əsasən Tərtər rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli 2 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2, X9 və İddiaçı1 Tərtər rayonu Sarov kəndində fərdi yaşayış evinin tikintisi üçün 0,26 ha torpaq sahəsi verilmişdir;

3. İddiaçıların köçmək istədikləri mübahisəli yaşayış sahəsi Tərtər rayon Sarov kəndində yerləşən 110 kv.metr, 3 otaqdan ibarət fərdi yaşayış evdir, ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir;

4. İddiaçı1 doğulduğu vaxtdan, yəni 1988-ci ildən mübahisəli fərdi yaşayış evində yaşamışdır;

5. İddiaçılar 26 iyun 2014-cü ildə nikah bağlamışlar, İddiaçı2 ərinin və cavabdehlərin olduğu evə köçərək onlarla birli kdə yaşamışdır. İddiaçıların bu nikahından xx.xx.2015-ci ildə X10, xx.xx.2016-cı ildə X5 və xx.xx.2021-ci ildə X6 doğulmuşdur;

6. İddiaçı1, arvadı və övladları ilə mübahisəli yaşayış sahəsində qeydiyyatdadırlar (Tərtər rayon Sarov kənd İƏD-i üzrə nümayəndəliyinin, 90 saylı xx.xx.2024-cü il tarixli arayışı). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azadılmasına dair ərizə verərək, onların uşaqları ilə birgə Tərtər rayon Sarov kəndində yerləşən mərhum babasından miras qalmış ümumi sahəsi 110 kv.metr, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri, yaşamaq üçün bütün maneələrə son qoyulması, yaşayış sahəsindən istifadə qaydal arının müəyyən edilməsi, yəni evin bir otağının onların uşaqları ilə birgə istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbləri işin yuxarıda göstərilən faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, cavabdehlərdən Hacıyev X8 atası, Cavabdeh2 isə anasıdır. Tərtər rayonu Sarov kəndində yerləşən ailələrinə məxsus ümumi sahəsi 110 kv.m, 3 (üç) otaqdan ibarət fərdi yaşayış evindən cavabdehlər onu və arvadı İddiaçı2 uşaqları ilə birlikdə zorla evdən çıxarmışlar. Həmin evdə qeydiyyatda olsalar da, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində yaşamaqdan məhrum olmuşlar və bu səbəbdən qonşuluqda kirayədə yaşamalı olmuşlar.

9. Cavabdehlər məhkəmə iclasın da ərizə təqdim edərək bildirmişlər ki, iddiaçıların bildirdikləri ilə razı deyillər, yazdıqları şər və böhtandır. Onların heç kim evdən çıxarmamışdır. Demək olar ki, gəlinlə aralarında ara-sıra mübahisələr olmuşdur. Belə mübahisələrə əhəmiyyət verməmişlər ki, yaşlaşdıqca düzələrlər. Gəlinləri Nazənin başqa övladlarının ümumiyyətlə onlara gəlmələrinə etiraz etmişdir. Bağ sahələrindən meyvə dərmələrini belə istəməmişlər. İddiaçılar onlardan üzr istəyəcəkləri təqdirdə gələcəkdə həmin evdə yaşamalarına etirazları olmayacağını bildirmişlər.

10. Tərtər Rayon Məhkəməsinin 9 avqust 2024-cü il tarixli 2(061)-812/2024 nömrəli (hakim K.Rzayev) qətnaməsi ilə iddia təmin edilərək, iddiaçıların uşaqları ilə birgə Tərtər rayon Sarov kəndində yerləşən iddiaçının mərhum babasından miras qalmış ümumi sah əsi 110 kv.metr, 3 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələri, yaşamaq üçün bütün maneələrə son qoyulması, yaşayış sahəsindən istifadə qaydalarının ümumi əsaslarla müəyyən edilməsi, yəni evin bir otağının onların uşaqları ilə birgə istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunmasının müəyyən edilməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 cavabdehlərdən üzr istəyərək, bir daha onlara qarşı hörmətsizlik etməyəcəklərini və iddialarının təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahat vermiş cavabdehlər iddiaçılara onlardan üzr istəmələrini və gələcəkdə onların yaşadıqları evdə yaşamalarına etiraz etmədiklərini bildirmişlər.

12. Mülki işin materialları ilə də aydın olmuşdu r ki, mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmədiyindən iddiaçıların özlərinə münasibətdə tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci və MPM-nin 13-cü maddələrinin tələblərinə görə analogiya əsasında dövlət mənzil fondunda aid olan normalar tətbiq olunmalıdır.

13. İddiaçı ilə cavabdeh arasında yaşayış evinə istifadə hüququ ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilədək yarandığından və qeyd olunan tarixdə analoji münasibətlərin tənzimləyən norma kimi 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri mövcud olmuşdur. Həmin normalar dövlət və ictimai mənzil fonduna daxil olan mənzillərdən istifadəni tənzimləmiş, normalara görə yaşayış sahəsinin sahibi, mənzilin mülkiyyətçisi deyil, daimi istifadəçisi, kirayəçisi (icarəçisi) olmuşdur. Həmin normaların məzmunu hazırkı münasibətlər üzrə mövcud olan mübahisəli evin statusu ilə daha çox uyğundur və mahiyyətcə biri-birinə ziddiyyət təşkil etmir. Ona görə də mübahisənin həllinə qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri tətbiq edilməlidir.

14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin həmin dövrdə qüvvədə olan 53-cü maddəsinin 1-ci, 2-ci və 3-cü abzaslarında göstərilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə ya şayıb, onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin 3-cü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin həmin dövrdə qüvvədə olan 54-cü maddəsində göstərilmişdir ki, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər

16. Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev başa düşülür.

17. Mülki işin materialları ilə aydın olur ki, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 həmin evdə qeydiyyatda olmaqla orada yaşamışlar. Onlar evdən məhrum edilməmiş, cavabdehlərlə aralarında olan münasibətlər pisləşdiyindən evə gəlmələri mümkün olmamışdır.

18. İddiaçı1 Cavabdeh1 və Cavabdeh2 İ dərəcəli vərəsəsi olduğundan mübahisəli evdə pay hüququ olmaqla, yaşayış və istifadə hüququ mövcuddur. b) Apellyasiya instansiyası məhkəmə sindəki icraat

19. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. İddiaçılar onun oğlu və gəlinidir. Sonuncular onun digər övladlarının evə gəlmələrinə etiraz edərək narazılıqlar yaratmış və bu səbəbdən övladları ilə aralarındakı münasibətlər pozulmuşdur. İddiaçılarla birlikdə yaşamaq istəmir. Mübahisəli fərdi yaşayış evi mərhum anası X2 miras qalmışdır. Sağ ola-ola İddiaçı1 birinci növbə vərəsə hesab edilməsi yolverilməzdir.

21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2075/2024 nömrəli xx.xx.2024-cü il qətnaməsi ilə (hakimlə r X7 - sədrlik edən və məruzəçi, X3 və X4) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 9 avqust 2024cü il tarixli 2(061)-812/2024 nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmuş, İddiaçı1 Cavabdeh1 mülkiyyətində olan Tərtər rayonu Sarov kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə çıxarıldığından, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

23. Evə köçürülmə tələbinə dair işlərə ba xılarkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır. Bu hallar aşağıdakılardan ibarətdir: şəxsin köçmək istədiyi yerdə yaşaması, şəxsin yaşadığı yerdən məhrum edilməsi, məhrum edilmənin qanuni olubolmaması.

24. Cavabdehlərə qarşı iddia tələbi İddiaçı1 (cavabdehlərin oğlu) və İddiaçı2 (cavabdehlərin gəlini) tərəfindən qaldırılmışdır. Ona görə də mübahisənin həlli ilə bağlı iddiaçılara münasibətdə ayrı-ayrılıqda hüquqi dəyərləndirmə aparılmalıdır.

25. İddiaçı1 münasibətdə kollegiya hesab etmişdir ki, sonuncunun iddiası əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi bu nəticəyə gəlsə də, iddianın təmin olunmasının əsası kimi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 cavabdehlərin birinci növbə vərəsəsi olduğundan evdə pay hüququ olmaqla yaşayış və istifadə hüququ mövcuddur. Halbuki sonuncunun fərdi yaşayış evindən istifadə hüququnun yaranmasının əsası vərəsəlik hüquq münasibətlərindən irəli gəlmir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı1 doğulduğu vaxtdan, yəni 1988-ci ildən mübahisəli fərdi yaşayış evində yaşamışdır. Belə olan təqdirdə ona münasibətdə iddia tələbinə həmin dövrdə qüvvədə olan 8 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş və 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarına əsasən hüquqi qiymət verilməlidir. Çünki MPM-nin 217.2-ci maddəsinin tələbinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvəd ə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 26. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamam ağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

27. İddiaçı1 mübahisəli yaşayış sahəsindən 1988-ci ildən hazırkı vaxtadək fasiləsiz yaşaması ona dəlalət edir ki, sonuncu fərdi yaşayış evindən istifadə hüququ əldə etmişdir. Yəni İddiaçı1 daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməmiş, eləcə də həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçməmişdir. Bu da bir daha onu deməyə əsas verir ki, onun iddia tələbi bu hissədə əsaslıdır. Ona görə də o, mübahisəli fərdi yaşayış evinə köçürülməlidir.

28. Yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması ilə bağlı kollegiya qeyd etmişdir ki, fərdi yaşayış evinə köçürülmə özlüyündə tələbin bu hissəsini də özündə etiva edir.

29. Yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni evin bir otağının onunun istifadəsinə verilməsinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən olunması mülkiyyətçiyə aid hüquqdur. Fərdi yaşayış evinədən istifadə qaydaları ilə bağlı əgər gələ cəkdə mübahisə yaranarsa, onda bu halda məhkəməyə müraciət oluna bilər.

30. Azyaşlı uşaqlarla birlikdə fərdi yaşayış evinə köçürülmə hissədə isə kollegiya qeyd etmişdir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.

31. İddiaçı2 münasibətdə isə kollegiya qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi İddiaçı1 ilə İddiaçı2 28 iyun 2014cü il tarixdə nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar və sonuncu İddiaçı1 valideyinlərinin istifadəsində və sahibliyində olan (14 noyabr 2024-cü il tarixindən Cavabdeh1 mülkiyyətindədir) Tərtər rayonu Sarov kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı2 mübahisəli evə gəlin köçdüyü zaman qüvvədə olan mənzil qanunvericiliyin tələbləri baxımından sonuncu yaşayış sahəsindən istifadə hüququ əldə etmiş sayılmır. Çünki İddiaçı2 yaşayış sahəsinin hazırkı mülkiyyətçisinin ailə üzvü hesab edilmir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

32. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.

33. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157.2, 157.4-cü, 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87 123-cü, 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh İddiaçı2 kassasiya şikayəti verərək (vəkil Nümayəndə2) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəsi mənzildən istifadədən ibarətdir, əmlakın əlindən almasından ibarət deyil. İstifadə hüququnun tanınması mülkiyyətçin i mülkiyyətdən məhrum etmir.

36. Məhkəmə Mənzil Məcəlləsinin 30.4-cü maddəsini mübahisəyə düzgün tətbiq etməmişdir. Çünki İddiaçı2 cavabdehin razılığı ilə fərdi yaşayış evinə köçürülərkən cavabdeh fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etməmişdi. Bu səbəbdən də onunla notariatda təsdiq edilməklə müqavilə bağlaya bilməzdi.

37. Qətnamədə göstərilir ki, İddiaçı1 mübahisələndirilən fərdi yaşayış sahəsinə köçürülməlidir. Lakin azyaşlı uşaqların və anası olan digər iddiaçının köçürülmə iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası özü qətnaməsinin 58-ci bəndində qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Bununla belə, həmin maddi hüquq normasının ziddinə olara q azyaşlı uşaqların ataları ilə birlikdə onun yaşayış yerində yaşamalarına imkan yaratmamışdır. Ailə birlikdə olduqda ailədir, eyni kənddə olmaqla ayrı-ayrı yaşamaq ailənin təməlini sarsıdır.

38. İddiaçılar ailə quran zaman mühahisə edilən fərdi yaşayış evi cavabdehin mülkiyyətində deyildi. Ona görə də Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yazılı razılaşma mümkün olmamışdır. Cavabdeh oğlunu evləndirirərək gəlinini ailə üzvü kimi qəbul edərək evinə köçürmüş və uzun müddət birlikdə yaşamışlar.

39. Qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçin in himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

40. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə İddiaçı2 və övladları da ailə üzvləri anlayışının əhatə dairəsinə daxildir.

41. Ailə Məcəlləsinin 89-cu maddəsində də baba və nənənin nəvələrini saxlamaq vəzifəsi vardır. Bu mənada nəvələri anası ilə fərdi yaşayış evindən istifadə hüququndan məhrum etmək iddiaçının hüquqlarının və qanunun tələblərinin pozulmasıdır.

42. Məhkəmə kollegiyası İddiaçı2 fərdi yaşayış evinə istifadə hüququnu tanımasa belə, onun iddiasının mənzilə köçürülmə hissəsində təmin etməli idi. Ona görə ki, bu xüsusat ailənin sabitliyinin qorunmasına və uşaqların hər iki valideynlərlə birlikdə yaşamalarını da təmin etmiş olardı. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

44. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

45. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

46. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu

47. Maddə

2. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kas sasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi, yəni İddiaçı2 və azyaşlı uşaqlara aid hissədə yoxlamışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Hazırkı işdə iddiaçıların tələbi Tərtər rayon Sarov kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri, yaşamaq üçün bütün maneələrə son qoyulması, yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi, yəni evin bir otağının onların uşaqları ilə birgə istifadəsinə verilməsi, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunması barədə olmuşdur.

57. Apellyasiya məhkəməsi İddiaçı1 evdən istifadə etmək hüququnu tanıyaraq onun mübahisəli yaşayış sahəsinə köçürülməsini qət etmişdir. Bununla belə, məhkəmə uşaqların həmin evə köçürülməsi tələbini təmin etməmiş və bu hissədə mövqeyini belə əsaslandırmışdır ki, “Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır.”

58. Apellyasiya məhkəməsinin bu məzmunda əsaslandırmasından uşaqların hansı səbəbdən atalarının yaşadığ ı yerə köçürülmədiyi aydın deyil. Belə ki, İddiaçı1 uşaqların valideynidir, onların ailə münasibətləri faktiki və ya hüquqi olaraq aradan qalxmamış, uşaqların yaşayış yeri ilə bağlı valideynlər arasında mübahisə aşkar edilməmiş, yaxud uşaqlar məhkəmə qərarı ilə analarının himayəsinə verilməmişlər. Belə olan halda İddiaçı1 uşaqlarının onunla birlikdə yaşamaları barədə tələbi qanunvericiliyə uyğun qaydada həll edilməlidir.

59. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır (§ 44). 60. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublİkasının Qanununun 2-ci maddəsinə görə, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayən dələrinin-müvafiq olaraq valideynlərinin yaşayış yeri sayılır (§ 47).

61. Məhkəmə tərkibi iddianı İddiaçı2 aid hissədə evdən istifadə hüququ kontekstində yoxlasa da nəzərə almamışdır, həmin iddiaçı ərizəsində uzun müddət cavabdehlərin razılığı əsasında ailəsi ilə birlikdə yaşadığı evdən iradəsi xaricində çıxarıldığını bildirir. Eyni zamanda Cavabdeh2 işdə olan ərizəsində qeyd olunmuşdur ki, evdə baş verən münaqişə zəminində polis əməkdaşı iddiaçıları evdən çıxarmışdır.

62. Bu məlumatlar fonunda İddiaçı2 tələbinin sahibliyin müdafiəsinə dair normalar əsasında araşdırılması da zəruri olmuşdur.

63. Mülki Məcəllənin 164.1-ci və 165.1-ci maddələrinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.

64. Buna baxmayaraq apellyasiya məhkəməsi adıçəkilən iddiaçının tələbinə həmin normaların şərtləri əsasında hüquqi qiymət verməmişdir.

65. Kollegiya onu da qeyd edir ki, iddiaçılar fərdi yaşayış evindən istifadə qaydası ilə bağlı mübahisə olduğunu bildirərək köçürüldükləri evin bir otağının onların uşaqları ilə birgə istifadələrinə verilməsini, yardımçı sahələrdən, habelə mənzil-məişət və kommunal xidmətlərindən birgə istifadə olunmasını xahiş etmişlər.

66. Apellyasiya məhkəməsi istifadə qaydasının müəyyən edilməsi barədə tələbin mülkiyyətçiyə aid olduğunu və mübahisə olarsa gələcəkdə buna baxıla biləcəyini bildirsə də bunun səbəbini əsaslandırmamış, qanuni əsasını göstərməmişdir. Halbuki, eyni evdə yaşamaq hüququ olan şəxslər arasında istifadə qaydası ilə bağlı ixtilaf olduqda onlardan hər hansı biri bu qaydanın məhkəmə tərəfindən müəyyən olunmasını tələb edə bilər. Hazırkı işin tərəfləri arasında belə bir mübahisə artıq mövcuddur.

67. Odur ki, yeni apellyasiya baxışında məhkəmə kollegiyası uşaqların və İddiaçı2 mübahisəli evə köçürülməsi qənaətinə gələcəyi təqdirdə bölünməz olan bu tələbə yenidən baxmaqla iddiaçıların uşaqları ilə birlikdə evdən istifadə qaydasını müəyyənləşdirməklə həmin ixtilafı da həll etməlidir.

68. Beləliklə, kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan hüquq normalarını (düzgün) tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamış, bununla da mübahisələndi rilən hissədə düzgün olmayan qətnamə çıxarmışdır (§ 51-52).

69. Bu səbəbdən kassasiya şikayəti təmin edilməklə, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır.

70. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2075/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar