Məhkəmə qərarları › İş №2(102)-2132/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2132/2024

23.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2132/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: “Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - əmlak tələbi” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dаir mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-253/2024 nömrəli iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsindən C avabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarında olan Göyçay rayon Qeydiyyat Şöbəsinin çıxarışından görünür ki, Cavabdeh1 ilə X7 arasında nikah Göyçay rayon Qeydiyyat Şöbəsində 21 aprel 2018-ci il tarixdə 77 saylı aktla bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Zeynallı soyadı verilmişdir.

2. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından xx.xx.2018-ci il tarixdə X3 doğulmuşdur.

3. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 10 iyun 2019-cu il tarixli 2(023)-651/2019 saylı qətnaməsindən çıxarışdan görünür ki, iddia qismən təmin edilmiş, 12 sentyabr 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşı çatana kimi saxlanılması üçün Cavabdeh1 10 may 2019-cu ildən başlayaraq ayda 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir.

4. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(023)165/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh1 İddiaçı Mashir qızı ilə Göyçay rayon Qeydiyyat Şöbəsində 21 aprel 2018-ci ildə 77 nömrə ilə qeydə alınmış nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından 12 sentyabr 2018-ci ildə anadan olmuş X3, İddiaçı himayəsində saxlanılması qət edilmişdir.

5. İş materiallarında olan Göyçay Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 2(046)-147/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdehlər İddiaçı və X5 qarş ı əmlakın çıxarılması tələbinə dair iddiası təmin edilmişdir.

6. İş materiallarında olan “Tural” adına olan mağazanın rəyindən görünür ki, 1 ədəd 750 əyarlı çəkisi 5 qram olan nişan üzüyünün qiyməti 800 (səkkiz yüz) manat, 750 əyyarlı ümumi çəkisi 30 qram olan boyunbağı-qolbağı, sırğa və üzük dəstinin qiyməti 4300 (dörd min üz yüz) manat, 1 ədəd 585 əyyarlı çəkisi 6 qram olan üzüyün qiyməti 400 (dörd yüz) manat ümumi dəyəri 5500 (beş min beş yüz) manatdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 1 ədəd 750 əyyarlı çəkisi 5 qram olan nişan üzüyü - qiyməti 800 (səkkiz yüz) manat, 750 əyyarlı ümumi çəkisi 30 qram olan boyunbağı-qolbağı, sırğa və üzük dəsti- qiyməti 4300 (dörd min üç yüz) manat, 1 ədəd 585 əyyarlı çəkisi 6 qram olan üzük - qiyməti 400 (dörd yüz) manat, ümumi dəyəri 5500 (beş min beş yüz) manat olan qızıl-zinət əşyalarının habelə özləri olmadıqda belə onların ümumi dəyəri olan 5500 manat pulun, habelə ödənilmiş 75 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikah bağlandıqdan sonra nikaha daxil olmamışdan əvvəl əldə etdiyi müəyyən daşınar əmlakı, o cümlədən qızıl əşyaları özü ilə cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilə aparmışdır. Apardığı daşınar əmlakın siyahısı aşağıdakı kimidir: 1 ədəd 750 əyyarlı çəkisi 5 qram olan nişan üzüyü qiyməti 800 (səkkiz yüz) manat, 750 əyyarlı ümumi çəkisi 30 qram olan boyumbağı-qolbağı, sırğa və üzük dəsti qiyməti 4300 (dörd min üç yüz) manat, 1 ədəd 585 əyyarlı çəkisi 6 qram olan üzük qiyməti 400 (dörd yüz) manat, ümumi dəyəri 5500 (beş min beş yüz) manatdır. Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək ona geri qaytarmaqdan imtina etmişdir. Hesab etmişdir ki, onun mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmalıdır.

9. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iddiaya qarşı etiraz vermişlər. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı ilə ailəli olduğu müddətdə iddiaçının atası qızının ad gününə gələcəyini bildirmiş, gələrkən həmin gün mübahisə yaranmış, dəfələrlə baş verən belə mübahisələrə baxmayaraq qızının ad günü daha təmtəraqlı keçirilmədiyi üçün mübahisə yaranmışdır. Həmin gün iddiaçı atası ilə və birgə nikahdan olan Məlahətlə birlikdə Göyçay rayonunda yaşayan Xalasıgilə getmişdir. Gedərkən qızılziynət əşyaları üstündə aparmışdır. Sonra iddiaçı zəng vuraraq uşağın paltarları və uşaq yemini salafanda olduğunu və həmin salafanı ona gətirməyini bildirmişdir. Salafanı ona aparan vaxt ondan sənədlər olan çantanın yerini soruşmuşdur. Çünki, çantanın içində ailə üzvlərinə aid sənədlər, xüsusəndə Zeynalı Zeynala aid diplom, sertfikart, qızıl-qolbağ və qızıl sep vardı. İddiaçı həmin çantanı özü ilə apardığını bildirmişdir. Qızıl sırqa və qızıl üzük daimi üstündə olurdu, yəni daimi istifadə edirdi. Qızıl sepi isə istifadə etmirdi, sənədlərlə birlikdə sözgedən çantada saxlayırdı. İddiaçı xalasıgildə bir neçə gün qaldıqdan sonra övladı Məlahətlə birlikdə Qazax rayonuna valideyinlərinə məxsus evə köçmüşdür. Bundan bir neçə müddət sonra iddiaçı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək 12 sentyabr 2018-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 2019-cu il tarixli, 2(023)- 651/2019 saylı qətnaməsi ilə ondan hər ay sabit pul məbləğində 160 manat alimentin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilmişdir. Aralarında olan mübahisələrə görə ailənin bərpa olunması mümkün olmadığı üçün 2019-cu ilin ortalarında iddiaçı ilə aralarında olan nikahın pozulmasına dair Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət etdi və Qazax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(023 )- 165/2020 saylı qətnaməsi ilə iddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. İddiaçı ilə məhkəmədə nikahın pozulması vaxtı pandemiya dövrünə təsadüf etdiyi üçün nikahın pozulması vaxtın uzanmağına səbəb olmuşdur. İddiaçının özü ilə gətirdiyi cehiz əşyalarıda 2023-ci ilə kimi valideyinlərinə məxsus evdə qalmış, dəfələrlə onlarla danışıqlar aparsa da, həmin əmlakları evdən çıxarmamışlar. Ona görə də, atası Asif Zeynallı məcbur qalaraq həmin əmlakların evdən çıxarılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin olunmuş və icra olunması üçün Göyçay rayon İcra və Probasiya şöbəsinə yönləndirilmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı öz əmlakını aparmışdır. Göründüyü kimi iddiaçı ilə münasibətlər 2019-cu ildən pozulmuş, məhkəmə qətnaməsi ilə nikah 2020-ci ildə pozulmuşdur. Lakin bu illər ərzində iddiaçı əmlak tələbi ilə bağlı məhkəmədə iddia qaldırmamışdır. Buda onu göstərir ki, iddia ərizəsində qeyd edilən şişirdilmiş qızıl-zinət əşyaları deyil, mövcud olan qızıl-zinət əşyaları özündə olmuşdur. İddiaçı ailə həyatı qurmağına görə ona və ailəsinə qərəzli şəkildə problemlər yaratmaq istəyir. Hesab edir ki, iddiaçının ona qarşı irəli sürdüyü tələblə qanunu, maddi və hüquqi normalarını pozmuş, belə halda məhkəmə iddiaçının iddia tələbini təmin etmiş olarsa, onun hüquqları hətta qanunun tələbləri pozulmuş olacaqdır.

10. Göyçay Rаyоn Məhkəməsinin (hakim Elçin Qurbanov) 31 iyul 2023-cü il tаrixli, 2(046)-1388/2023 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.

11. Məhkəmə g əldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən tələb etdiyi qızıl əşyalarının cavabdehlərdə qalmasını təsdiq edən hər hansı bir sübut təqdim edilməmiş, bununla da iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bu səbəbdən iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, Mülki Məcəlləsinin 157.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı vəkili Vəkil1 Göyçay Rаyоn Məhkəməsinin 31 iyul 2023-cü il tаrixli, 2(046)-1388/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məh kəməsi hazırkı hüquqi nəticəyə gəlməklə özgənin qanunsuz sahibliyində olan əmlaklarını geri tələb etməyi və beləliklə həmin əmlaklarına yenidən sahib olmağı və onlardan istifadə etməyi ilə bağlı qanunvericiliyin ona verdiyi imkandan yararlanmağına şərait yaratmamış və beləliklə də qanunevriciliyin bununla bağlı tələbini kobud pozmuşdur. Göstərilən əşyaların mövcud olma faktı iş materiallarında olan toy foto şəkillər ilə təsdiq olunur. İşin mübahisə olunmayan halı odur ki, o, evdən gedərkən cavabdehdən boşanmaq və ondan birdəfəlik ayrı yaşamaq niyyəti ilə getməmişdir. Boşanma təşəbbüsü ilə məhz Cavabdeh1 çıxış etmiş və məhkəmədə iddia qaldıraraq ondan boşanmışdır. Bu o deməkdir ki, onun cavabdehlər ilə yaşadığı evdən çıxmağı müvəqqəti hal olmuş, bu hərəkəti boşanma və ya cavabdeh ilə birdəf əlik ayrı yaşamaq niyyəti ilə olmamışdır. Bu səbəbdən, onun əvvəlcədən evdən gedərkən ona məxsus hazırda tələb etdiyi qızıl-zinət əşyalarını özü ilə götürərək atası evinə aparmağı üçün zərurət və ehtiyyac yox idi. Bunun əksinə dair cavabdehin dəlili və məhkəmənin bununla bağlı mövqeyi əsassızdır. Ona görə ki, o, qısa müddətə (təqribən bir neçə aylıq) müvəqqəti olaraq işin hallarında qeyd etdiyi səbəblərə görə (cavabdeh ilə münasibətlərin normallaşması üçün və uşağa qulluqda anasının yaxından dəstəyi üçün) atası gildə yaşamağa məcbur olmuşdur. Lakin, həmin müddətdə nigahın pozulması təşəbbüsü ilə məhz cavabdeh çıxış etmişdir. Onun belə bir niyyəti olsa idi və evdən birdəfəlik çıxmaq niyyəti olsa idi ona məxsus zəruri qiymətli əşyaları özü ilə götürməyinin məntiqi əsası olardı. Lakin, hazırk ı halda bunu demək doğru deyildir. Qeyd edir ki, onun Cavabdeh1 qarşı aliment tələbi ilə çıxış etməyi isə normal haldır. Çünki, uşaq həmçinin onun uşağıdır. Ondan faktiki ayrı yaşadığı müddətdə o uşağı ilə maraqlanmamış və uşağın maddi təminatı üçün heç nə etməmişdir və bu istiqamətdə ona dəstək olmamışdır. Onun Cavabdeh1 qarşı aliment tələbi ilə çıxış etməyi heç də ondan ayrılmağı və ya boşanmağı məqsədi daşımırdı. Belə bir niyyəti olsa idi, boşanma iddiası ilə o (iddiaçı) çıxış edərdi. Bu hərəkəti, yalnız uşağın təminatı məqsədilə atılan məcburi addım idi. Lakin, cavabdehlər iddia tələbinə qarşı etirazlarında və bununla bağlı məhkəmədə verdikləri izahatlarında aliment tələbi ilə bağlı hərəkətlərini və bir müddət onlardan ayrı yaşamağını evdən məqsədli şəkildə birdəfəlik çıxmaq niyyətinin olmasını göstərmişlər. Halbuki, bu doğru deyil. Çünki, bir daha qeyd edir ki, boşanma və onunla olan nikaha rəsmi qaydada xitam verilməsi Cavabdeh1 təşəbbüsü ilə olmuş və məhz cavabdehlərin məsləhəti və təkidi ilə Zeynal onunla olan nikah münasibətinə xitam vermək üçün iddia ilə məhkəməyə müraciət etmişdir. Yəni, bütün bu hallar onu deməyə bir daha əsas verir ki, onun cavabdehlər ilə yaşadığı evdən əvvəlcədən planlı şəkildə və ərindən gələcəkdə boşanma niyyəti ilə birdəfəlik çıxmaq məqsədi olmamışdır. Belə olan halda, uşağın zəruri paltarları və ona aid bəzi paltarlar istisna olmaqla, onun evdən hər-hansı qiymətli ona məxsus qızıl-zinət əşyasını götürməyi üçün əsas olmamışdır. Bundan əlavə, o, cavabdehlər ilə yaşdığı evdən çıxarkən Göyçayda yaşayan digər xalasıgildə yaşamışdır. Bir neçə g ün orda qaldıqdan sonra atası evinə getmişdir. Yəni, o, məqsədli və ya gizli şəkildə yox, hər kəsin güzü önündə evdən çıxmış və digər yaxın qohumunun, yəni xalasının evinə sığınmışdır. Lakin, nəsəndə işə mahiyyəti üzrə baxan məhkəmə bütün bu halları diqqətəlayıq araşdırmamış, bu hallar ilə bağlı qətnamədə doğru əsaslandırma aparmamış və sonda yanlış hüquqi nəticəyə gəlmişdir. Bundan başqa məhkəmə onu da nəzərə alır ki, münasibətlərin 2019-cu ilin aprel ayında pozulmasından və İddiaçı yaşadığı Göyçay şəhəri Xəqani küçəsi 3 saylı evi həmin vaxt tərk etdikdən sonra iddia etdiyi qızıl əşyalarını cavabdehlərdən tələb etməmiş və bu barədə məhkəməyə müraciət etməmiş, baxmayarak ki, cavabdeh X6 qarşı sabit pul məbləğində aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Qazax ray on məhkəməsinin 10 iyun 2019- cu il tarixli qətnaməsi ilə iddiası qsimən təmin edilmiş və X9 qarşı nikahın pozulması tələbinə dair iddiası Qazax rayon məhkəməsinin 09.iyun 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. X1 ona və X5 qarşı əmlakın çıxarılması tələbinə dair iddiası Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin olunduqdan və İddiaçı cavabdehlərlə birgə yaşadığı evi tərk etdikdən təxminən 4 il sonra qızıl-ziynət əşyalarının cavabdehlərdə qalmasını mübahisələndirmiş və bu barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi ilə bağlı mövqeyini cavabdehlər ilə yaşdağı evi tərk etdikdən təqribən 4 il sonra qaldırmağı ilə əsaslandırmışdır. Məhkəmənin belə əsaslandırma aparması yanlışdır və qanunvericiliyin tələbi ilə üzlaşmır. Belə ki, nikah dövründə əldə olunan ona məxsus olan əşyaların habelə qızıl-zinət əşyalarına dair iddia tələbi ilə o, nikahın pozulmasından sonrakı 3 il ərzində məhkəmədə iddia qaldıra bilər. Məhkəmə hazırkı qətnaməni qəbul edərkən qeyd olunduğu kimi, heç bir mötəbər sübuta əsaslanmamış, yalnız cavabdehlərin verdiyi əsassız və yalan izahatlar ilə və öz subyektiv mövqeyi ilə kifayətlənmiş, onun iddia tələbinə dair əsaslı dəlillərini nəzərə almamışdır. Tələb olunan qızıl-zinət əşyalarının cavabdeh Zeynlalı Zeynalda olması faktını təsdiq edən onunla aralarında mobil telefonda "whatsapp" proqramı vasitəsilə yazışmaları qeydə alınmışdır. Belə ki, 2022-ci ilin oktyabr ayında Cavabdeh1 ilə arasında ona məxsus ***-***-**-** mobil noməsi ilə - cavab dehə məxsus ******-**-** mobil nömrələri arasında aparılan “whatsapp” proqramı vasitəsilə həmin yazışmalarda cavabdeh ona məxsus qızılların onda olmasını etiraf etmişdir. Daha dəqiq desək, həmin yazışmalarda cavabdeh “lap elə bil ki, qızılları da verdim sənə yenə də onunla xoşbəxt ola biləcəksən?" sözlərini ona yazmışdır. (Yazışma bir daha apellyasiya instansiya məhkəməsində araşdırılmaq üçün təqdim ediləcək). Hətta bu yazışmanı Cavabdeh1 birinci instansiya məhkəmə iclasında etiraf etmiş, lakin yazışmanın onun tərəfindən 2017-ci ildə yazıldığı bildirmişdir. Lakin, məhkəmə bu halları və cavabdehin izahatını olduğu kimi qətnamədə əks etdirməmişdir. Təkcə bu hal, qızılların cavabdehdə olması faktı təsdiq edir. Bütün bunları məhkəmənin diqqətinə çatdırsa da, nədənsə məhkəmə bu halları diqqətəl ayiq nəzərə almamışdır. Nəticə etibarilə, hesab edir ki, birinci instansiya mahkəməsi, iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün bu halları lazımi qaydada aydınlaşdırmadan yanlış hüquqi nəticəyə gələrək, sonda düzgün olmayan qətnamə qəbul etmişdir bu səbəbdən həmin qətnamə ləğv olunmalıdır. Bütun bunlar bir daha onu deməyə əsəs verir ki, qətnamə qanuni və əsaslı deyildir. Ona görə ki, hazırkı mülki iş hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Bu hal hazırkı iş üzrə 31 iyul 2023-cü il tаrixli, 2(046)-1388/2023 saylı qətnamənin ləğvi üçün əsasdır. Qeyd olunanlara əsasən Göyçay Rаyоn Məhkəməsinin 31 iyul 2023-cü il tаrixli, 2(046)-1388/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Şəki Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-253/2024 nömrəli iş üzrə 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – E.Hüseynov (sədrlik edən və məruzəçi), V.Məlikov və G.Cavadova) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rаyоn Məhkəməsinin 31 iyul 2023-cü il tаrixli, 2(046)-1388/2023 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, Cavabdeh1 qızıl-zinət əşyaları - 1 ədəd 750 əyyarlı çəkisi 5 qram, qiyməti 800 (səkkiz yüz) manat olan qızıl nişan üzüyü, 1 ədəd 750 əyyarlı ümumi çəkisi 30 qram qiyməti 4300 (dörd min üç yüz) manat olan qızıl boyunbağıqolbağı, qızıl sırğa və qızıl üzük dəsti, 1 ədəd 585 əyyarlı çəkisi 6 qram qiyməti 400 (dörd yüz) manat olan qızıl üzük, olmadıqda onların ümumi dəyəri 5500 (beş min beş yüz) manat, həmçinin dövlət büdcəsinə ö dənilmiş 113 (bir yüz on üç) manat dövlət rüsumu alınıb İddiaçı verilmiş, iddia Cavabdeh2 və Cavabdeh3 aid hissədə təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə üzrə aşağıdakıları qeyd etmişdir.

17. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh1 nikah münasibətlərinə daxil olduqdan sonra iddiaçıya iddia ərizəsində qeyd edilmiş 3 adda qızıl əşyaları hədiyyə edilmiş, bu səbəbdən iddiaçı həmin əşyaların mülkiyyətçisi olmuşdur.

18. Apellyasiya baxışı zamanı iddiaçı “əlavə sübutun təqdim edilməsi” barədə məhkəməyə ərizə göndərmiş, həmin ərizədə qeyd edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında “whatsapp” proqramı vasitəsi ilə yazışma olması faktı müəyyən edilmişdir. Belə ki, “whatsapp” proqramı vasitəsilə həmin yazışmalarda cavabdeh iddiaçıya məxsu s qızılların onda olmasını etiraf edərək həmin yazışmalarda cavabdeh “lap elə bil ki, qızılları da verdim sənə yenə də onunla xoşbəxt ola biləcəksən?" sözlərini iddiaçıya yazmışdır.

19. İddiaçı tərəfin təqdim etdiyi “whatsapp” yazışmalarına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılması baxımından həmin yazışmaları tədqiq etmişdir. Həmin yazışmalarda Cavabdeh1 iddiaçıya “lap elə bil ki, qızılları da verdim sənə yenə də onunla xoşbəxt ola biləcəksən?" sözlərini yazmışdır.

20. İddiaçı tərəf həm apellyasiya şikayətində və həm də məhkəmə kollegiyasının iclasında həmin “whatsapp” proqramı vasitəsi ilə yazışmaları birinci instansiya məhkəməsinə təqdim etdiyini göstərmişdir.

21. Lakin nə birinci instansiya məhkəməsinin iclas prot okolunda bu barədə qeyd vardır, nə də qəbul edilmiş qətnamədə işin bu diqqətəlayiq halına qiymət verilmişdir.

22. Məhkəmə kolegiyası qeyd edir ki, “whatsapp” yazışmaları birinci instansiya məhkəməsinə təqdim edilməmiş olsaydı belə, həmin yazışmaların məzmunu məhkəmə kollegiyasında mübahisənin həlli və iddianın əsaslılığı ilə bağlı daxili inam yaratmışdır.

23. Kollegiyanın bu qənaətini gücləndirirən amillərdən biri də Cavabdeh1 iddiaçı ilə aralarında həmin yazışmaların mövcudluğunun etirafı olmuşdur və Cavabdeh1 həmin yazışmada qızılların onda olmasını təsdiq etməsini başqa cür yozmağa çalışsa da, bunun əksinin inandırıcı və ağlabatan izahını verə bilməmişdir.

24. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdeh qismində həm də öz keçmiş qayınata və qayınana sını da göstərmişdir.

25. İşin müəyyən edilmiş hallarına görə, mübahisə predmeti olan qızıl-zinət əşyaları Cavabdeh1 olduğundan həmin şəxslər hazırkı iddiaya cavab verməli olan şəxslər deyildirlər. Ona görə də iddianın Cavabdeh2 və Cavabdeh3 qarşı yönəldilməsi düzgün olmamışdır.

26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 71, Mülki Məcəllənin 157.2, 225.2, Ailə Məcəlləsinin 34.1, MPM-nin 9, 14.2, 50.3, 77.1, 78.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı həqiqətədən də qeyd edilən qızıl-zinət əşyalarının ona hədiyyə edilməsini, başqa sözlə dedikdə mülkiyyətində olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyi halda, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbini pozaraq, iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının iddiaçının mülkiyyətində olması qənaətinə gələrək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir.

29. İddiaçı özü də etiraf etmişdir ki, apellyasiya instansiya məhkəməsinin yeni sübut kimi qəbul etdiyi tərəflər arasında "whatsapp" proqramı vasitəsilə yazışmalar birinci instansiya məhkəməsində araşdırılmış və nəzərə alınmadığını bildirmişdir. Lakin apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinin tələbini səhv təvsir və tətbiq etmiş, iddiaçının cavabdehlə "whatsapp" proqramı vasitəsilə yazışmalarını birinci instansiya məhkəməsində təqdim edə bilməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmadığı halda, həmin yazışmaları yeni sübut kimi qəbul etmişdir.

30. Həmçinin, iddiaçı cavabdehdən tələb etdiyi qızıl-zinət əşyalarının əyyarına, çəkisinə və çeşidinə dair hər hansı sübutu məhkəməyə təqdim etmədən, apellyasiya instansiya məhkəməsi iddiaçının izahatına əsaslanaraq iddianı təmin etmiş və nəticədə Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədlə ri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

34. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 225.2.Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş cehiz əmlakının geri qaytarılması, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı cehiz əmlakının geri qaytarılması onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

37. Maddə 34.1.Nikаhа dаxil olаnаdək onlаrа məxsus olаn əmlаk, hаbelə nikаh dövründə hədiyyə şəklində və yа vərəsəlik qаydаsındа, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlаk ər-аr vаdın hər birinin аyrıcа mülkiyyətindədir (ər-аrvаdın hər birinin əmlаkıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Maddə 76.2.Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Maddə 77.1.Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmal ıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Qeyd olunmalıdır ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; əşya faktiki olaraq özgəsinin sahibliy ində olmalıdır; özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

47. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını bu əsaslar üzrə araşdırmış, digər sübutlarla yanaşı cavabdeh tərəfindən “whatsapp” proqramı vasitəsi ilə yazışmaları sübut kimi qəbul edərək iş üzrə düzgün nəticəyə gəlmişdir.

48. Cavabdeh tərəf həmin sübu tun birinci instansiya məhkəməsinə təqdim olunmadığı üçün apellyasiya instansiya məhkəməsinə təqdim olunmasını mümkünsüz hesab etmişdir. Bu dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən qiymət verilmiş və həmin sübutun qəbul olunmasının işin hallarının müəyyən edilməsi baxımından əhəmiyyətli olmasını göstərmişdir.

49. Lakin nəzərə alınmalıdır ki, qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

50. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-nin 14 və 77.1-ci maddələri).

51. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olm aq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri).

52. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb et mək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.

53. Göründüyü kimi, məhkəmə işin mahiyyəti üzrə həlli üçün zəruri olan faktik halların müəyyən olunması üçün araşdırmanı prosessual fəallıqla aparmalı, tərəflərlə mübahisənin vəziyyətini müzakirə etməli, sübut olunmalı halları tərəflərə izah etməlidir. Həmçinin işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

54. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçı ilə işin hallarını müzakirə edib, zəruri saydığı sübutları təqdim etməyi təklif etməmiş, konkret olaraq digər sübutların təqim olunmasının mümkünlüyünü izah etməmişdir. Nəticə etibarilə, məhkəmənin işin mahiyyəti üzrə həll olunması və qanun qərar çıxarılması üçün zəruri hesab etdiyi işin halları tam müəyyə n olunmamışdır.

55. Buna görə də apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində təqdim olunmayan “whatsapp” proqramı vasitəsi ilə yazışmalarını işin digər halları ilə müqayisəli şəkildə təhlil edib qiymətləndirərək, sübut kimi qəbul etmişdir.

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

57. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-253/2024 nömrəli, 13 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar