Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2216/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətin müdafiəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1420/2023 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş in halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1455/2017 nömrəli, 18 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi” barədə iddiası qismən təmin edilərək, Cavabdeh1 əsas borc üzrə 23.850,44 ABŞ dolları, faiz üzrə 3.525,10 ABŞ dolları, cərimə üzrə 5.207,25 ABŞ dolları olmaqla, cəmi 32.582 ABŞ dolları 79 sent və ödənilmiş dövlət rüsumu məbləğindən 30 manatın tutularaq, iddiaçı təşkilatın hesabına ödənilməsi; Cavabdeh4 məxsus Bakı şəhəri, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində ye rləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53,5 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilin ixtisaslaşdırılmış açıq hərracdan satılması, mənzilin satışından əldə edilmiş vəsaitdən 32.582 ABŞ dolları 79 sentin iddiaçı təşkilatın xeyrinə ödənilməsi, mənzilin satışından götürülmüş məbləğ iddiaçı təşkilatın tələbini ödəməyə kifayət etməsə, çatışmayan məbləğin Cavabdeh1 təşkilatın xeyrinə tutulması, mənzilin satışından əldə edilmiş məbləğ iddiaçının tələbindən artıq olarsa, artıq məbləğin Cavabdeh1 qaytarılması qət edilmişdir;
3. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-463/2018 nömrəli, 15 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məh kəməsinin 2(002)-1455/2017 nömrəli, 18 aprel 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilərək, Cavabdeh1 ilə iddiaçı təşkilat arasında bağlanmış 24.4.2013-cü il tarixli kredit müqaviləsinə və 24.4.2013-cü il tarixli razılaşmaya xitam verilməsi, Cavabdeh1 əsas borc üzrə 23.850,44 ABŞ dolları, faiz üzrə 3.525,10 ABŞ dolları, cərimə üzrə 100 ABŞ dolları olmaqla, cəmi 27.475,54 ABŞ dollarının tutularaq, iddiaçı təşkilatın hesabına ödənilməsi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, N.Mustafayev küçəsində istifadədə olan 0,1544 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 53 m2 ümumi, 32 m2 yaşayış sahəsindən ibarət 2 otaqlı 13 nömrəli mənzilin ilkin satış qiymətinin 58.500 manat müəyyən edilməsi, ekspertiza tədqiqatının dəyəri qismində 150 manat pulun Cavabdeh1 tutularaq, "xxxx" MMC-yə ödənilməsi, ödənilmiş 15 manat dövlət rüsumunun Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir;
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3754/2018 nömrəli, 29 may 2018-ci il tarixli qərarına əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh4 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-463/2018 nömrəli, 15 yanvar 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır;
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4858/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçıla r Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın yekunlarının və reyestrdə aparılmış qeydlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)4079/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4858/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır;
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3027/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 4079/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qətnaməsi iddiaçı Cavabdeh1 kassasiya şikayətinə əsasən ona aid hissədə dəyişiklik edilmədən saxlanılmışdır;
7. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 19.8.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Natiq Mustafayev küçəsi, 2 saylı evin 13 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə "xxxx" BOKT MMC-nin adına tam pay üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı "xxxx" BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən istifadə hüququ na xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 13 nömrəli mənzilin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən istifadə hüquqlarına xitam verməklə məcburi qaydada çıxarılması və 100 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, qətnamə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün müvafiq icra qurumuna yönəldilmişdir. Hal-hazırda ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 53,5 m2 olan 2 otaqlı 13 nömrəli mənzil ƏMDK DƏDRX-nin xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən "xxxx" BOKT MMC-nin mülkiyyətindədir.
10. Birinci instansiya məhkəməsində cavabdehlər cavabdehlər iştirak etməmişlər.
11. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-54/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Kamran Əsədov) ilə iddia təmin edilmiş, "xxxx" BOKT MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 13 nömrəli mənzilin boşaldılması, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin mənzildən məcburi qaydada çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq, iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənzil qanunla müəyyən edilmiş qaydada məhkəmənin qanun qüvvəsini almış qətnaməsinə əsasən iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər həmin mənzildə yaşayırlar və orada qeydiyyatda qalmışlar. Belə olan halda onların həmin mənzilə istifadə hüquqlarının əldə edilməsini zəruri edən əsas da artıq mövcud deyildir. Bu əsasın mövcud olmaması isə mahiyyət etibarılə onların yaşayış sahəsinə olan istifadə hüququnun itirilməsini istisna etmir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 82.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh1 apellyasiya şikayəti ve rərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, tələbkar "xxxx" BOKT MMC-yə olan borcunu qaytarmaq üçün onlarla razılığa gəldiyi halda onlar qanunla qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla ona məxsus olan evi öz adlarına DƏDRX-dən qeydiyyatdan keçirərək mənzildə onun və digər ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaqları ilə bağlı məhkəməyə iddia vermiş və işə baxan məhkəmə işin faktiki hallarını araşdırmadan onları məhkəməyə dəvət edib dinləmədən qətnamə çıxarmışdır. Mənzildə onunla bərabər ailə üzvləri də yaşayır. Onların başqa yaşayış evi yoxdur. Bununla bağlı dəfələrlə Bankla danışığa getmə k istəsə də bank bununla razılaşmamışdır. O, neft sektorunda, dəniz layihəsində işləyir. Hər ay 14 gün evə gəlmədən dəniz şəraitində işləyir. xx.xx.2023-cü il tarixdə, yəni məhkəmə qətnamə çıxarmazdan 1 gün əvvəl özünə məxsus elektron sistem vasitəsi ilə məhkəməyə ərizə yazaraq dəniz şəraitində işlədiyindən və məhkəmə iclasında iştirakı mümkün olmadığından məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin işə baxan məhkəmə MPM-in 9-cu maddəsinin tələblərini pozmaqla onun məhkəmə iclasında onun iştirakını təmin etmədən işə baxaraq qətnamə çıxarmışdır.
16. Bakı Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1420/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov - sədrlik edən və məruzəçi, K.H.Əkbərov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mənzilin iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər həmin mənzildə qeydiyyatda qalmaqda və yaşamaqda davam edirlər, bu da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmişdir.
18. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mənzilin məhkəmənin qanun qüvvəsini almış qətnaməsinə əsasən iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər həmin mənzildə yaşayırlar və orada qeydiyyatda qalmışlar. Halbuki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.2-ci maddəsinin tələbinə görə, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
19. Beləliklə, iddiaçı mənzili hərracda əldə etdiyindən, həmin mənzil hazırda iddiaçının mülkiyyətində olduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.2-ci maddəsinin tələbinə görə cavabdehlər, yəni ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduqlarından iddia tələbi əsaslıdır, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mahiyyət etibarı ilə düzgün nəticəyə gəlinmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin işə onun iştirakı olmadan baxılması barədə dəlili üzrə qeyd etmişdir ki, mülki iş materiallarından məlum olur ki, cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. Mülki işə baxılarkən cavabdeh həmin məhkəmə iclaslarının heç birində iştirak etməmiş, sonuncu məhkəmə iclasının işi ilə bağlı dənizdə olması səbəbindən təxirə salınmasını xahiş etmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, MPM-in 69.1-1-ci maddəsinə görə, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istis na olmaqla) ola bilər. Göründüyü kimi, cavabdehin məhkəmədə nümayəndə vasitəsi ilə təmsil olmaq hüququ və imkanına malik olmuş, lakin o, bu imkandan istifadə etməmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsində işə baxılarkən MPM-in 9-cu maddəsinin tələblərinə əməl olunmamasına dair dəlilini əsassız hesab etmiş, çünki cavabdeh sonuncu iclasın dənizdə olması səbəbindən təxirə salınmasını xahiş etsə də, məhkəmənin əvvəlki iclaslarının heç birində iştirak etməmiş, onun iştirakının təmin edilməsi üçün məhkəmə iclası dəfələrlə təxirə salınmışdır (i/v 24, 32, 64-65, 70, i/v 74). Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son q oyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, iddiaçı mübahisəli daşınmaz əşyan ın mülkiyyətçisi olduğundan özünün mülkiyyət hüquqlarına törədilən maneəyə son qoyulmasını cavabdehlərdən tələb etməyə haqlıdır.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Belə ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasın ı məhkəmə vasitəsilə tələb edə bilər (§ 28).
40. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin lə ğv edilməsi üçün əsas təşkil etmir.
42. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1420/2023 nömrəli 27 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.