Məhkəmə qərarları › İş №2(102)-2246/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2246/2020

01.07.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2246/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı, vəkili X2 və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(004)-4210/2019, hakim O.Q.Məmmədli) İddiaçı Cavabdeh ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-14312/2019, hakimlər Ş.A.Məmmədova, V.T.Həsənov, X.Ə.Sarıyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı xx xxx 2017-ci il tarixindən Cavabdeh ASC-nin Əməliyyat Mərkəzi Departamentinin baş xəzinədarı vəzifəsində işləmişdir. Cavabdeh ASC-nin xx xxx 2019-cu il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx xxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh ASC-yə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2019cu il tarixli əmrin ləğv edilməsi, işdən çıxarılan anadək ona ödənilməli olan əmək haqqı və kompensasiya məbləği tam, məcburi iş buraxma müddəti üçün yekun məhkəmə qərarı çıxan günədək əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi və ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 5.000 manat məbləğində vəsaitin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, maddi və prosessual normalar pozulmuş, iş üzrə təqdim sübutlara və müəyyən edilmiş hallara qanunvericiliklə nəzərdə tutulduğu kimi tam, obyektiv və qərəzsiz qiymət verilməmiş, iddiaçı tərəfindən banka hər hansı maddi zərər vurulması sübut edilmədiyi halda, əmək müqaviləsinin qanuni olaraq ləğv edilməsi barədə səhv nəticəyə gəlinmişdir. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz vermişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi və vəkili isə kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı xx xxx 2017-ci il tarixindən Cavabdeh ASC-nin Əməliyyat Mərkəzi Departamentinin baş xəzinədarı vəzifəsinə işə qəbul edilərkən vəzifə təlimatları ilə tanış olmuş və həmin təlimatın bir nüsxəsi ona təqdim olunmuşdur. xx xxxxx 2019-cu il tarixdə bankın X3, Daxili Nəzarət və ÇPY/TMM Departamentinin əməkdaşları tərəfindən bankın ə sas kassasında qəfləti yoxlama həyata keçirilmiş, yoxlama nəticəsində nağd vəsaitlərin faktiki qalıq məbləğləri ilə proqram təminatında olan qalıq məbləğləri arasında üzləşmə aparılmış və nəticədə 2 manat 30 qəpik məbləğində kassa artığı müəyyənləşmişdir. Bundan başqa, yoxlama zamanı kassa otağında iddiaçının üzərində 11960 manat şəxsi pul vəsaiti aşkar olunmuşdur. Bundan sonra, bankın xəzinədarlarının fəaliyyəti barəsində aparılmış daxili araşdırma əsasında xəzinədarlar Hikmət Mehdiyev və Elçin İbadovun qanunsuz hərəkətləri nəticəsində banka ciddi ziyan vurulduğu müəyyən edilmişdir. Həmçinin, araşdırma zamanı Hikmət Mehdiyev və Elçin İbadov tərəfindən saxtakarlıq işində istifadə olunan valyuta mübadilə əməliyyatı sənədləri Microsoft Word versiya fayllarının eynisi İddiaçı aid kompyuterdə, həm də müəyyən məlumatlar daxil edilmiş formada aşkar edilmişdir. xx xxx 2019-cu il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və əmr onunla əsaslandırılmışdır ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində banka ciddi maddi ziyan vurulmuşdur. İddiaçı hazırda onun işdən azad edilməsi barədə əmrin qanuniliyini mübahisələndirməklə, əvvəlki vəzifəsinə bərpa edilməsini, məcburi işburaxma üçün əmək haqqı və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllə nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək m üqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarının 3.11-ci maddəsinə əsasən, kassirlərin şəxs nağd pulunun və saxlanılan qiymətlilər qismindən olan əşyalarının kassa otağında saxlanılması qadağandır. Yoxlama zamanı İddiaçı üzərində şəxsi vəsaiti olduğu aşkarlanmışdır ki, bu da “Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarına ziddir. Vəzifə təlimatlarına əsasən “iş gününün sonunda gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən qalıq çıxarmaq, faktiki qalıq məbləği ilə yoxlamaq, kassa kitablarında yazılışlar aparmaq, günün kassa mədaxil və məxaric sənədlərini nəzarətçiyə təqdim etmək, filialın müdiri və nəzarətçisi ilə kassanı yoxlayaraq bağlamaq və mühafizəyə təhvil vermək” baş xəzinədarın əsas vəzifəsi kimi müəyyən edilmişdir. Vəzifə təlimatının 5-ci bəndindən də görünür ki, bankda xəzinədar vəzifəsində olanlar onun tabeçiliyindədir. Həmçinin, Cavabdeh ASC-də X7 barədə Qaydaların 1.4-cü bəndində verilən anlayışlarda baş xəzinədar ümumilikdə bankın kassa və kassirləri fəaliyyətinə məsul olan şəxs kimi qeyd olunmuşdur. Apellyasiya məhkəməsi tərəfində müəyyən edildiyi kimi, iddiaçı bankda kassa və kassirlərin fəaliyyətinə məsul olan şəxs kimi hər bir əməliyyata nəzarət etməli olduğu halda, əmək funksiyalarını yerinə yetirməmişdir. Həmçinin, o, hər gün kassirlərin fəaliyyətinə nəzarət edən şəxs olaraq, baş ver miş saxtakarlıq barədə vaxtında aidiyyati struktur bölmələrini məlumatlandırmamışdır. Onun neqativ hallardan məlumatlı olduğu bankda aparılan videoyazılar vasitəsilə də sübut olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilən əsaslarla xitam verilməklə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar