Məhkəmə qərarları › İş №2(102)-2369/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2369/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2369/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı ASC Cavabdeh: Cavabdeh2 İddia tələbi: borcun tutulması, tutmanın ipotekaya yönəldilməsi və mənzilin boşaldılması. Açar sözlər: İpoteka ilə yüklü edilmiş mənzil satıldıqdan sonra mənzilin 1 ay müddətində boşaldılması (“İpoteka haqqında” Qanunun 59.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), X1 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2020ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron rayon Məhkəməsinin xx xxxxx 2019-cı il tarixli, 2(012)-1764/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 592 AİK N:li “Kredit müqaviləsi”nə vaxtından əvvəl xitam verilməsi, Cavabdeh2 43767,83 manat məbləğində əsas borcun, 571,14 manat məbləğində faiz borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, mülkiyyət və yüklülük çıxarışlarının, kredit, alqı-satqı və ipoteka müqavilələrinin notarial qaydada təsdiqi üçün ö dənilmiş 29 manat dövlət rüsumunun, ümumilikdə 44428,97 (qırx dörd min dörd yüz iyirmi səkkiz manat doxsan yeddi qəpik) manat pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, Cavabdeh2 məxsus ünvan 1i ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına hazırki iddia üzrə tələb olunan 44338,97 (qırx dörd min üç yüz otuz səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində kredit borcunun və 90 (doxsan) manat rüsumun İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Elman Məmmədov) Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Abbasov (sədrlik edən, məruzəçi), Ş.Abasov və T.Məmmədov, 2(105)3888/2019 saylı mülki iş) hazırki iş üzrə Abşeron rayon Məhkəməsinin xx xxxxx 2019-cı il tarixli, 2(012)-1764/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 592 AİK №-li kredit müqaviləsinin vaxtından əvvəl ləğv olunması, Cavabdeh2 43767,83 manat məbləğində əsas, 571,14 manat məbləğində faiz borcunun, iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, mülkiyyət və yüklülük çıxarışlarının, kredit, alqı-satqı və ipoteka müqavilələrinin no tarial qaydada təsdiqi üçün ödənilmiş 29 manat dövlət rüsumunun, ümumilikdə 44428,97 (qırx dörd min dörd yüz iyirmi səkkiz manat doxsan yeddi qəpik) manat pul məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 1i ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilərək, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ipoteka predmetindən əşyaları ilə birlikdə 1 ay müddətinə çıxarılması və əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etməd ikdə qalıq borcun ümumi qaydada Cavabdeh2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı ASC apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən, ipoteka predmeti satıldıqdan sonra mənzildə yaşayan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ipoteka predmetindən aşyaları ilə birlikdə 1 (bir) ay müddətində çıxarılması ilə əlaqədar iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və mülki işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə gönərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır: Sumqayıt Apelyasiya Məhkəməsi İpoteka haqqında Qanun 59.3-cü maddəsini düzgün təfsir etməmişdir və nəticədə sözü gedən maddənin tələblərini pozmuşdur. İpoteka haqqında Qanunun 59.3-cü maddəsinə görə “ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk itməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götür müş sayılırlar ”. Qanunun qeyd olunan maddəsinin imperativ müddəalarından göründüyü kimi, cavabdeh öz evini kreditin qaytarılması üçün girov qoyduğundan (59.3.1) həmin evdə onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini 1 ay ərzində tərk etməlidirlər. Sumqayıt Apelyasiya Məhkəməsi sözü gedən qanunun qeyd olunan maddəsini düzgün tətbiq etməyərək iş üzrə iddia tələbinin yuxarıda qeyd olunan hissəsində təmin etməyərək düzgün nəticəyə gəlməmişdir. Prosessual məsələlər: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbi nə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə qətnaməsi bir hissədə-ipoteka ilə yüklü edilmiş əmlak hərracda satıldıqdan sonra cavabdehlərin 1 ay ərzində mənzili boşaltmaları iddiasının təmin olunmayan hissəsində mübahisələndirilir. Bəzi məhkəmələr analoji mübahisələri həll edərkən belə tələbetmə hüququn gələcək mülkiyyətçilərə aid olması əsası ilə iddiaları bu hissədə rədd edirlər. Hazırkı işdə də məhkəmənin əsaslanması eyni olmuşdur. Məhkəmə qətnaməsində deyilir: “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıq da ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəl dilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, ipotekaya qoyulmuş mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş verib-verməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından həmin hissədə iddia təmin edilə bilməz. Bundan başqa, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan bir ay ərzində oranı tərk etməlidir. Həmin maddədə nəzərdə tutulmuş ipoteka predmetinin satılması şərti hələ baş tutmamışdır. Hər hansı öhdəliyin icra edilməsi üçün müəyyən şərtin baş verməsi müqavilədə nəzərdə tutulubsa və bu şərt hələ baş verməmişdirsə, belə olan halda həmin öhdəliyin icrasının tələb edilməsi istisna olunur. “İpoteka haqqında” Qanunun 59.4-cü maddə sində də nəzərdə tutulub ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Bu baxımdan, ipoteka predmeti satıldıqdan sonra 1 ay ərzində ipoteka qoyan oranı tərk etmirsə, qanunvericliyin tələbinə görə, belə olan halda, həmin şəxs notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılır. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası hesab edi r ki, ipoteka qoyan mülkiyyətçinin hüquqlarına xitam verilmədən onun ipoteka predmetindən çıxarılması Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun pozuntusu kimi qəbul edilməlidir. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsində göstərilmiş “satıldıqda” ifadəsi alqı-satqının bağlanma anını deyil, yeni mülkiyyətçinin mülkiyyət hüququnun yaranma əsasını nəzərdə tutduğundan və bu hal alqısatqı əsasında yeni mülkiyyətçinin hüquqlarının qeydə alınmasından sonra yarandığından, ipoteka qoyanın qeyri-yaşayış b inasını tərk etmələrinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Belə ki, alqı-satqı faktının özü mülkiyyət hüququnun itirilməsi hesab olunmadığından, müqavilə DƏDRX-də qeydə alınana kimi yeni mülkiyyətçinin mənzildən çıxarmaq barədə tələb hüququ yaranmır. İpoteka predmetinin boşaldılmasının onun açıq hərracdan satılmasını tezləşdirməsi barədə iddiaçının dəlili əsassızdır. Çünki iddia tələbinin özü ipoteka predmetinin satılmasından sonra orada yaşayanların çıxarılması barədədir. Bir halda ki, ipoteka predmeti satılanadək cavabdehlər evdən çıxarılmır, belə olan halda, iddiaçının bu dəlili də ağlabatan sayıla bilməz. Məhkəmə kollegiyası Apellyasiya Məhkəməsinin mövqeyi ilə razılaşmır və bununla bağlı mövqeyini şərh edir. “İpoteka haqqında” qanunun 59-cu ma ddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin qanunun 59.4. maddəsinə əsasən, bu Qanunun 59.3-cü madd əsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Hazırkı iş üzrə cavabdehin yaşayış sahəsi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan onun və onunla birlikdə yaşayan ailə üzvlərinin mənzildən çıxarılması labüddür. Belə ki, “İpoteka haqqında” Qanun nəzərdə tutur ki, əgər yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mə nzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlərsə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında artıq formalaşmış hüquqi mövqeyə görə, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqavilə si üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarı). Bazar iqtisadiyyatı ilə inkişaf etmiş ölkələrdə maliyyə-kredit münasibətlərinin inkişaf etdirilməsi ölkənin inkişafını şərtləndirən əsas istiqamətlərdən hesab olunur. Təsadüfi deyil ki, bir sıra ölkələrdə ipoteka ilə yüklü edilmiş əmlaka tut ma yönəldilməsi ilə bağlı məsələlərin həllində hətta məhkəmə qərarının olması zəruri şərt deyil. Mübahisələr həmin mərhələyə gəlib çıxmır. Çünki öhdəlik icra edilmədiyi təqdirdə ipoteka ilə yüklü edilmiş əmlaka məhkəmə qərarı olmadan tutma yönəldilir. Belə yanaşma ölkənin kerdit siyasətinin daha effekti inkişafını şərtləndirir. İptoekaya tutmanın yönəldilməsi ilə bağlı məhkəmə mübahisəsi açmaq, həmin mübahisə bitdikdən sonra daha bir mübahisə açaraq yüklü əmlakın boşaldılması ilə bağlı uzun sürən mübahisələr aparmaq kreditin təminatını heçə endirir. Hansıki, əmlakı ipotekaya qoyarkən şəxs (şəxslər) onun hüquqi nəticələrini bilmiş və buna razılıq vermişlər. Ölkəmizdə bərqərar olan işgüzar təcrübəyə görə yüklü olan əmlakın (məsələn evdə insanlar yaşayırsa) satın alınmasına demək olar ki, heç kim təşəbbüs göstərmir. Çünki onun gələcəkdə uzun sürən məhkəmə mübahisələrindən yan keçmək zəmanəti yoxdur. İpoteka ilə yüklü edilmiş mənzildə insanlar yaşadığı təqdirdə həmin insanların çıxarılması barədə məhkəmə qərarı olmadığı halda mənzilin satılma ehtimalı sıfıra bərabərdir. Bu ancaq mənzilin dəyərindən xeyli aşağı satılması halında mümkün ola bilər ki, buda hərracın keçirilməsi qaydaları ilə uzlaşmır. Bundan başqa, ipoteka ilə yüklü edilmiş əmlakla tutma yönəldikdən sonra ipoteka saxlayanın keçmiş mülkiyyətçinin çıxarılmasını tələb etməyə subyektiv hüququnun olmaması ilə də razılaşmaq olmaz. Beləki, Mülki Məcəllənin 269-cu maddəsinə əsasən ğirov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul v ə ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 158.1.1. maddəsinə əsasən girov hüququ da əmlak hüququ sayılır. İpoteka qoyan əşya üzərində hüquqlarını ipoteka saxlayan qarşısında məhdudlaşdırmışdır. Öhdəlik icra olumadığı təqdirdə ipoteka saxlayan həmin hüquqlardan istifadə etməkdə haqlıdır. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hes ab edir ki, apelyasiya instansiyası məhkəməsi ipoteka ilə yüklü edilmiş əmlak satıldıqdan sonra ən geci bir ay ərzində ipoteka predmetinin boşaldılması barədə iddia tələbinin rədd edilməsi nəticəsinə gələrkən qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ipoteka ilə yüklü mənzildən çıxarma iddiasının rədd edilməsi hissəsində ləğv edilsin, həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar