Məhkəmə qərarları › İş №2(102)-2435/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2435/2025

07.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilm
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2435/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilk iddia ərizəsi, iddiaçı Cavabdehlər İddiaçı və Nümayəndə qarşı qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsinə dair ilk iddia ərizəsi, iddiaçı Cavabdehlər İddiaçı və Nümayəndə qarşı pay bölgüsü və təzminat tələbinə dair qarşılıqlı iddia tə ləbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2025-ci il tarixli 2(103)-1537/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə cavabdeh Nümayəndə arasında bağlanmış xx.xx.2001-ci il tarixli nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-997/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Tərəflərə xx.xx.2022-ci ildə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. 2. xx.xx.1990-cı il tarixli 108589 saylı orderin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 42 saylı evin 65 saylı mənzili İddiaçı ailə üzvləri əri D.Q.Məmmədov, oğlu Nümayəndə ilə birlikdə ayrılmışdır. 3. 52 saylı MKİS-in xx.xx.2005-ci il tarixli 887 saylı “Forma 2” arayışdan müəyyən olunur ki, Nəsimi RİH-in balansında olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi 42 saylı evin 65 saylı mənzilində X2 1990-cı ildən, oğlu Nümayəndə Davud oğlu 1990-cı ildən, gəlini Cavabdeh 2004-cü ildən, nəvəsi X5 2004-cü ildən, nəvəsi X7 2004-cü ildən daimi qeydiyyatdadırlar.

4. Texniki inventarlaşma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi 42 saylı evin 65 saylı mənzilinə dair İddiaçı mülkiyyət hüquqları xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh xx.xx.2004cü il tarixdən ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır.

6. Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin baş təhqiqatçısı N.Sadıqovun xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh müraciəti əsasında aparılmış araşdırma zamanı toplanmış materialda Azərbaycan Respublikası CM-in 186-cı maddəsinin tərkib hissəsi yaranmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, əməli törətmiş Nümayəndə Davud oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə inzibati qaydada müvafiq tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti aidiyyəti xidmət sahəsinə göstəriş verilməsi üçün Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin rəhbərliyinə təqdim edilməsi qərara alınm ışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdeh qarşı xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi ev 42 ünvanda yerləşən 65 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi ev 42 ünvanda yerləşən 65 saylı mənzilin mülkiyyətçisidir və o, həmin mənzildə yaşayır. Cavabdeh xx.xx.1974-cü il təvəllüdlü Cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, Cavabdeh ilə iddiaçının oğlu Nümayəndə 2001-ci ildə nikaha daxil olmuşlar. Onlar arasında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavab deh 2004-cü ildən etibarən mübahisəli mənzildə qeydiyyatdadır. Lakin 2021-ci ilin avqust ayından etibarən qeyd olunan mənzildə yaşamır. Cavabdeh İddiaçı məxsus mənzildə qeydiyyatda olması hazırda iddiaçının sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, o, öz əmlakı üzərində tam sərəncam verə bilmir, qeydiyyatda olan şəxsin razılığı tələb olunduğun mənzili istədiyi şəkildə alğı-satqı, bağışlama və sair qanuni yollarla özgəninkiləşdirə bilmir. Cavabdeh iddiaçıya məxsus mənzildə qeydiyyatda olması iddiaçı üçün əlavə xərclərə səbəb olur, eyni zamanda gələn məktublar həmin ünvana gəlir. Bu da narazılığa səbəb olur. Ona görə də, hazırda İddiaçı Cavabdeh qeydiyyatdan çıxarmaq niyyətindədir. İddiaçı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə «qeydiyyatdan çıxma» tələbin ə dair ərizə ilə müraciət etmişdir. Lakin Nəsimi rayon Polis İdarəsi tərəfindən iddiaçıya məsələ ilə bağlı məhkəməyə müraciət etməli olduğu izah edilmişdir.

9. Həmçinin, iddiaçı Cavabdehlər İddiaçı və Nümayəndə qarşı pay bölgüsü və təzminat tələbi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi ev 42 ünvanda yerləşən 65 saylı mənzilin aralarında bölünməsi, mənzilin ikidə bir hissəsinə onun mülkiyyət hüququnun tanınması və ya 30.000 manat məbləğində təzminat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə o, 2001-ci ildə rəsmi nikaha daxil olub evlənmişlər. Birgə nikahdan uşaqları olmuşdur. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ar alarında olan nikah pozulmuşdur. Bakı şəhəri Nəsimi rayonu Bakıxanov küçəsi ev 42 ünvanda yerləşən 65 saylı mənzil İddiaçı məxsusdur və o, cavabdeh Nümayəndələ evli olduqları vaxtdan həmin mənzildə yaşayır. X9 Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən arayış var. O, 2001ci il tarixdən həmin mənzildə yaşayır, xx.xx.2004-cü il tarixdə isə mənzilə qeydiyyata düşmüşdür. 2018-ci ildən oğlu Türkiyədə təhsil aldığına görə mütəmadi olaraq onun yanına getmiş və 2021-ci il tarixdən xəstəliyi ilə bağlı Türkiyədə müalicə almağa başlamışdır. Yoldaşı bu dövrdə ona heç bir köməklik etmir, o, qayınanası tərəfindən təhqirlərə, şər böhtana məruz qalmışdır. Bu səbəbdən boşanmağa qərar vermişdir. Cehiz əmlakları və bütün əşyaları həmin mənzildə qalanda yararsız hala salınmışdır, əşyalar hal-haz ırda həmin ünvandadır. Bununla bağlı dəfələrlə polisə müraciət etmişdir. Ona həmin evdə yaşamağa imkan verilmir. Birgə nikah dövründə yaşadıqları və qeydiyyatda olduğu evdən başqa, onun yaşayış yeri yoxdur. Buna görə də, həmin evin birgə əmlak kimi aralarında bölünməsini məhkəmədən xahiş edir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006)3759/2024 nömrəli qətnaməsi ilə ilk iddia tələbi təmin edilərək Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, iddiaçı Cavabdehlər İddiaçı və Nümayəndə qarşı pay bölgüsü və təzminat tələbi barədə qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir (X16).

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2001-ci il tarixdə İ ddiaçı ailə üzvü Nümayəndə ilə rəsmi nikah qeyd etdirməklə ünvan 3 ünvana gəlin köçmüş, xx.xx.2004-cü il tarixdən həmin ünvana yaşayış yeri üzrə qeydiyyata alınmış, nikahları Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh həmin mənzildə yaşamır.

13. Məhkəmə hesab etmişdir ki, Cavabdeh mənzildən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yarandığı üçün, həmin münasibətlə bağlı mübahisə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun həll edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəm əsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2.-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2 maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razıl aşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarında qeyd olunur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün, mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması kimi mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur. Hazırki iş üzrə Cavabdeh ilə İddiaçı arasında yuxarıda sadalanan mütləq şərtlər yerinə yetirilməmiş, bu hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.

14. Məhkəmə həmçinin hesab etmişdir ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi ev 42, mənzil 65-ə qeydiyyata alınmasına mülkiyyətçinin razılıq verməsi onun həmin mənzilə istifadə hüquq unun əmələ gəlməsi üçün əsas deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamına dair notariat qaydasında bağlanmış razılaşma olmadığından və cavabdehin həmin mənzilə istifadə hüququ yaranmadığından, onun həmin mənzildən qeydiyyatdan çıxarılması üçün istifadə hüququna xitam verilməlidir.

15. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd etmişdir ki, ilk iddia təmin olunduğundan qarşılıqlı iddianın təmin olunması əsasları öz əhəmiyyətini itirməklə, rədd edilməlidir. Buna baxmayaraq, qarşılıqlı iddiada mübahisəli mənzilin ümumi birgə əmlak hesab olunması dəlillərinə münasibətdə qeyd edilməlidir ki, mənzil üzrə hüquq müəyyənedici sənədlərə əsasən İ.S. Məmmədovaya xx.xx.1990-cı il tarixdə orderin verilməsi, bu əsasların olması səbəbindən həmin mənzilin sonradan onun adına xüsusi mülkiyyət kimi qeydiyyata alınması aşkardır. Bu faktların mövcudluğu mənzilin birgə nikah dövründə əldə edilməsini istisna etməklə, onun üzərində ümumi mülkiyyət əsaslarını yaratmır. Belə ki, əmlakın ümumiliyi dedikdə, ailə ittifaqından irəli gələn ortaqlıq nəzərdə tutulur. Bu ortaqlıq ər-arvadın könüllü iradələri olan nikah əsasında meydana gəlir və ailə birliyində əldə olunan əmlaka münasibətdə şəriklik vəziyyəti yaradır. Dövlət reyestrində qeydə alınması üçün mənzildə faktiki yaşayanların və ya mənzil sahəsinə hüququ olanların razılıq ərizəsinin təqdim edilməsi isə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci və 8-ci maddələrinin tələblərindən irəli gələn ha ldır. Belə ki, qanunun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Qeyd olunmalıdır ki, cavabdeh həmin anda iddiaçının gəlini olmaqla, razılıq ərizəsində yaşadığı mənzilin anasının adına özəlləşdirilməsinə etiraz etmədiyini ifadə etmişdir. Bu isə onun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsində iddiaçı ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin ərizəsi kimi qəbul edilməsinə əsas vermir. Bu nunla da, mənzil özəlləşdirilərkən cavabdehin razılıq ərizəsinin verməsi onun mülkiyyət hüquqlarının yaranması əsası kimi qəbul edilə bilməz. Həmçinin, mənzilə mülkiyyət hüquqları cavabdehin ərinin adına deyil, qayınanasının adına qeydə alınmışdır ki, bu da mənzilin ümumi birgə nikah dövründə əldə edilmiş əmlak olmasını istisna edir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilindən istifadə hüququna xitam verilməli, Cavabdehlər İddiaçı və Nümayəndə qarşı pay bölgüsü və təzminat tələbi barədə qarşılıqlı iddiası təmin edilməməlidir.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 228.1, 228.2, 228.5-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə, 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun 5, 8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7, 14.2, 77.1, 78.1, 107, 119.1, 217.2, 217.4-cü maddələrinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası M ülki Məcəlləsinin 228.5 maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3759/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın rədd edilməsini, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qarşılıqlı iddia tələbi təmin edilməklə, yeni qətnamənin qəbul edilməsini, eyni zamanda kompensasiya məbləğinin cavabdehdən tutulmasının təmin edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş idd ia ərizəsinin adından və iddianın “xahiş edirəm” hissəsində iddiaçı açıq-aydın formada yazır: “...Cavabdeh... ünvan 1 ünvanda yerləşən 65 saylı mənzildə istifadə hüququ var! Başqa sözlə, ilkin iddiaçı cavabdehin qeyd olunan 65 saylı mənzildən istifadə etməyə dair hüququnun olduğunu danmamış, əksinə cavabdehin belə bir hüquqa malik olduğunu iddiası əsasında etiraf etmişdir. Eyni zamanda Nəsimi Rayon Məhkəməsinin sorğusuna 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubu əsasında cavabdehin 65 saylı mənzilə dair istifadə hüququnun olmasını təsdiq edən aşağıdakı sənədlər (iş materiallarına əlavə edilmişdir) məhkəməyə təqdim edilmişdir. a) Bakı şəhəri İH-nin MKTB-nin xx.xx.2001-ci il tarixli arayışından məlum olur ki, 65 saylı mənzildə həmin vaxt 3 (üç) nəfər İddia çı, D.Məmmədov və Nümayəndə qeydiyyatda olmuşlar. b) İcra Hakimiyyətinin MKTB-nin 52 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2005-ci il tarixli 488 saylı arayışında qeyd olunur ki, 65 saylı mənzilə İddiaçı, Nümayəndə, Cavabdeh, Davud Məmmədov və Riad Məmmədov olmaqla, mənzildə 5 (beş) nəfər qeydiyyatdadırlar. Qeyd olunan arayışda qeyd olunub ki, İddiaçı və Nümayəndə mənzildə 1990-cı ildən etibarən digər 3 (üç) nəfərin Cavabdeh, Davud Məmmədov və Riad Məmmədovun 65 saylı mənzildə qeydiyyatı 2004-cü ildən mövcuddur. c) Mənzilin özəlləşdirilməsinə dair (2005 – 2006-cı illərdə dair olan) razılıq ərizələrində aşağıdakılar qeyd edilib: İddiaçı 65 saylı mənzilin özəlləşdirilməsinə razılıq verilməsini ərizə əsasında xahiş etmişdir. X6 mənzilin İddiaçı adına özəlləşdirilməsinə dair razılıq ərizəsi vermişdir. Nümayəndə Davud oğlu 65 saylı mənzili İddiaçı adına özəlləşdirilməsinə razılıq ərizəsi təqdim etmişdir. Eyni zamanda mənzillərin özəlləşdirilməsi qaydalarına uyğun olaraq, 65 saylı mənzildə qeydiyyatı olmuş mülki iş üzrə Cavabdeh tərəfindən özəlləşdirilməsi ilə əlaqədar razılıq ərizəsi təqdim olunmuşdur. Cavabdeh 07 yanvar 2006-cı il tarixdə tərtib edilmiş razılıq ərizəsinin məzmunu aşağıdakı kimi olmuşdur: 19. “Mən yaşadığım mənzilin anam İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirəm”. Mən yaşadığım mənzilin “anam” İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişəm. Bu heç də cavabdehin həmin mənzilə olan istifadə hüququndan imtina kimi qəbul edilə bilməz. Eyni zamanda İddiaçı oğlu Nümayəndə Davud oğlu da mənzili “anası” İddiaçı adına özəlləşdirilməsinə etiraz etməməsi barədə ərizə təqdim etmişdir. Məhkəməyə təqdim olunmuş rəsmi arayış, ərizə və digər sənədlərdən məlum olur ki, Cavabdeh mənzil özəlləşənə qədər oradan istifadə hüququ və qeydiyyatı olub. Mənzilin özəlləşdirilməsinə etiraz etməmişdir. Mənzil məhkəmə qətnaməsində qeyd olunduğu kimi 2008-ci ildə deyil, 2006-cı ildə özəlləşdirilib. Mənzilin xüsusi mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı ildə “Qeydiyyat vəsiqəsi” verilmişdir (işə əlavə edilib). Məhkəmə sübutları (faktları) qiymətləndirərkən nəzərə almamışdır ki, cavabdeh 2001-ci ildə nikaha daxil olmuşdur. 2001-ci ildən etibarən faktiki olaraq Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilində yaşamağa başlamışdır. İlk övladı bu mənzildə 2002-ci ildə anadan olmuşdur. Bu vaxta qədər cavabdehə məxsus olan əmlaklar həmin mənzildədir. Məhkəməyə cavabdeh tərəfindən təqdim olunmuş bank kreditlərindən aydın şəkildə görünür ki, 2010-cu ildə və sonrakı illərdə cavabdeh "xxxx" KB ASC (İnqilab və Yasamal filiallarından” və "xxxx" ASC- dən müxtəlif məbləğlərdə ailə üzvlərinin razılığı ilə böyük məbləğlərdə kreditlər götürmüşdür (kredit ödənişlərinə dair sənədlər iş materiallarına əlavə edilib). Götürülmüş kreditlərin böyük əksəriyyəti Bakıxanov küçəsi, ev 42-də yerləşən 65 saylı mənzilin təmirinə, yenidən qurulmasına (kafel-metlax işi, qapıların yenilənməsi, parket işi, mətbəx mebeli, künc divanı və s.) və digər yaxşılaşdırılmasına xərclənmişdir. Beləliklə, məhkəmə nəzərə almalıdır ki, cavabdeh 2001-ci ildən etibarən 65 saylı mənzildə faktiki yaşamağa başlamışdır. 2004-cü ildən etibarən mənzildə daimi qeydiyyata düşməklə, mənzildən is tifadə hüququnu qazandığı üçün, 2005-2006-cı illərdə mənzilin özəlləşdirilməsi zamanı cavabdehin də razılığı alınmışdır. Mənzil özəlləşdirildikdən sonra, 65 saylı mənzilin təmir və bərpa işlərini icra etmək üçün, bütün kredit məbləğləri cavabdehin adına və cavabdeh tərəfindən götürülməklə, bütün götürülmüş kredit məbləğləri 65 saylı mənzilin yenidən qurulmasına və s. xərclənmişdir. Kredit cavabdeh tərəfindən götürülərək mənzilə xərcləndiyi üçün, cavabdehin bu xüsusi mülkiyyətdə olan mənzildə payı formalaşmışdır. Mənzildə istifadə hüququna malik olan şəxs kimi, eyni zamanda mənzilin təmir və bərpası məqsədilə həyat yoldaşının və onun anasının, yəni hazırkı iddiaçının razılığı əsasında götürdüyü kredit məbləğlərini evin təmir və yenidən qurulmasına xərcləndiyi üçün, mənzildə cavabdehin payı yaranmışdır. Məhkəmə işin bu hallarını nəzərə almayaraq, mənzilə olan istifadə hüququnu və mənzildə pay əldə etmək hüququnu nəzərə almamaq məqsədilə cavabdehin adına 2010-2022-ci illərdə götürülmüş kreditlərə hüquqi qiymət verilməmişdir (kredit ilə əlaqədar bütün sübutlar məhkəməyə təqdim edilib). Cavabdeh noyabr 2021-ci ildə Türkiyəyə uşaqlarının yanına getmişdir. Orada xəstəliyi ilə əlaqədar müalicə almışdır. Bakıya qayıtdıqdan sonra qapıları bağlayıb, açarları dəyişərək cavabdehi evə buraxmamışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan göründüyü kimi, cavabdeh Türkiyədə olan zaman, geyim əşyalarını yararsız hala salmaq və s. hərəkətlərinin edildiyi halda, Türkiyədən gələndən sonra cavabdehi məcburən evə buraxma mışlar. Hesab edir ki, məhkəmə qərar qəbul edərkən AR MM-nin 228-ci maddəsinin tətbiqi ilə əlaqədar AR KM-nin aşağıdakı qərarlarından irəli gələn hüquqi mövqeyi düzgün tətbiq etməmişdir. Aşağıdakı qərarların mövcudluğu məhkəməyə bildirilir: 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarı, 27 may 2008-ci il tarixli qərarı, 08 oktyabr 2013-cü il tarixli qərarı, 16 dekabr 2014-cü il tarixli qərarı, 29 mart 2016-cı il tarixli qərarı və 12 iyul 2016-cı il tarixli qərarlardan irəli gələn hüquqi mövqeyi və işin faktiki hallarını nəzərə almadan qanunsuz qərar qəbul edilmişdir. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqəda r yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. AR MM-nin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. AR MM-nin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ na xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə aşağıdakı norma müəyyən edilmişdir: Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd olunan normalar istifadə hüququnu istisna etmir. Hansı ki, cavabdehin mənzilin yaxşılaşdırılmasında və təmirində payı olmuşdur. Payın olması iş materiallarına əlavə edilmiş kredit müqavilələri ilə sübut olunur. Eyni zamanda X16un icraatında olan e-2(006)-284/2025 saylı digər iş üzrə cavabdehin bu iddiaçılardan evin təmiri ilə əlaqədar pul tələbinə dair işin halları ilə də məlum olur ki, evin təmir və yenidən qurulmasında iştirak və payı olmuşdur. Əslində hakim işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusunu müəyyən edərkən “yaşayış sahəsi üzərində mülkiyyət hüququ” ilə “yaşayış sahəsindən istifadə hüququ” arasında olan fərq nəzərə alınmalıdır.

20. Keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Nəzərə alınmalıdır ki, uşaqları 2018-ci ildən etibarən Türkiyədə təhsil aldığı üçün, onların qayğısına qalmaq zərurəti yarandığından, cavabdeh uşaqların yanına getmişdir. Oradan qayıtdıqdan sonra, 2022-ci ildə boşanma olmuşdu r. İlkin iddiaçı mənzili satıb, bütün vəsaiti özününküləşdirmək məqsədilə cavabdehin hüquqlarını pozaraq, cavabdehi evə buraxmır. Hansı ki, zamanında cavabdeh tərəfindən götürülmüş kredit vəsaiti hesabına ev yaxşılaşdırılıb. Həmin vaxt ilkin iddiaçı cavabdehlə hesablaşırdı. İndi mövqeyini dəyişmişdir. Məhkəmə məsələyə qiymət verərkən nəzərə almalıdır ki, ilkin iddiaçı evdə cavabdehin yaşadığını bilərəkdən əngəlləyir. Hansı ki, evin yenidənqurma və təmir işlərinə cavabdehin götürdüyü kredit məbləğlərini xərcləməklə evin yaxşılaşdırılmasında iştirakına görə, həmin evə münasibətdə həm də pay hüququ yaranmışdır. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair r azılığını nəzərə almalıdır. Bu normaları tətbiq edərkən Məhkəmə nəzərə almalıdır ki, evin təmir və yaxşılaşdırılması məqsədilə cavabdeh tərəfindən öz adına götürülmüş bank kreditləri evə xərclənib. Kredit məbləğləri evin yaxşılaşdırılmasına xərclənib. Cavabdeh 65 saylı mənzilin təmir və yaxşılaşmasına pul vəsaiti xərclədiyi üçün, mənzildə pay hüququ, həm də mənzilə münasibətdə istifadə hüququ olmuşdur. Belə olan halda 1-ci İnstansiya Məhkəməsində eyni hakimin icraatında, həm də e-2(006)-3237/2024 saylı pul tələbinə dair işin icraatda olması faktı, habelə istifadə hüququ olduğu halda, kompensasiya ödənilmədən cavabdehin istifadə hüququna xitam verilməsi qanunsuz olmuşdur.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2025-ci il tarixli 2(103)-1537/2025 nömrəli qətnaməsi il ə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006)3759/2024 nömrəli qətnaməsinin ilk iddianın təmin edilən hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsinə dair ilk iddia ərizəsinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(006)3759/2024 nömrəli qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət edilmişdir (hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə).

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi K.Cavabdeh mənzilə istifadə hüququnun yaranıb-y aranmamasını yoxlayarkən maddi hüquq normasını düzgün tətbiq etmədiyindən, ilk iddia tələbi üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, tərəflər arasında mənzillə bağlı hüquq münasibətlərinin hansı tarixdən yaranmasını, mübahisəli mənzilə dair ilk iddiaçının mülkiyyət hüquqlarının nə vaxt və hansı əsaslarla qeydə alınmasını müəyyən etmək lazım idi.

23. Mülki işdə olan sənədlərdən müəyyən olunur ki, Cavabdeh 2001-ci ildə dövlət mülkiyyətində olan mənzilə, kirayəçinin və onun ailə üzvünün razılığı ilə köçürüldüyündən, onun həmin mənzilə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən istifadə hüququ yaranmışdır.

24. Daha sonra mənzil özəlləşdirilərkən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun tələbləri nə əsasən, özəlləşdirmədə iştirak etmək hüququ olan şəxslərdən biri kimi Cavabdeh da, mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim hüququndan istifadə etmiş və mənzilin İddiaçı adına özəlləşdirilməsinə dair notarial qaydada təsdiq olunmuş razılıq ərizəsini təqdim etmişdir.

25. İlk iddia ərizəsi üzrə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilinə dair mülkiyyət hüquqları qeydə alındıqdan sonra da Cavabdeh mənzildə yaşamaqda davam etməklə qeyd olunan mənzil onun ailəsi ilə birlikdə daimi yaşayış yeri olmuşdur. Hazırda isə Cavabdeh mənzildən ona yaradılan maneələrə görə istifadə edə bilmir.

26. Kollegiya ilk iddia ərizəsi ilə bağlı belə nəticəyə gəlmişdir ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayıldığından, mü lkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçinin özü tərəfindən də pozulmaqdan müdafiə olunduğundan, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsi mümkün olduğundan, məhkəmə iclasında mənzilin mülkiyyətçisi olan İddiaçı mülkiyyətində olan mənzilə istifadə hüququ olan Cavabdeh istifadə hüququnun əvəzi olaraq kompensasiya təklifinin olmadığını bildirdiyindən, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilinə Cavabdeh istifadə hüququna xitam verilməsinə dair ilk iddia ərizəsi əsassız və qanunsuzdur, ona görə də təmin edilə bilməz.

27. Kollegiya qar şılıqlı iddia tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bu iddia tələbi üzrə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirib qeyd etmişdir ki, mənzilin İddiaçı adına özəlləşdirilməsinə könüllü razılığını verən Cavabdeh qarşılıqlı iddia ərizəsində qeyd etdiyi hallar onun Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 saylı evin 65 saylı mənzilində mülkiyyət hüququnun tanınmasına, payının müəyyən edilməsinə, payına görə təzminat verilməsinə əsas ola bilməz. Belə ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25, 43, 60-cı, Mülki Məcəllənin 158.1, 158.1.2, 158.2, 158.3, 158.4, 228.2-ci maddələrinə, xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanuna və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayətinin dəlilləri ilkin iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

31. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 29, 43-cü, xx.xx.2009-c u il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi 53cü maddəsinə və Mülki Prosessual Məcəllənin 1.3, 2.1, 9.1, 9.3, 14.1, 97, 102, 195.5, 217.1, 217.3, 217.4, 218.1, 386, 390-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Cavabdeh kassasiya şikayətinə etiraz verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2025-ci il tarixli 2(103)-1537/2025 nömrəli qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

33. Maddə

43. Mənzil hüququ. I.Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi

34. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

35. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadı nı (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanun

36. Maddə

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

37. Maddə

3. Mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərinbu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət.

38. Maddə

5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütü n ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

39. Maddə

12. Mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

40. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ;

41. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

42. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

43. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

44. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qi yməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər.

52. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən lə ğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

53. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri

54. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiy a instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Kassasiya şikayətində qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilib. Apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi də həmin hissə üzrə olub. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.

56. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəb ul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

59. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə ap ellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də, şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

60. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktını n maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında form alaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntuların ın mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).

61. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

63. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2025-ci il tarixli 2(103)1537/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar