Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2446/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipotekaya xitam verilməsi əsasları, kredit öhdəliyinə xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxs qismində X4, X9 və X8 cəlb edilməklə) qarşı “kredit öhdəliyinə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1217/2023 nömrəli, 2 fevral 2023-cü il tarixli qətnaməs indən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə "xxxx" ASC (bundan sonra – Bank və ya birinci cavabdeh) arasında bağlanmış xx.xx.2015-ci il tarixli 131 saylı kredit müqaviləsinə əsasən, borcalana mənzilin təmiri məqsədilə 120000 ABŞ dolları məbləğində kredit verilmiş və müqavilə üzrə öhdəliklərin icrasının təmini üsulu kimi həmin tarixli ipoteka müqaviləsinə əsasən, X3 məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr., 520-ci məhəllə, ev-19 ünvanında yerləşən dördmərtəbəli binanın birinci mərtəbəsindəki 38,6 kv.m qeyri yaşayış sahəsi və H.Cavid pr.19 saylı evin 47,0 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaq lı 16 saylı mənzil, X7 məxus H.Cavid pr.19 m-15 saylı mənzillər girov qoyulmuşdur.
2. Tərəflər arasında bağlanmış 01 dekabr 2005-ci il tarixli Kredit müqaviləsinə əsasən, cavabdehə mənzilin təmiri məqsədilə 50000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı olaraq həmin tarixli, ipoteka müqaviləsinə əsasən, cavabdehə məxsus Bakı şəhəri, 520 məhəllə H.Cavid pr., 19 saylı evin 49,0 kv.m yaşayış sahəsinbdən ibarət 3 (üç) otaqlı 20 saylı mənzil və X6 məxsus S.Mehmandarov küçəsi 19 №-li yaşayış evi 6 saylı mənzil girov qoyulmuşdur.
3. Tərəflər arasında bağlanmış 21 iyun 2006-cı il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə mənzilin təmiri məqsədilə 60000 ABŞ dolları məbləğində kredit verilmiş, kreditin təminatı olaraq həmin tarixli İpoteka müqaviləsinə əsasən X3 məxsus Bakı şəhər i, Binəqədi rayonu, Goradil kəndində yerləşən 1 və 2 mərtəbəli 9 otaqlı 602 nömrəli bağ evi ipotekaya qoyulmuşdur
4. Kredit müqavilələri üzrə öhdəliklərin icrası müddəti müvafiq olaraq 29 iyul 2006-cı ildə, 01 dekabr 2006-cı ildə və 21 iyun 2007-ci il tarixdə bitmişdir.
5. İddiaçı "xxxx" ASC-nin Nərimanov filialına ərizə ünvanlayaraq ərizəsində, bankın filialına aralarında kredit müqaviləsi bağlandığını, 220.000 ABŞ dolları məbləğində kredit ayrıldığını, kredit məbləğinin təminatı kimi qardaşının və anasının mülkiyyətində olan müxtəlif daşınmaz əmlakların ipoteka ilə yüklü edildiyini, ipoteka qoyulmuş əmlakların bir hissəsi, yəni ünvan 3 ünvanda yerləşən 15 saylı mənzil və Bakı şəhəri Binəqədi rayonu, Goradil bağlarında yerləşən 602 nömrəli bağ sahəsinin hələ də ipotekadan çıxarılmadığını bildirmiş, həmin əmlakların ipotekadan çıxarılması üçün zəruri sənədlərin verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər «Azərbaycan Respublikası Beynəlxalq Bankı» SKB-yə və «Azərbaycan Respublikası Beynəlxalq Bankı» SKB-nin Nərimanov filialına qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizələrlə məhkəməyə müraciət edərək, öhdəliyin müddətinin keçməsi ilə əlaqədar onunla "xxxx" ASC arasında bağlanmış 28 sentyabr 2005-ci il, 01 dekabr 2005-ci il və 21 iyun 2006-cı il tarixli kredit müqavilələri üzrə İddiaçı kredit öhdəliyinə xitam verilməsi, X4 və X9 ilə "xxxx" ASC arasında bağlanmış 28 sentyabr 2005-ci il, X8 ilə "xxxx" ASC arasında bağlanmış 01 dekabr 2005-ci il və X4 ilə "x xxx" ASC arasında bağlanmış 21 iyun 2006-cı il tarixli ipoteka öhdəliklərinə xitam verilməsi və ipoteka ilə yüklü edilmiş X5 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən 15 saylı mənzil və X1 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Goradil kəndində yerləşən 1 və 2 mərtəbəli 9 otaqlı 602 nömrəli bağ evinin ipotekasına xitam verilməsinə dair Azərbaycan Respublikası DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müvafiq arayışın verilməsi vəzifəsinin "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, götürdüyü krediti tam ödəmişdir və onun banka hazırda heç bir borcu yoxdur. Lakin bank əmlaklarının bir qismini ipotekadan azad etməkdən imtina edir. X2 məxsus olan ünva n 6 ünvanda yerləşən 15 saylı mənzil və anası X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağlarında yerləşən 602 nömrəli bağ hələ də ipoteka ilə yüklüdür. Banka dəfələrlə yazılı xəbərdarlıqlar etmişdir, lakin bu xəbərdarlığın heç bir əhəmiyyəti olmamışdır.
8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, müddətin keçməsi ilə bağlı öhdəliyə xitam verilməsi üçün tələb etmək hüququna malik olan şəxs, yəni bank müvafiq tələbi irəli sürməlidir. Belə ki, öhdəlik üzrə qanunla müəyyən olunmuş müddət keçdiyi halda da, tələb irəli sürülmədikdə öhdəlik qüvvədə qalmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 11 fevral 2022-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məc əlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.
9. X4, X9 və X8 üçüncü şəxs qismində işə cəlb edilmişlər.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-316/2022 nömrəli, 5 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Cəfərov) iddia təmin olunmuşdur.
11. Birinci instansiya məhkəməsi ilk öncə cavabdehin nümayəndəsinin mülahizəsinə münasibət bildirərək qeyd etmişdir ki, Mülki Məcəllənin öhdəliyə müddətin keçməsinə görə xitamına dair müddəalarının bu formada təfsiri kreditorlara müddəti keçmiş öhdəliklər üzrə məqsədyönlü olaraq müvafiq tələbi irəli sürməməyə və borcluların öhdəliklərinin qeyrimüəyyən müddətə qüvvədə qalmasına şərait yaradır ki, bu müddətin keçməsinə görə öhdəliyə xitam verilməsi institutunun məqsədinə və son nəticədə hüquqi müəyyənlik prinsipinə ziddir.
12. Məhkəmə daha sonra Mülki Məcəllənin 551-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddə ilə nəzərdə tutulmuş müddətlərin ötməsi faktı artıq özü özlüyündə borcluya öhdəliyinin icrasından imtina etmək hüququ verdiyindən, tələb etmək hüququna malik olan şəxsin tələbi olmadan da öhdəliyə xitam verilir.
13. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin icrası tarixi müvafiq olaraq 29 iyul 2006-cı ildə, 01 dekabr 2006-cı ildə və 21 iyun 2007-ci il tarixdə bitmiş və Mülki Məcəllənin 552.1-ci maddəsinə əsas ən öhdəliyə xitam verilməsi müddətin axımı müvafiq olaraq 30 iyul 2006-cı ildə, 02 dekabr 2006-cı ildə və 22 iyun 2007-ci il tarixdə tarixlərdən hesablanmaqla, Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş müddət müvafiq olaraq 30 iyul 2016-cı ildə, 02 dekabr 2016-cı ildə və 22 iyun 2017-ci il tarixdə tamamlanmış, iddiaçı isə hazırki iddia ilə 23 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
14. Bu səbəbdən, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyə müddətin keçməsi ilə xitam verilməli; əsas öhdəliyə xitam verildiyindən Mülki Məcəllənin 554.3-cü və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinə əsasən əlavə öhdəlik olan "xxxx" ASC ilə X4 və X9 arasında bağlanmış ipoteka öhdəliklərinə də xitam verilməli və qeyd olunan Qanunun 48.2-ci maddəsinə əsasən ipoteka saxlayan üzərinə ipotekaya xitam verilməsi barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə verilməsi vəzifəsi qoyulmalıdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 527.1, 550, 551.1, 552.1, 554.1, 554.3-cü maddələrinə, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2, 48.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, qanunverici borc müqaviləsi üzrə iddia müddətinin keçməsini ipotekaya xitam verən hallar sırasına daxil etməmişdir. Kon stitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2- ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Məhkəmə düzgün araşdırma aparmadan, səhv nəticəyə gələrək, tərəflərindən təqdim edilmiş sübutları ümumiyyətlə tədqiq etməmiş, qətnamə qəbul edilərkən yalnız iddiaçının iddia ərizəsinə əsaslanmışdır.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – ape llyasiya instansiyası məhkəməsi) 2(103)-1217/2023 nömrəli, 2 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və C.Musayeva) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.
20. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Mü lki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarında göstərilir ki, həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Burada bəhs edilən həmin müddət Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulmuş müddət deyil, həmin Məcəllənin 375.2-ci maddəsi ilə nəzərdə tutulmuş iddia müddətidir.
21. Bu müddətlər hüquqi təbiətinə görə fərqli olmaqla, onların ötürülməsi də fərqli hüquqi nəticələrə səbəb olur.
22. Məhkəmə kollegiyası Mü lki Məcəllənin 375.2, 550, 551, 554.1-ci, “İpoteka Haqqında” Qanunun 48.1.2-ci maddələrinə və Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, öhdəlik üzrə tələb hüququnun ötürülməsi borcluya bu əsasla öhdəliyə xitam verilməsini tələb etmək hüququ verir və bu hüquq müstəqil təbiətə malik olmaqla, onu həyata keçirmək üçün kreditorun öhdəliyin icrasını tələb etməsinə ehtiyac yoxdur. Bu da onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış və hazırkı iddianın predmeti olan hər 3 müqavilə üzrə Mülki Məcəllənin 551.1-ci maddəsi ilə nəzərdə tutulmuş tələb etmək hüququ 2016 və 2017-ci illərdə başa çatdığından, həmin müqavilələr üzrə öhdəliklərə də xitam verilmişdir.
23. Belə olan halda, birinci instansiya məhkəməs inin həmin kredit müqavilələrinin təminatı olaraq bağlanmış ipoteka müqavilələrinə də xitam verilməli olması ilə bağlı gəldiyi nəticə də düzgün olmuşdur. Göstərilənlərə əsasən, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə iddiaçının borcunun olması da iş materialları ilə sübuta yetmir. Belə ki, cavabdeh borcun olmasına dair yalnız maliyyə arayışları təqdim etmişdir. Həmin maliyyə arayışlarından görünür ki, iddiaçının cavabdeh Bankdan götürdüyü kreditlərə görə, xx.xx.2005-ci il tarixli müqavilə üzrə 200 ABŞ dolları əsas borcu, 33.428,29 ABŞ dolları faiz borcu, xx.xx.2005-ci il tarixli müqavilə üzrə 200 ABŞ dolları əsas, 18.490,23 ABŞ dolları faiz borc u, xx.xx.2006-cı il tarixli müqavilə üzrə 200 ABŞ dolları, 21.038 ABŞ dolları faiz borcunun olduğu göstərilmişdir.
25. İddiaçı isə onun banka borcunun olmadığını, bütün borcunu artıqlaması ilə qaytardığını, buna dair maliyyə sənədlərini isə onun yaşadığı mənzildə yanğın baş verməsi səbəbi ilə məhv olduğundan məhkəməyə təqdim edə bilmədiyini göstərmişdir (iddiaçının mənzilində yanğın baş verməsinə dair arayış təqdim edilmişdir).
26. Birinci instansiya məhkəməsi tərəfindən borcun olub olmadığını müəyyən etmək üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də, zəruri maliyyə sənədlərinin (kassa mədaxil məxaric orderləri, cari, faiz, cərimə hesablarından çıxarışlar və s.) təqdim edilməsinə dair ekspertin vəsatəti təmin edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumatın məzmunundan bu nəticəyə gəlmək olur ki, qeyd edilən kredit müqavilələri üzrə iddiaçının borcunun olması yalnız göstərilən maliyyə sənədlərinin əsasında müəyyən edilə bilər.
27. Kollegiya hesab etmişdir ki, tərəflər arasında yaranmış münasibətlərin xarakterinə görə (maliyyə sənədlərinin bank tərəfindən tərtib edilməsi, aparılmış ödənişlərdən borc üzrə silinmələrin aparılması və s.) həmin sənədlərin təqdim edilməsi öhdəliyi cavabdeh bankın üzərinə düşür. Lakin cavabdeh bank həmin sənədləri məhkəməyə təqdim edə bilməmiş, yalnız heç bir ciddi maliyyə sənədi ilə təsdiq olunmayan borc məbləğinə dair rəqəmlərin əks olunduğu maliyyə arayışlarını tərtib etməklə kifayətlənmişdir. Bu səbəbdən iddiaçının göstərilən məbləğdə borcunun hansı səbəbdən və hansı əsasla yarandığının yaranmasını müəyyən etmək mümkün olmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
29. Şikayət, iddia ərizəsinə etiraz və apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, “İpoteka haqqında” Qanunun 48.1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88, 269, 372.6,-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına və Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan RespublikasıMülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli Qərarına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
32. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilə də nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
33. Maddə
550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
34. Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
35. Maddə 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.
36. Maddə 554.1. müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
37. Maddə 554.3. əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair t ələb də müddətin keçməsinə görə qüvvəsini itirir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
38. Maddə 48.1.2. Əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir.
39. Maddə 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il t arixli Qərarı
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflər in qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası iş materiallarını, kassasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
50. Belə ki, məhkəmələr iddianı tə min edərkən iddiaçının cavabdehin qarşısında olan öhdəliyinə müddətinin keçməsi əsası ilə xitam verilməsi ilə əsaslandırmışlar. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, əgər əsas öhdəliyin özünə müddətin keçməsinə görə xitam verilmişdirsə, ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.
51. Lakin apellyasiya məhkəməsi qətnaməsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarına istinad etsə də, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında ifadə etdiyi hüquqi mövqeyi tam nəzərə almamışdır.
52. Belə ki, Konstitusiya Məhkəməsi qeyd olunan qərarında vurğulamışdır ki, “... əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır.”
53. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam e dir.
54. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qətnaməsindən sonra olsa da, Konstitusiya Məhkəməsinin Plenumunun müddətin keçməsinə görə öhdəliyin xitamına dair mülki qanunvericiliyinin müddəalarının hüquqi təbiətinin izahı barədə qərarı qəbul edilmiş və hazırda həmin qərarda irəli sürülən mövqe də nəzərə alınmalıdır.
55. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60- cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 15 fevral 2023-cü il tarixli qərarında belə qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhd əliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar.
56. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir.
57. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarı ilə Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilən öhdəliyə xitam müd dətlərinin mahiyyət etibarı ilə iddia müddəti olması izah olunmuşdur. İddia müddətinin keçməsi, o cümlədən bu müddətin məhkəmə tərəfindən tətbiq edilməsi isə kredit müqaviləsi üzrə öhdəliyinin ipoteka təminatının xitam verilməsi üçün əsas deyildir.
58. Beləliklə, məhkəmənin qənaətinə görə, apellyasiya məhkəməsi ilk iddianın təmin edilməsi üçün Mülki Məcəllənin 550, 551.1, 554.3-cü maddələrinə istinad etsə də, qanunun həmin normalarını səhv təfsir etmişdir. Belə ki, ipoteka hüququ müddətsiz xarakter daşıdığından, öhdəliyə xitam müddətləri isə mahiyyət etibarı ilə iddia müddəti hesab olunduğundan, bu müddətlərin keçməsi ipotekaya xitam üçün əsas kimi qəbul olunmamalıdır.
59. Odur ki, apellyasiya məhkəməsi tərəfindən iddia təmin edilərkən, maddi hüquq normaları pozulduğu üçün qətnamə ləğv e dilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının “02” “fevral 2023-cü il tarixli 2(103)-1217/2023 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.