Məhkəmə qərarları › İş №2(102)-2447/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2447/2022

17.05.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2447/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu, (sədrlik edən və məruzəçi), X1, Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC və Cavabdeh2nə qarşı “hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1155/2021 nömrəli, 11 fevral 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Lənkəran Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli, 2(049)- 422/2019 nömrəli qətnaməsi ilə iddiaçı “YYY-nin cavabdeh FFF Holding’" MMC və İddiaçı qarşı iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən Cavabdeh3 ASC-nin xeyrinə 01 may 2013-cü il tarixli 7080/SKMF №-li kredit müqaviləsi üzrə əsas borc 1.395.116,12 manat, faiz borcu 237.292,39 manat, cərimə 115.704,50 manat olmaqla, cəmi 1.748.113,01 manat kredit borcunun və 02 aprel 2015-ci il tarixli, 7080 B №li kredit müqaviləsi üzrə əsas borc 675.000 manat, faiz borcu 59.175 manat, cərimə borcu 29.654 manat olmaqla, cəmi 763.829 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus, Lənkəran rayonun Digah kəndində olan 0,68 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasına, emal-sexinə yönəldilməsi, həmin mənzilin hərracda ilkin satış qiymətinin 1.591.000 manat müəyyənləşdirilməklə, açıq hərrac yolu ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh "xxxx" MMC-nin banka olan borcunun ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması qət edilmişdir.

2. Qətnamə icraya yönəldilmiş, icra məmuru xx.xx.2019-cu il tarixli məktubla hərracın keçirilməsini "xxxx" MMC-nə sifariş vermişdir. 3. "xxxx" MMC tərəfindən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixdə hərraclar keçirilmiş, hərracın yekunları barədə 29 noyabr 2019-c u il tarixdə 76/01 saylı protokol tərtib olunmaqla, "xxxx" ASC əmlakı qəbul etmişdir.

4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli, 2(106)406/20 nömrəli qətnaməsi ilə Lənkaran Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(3691)-3691/2020 tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər "xxxx" MMC, Cavabdeh3 ASC və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu, Digah kəndində yerləşən 0.68 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binasına və emal sexinin “YYY tərəfindən öz balansına keçirilməsi barədə hərracın nəticələrinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran Rayon Məhkəməsinin 29 mart 2019cu il tarixli, 2(049)-422/2019 saylı qətnaməsi İddiaçı 04 oktyabr 2019-cu ildə rəsmi qaydada verilmiş və 04 noyabr 2019-cu ildə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi üçün apellyasiya şikayəti Lənkəran Rayon Məhkəməsinin dəftərxanasına rəsmi təqdim olunmuşdur. İddiaçı tərəf qətnamənin icrasını və hərracın dayandırılması barədə qərar qəbul edilməsi və bu barədə onlara rəsmi məlumat verilməsi barədə icra məmuruna 06 noyabr 2019-cu il tarixli, 1042 saylı məktub göndərmişdir. Məktubdan sonra 02 dek abr 2019-cu il tarixdə hərracın dayandırılması barədə rəsmi məlumat vermişdir. Lənkəran Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsindən verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsi 14 yanvar 2020-ci il tarixdə baxılacaqdı. Lakin ona məlum olmuşdur ki, 29 noyabr 2019-cu il tarixdə heç bir rəsmi məlumat vermədən 2-ci hərrac keçirilmişdir. Bununla əlaqədar olaraq təkrarən rəsmi müraciət olunmuş, 03 fevral 2020-ci il tarixdə 309 saylı məktubla 14 vərəqədən ibarət hərracla bağlı sənədlərin surətlərini iddiaçıya göndərilməsi və həmin sənədlərə əsasən, 29 noyabr 2019-cu il tarixdə 1501 saylı məktubla "xxxx" ASC-yə ipoteka predmetinin əldə olunmasına dair təklif olunmuş və təkrarən cavabdeh Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə sorğu verilərək aradan 2 aydan ar tıq vaxt keçməsinə baxmayaraq cavabdeh "MuğanBank” ASC-nin təklifə münasibəti soruşulmuş, 07 fevral 2020-ci il tarixdə 364 saylı məktubla bildirilmişdir ki, Lənkəran rayonu, Digah kəndində yerləşən qeyri-yaşayış binası üzrə hərrac keçirilmiş və Cavabdeh3 ASC əmlakı öz balansına keçirmişdir.

8. Cavabdeh3 ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, hərracı keçirən təşkilat hərraca dair bildirişləri iddiaçının qeydiyyatda olduğu ünvana qanuni şəkildə göndərmişdir. Eyni zamanda “Kaspi” qəzetində hərraca dair elan çıxmışdır. Lənkəran Rayon Məhkəməsinin qətnaməsindən apelyasiya və kassasiya şikayətləri verilsə də, təmin edilməmişdir. Hərrac qanuni keçirilmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 2(005)2757/2021 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia rədd edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, qəzetlərdə elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borclulara əmlakın hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Cavabdeh3 ASC-yə təklif olunmuş, tələbkar isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür.

11. Məhkəmə hesab etmişdir ki, ipoteka ilə yüklü edilmi ş İddiaçı məxsus olan Lənkəran rayon, Digah kəndində yerləşən qeyri-yaşayış binası və emal sexi (0,68 ha torpaq sahəsi ilə birlikdə) “İcra haqqında” Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Qanunun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə tələbkara təklif edilmişdir.

12. Məhkəmə iddiaçının əsas gətirdiyi qeyri-yaşayış binası və emal sexi (0,68 ha torpaq sahəsi ilə birlikdə) ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə onlara məlumat verməməsini, hərracın onların xəbəri və iştirakı olmadan keçirilməsi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, hərrac təşkilatı tərəflərə icra sənədi üzrə borclu və tələbkara təqdim etdikləri rəsmi ünvan üzrə bir neçə dəfə rəsmi qaydada xəbərnamə li bildirişlər göndərmiş, qeyd olunan poçt göndərişləri ilə bağlı xəbərnamələr məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş, nəticədə ipoteka predmeti olan daşınmaz əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkara təklif olunmuşdur. Məhkəmə iclasında tərəflərin təqdim etdikləri sübutlarla və verdikləri izahatlardan da məlum olmuşdur ki, qeyd edilən ipoteka predmeti ilə bağlı keçirilmiş hərracdan iddiaçının məlumatı olmuşdur.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsində qeydiyyatda olduğu ünvanını ünvan 1 edilmiş poçt göndərişləri ilə bağlı xəbərnamələr də göstərilən ünvana göndərilmişdir.

14. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə istinad edilərək onunla əsaslandırmışdır ki, cavabdehlərin kobud qanun pozuntusu nəticəsində hərrac keçirilmişdir. Cavabdehlər Şirvan Apelyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarını gözləmədən hərrac keçirtmişlər. 29 noyabr 2019-cu ildə cavabdeh hərrac mərkəzi tərəfindən banka 30 təqvim günü ərzində ipoteka predmetini əldə ettmək üçün təklif göndərsə də cavabdeh guya 2 ay 5 gündən sonra hərracın predmeti olan əmlakı ələ keçirtmişdir. Bununla da “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinin tələbləri pozulmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 fevral 2021-ci il tarixli, 2(103)1155/21 nömrəli qətnaməsi ilə (hakimlər T.S.Səmədov (sədrlik edən və m əruzəçi), İ.S.Şirinov və A.V.Tanrıverdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı Cavabdeh3 ASC etiraz göndərmiş, apellyasiya instansiyası məhkəmə sinin işin müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəldiyini, maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verildiyini bildirmişdir. Prosessual məsələlər

20. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

21. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

23. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və h ərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

24. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

25. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

26. Maddə 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olu nur.

27. Maddə 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

28. Maddə 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

29. Maddə 7.1.6. İcra sənədində məhkəmə və ya digər orqanın qərarının qüvvəyə mindiyi vaxt göstərilməlidir.

30. Maddəı 8.1. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.

31. Maddə 9.1. İcra məmuru bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan icra sənədini onun daxil olduğu vaxtdan ən geci üç gün müddətində icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarır və bu barədə müvafiq qərar qəbul edir.

32. Maddə 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Kassasiya baxışının hədləri

36. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

37. Prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayət inin dəlilləri apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini ehtiva etdiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün göndərilməlidir.

41. Belə ki, iş materiallarından göründüyü kimi Lənkaran Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli, 2(106)-406/20 nömrəli qətnaməsi ilə təmin olunmamışdır.

42. Bundan sonra iddiaçı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir və Azər baycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(3691)3691/2020 tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır.

43. MPM-nin 233.1-ci maddəsinə görə, bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

44. MPM-nin 234.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.

45. MPM-nin 234.2-ci maddəsində dərhal icra edilməli olan qətnamələr kimi şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınmas ı haqqında qətnamələr, habelə məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələrdən bəhs olunur.

46. Bu normaların “İcra haqqında” Qanunun 8.1 və 9.1-ci maddələri ilə ümumiləşdirilmiş təhlilindən o nəticə hasil olur ki, məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunmalıdır. Qətnamənin icra edilməsi üçün onun qanuni qüvvəyə minməsi əsas şərtdir. Qanuni qüvvəyə minməmiş qətnamənin icra olunması yolverilməzdir. Hazırda baxılan işdən görünür ki, Lənkaran Rayon Məhkəməsinin 29 mart 2019-cu il tarixli qətnaməsi apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən icraya yönəldilmişdir.

47. Bundan başqa, hərrac təşkilatına sifarişin “İcra haqqında” qanunun tələblərinə uyğun tərtib olunması barədə tələb (“İcra haqqında” Qanunun 41.3-cü maddəsi) də, sifariş verilənədək zəruri qaydalara riayət olunmasını, yəni qətnamənin qanuni qüvvəyə mindikdən sonra sifarişin verilməsini ehtiva edir.

48. İşə baxmış məhkəmə bu halları nəzərə almamış, qətnamənin hansı tarixdə icraya yönəldilməsi, hansı tarixdə apellyasiya şikayəti verilməsi, əgər qətnamə icraya yönəldildikdən sonra apellyasiya şikayəti verilmişdirsə, o halda nəyə görə icra sənədi üzrə icraatın dayandırılması barədə tədbirlər görülmədiyi araşdırılmamışdır. Bu halları iş materialları ilə də müəyyən etmək mümkün deyildir.

49. İddiaçı aşağı instansiyası məhkəmələrində qətnamənin qanuni qüvvəyə minmədiyi halda qətnamənin icra olunduğuna istinad etməklə hərracın nəticələrinin qanunsuz olduğunu bildirsə də, məhkəmələr bu dəlilə qiymət verməmişdir.

50. Məhkəmə kollegiya sı qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).

51. Bundan başqa, hərracın keçirildiyi tarixlər barədə tərəflərə bildirişlərin göndərilməsi haqqın da məhkəmələrin mövqeyi, hazırki işin hallarında, iddianın rədd olunması üçün birmənalı əsas sayılmır. Çünki mülki işin 38-39-cu səhifələrində olan xx.xx.2018-ci il tarixli etibarnamələrin surətlərindən görünür ki, iddiaçı həmin etibarnaməni Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində vermişdir və etibarnamə müddəti xx.xx.2023-cü ilədək müəyyən olunmuşdur. Hərrac keçirilən zaman iddiaçının həbsdə olması və ya qeydiyyatda olduğu ünvanda yaşaması iş materiallarından müəyyən olunmur. Halbuki, bu hal, hərracın keçirilməsi barədə məlumatlandırmanın müəyyən edilməsi və bu baxımdan iddianın düzgün həlli üçün əhəmiyyətlidir.

52. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1155/2021 nömrəli, 11 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar