Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2467/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı QSC-nin törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” MMC Cavabdeh: Cavabdeh İddia tələbi: borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ekspertizanın təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020- ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 07 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, sonuncuya 60 ay müddətinə illik 18 faiz olmaq şərtilə 24.735 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə bağlanmış ipoteka müqaviləsi ilə Cavabdeh xüsusi mülkiyyət hüququ ilə özünə məxsus “CHRYSLER 200-minik” markalı avtomobili ipoteka ilə yüklü edərək, bankın tələb hüququna təminat vermişdir. Birinci instansiya məhkəməsində icraat 31 oktyabr 2019-cu il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı-onun adından çıxış edən törəmə müəssisəsi olan “X2 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 2013-cü il tarixli, 01027 nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 18.937 ABŞ dolları, faiz üzrə 5.832 ABŞ dolları olmaqla, ümumilikdə 24.770 ABŞ dolları məbləğində kredit borcunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi; kredit borcunun cavabdehin mülkiyyətində “CHRYSLER 200 minik” markalı avtomobilə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub İddiaçı QSC-nin hesabına ödənilm əsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-5044/2019 saylı iş üzrə 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia təmin edilmiş, cavabdehdən 11.06.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 18.937 ABŞ dolları, faiz üzrə 5.832 ABŞ dolları olmaqla, ümumilikdə 24.770 ABŞ dolları kredit borcunun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın borc öhdəliyinin təminatı kimi bank qarşısında girov ilə yüklü edilmiş “CHRYSLER 200-minik” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac yolu ilə realizə edilməsi, onun satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsa iti qalarsa, həmin vəsaitin cavabdehə verilməsi, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə isə qalıq borc məbləğinin cavabdehdən tutulub iddiaçının hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, cavabdeh aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə girovun q iymətini və borcun məbləğini dəqiqləşdirmədən, yəni müvafiq ekspertiza təyin etmədən qətnamə qəbul etmişdir. Qanuna əsasən, girov qoyulmuş ipoteka predmetinin qiyməti ya tərəflərin razılaşması əsasında, ya da müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmçinin, iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etmə barədə qərar çıxarması üçün əsasdır və Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə, əlavə tələblər üzrə də iddia müddəti keçir. Bundan başqa, iddiaçı həmin tələblə bağlı ilk dəfə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən iddia ərizəsində göstərilən uyğunsuzluğa görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı işin faktiki hallarına heç bir dəyişiklik etmədən əvvəlki qaydada eyni predmetlə və eyni tərəfə qarşı təkrar məh kəməyə müraciət etmiş, bununla da, MPM-in tələblərini kobud şəkildə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2773/2020 nömrəli iş üzrə 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Şirinov, V.N.Sadıqov, R.Ə.Eyvazov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan “CHRYSLER 200-minik” markalı avtomobilin ilkin satış qiymətinin 13.500 manat müəyyən edilməsi qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh apelyasiya şikayətində borcun düzgün hesablanmadığına və məhkəmə tərəfindən də dəqiqləşdirilməməsinə istinad etsə də, həmin məbləğin düzgünlüyünə şübhə yaradan və iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsini zəruri edən hallara d air mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində bu barədə vəsatət qaldırmasına və ya bunun onun iradəsindən asılı olmayan səbəbdən mümkün olmamasına dair iş materiallarında məlumat yoxdur. Bu səbəbdən, iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsi üçün əsas mövcud deyil. Eyni zamanda, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə versə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia müddəti ötürülməmişdir. Hazırkı işdə tərəflər arasındakı münasibətlər 11.06.2013-cü il tarixli borc müqaviləsindən irəli gəldiyi üçün tələbə üç illik iddia müddəti şamil edilir. Bununla belə, müqavilə xarakterli öhdəliklərdən irəli gələn tələblərin qanuni həlli baxımdan iddia müddətinin axımının başlanmasının müəyyənləşdirilməsi mühüm ə həmiyyət kəsb edir. Baxılan işdə iddia müddətinin axımı borc müqaviləsinin müddətinin başa çatdığı 11.06.2018-ci il tarixdən başlanır. Bu halda, həmin müqavilədən irəli gələn tələblər üzrə məhkəmədə iddia qaldırılmasının son tarixi 11.06.2021-ci il hesab olunur. İddiaçı isə 31.10.2019-cu il tarixdə iddia ərizəsi verməklə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürməmişdir. Bununla bərabər, apellyasiya məhkəməsi, apelyasiya şikayətini məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində əsaslı hesab etməklə göstərmişdir ki, tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı razılıq əldə edilməmiş, eyni zamanda birinci instansiya məhkəməsi də, ipoteka ilə yüklü edilmiş avtomobilin açıq hərrac vasitəsilə satışını müəyyən etsə də, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən ipoteka predmetinin bazar dəyərinin müəyyən edilməsi məqsədilə alınmış qiymətləndirmə rəyinə əsasən, “CHRYSLER 200-minik” markalı avtomolibin 2020-ci ilin oktyabr ayına olan bazar dəyəri 13.500 manat təşkil edir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə ko llegiyası iclasında iddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin i crasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunıı ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipot eka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq nor maları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kol legiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2467/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2467/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver