Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2482/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və sair” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(103)-2277/2025 nömrəli iş üzrə 26 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayətinə 27 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2023-cü il tarixdə Sərnişin Daşımaları Departamenti İstismar Xidmətində təchizat sexinə hərəkət heyətinin yuyucu və təmizləyici vəzifəsinə qəbul edilmiş və iddiaçının öz xahişi əsasında "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Əmr departament rəisinin müavini, rəis vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bir inci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı əmrin ləğvi, işə bərpa və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun öz xahişi ilə işdən çıxma ərizəsinin etibarsız hesab edilməsi; cavabdeh "xxxx" QSC-nin struktur bölməsi olan sərnişin daşımaları departamentinin rəisinin müavininin xx.xx.2024-cü il tarixli 13-1-19/3-105611/2024 nömrəli əmrinin ləğv edilməsi; onun "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin təchizat sexinə hərəkət heyətinin yuyucu-təmizləyicisi vəzifəsinə bərpa edilməsi; qanunsuz işdən çıxarıldığına görə, işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq cavabdeh "xxxx" QSC tərəfindən ona ödənilməsi; 60 manat mediasiy a xərcinin cavabdeh "xxxx" QSC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" QSC-nin struktur bölməsi olan sərnişin daşımaları departamentinin rəisinin müavininin xx.xx.2024-cü il tarixli 13-1-19/3-10-5611/2024 saylı əmri ilə "xxxx" QSC-nin Sərnişin daşımaları departamentinin təchizat sexinə hərəkət heyətinin yuyucu-təmizləyicisi vəzifəsindən xx.xx.2024-cü il tarixdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Cavabdeh "xxxx" QSC-nin struktur bölməsi olan sərnişin daşımaları departamentinin rəisinin müavini xx.xx.2024-cü il tarixli 13-1-19/3-10-5611/2024 nömrəli əmrini «İddiaçı ərizəsi» ilə əsaslandırmışdır. O, əmri qanunsuz və əsassız hesab edir. Belə ki, o, 2014-cü ildən cavabdeh "xxxx" QSC-nin müxtəlif struktur bölmələrində işləmiş, əmək funksiyalarını əmək müqaviləsinə uyğun şəkildə yerinə yetirmişdir. Lakin son dövrdə departamentinin rəhbər işçiləri dəyişdikdən sonra ona əsassız olaraq iş yerini dəyişməyi təklif edilmiş, işdən çıxmaq barədə təzyiqlər edilməyə başlanılmışdır. Sonra isə departamentin rəhbər işçiləri onu aldadaraq ona işdən çıxma barədə ərizə yazmağı təklif etmiş, bunun guya formal olmasını bildirmiş, 1 aydan sonra onu "xxxx" QSC-də başqa işlə təmin edəcəklərinə söz vermişlər. O, departamentin nümayəndələrinin sözlərinə inanaraq həmin ərizəni vermiş, amma onun barəsində guya öz ərizəsinə əsasən işdən çıxması barədə xx.xx.2024-cü il tarixli əmr imzalandığını öyrənmişdir, halbuki, onun öz xahişi ilə işdən çıxmasına dair heç bir istəyi, fikr i olmamışdır. Bundan sonra dəfələrlə "xxxx" QSC-nin rəhbərliyinə şikayət etsə də, bunun heç bir nəticəsi olmamış, o, işə bərpa edilməmişdir. Beləliklə, cavabdeh onu faktiki olaraq aldadaraq, ona iradəsi əleyhinə, guya öz xahişi ilə işdən çıxma ərizəsi yazdırılmış, 1 ay keçdikdən sonra isə qanunsuz olaraq işdən çıxarılmışdır. Bundan başqa, cavabdeh "xxxx" QSC-nin struktur bölməsi olan sərnişin daşımaları departamentinin rəisinin müavininin onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 13-1-19/3-10-5611/2024 saylı əmrini imzalamaq səlahiyyəti də olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müra ciət edə bilər. Əmək mübahisəsinin həll edilməsi üçün mediasiya təşkilatına müraciət edilmişdir, müvafiq arayış alınmışdır.
4. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək göstərmişdir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəyə əsasən iddiaçı xx.xx.2024-cü il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Bundan sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilmişdir. Əmr tam qanuni və əsaslıdır. Həmçinin, iddiaçı aldadılaraq işdən çıxma barədə ərizə yazdığını bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkilinin) vəsatəti ilə dindiri lmiş Şahid3 öz izahatında bildirmişdir ki, 2013-cü ildən pandemiyaya qədər 37 və 38-ci qərargah vaqonlarında bələdçi işləmişdir. İşlərinin öhdəsindən uğurla gəlmişdir. Həmişə nümunəvi işçi olmuşdur. Onları yəni, Sütunla onu aldadaraq çağırmışlar. Emil Qafanlı onların bilavasitə rəhbərləridir və rəhbər olan gündən yuxarı rəhbərliyin onlarla işləmək istəmədiklərini bildirmişdir. Emil Qafanlı onları müqavilənin uzadılması bəhanəsi ilə kadrlar şöbəsinə getmələrini bildirmişdir. Asim müəllim onları qəbul etdi. Ona dedi ki, Emil və Azər müəllim deyib ki, onlardan narazıdır və onlarla işləmək istəmirlər. Bu səbəbdən yoxlama məqsədi ilə 1 aylıq müqavilə uzadılacaq və müddət bitəndən sonra onların məsələsinə baxılacaq. Ərizəni yazmağa məcbur etdi və bildirdi ki, ərizəni yazıb imzalamasalar maddə il ə işdən çıxarılacaqlar. Ərizəni yazıb imzalamışlar və ərizənin məzmunu ilə tanış deyillər. Həmçinin bildirmişdir ki, 2020-də vəzifəsi ixtisara düşdü. Daha sonra DOST agentliyi onları yuyucu-təmizləyici vəzifəsində ADY-də işlə təmin etdi. Bir müddət o vəzifədə işləmişlər. Son vaxtlarda yeni işçilər qəbul edilmişdi, yeni işçilər hətta qapıların necə açılıbbağlanmasını belə bilmirdilər, yeni işçilərə işi Sütunla birlikdə öyrədib. Hətta, müqavilənin 23 avqustda bitməsinə baxmayaraq 24 avqustda da onları işlətmişdilər. Sonrakı gün səhər onlara zəng edib dedilər ki, işdən çıxarılıblar, daha gəlməsinlər. O da, Sütun da bunu bilən kimi mediasiyaya müraciət etmişlər. Lakin Sütundan fərqli olaraq o, daha sonra bu məsələni məhkəmədə mübahisələndirməmişdir. Heç bir səhvi olmadan eyni vaxtda çıxarılmış lar, Emil Qafanlı onları aldatmışdır, onun da Sütunun da heç vaxt işdən çıxmaq niyyəti olmamışdır.
6. Məhkəmə iclasında cavabdehin vəsatətinə əsasən dindirilmiş Şahid2 öz izahatında bildirmişdir ki, "xxxx" QSC-nin Sərnişin Daşımaları Departamentində hüquq məsləhətçisi vəzifəsində çalışır. Sütun xanımı cəmi 1 dəfə görüb. Onu işə götürən də, müqaviləsinə xitam verən də rəhbər X1r. Sütun xanımı qəbul edəndə müəyyən etdi ki, öz ərizəsi ilə işdən çıxmaq istəyir. Məsləhət gördü ki, rəhbərin yanına getsin. Orada ifadə verdi ki, iş yükü ağırdır və çatdıra bilmir. Sütun xanım 24 iyulda ərizəsini yazdı. Ona izah etmişdir ki, əgər tarixi bu günə qoysa onunla bu gün sağollaşacaqlar. Bu səbəbdən məsləhət görmüşdür ki, tarixi 1 ay sonraya yəni, 24 avqust qeyd etsin. Vaxtı çatanda əmr verildi və bununla bağlı sistemdə müvafiq düzəlişləri etmişdir. Xatırladığı qədəri ilə, Sütun xanım özü gəlmişdi. Onu heç kəs yönləndirməmişdir. Ərizəni insan resurslarında yazıb. Ərizəni özü öz xətti ilə yazmış və öz imzası ilə imzalamışdır.
7. Məhkəmə iclasında cavabdehin vəsatətinə əsasən dindirilmiş Şahid1 öz izahatında bildirmişdir ki, "xxxx" QSC-nin İnsan Resursları şöbəsində rəis müavini vəzifəsində çalışır. Sütun xanım xx.xx.2013-cü il tarixdə işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, 1 ay sonra müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Həmin tarixdən sonra onlara ərizəni geri götürməsi barədə məlumat daxil olmamış və əmək müqaviləsinə xitam verilmişdir. Sütun xanım xx.xx.2024-cü il tarixdə şöbəyə yaxınlaşaraq bildirmişdir ki, müqaviləsinə xitam verilsin. Prosedur belədir ki, ərizə verilir və hüquq şöbəsi ilə məsləhətləşdirildikdən sonra xitam verilir. Asim müəllimlə məsləhət olunduqdan sonra məlum oldu ki, heç bir qanun pozuntusu yoxdur və müqaviləsinə xitam verildi. Ona ərizədə xitamı bir ay sonra üçün qeyd etməsi barədə heç bir təklif, tövsiyə və ya məsləhət olunmayıb. Öz iradəsi ilə ərizəni o formada yazaraq işdən çıxıb. Ona blank verilmişdir ki, ərizədəki müvafiq yerləri doldurub imza çəksin. 2020-ci ildə bəzi vəzifələr ixtisar edildikdən sonra DOST agentliyi ilə müqavilə bağlanmışdır. Sütun xanımı da DOST agentliyi ADY-yə bərpa etmişdir. Həmçinin, əvvəlki dövrdə yoxlamalar aparılmış və şöbəyə təqdimat daxil olmuşdur ki, təmizlik işlərində bəzi problemlər var. Bununla bağlı Sütun xanıma xəbərdarlıq edilmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhk əməsinin (hakim V.V.Musayeva) xx.xx.2024-cü il tarixli e-2(006)-5295/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı öz xahişi ilə işdən çıxma barədə xx.xx.2024-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, İddiaçı işdən azad olunması barədə "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 13-1-19/3-105611/2024 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" QSC-də Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Təchizat sexinin Hərəkət heyətinin yuyucutəmizləyicisi vəzifəsinə işə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq İddiaçı ödənilməsinin "xxxx" QSC-yə həvalə edilməsi, ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı 2014-cü ildən etibarən hazırkı iş üzrə cavabdeh olan təşkilatda müxtəlif vəzifələrdə əmək fəaliyyəti göstərmişdir. Hətta işçi vəzifə dəyişikliyi ilə əlaqədar bir neçə dəfə işdən azad olunma barədə ərizə yazaraq işdən azad olunmuş, lakin əmək kitabçasında aparılan qeydlərə əsasən elə eyni tarixlərdə (həmin gün və ya növbəti gün) eyni təşkilatda başqa vəzifələrdə işə yenidən qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş birbaşa rəhbər şəxs kimi E.Qafarlı ilə iddiaçı arasında olan yazışmalardan və səsli mesajlardan aydın olmuşdur ki, iddiaçı məhz həmin şəxsin təsiri ilə (iddiaçıya yenidən işə qəbul olunacaqlarına dair vəd verilməsi ilə) işdən çıxma barədə ərizə yazmışdır. Hazırkı əmək bazarında işlə təmin olunması baxımından çətinlik çəkmək ehtimal ı yüksək olan 50 yaşlarında bir xanımın yuyucutəmizləyici işindən azad olunmasına dair ərizə verməsi bir o qədər də ağlabatan görünmür. Cavabdehin nümayəndəsi adətən belə bir halın daha çox iddiaçı kimi əmək funksiyalarının ağırlığından narazı olan xanımların rahat iş tapmaları, lakin sonradan həmin işin alınmaması ilə əsaslandırsa da, göründüyü kimi iddiaçı belə bir iş tapması müqabilində işdən azad olma barədə ərizə yazmamışdır. İddiaçı həqiqətən daha rahat iş tapmış olsa idi, həmin rahat işi itirməmək üçün daha tez əmək münasibətlərinə xitam verilməsi xahişi ilə çıxış edərdi. İddiaçı işdən azad olunduğunu bildiyi andan təxirə salınmadan mediasiya prosesinə başlamışdır (Mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü ildə qarşı tərəfə göndərilmişdir).
10. Məhkəmə hesab etmişdir ki, iddi açı işdən çıxmaq barədə ərizəsini öz iradəsi əsasında deyil, baş vermiş hadisələrdən dolayı aldadılma nəticəsində iradəsi əleyhinə yazmağa məcbur qalmış və bu fakt məhkəmə gedişatında tədqiq edilmiş sübutlarla, işin halları ilə və məhkəmə iclasında iddiaçı tərəfin verdiyi izahatlarla, habelə dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Yazışmaların və məhkəmə iclasında dinlənilmiş səs yazılarının məzmunu iddiaçının öz xahişi ilə işdən azad olunmasına dair ərizəni könüllü şəkildə yazmadığı, işdən çıxmaq məqsədi və niyyəti olmadığı qənaətinə gəlməyə kifayət qədər əsas verir.
11. Məhkəmə bildirmişdir ki, iddiaçı iradəsinin əleyhinə olaraq işəgötürənin öz xahişi ilə işdən azad edilməsi barədə təqdim etdiyi formanı doldurmuş, işdən öz xahişi ilə azad olunmaq niyyəti və istəyi olmamış, həmin ərizə əsas götürülərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
12. İddiaçının xx.xx.2024-cü il tarixli işdən çıxma barədə ərizəsinin etibarsız hesab edilməsi tələbi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iş üzrə araşdırılmış hallar iddianın bu hissədə də əsaslı hesab edilməsinə və iddiaçı tərəfindən işdən azad edilməsinə dair yazdığı ərizənin onun həqiqi iradə ifadəsini əks etdirməməsinə dair nəticəyə gəlməyə əsas verir. Bu səbəbdən, iddia tələbi əsaslı hesab edilməklə iddiaçının işdən azad olunması barədə verdiyi ərizəsi etibarsız hesab edilməli, həmin ərizə əsasında barəsində verilmiş işdən çıxma barədə əmr ləğv edilməli, iddiaçı işə bərpa edilməli, işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir.
13. M əhkəmə iddia tələbinin cavabdeh "xxxx" QSC-nin struktur bölməsi olan sərnişin daşımaları departamentinin rəisinin müavininin İddiaçı vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli əmr verməyə səlahiyyətinin olmamasına dair dəlili ilə bağlı bildirmişdir ki, iddiaçının işdən azad edilməsinə dair əmr iddiaçının hazırkı məhkəmə qətnaməsi ilə etibarsız hesab edilən ərizəsi əsasında verildiyindən əsassız sayılmaqla ləğv edilməlidir, əmrin əlavə olaraq səlahiyyətli şəxs tərəfindən imzalanıb-imzalanmaması baxımından qiymətləndirilməsinə zərurət yoxdur.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddənin İİ və Vİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, 125-ci maddəsinin 7-ci hissəsinə, Əm ək Məcəlləsinin 2, 10-cü maddələrinə, 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə, 69-cu maddəsinin 1-5-ci hissələrinə, 7-ci hissəsinə, 76-cı maddəsinin 2-ci bəndinə, 83.1, 83.2, 300-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 2.3, 339.1, 339.2, 339.3 və 339.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verilmədiyindən, xx.xx.2025-ci il tarixli, e-2(006)-5295/2024 nömrəli əlavə qətnamə ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair iddiası mənəvi ziyanın tutulması hissəsində qismən təmin edilmiş, cavabdeh "xxxx" QSC-dən vurulmuş mənəvi zərərə görə 500 manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
16. Əlavə qətna mə belə əsaslandırılmışdır ki, iddiaçının işə bərpa barədə tələbi üzrə aparılmış araşdırma zamanı onun əsassız olaraq işdən azad edilməsi müəyyən edilmiş, kifayət qədər əziyyətli əmək funksiyalarını icra edən işçinin aldadılaraq işdən azad edilməsi və bunun nəticəsində minimal gəlirindən məhrum olması onda mənəvi sarsıntı yaratmaya bilməzdi. Odur ki, işçiyə əsassız olaraq işdən azad edilməsi nəticəsində vurulmuş mənəvi zərərə görə ağlabatan həddə pul kompensasiyası ödənilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195-ci maddəsinin b yarımbəndinə, 196-cı maddəsinin 5-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə istinad etməklə əsaslandırmışdır b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin və əlav ə qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçı öz iradə ifadəsini, yəni işdən çıxma istəyini bir təqvim ayı qabaqcadan yazılı ərizə formasında işəgötürənə təqdim etmiş, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra iddiaçı işə çıxmamış, əmək kitabçasını təhvil almışdır. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borclu olduğu üçün iddiaçının həmin istəyini əsas götürərək, bir təqvim ayı tarixinin tamamında iddiaçının işdən azad olunmasına dair əmr vermişdir. Həmin ərizəni iddiaçı öz əlyazması ilə yazmış və şəxsən imzalamışdır. Lakin məhkəmə bu sübutu iddiaçının iddia tələbinin rədd edilməsinin mötəbə r sübutu kimi qiymətləndirməmişdir. Digər tərəfdən, iddiaçı onun aldadılması və ya ona qarşı hər hansısa zor tətbiq edilməsinə dair heç bir hüquq mühafizə orqanlarına və ya əmək müfəttişliyinə müraciət etməmiş, həmçinin, xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürməmiş və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verməmişdir. Bu da onu sübut etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı heç bir qanunsuz hərəkət, o cümlədən də hər-hansı bir formada təzyiq edilməmiş, iddiaçı öz iradəsi ilə əmək müqaviləsinin ləğv edilməsini istəmişdir. Birinci instansiya məhkəməsi isə məsələyə səthi yanaşaraq Avropa Məhkəməsinin müxtəlif qərarlarında təsbit olunmuş ədalətli yanaşma və araşdırma prinsiplərini pozmuşdur. Həmçinin, əgər məhkəmənin qeyd etdiyi kimi ərizə işəgötürən tər əfindən iddiaçıya aldadılma nəticəsində yazdırılmışdırsa, məntiqi nəticəyə görə işəgötürən bu zaman ərizədə əmək müqaviləsinin ləğv edilməsi tarixini 1 ay xəbərdarlıq müddəti gözləmədən daha tez bir tarixə yazdırardı (Məsələn, ərizənin yazıldığı tarixlə eyni gün, 24 iyul). Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qeyd edilmiş əsas xüsusatlardan heç birinə nəzər yetirməmiş və ümumiyyətlə qətnamədə bu məsələyə dair qeydlər etməkdən yayınmışdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələbə baxarkən iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunun hansı şəraitdə və hansı hərəkət nəticəsində baş verməsini, onun hansı mənəvi sarsıntı və iztirablar keçirməsini aydınlaşdırmamış, məhkəmə iclasında bu məsələlər müzakirə olunmamışdır. Məhkəmə iddi açının işə bərpa olunması barədə qətnamə qəbul etdiyi üçün mənəvi ziyan tələbini törəmə tələb adlandırmış, formal olaraq mənəvi ziyana görə 500 manat ödənilməsi barədə qətnamə (əlavə qətnamə) qəbul etmişdir. Məhkəmə iddiaçı tərəfindən sübut kimi təqdim edilən “WhatsApp” tətbiqi ilə aparılan yazışmaların (telefonun ekran şəklinin) kim tərəfindən yazılmasını, təqdim edilən yazışmaların hansı nömrələr arasında aparılmasını, həmin nömrələrin kimə məxsus olmasını, eyni zamanda səs yazılarındakı səsin kimə məxsus olmasını, yəni həmin səs yazısının Emil Qafarlıya məxsus olmasının həqiqiliyini müəyyən etməmişdir. Bununla bağlı, hər hansı ekspertiza təyin etməmiş, Emil Qafarlı məhkəmə iclasına şahid qismində dəvət olunmamış, şəxsiyyəti müəyyən edilməmişdir. Yalnız şəkillər üzrə və məhkəmə iclasında dinlənilən səs yazısı əsasında məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı birbaşa rəhbəri tərəfindən aldadılaraq işdən çıxma barədə ərizə yazmışdır. Həmin səs yazısı və yazışmalar Emil Qafarlı tərəfindən aparılmış olsa belə o, işəgötürən şəxs deyil, onun iddiaçını işə götürmək və ya işdən azad etmək səlahiyyəti yoxdur. İşəgötürən isə Emil Qafarlının hərəkətlərinə görə cavabdeh deyil. İddiaçı ilə Emil Qafarlı arasında şəxsi münasibətlər zəminində müəyyən söhbətlər olubsa belə onun verdiyi vədə görə “ADY” məsuliyyət daşımır. İddiaçının vəsatəti ilə dindirilmiş Şahid3 öz izahatında bildirmişdir ki, iddiaçı ilə birgə ərizəni yazaraq imzalamışlar, lakin ərizənin məzmunu ilə tanış deyillər. Lakin iş materiallarında olan ərizəyə baxdıqda müəyyən olunur ki, əmək müqaviləsinin ləğv edilməsi barədə ərizənin sol hissəsində yalnız hazır şablon hissə, sağ hissəsində isə iddiaçının öz xətti ilə qeyd etdiyi məlumatlar yerləşir. Oradakı məlumatların hamısı ərizə yazan şəxsin özü tərəfindən doldurulmalıdır. Bu halda həmin şəxsin ərizənin məzmunu ilə tanış olmaması faktı həqiqət deyildir.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Səadət Səlimova) 2(103)2277/2025 nömrəli iş üzrə 26 may 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 5295/2024 nömrəli əlavə qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın rədd edilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkə məsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-5295/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işdən azad edilməsinə dair iddiaçının yazdığı ərizə onun həqiqi iradə ifadəsini əks etdirməmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş birbaşa rəhbər şəxs kimi Emil Qafarlı ilə iddiaçı arasında olan yazışmalardan və səsli mesajlardan aydın olmuşdur ki, iddiaçı məhz həmin şəxsin təsiri ilə (iddiaçıya yenidən işə qəbul olunacaqlarına dair vəd verilməsi ilə) işdən çıxma barədə ərizə yazmışdır. Əgər iddiaçı həqiqətən başqa iş tapması müqabilində ərizəni yazsaydı, həmin rahat işi itirməmək üçün əmək münasibətlərinə daha tez xitam verilməsi xahişi ilə çıxış edə rdi. Həmçinin, iddiaçının E.Qafarlı ilə yazışmalarından aydın olmuşdur ki, o, işdən azad olmaq istəməmiş, əksinə, işi barədə maraqlanmışdır.
22. Apellyasiya instansiyası daha sonra qeyd etmişdir ki, cavabdeh təşkilatda işçilərin öz xahişi əsasında işdən azad olunması, sonradan yenidən həmin təşkilatda işə qəbul edilməsi praktikası mövcud olmuşdur. Belə ki, işdə olan iddiaçının əmək kitabçasının surətindən müəyyən olunmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə işçinin öz xahişi əsası ilə xx.xx.2021-ci il tarixdə xitam verilmiş, həmin tarixdə yenidən cavabdeh təşkilatda işə qəbul olunmuş, bundan sonra xx.xx.2022-ci il tarixdə yenidən onunla bağlanmış əmək müqaviləsinə işçinin öz xahişi əsası ilə xitam verilmiş, xx.xx.2022ci il tarixdə yenidən cavabdeh təşkilatda işə qəbul edilmiş, xx.xx.2 023-cü il tarixdə yenidən onunla bağlanmış əmək müqaviləsinə işçinin öz xahişi əsası ilə xitam verilmiş, növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə yenidən cavabdeh təşkilatda işə qəbul edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı məhz cavabdehin əvvəlki rəftarına güvənərək xx.xx.2024-cü il tarixli öz xahişi ilə işdən azad olunması barədə ərizəsini yazmışdır.
24. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi məhkəmə iclaslarında iştirak etsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan səs yazısının və telefon nömrəsinin Emil Qafarlıya məxsus olmasının müəyyən edilməsi barədə ekspertizanın təyin olunması, habelə Emil Qafarlını n şahid qismində cəlb edilməsi ilə bağlı vəsatət təqdim etməmiş, beləliklə də öz prosessual hüquqlarından istifadə etməmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh təşkilatda işçilərin sayının çox olması və iddiaçının işlədiyi vəzifə nəzərə alınmaqla onun tərəfindən cavabdeh təşkilatın rəhbərliyi ilə birbaşa əlaqə qurma imkanı çox aşağı olduğundan, işlədiyi bölmənin (şöbənin) rəhbəri, daha sonra kadr şöbəsinin əməkdaşı və hüquq məsləhətçisi ilə müzakirələrin aparılması, bunun nəticəsində xx.xx.2024-cü il tarixdə onun həqiqi iradəsini əks etdirməyən ərizənin yazılmasına görə məsuliyyət iddiaçının üzərinə qoyula bilməz
26. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3.5, 11.“b”, 68.1, 68.2.”a”, 69.1, 69.4, 69.7, 300.1-ci, Azərbaycan Resp ublikasının Mülki Məcəlləsinin 2.3, 560.3.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh "xxxx" QSC (vəkil X3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır.
29. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamədə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan səs yazısının və telefon nömrəsinin Emil Qafarlıya məxsus olmasının müəyyən edilməsi barədə ekspertiza təyin olunması, habelə Emil Qafarlının şahid qismində cəlb edilməsi ilə bağlı vəsatət cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, zərurət olduğu təqdirdə ekspertiza və s. məhkəmənin öz təşəbbüsü ilə də təyin edilə bilər. Belə ki, sübutlar mülki prosessual qanunvericilik ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. Həmçinin, məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
31. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
32. Maddə 11.“b”. Bu Məcəllə ilə müəy yən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.
33. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
34. Maddə 68.2.”a”. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.
35. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
36. Maddə 69.4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
37. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
38. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etməd ən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
39. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
40. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkə mənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü madd əsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılm ış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əvvəlki kassasiya icraatı zamanı qəbul olunmuş qərardakı göstərişlərə uyğun olaraq apellyasiya şikayəti üzrə araşdırma aparılmış, bu zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
54. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nə ticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
55. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi s übut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi i lə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarı).
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlil ləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
58. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2277/2025 nömrəli iş üzrə 26 may 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.