Məhkəmə qərarları › İş №2(102)-250/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-250/2025

13.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-250/2025 13.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-250/2025 (Açar sözlər: alimentin tutulması (sabit pul məbləğində), uşaqların ananın himayəsinə verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlundan və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “uşaq və aliment” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-529/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 13 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Cavabdeh ilə 2011-ci ilin avqust ayında qeyri-rəsmi ailə quraraq nikahlarını rəsmiləşdirməmişlər.

2. Tərəflərin birgə yaşadıqları dövrdə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı iki uşaqları doğulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı (Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyası cəlb edilməklə) iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciə t edərək, xx.xx.2015ci il təvəllüdlü Aylin və xx.xx.2017-ci il təvəllüdlü Əsgər adlı uşaqların cavabdehdən alınaraq onun himayəsinə verilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər bir uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi işin hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, ailə qurduqları vaxtdan münasibətləri soyuq olmuş, əri və onun valideynləri ona qarşı çox pis davranmışlar. Dəfələrlə heç bir səbəb olmadan qaynanası tərəfindən döyülmüşdür. Uzun müddət ailədəki vəziyyətə uşaqlarına görə dözmüş, bununla əlaqədar atasına da müraciət edərək ayrılmaq istədiyini bildirmişdir. Atası isə hər dəfə dözməyini, ailəsini dağıtmamağı məsləhət görmü şdür. 2022-ci ilin aprel ayında isə artıq ona qarşı olan münasibətə dözməyib evdən getmişdir. Uşaqları cavabdehin yanında qalmışdır. Sonradan dəfələrlə uşaqlarını tələb etməsinə baxmayaraq cavabdeh və valideynləri uşaqlarını ona verməmişlər. Hətta telefonla belə onlarla ünsiyyət saxlamağına maneçilik törətmişlər. Dəfələrlə uşaqlarının alınıb ona verilməsi üçün Şəmkir rayon Polis Şöbəsinə müraciət etmişdir. Uşaq tələbi mülki iş olduğuna görə polis şöbəsində ona məsləhət görmüşlər ki, məhkəməyə müraciət etsin. O, uşaqlarının təhsili və tərbiyəsi ilə məşğul olmaq, onlara ana qayğısı göstərmək istəyir. Cavabdeh fiziki qüsurludur, laldır, yaxşı eşitmir, onun özünün qulluğa və qayğıya ehtiyacı vardır. Cavabdeh uşaqlarına onun baxa biləcəyi kimi baxa bilməz. Ona görə də hazırda uşaqlarının rəsmi olaraq onun himayəsinə verilməsini istəyir. Uşaqların ona verilməsi uşaqlarının mənafeyinə və qanuni maraqlarına uyğundur. Hazırda heç bir yerdə işləmir, maddi vəziyyəti yaxşı olmadığına görə qızı Aylin və Əsgərin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin ona aliment ödəməsini istəyir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Hesab edir ki, cavabdehlə birgə yaşadığları dövrdə anadan olmuş uşaqlarının yetkinlik yaşına çatanadək cavabdeh ona köməklik göstərməlidir. Cavabdeh rəsmi olaraq işləmədiynə görə alimentin sabit pul məbləğində tutulmasını istəyir.

5. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlardan əlavə olaraq bildirmişdir ki, ancaq uşaqlarını istəyir, hazırda işləyir, atası ilə birlikdə yaşayır. Cavabdeh ikinci dəfə evlənib bir uşağı da var. Cavabdeh və onun va lideynlərinin ucbatından öz uşaqlarından məhrum edilib. Cavabdeh uşaqlara baxa bilməz, çünki qüsurludur. Kiçik oğlu da ona görə 5 yaşı olmasına baxmayaraq indi-indi danışmağa başlayıb. Bir ana kimi özü sağ ola-ola, övlad həsrəti ilə yana-yana onun övladlarına iki yad qadının (qaynanası və ərinin arvadı-ögey ana) baxması hansı ədalətə sığır?! Hər bir insanın səhvi olur, səhvinin olması da cavabdeh və onun ailə üzvlərinin dözülməz davranışlarının ucbatından baş vermişdir. Onlar onun həyatını məhv etməklə yanaşı uşaqlarına da böyük psixoloji travma verirlər. Anası haqqında ən pis şeyləri danışıb uşaqların psixoloji vəziyyətlərini daha da kəskinləşdirilər. Hazırda atası ilə birgə yaşayır, yaşayış yeri vardır. Müvəqqəti təminat tədbirinə əsasən uşaqlarla görüşən vaxt balaca oğlu onunla çox gözə l ünsiyyət qurur, görüşür, lakin böyük qızı isə öyrədirlər deyə ona yaxın gəlməkdə çətinlik çəkir. Ona görə də məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə irəli sürülmüş iddianı qəbul etməmiş və izahat verərək bildirmişdir ki, cavabdeh danışa bilmir, dil qüsurludur. İddiaçı həyat yoldaşına və evinə zərər vurub. İddiaçının barəsində cinayət işi olub və hazırda azadlığın məhdudlaşdırılması haqqında hökm var. Cavabdeh o iş üzrə zərərçəkmişdir. İddiaçı yaşadığı evdən oğurluq etmişdir, başqasına evdəki qızılların və pulların yerini demişdir. 18 min manat oğurluq etmişdir. İddiaçı bu günkü günü heç bir yerdə işləmir və kirayələrdə qalır. İddiaçının uşağa baxmağa maddi imkanı yoxdur. Cavabdehin anası uşaqların saxlan lmasında köməklik edir. Evlərində hər uşağın özünün ayrıca otağı vardır. Şəraitləri yüksək səviyyədədir. İddiaçının isə belə şəraiti yoxdur. Uşaqların atalarının yanında qalmaları məqsədə uyğundur. Ona görə də, iddia tələbini rədd edilməsini barədə qətnamə çıxarılmasın məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında Şəmkir rayonu Ə.Cavad adına 4 saylı orta məktəbin müəllimi X2 iştirakı ilə dinlənilən xx.xx.2015-ci il (7 yaş) təvəllüdlü Aylin bildirmişdir ki, onlara nənəsi və ikinci anası (atasının ikinici arvadı) baxır. Evlərində 7 nəfərdirlər. Atası, ögey maması, qardaşı Əsgər, digər qardaşı (atasının ikinci evliliyindən olan), babası, nənəsi və özü yaşayır. Anasını istəmir. Ona görə ki, o oğrudur. Atası isə yaxşıdır, ona görə ki, onlara pul verir, peçenye alır.

8. Məhkəmə iclasında Şəmkir ra yonu Ə.Cavad adına 4 saylı orta məktəbin müəllimi X5 və Şəmkir rayon İcra Hakimiyyəti başçısı Aparatında Hüquq şöbəsinin məsləhətçisi X7 hər ikisi ayrı-ayrılıqda məsələyə münasibət bildirərək, uşaqların atasının himayəsində qalmasını məqsədə müvafiq hesab etmişlər.

9. Şəmkir rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli, 5-76/1-9-xx-xx/2023 saylı rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik komissiyasının üzvləri tərəflərin yaşadıqları yerlərə baxış keçirərək onların həyat şəraitini müayinə etmişdir. Müəyyən olunmuşdur ki, X4 və X6 ataları Cavabdeh ilə birlikdə yaşayırlar. Şəmkir rayon İcra Hakmiyyəti yanında Qəyyumluq və Himayəçilik Orqanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinin, Uşaq hüquqları haqqında Konvensiyanın 9-cu maddəsinin 3-cü bəndinin tələblərini rəhbər tutaraq, qeyd olunanları nəzərə alaraq xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 ataları Cavabdeh himayəsində qalmalarını məqsədə müvafiq hesab etmişdir.

10. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(076)-108/2023 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddia təmin edilərək, xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X6 adlı uşaqların cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi və onların yetkinlik yaşına çatana qədər iddiaçı-anaları İddiaçı himayəsində saxlanılmaları, qətnamənin uşaq tələbinə dair hissədə icra olunan tarixdən, yəni uşaqlar atadan alınıb anaya verilən gündən başlayaraq xx.xx.2015-ci il ta rixdə anadan olmuş X4 və xx.xx.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi, ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun və iddiaçı tərəfindən mediasiya xərci olaraq ödənilmiş 50 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, uşaqların hazırda azyaşlı olmalarını, ana qayğısına daha çox ehtiyacları olmalarını, atanın dil qüsurlu olmasını, bu səbəbdən də kiçik uşağın da gec danışmasını, atanın ikinci dəfə ailə qurmasını, atanın həmin nikahdan da övladının olmasını nəzərə alaraq tərərflərin faktiki nikahından doğulmuş uşaqlar yetkinlik yaşlarına çatanadək analarının himayəsində q almalıdırlar.

12. Məhkəmə həmçinin cavabdehin nümayəndəsinin “ananın cinayət törətməsi, bununla da uşaq onda qala bilməz” dəlilinə hüquqi qiymət verərək hesab etmişdir ki, Ailə Məcəlləsindən də göründüyü kimi, ana uşaqların və ya ərinin sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətməmiş, həmçinin valideyn hüquqlarından məhrumetmə və ya valideyn hüquqlarının məhdudlaşdırılması barədə qüvvədə olan qətnamə mövcud deyildir. Eyni zamanda ananın törətmiş olduğu cinayətə görə də hökm çıxarılan zaman ana cəmiyyətdən təcrid edilməmişdir.

13. Bununla yanaşı məhkəmə həmçinin daxili inamını rəhbər tutaraq qeyd etmişdir ki, ən vacib məsələ isə ananın analıq hissinin itirilməməsi ilə bağlıdır ki, ana evdən çıxan gündən uşaqlarına qovuşmaq üçün bütün mənəvi və hüquqi addımlarını atmışd ır.

14. Aliment tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı uşaqların saxlanması üçün alimentin məbləğinin hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.1, 60.2, 60.4, 75.1, 78.1, 78.2-ci, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 12-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya mə hkəməsinin qətnaməsinin ləğv edilməsi və həmin hissədə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 2011-ci ildə faktiki ailə qurmuşdur. Aralarında olan nikah rəsmi qaydada qeydiyyata alınmayıb. Birgə nikahlarından iki uşağları doğulub. Uşaqlar hazırda cavabdehin himayəsində yaşayır. Hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyil. Belə ki, iddiaçı nə ailələrinə, nə də uşaqlarına hörmət etməmiş, cavabdehə və ailə üzvlərinə qarşı cinayət hadisəsi törətmişdir. Hazırda cəza çəkir. İddiaçının yaşayış yeri yoxdur. Uşaqları yanında saxlaması üçün heç bir şəraiti də yoxdur. Hər iki uşaq cavabdehə daha çox bağlıdır. Müvafiq icra hakimiyyəti orqanı da məhkəməyə rəy təqdim etmiş, həmin rəy də uşaqların cavabdehin himayəsində yaşamasının məqsədə müvafiq olması və onun himayəsində saxlanmasını istəmişdir. Lakin buna baxmayaraq məhkəmə uşaqların cavabdehdən alınmasına və hər ay hər bir uşağa 193 manat aliment ödəməyinə dair qərar vermişdir. Məhkəmə tərəfindən müəyyən olunmuş 193 manat sabit pul formasında aliment ödəmək cavabdehin maddi imkanları xaricindədir. Belə ki, cavabdeh İİ qrup əlildir və ayda 220 manat pensiya alır. Həmin pensiya cavabdehin müalicə xərclərini ödəmir. Buna görə həmin alimenti ödəmək cavabdehin maddi imkanları xaricindədir. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi ilə bağlı qərar qəbul edərkən cavabdehin əlil olmağını, iddiaçının tam sağlam və əmək qabiliyyətli olmasını nəzərə almayıb. Belə başa düşmək olar ki, cavabdeh öz şəxsi ehtiyacla rını ödəməməli və əlavə hardansa pul tapıb həmin alimenti ödəməlidir. Cavabdeh əlil bir adamdır, tələb olunan alimenti necə ödəsin? Məhkəmə cavabdehin əlil və əmək qabiliyyətsiz olmağını nəzərə almamış və Şəmkir Rayon Məhkəməsi iddia tələbini təmin edərkən ciddi qanun pozuntusuna yol vermişdir. İş materiallarından da göründüyü kimi cavabdehin maddi vəziyyətində heç bir yaxşılaşma yoxdur. Uşaqlarının saxlanmasında təkcə cavabdeh deyil, iddiaçı da eyni dərəcədə hüquqludur. Lakin iddiaçı bir valideyn olaraq öz üzərinə düşən vəzifəni yerinə yetirmir. Sağlam olmasına baxmayaraq heç bir yerdə işləmir. Məhkəmə uşaqların cavabdehdən alınmasına dair qərar qəbul edərkən hansı hüquq normasına istinad etməsi, məhkəmə qətnaməsindən aydın deyil. Məhkəmə əslində iddia tələbi ilə bağlı araşdırma aparmış, lakin aparmış olduğu araşdırma ilə bağlı obyektiv qərar qəbul etməmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, artıq uzun müddətdir ki, uşaqlarını görmür. Cavabdeh fiziki qüsurludur uşaqlara onun kimi baxa bilməz. Cavabdehin maddi imkanı yaxşıdır. Belə ki, həyətlərində istixana olmaqla tərəvəz yetişdirməklə yanaşı, maldarlıq da məşğuldur. Bundan başqa özünün pensiyası olmaqla, ata və anasının da gəlirləri vardır. Buna görə də hesab edir ki, tələb olunan alimenti ödəyə bilər. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, onun iştirakı ilə edilmiş oğurluq cavabdeh tərəfdən qisas almaq niyyəti ilə olmuşdur. Belə ki, ona qarşı kobud rəftar edilmişdir. Hazırda işləyir və aylıq gəliri təxminən 600 manat təşkil edir.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-529/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birincia instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan aliment məbləği hissəsində dəyişdirilərək xx.xx.2015-ci il tarixdə doğulmuş X4 və xx.xx.2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ən vacib məsələ isə ananın analıq hissinin itirilməməsi ilə bağlıdır ki, ana evdən çıxan gündən uşaqlarına qovuşmaq üçün bütün mənəvi və hüquqi addımlarını atmışdır. Ona görə də məhkəmə kollegiyası hesab etmi şdir ki, azyaşlı uşaqların cavabdehə verilməsi nəticəsinə gələn Qəyyumluq və Himayəçilik Komissiyasının rəyi əsassızdır. Mövcud vəziyyətdə uşaqların mənafeyi baxımından məhkəmə onların cavabdehdən alınıb iddiaçıya-anasına verilməsini məqsədəuyğun hesab etmişdir. Azyaşlı uşaqların yaşı, inkişafı, tərbiyəsi, mənafeyi daha çox anasının yanında yaşamağa uyğun olduğuna dəlalət edir.

21. Aliment tələbinə dair münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi aliment məbləğini müəyyən edərkən cavabdehin ikinci qrup əlil olmasını, o cümlədən cavabdehin iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək üçün maddi imkana malik olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməməsini kifayət qədər nəzərə almamışdır. Bundan başqa iddiaçı məhkəmə kollegiyasının iclasın da verdiyi izahatında artıq işlədiyini və aylıq gəlirinin 600 manat ətrafında olduğunu bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin ikinci qrup əlil olmasını, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək üçün maddi imkana malik olması barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməməsini, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olmasını, iddiaçının da müəyyən gəlirə malik olmasını və 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumu məbləğinin 235 manat müəyyən edilməsini nəzərə alaraq hesab etmişdir ki, aliment məbləği hissəsində qətnamə dəyişdirilməli və hər uşaq üçün 140 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir.

22. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Ailə Məcəlləsinin 60.1, 60.2, 60.4, 75.1, 78.1, 78.2-ci maddələrinə, “Yaşayı ş minumumu haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217, 372, 402-ci maddələrinə istinadla əsaslandırmışdır.. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi onun qeyd etdiyi halları nəzərə almadan qərar qəbul etmişdir. Eyni zamanda uşaqlar müvafiq ekspertizaya təqdim olunmayıb. Uşaqların kimə bağlılığı müəyyən olunmayıb. Bununla da məhkəmə qanun normalarını kobudluqla pozmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

25. Maddə 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir.

26. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.

27. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz.

28. Maddə 60.2. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.

29. Maddə 60.3. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərindən hər birinə bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla həll edilir.

30. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

31. Maddə 63.1. Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər.

32. Madə 73.1. Uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir.

33. Maddə 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

34. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

23. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların sa xlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

35. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya e yni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

36. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

37. Maddə 1.0.1. Minimum istehlak səbəti- insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

38. Maddə 1.0.2. Yaşayış minimumu- minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadı r. 39. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

42. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

48. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lak in apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmu şdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən ilk növbədə uşaqların üstün mənafeyi rəhbər tutulmalıdır. 55. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlər dən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərarının 7.1-ci bəndində də qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan v alideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar.

56. Barəsində kassasiya şikayəti verilən qətnamədən də görünür ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən - ananın analıq hissinin itirilməməsini, azyaşlı uşaqların cavabdehə verilməsi nəticəsinə gələn Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinin əsassız olması, azyaşlı uşaqların yaşı, inkişafı, tərbiyəsi, mənafeyinin daha çox anasının yanında yaşamağa uyğun olduğuna dəlalət etməsini qeyd edərək, mövcud vəziyyətdə uşaqların birlikdə anaları ilə yaşamalarını uşaqların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafı baxımından onların mənafeyinə uyğun hesab etmişdir.

57. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin 52-ci maddəsinə görə uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

58. Göründüyü kimi, qanunvericilik 7 yaşına çatmış uşağın fikrinin öyrənilməsini imperativ qaydada müəyyən etməmişdir. Bundan başqa, yuxarıda qeyd edilən Plenum Qərarının 7.5-ci bəndində məhkəmələrə izah edilib ki, valideynlərdən hansının ya nında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” yaxud ”qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın fikri öyrənilə və nəzərə alına bilər” ifadələri uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyildir. Məhkəmə hər bir halda uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir. Nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstə sna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.

59. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayəti ilə oxşar məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kassasiya şikayətində qeyd olunan həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

60. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası h əmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

61. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

64. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-529/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar