Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2525/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARI Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi, iddia müddətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas və Həsənov Vüqar Təvəkgül oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-447/2024 nömrəli, 6 fevral 2024- cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 24 ay müddətinə, illik 30% dərəcəsi tətbiq edilməklə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin kreditor İddiaçı İKB ASC qarşısında borclu Cavabdeh1 ilə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı A SC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 3153.73 ABŞ dolları əsas borcu, 2612.18 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1181.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 6952.06 ABŞ dolları borcun və ödənilmiş 125.46 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdeh1 banka xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 3153.73 ABŞ dolları əsas borcu, 2612.18 ABŞ dolları cə rimə borcu və kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1181.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 6952.06 ABŞ dolları borcu vardır.
5. Cavabdehlər ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
6. Ağdam Rayon Məhkəməsinin 2(013)-2477/2023 nömrəli, 3 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddia tələbi təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinə iddia müddəti tətbiq edilməlidir. İş materiallarından müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 5000 ABŞ dolları məbləğində kredit v əsaiti 24 ay müddətinə ödəmək şərti ilə verilmişdir. Həmin kredit müqaviləsinin icra müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. Həmin kredit müqaviləsinin icra müddətindən sonrakı dövrdə cavabdeh tərəfindən qeyd olunan kredit müqaviləsi üzrə heç bir ödəniş edilməmişdir. Göründüyü kimi, iddiaçı bu müddət başa çatdıqdan sonra cavabdehin kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsi səbəbindən bankın qanunla qorunan maraq və mənafeləri pozulmuş və həmin gündən müqavilə tələbi üzrə üç illik iddia müddətinin axımı başlanmışdır. Belə olan halda iddiaçının hüququnun pozulduğunu aşkar etdiyi vaxt xx.xx.2015-ci il tarixdir və həmin vaxtdan onun 3 ilik iddia müddətinin axını başlamışdır. Lakin iddiaçı 29 avqust 2023-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etmişd ir.
8. İddiaçı ASC-nin iddia tələbini zamin Cavabdeh2 aid hissədə təftiş edən məhkəmə qeyd etmişdir ki, iş materiallarına iddiaçının əlavə etdiyi 16 yanvar 2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit öhdəliyinin müddəti 16 yanvar 2015-ci il tarixində bitdiyindən, kreditor zaminə qarşı 16 yanvar 2016-cı il tarixinədək iddia qaldıra bilərdi. İşin materiallarına əsasən bank 29 avqust 2023-cü il tarixdə məhkəmədə iddia qaldırmış və bununla da Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbi baxımından zaminliyə xitam verilməsi üçün hüquqi zəmin yaratmışdır.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 377.2, 384.0.4, 470.1, 470.2, 477.0.1, 477.0.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1-ci maddələrinə i stinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2015-ci il tarixdə başa çatmalı idi, lakin borclu öhdəliyini tam şəkildə yerinə yetirməmiş, belə olan halda kredit müqaviləsi qüvvədə qalmışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında eyd edildiyi kimi normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir" (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Bundan əlavə şərti olaraq hesab edilsə ki, öhdəliyin icrası vaxtı xx.xx.2015-ci ildə başa çatmışdır, ona görə də, birinci instans iya məhkəməsində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına istinad edərək iddianın rədd edilməsi ilə bağlı qənaət formalaşmışdır ki, onda məhkəmə yenə də maddi hüquq normasının pozuntuna yol vermişdir. Belə ki, iddia tələbinin bir hissəsini kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 1181.15 ABŞ dolları məbləğində zərər təşkil etmiş, birinci instansiya məhkəməsi iddia tələbinin bu hissəsinə də 3 illik müddəti tətbiq edərək iddianı rədd etmişdir. Halbuki, birinci instansiya məhkəməsi də qətnaməsində göstərdiyi kimi kredit münasibətlərindən yaranan mübahisələrə Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İddiaçı olaraq tələb etdikləri illik 5 faiz pul tələbi kredit müqaviləsindən irəli gələn tələb olmamışdır. İşin faktiki halından göründüyü kimi cavabdeh öz üzərinə götürmüş öhdəliyi tam şəkildə yerinə yetirməyərək gecikməyə yol vermiş və bundan sonra bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə "gecikdirilmiş vaxt üçün faizi" eyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə yönəlmiş, ikinci hal isə birbaşa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi üçün bankın zərərinin qarşılığını almaq xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli qərarında göstərilmişdir ki, qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanm) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifık xüsusiyyətləri nəzərə alnmaqla, pul məbləğinin ödənilmə sinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarındanməhrum edir. Buna görə də kredit borcunu vaxtında ödəməməklə borcun faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Hesab edirlər ki, "gecikdirilmiş vaxt üçün faiz" tələbi kredit müqaviləsindən irəli gələn hüquq deyil, bu hüququ birbaşa qanunun özü kreditora həvalə etməsi kreditorun bu tələbi irəli sürməsi müqavilədən yox, qanundan irəli gəlmişdir. Göründüyü kimi iddiaçının gecikdirilmiş vaxt üçün faiz təl əbinin rəddi üçün heç bir əsas olmadan məhkəmə düzgün olmayaraq iddianı rədd etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-447/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ədil Məmmədov (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Fikrət Mehtiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 399.3-cü maddəsi müqavilədə nəzərdə tutulduğu halda müqavilənin qüvvədə olma müddətinin qurtarması ilə tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamını, belə şərt olmadığı halda isə müqavilənin öhdəliyin icrasının qurta rmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə olmasını müəyyən etməkdədir. İş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti xx.xx.2015-ci il tarixinədək şərtləndirilmişdir ki, hazırkı iş üzrə mübahisə müqavilənin qüvvədə olma müddəti və ya müqavilənin qüvvədə olan müddətinin bitməsi ilə əlaqədar öhdəliyə xitam verilib-verilməməsi ilə bağlı deyil, müqavilə üzrə öhdəliyə müddətin keçməsi ilə bağlı iddia müddətinin tətbiq edilməsi olmuşdur.
14. Məhkəmə kollegiyası iddiaçının gecikdirilmiş vaxt üçün faiz tələbi ilə bağlı iddianın təmin edilməli olması ilə bağlı şikayətinin dəlilini də əsassız hesab etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə bağlı normalara istinad etməklə iddia tələbini təmin etməməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
19. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiə si üçün müddət iddia müddəti sayılır.
20. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
21. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
22. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinm əlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
26. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
27. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
28. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı
29. İddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müv afiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarı
30. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutl ara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məh kəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Belə ki, işin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyətli halları bu qərarın 1-2ci paraqraflarında əksini tapmışdır.
41. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər borcla bağlı öhdəlik münasi bətləridir və apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdıraraq cavabdehin iddiaçı ilə borc razılaşması üzrə öhdəliyini icra etmədiyini müəyyən etmiş, lakin iddia müddəti keçdiyinə görə iddianı təmin etməmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, kredit öhdəlikləri üzrə tələblər iddia müddətlərinə tabe tutulur.
43. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün a ğlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
44. Kredit münasibətləri də həyata keçirilməsi müddətlərlə müəyyən edilən müqavilə öhdəliklərdir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
45. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
46. İddia müddətlərinin tətbiqi zamanı mütləq müəyyən edilməli hallardan biri – iddia müddətinin axımının başlanma anıdır. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən eti barən başlayır (MMin 368 və 377.2-ci maddələri).
47. Apellyasiya instansiyası məhkəməsi işin hallarını bu baxımdan araşdıraraq qeyd etmişdir ki, tərəflərin arasında borcun qaytarılması müddəti xx.xx.2015-ci il tarixdə bitmiş, iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni iddia müddəti ötürülməklə müraciət olunmuşdur.
48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia müddətinin ötürülməsi barədə dəlilləri ilə razılaşır. Kassator iddia müddəti ilə bağlı fərqli nəticəyə gəlməyə əsas verən hər hansı sübut rəqdim etməmişdir. Kassasiya şikayətində iddia müddətləri ilə bağlı hüquq normaları, iddia müddətlərinin tənzilmlənməsi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarları əsasında formalaşmış məhkəmə təcrübəsi yanlış təfsir edilir.
49. Kollegiya bildirir ki, sübutlar ı araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-447/2024 nömrəli, 6 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.